Azərbaycanın
çoxəsrlik dövlətçilik tarixində ərazi bütövlüyünün və suverenliyinin tam bərpa
olunması xalqımızın azadlıq mübarizəsinin,
sarsılmaz iradəsinin və güclü dövlətçilik təfəkkürünün ən uca zirvəsini
təşkil edir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı
"Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi
haqqında" Sərəncamı bu böyük tarixi zəfərin, milli qürurun və ədalətin təntənəsinin
rəsmi təsbitidir.
20
sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi qeyd olunması onilliklər boyu
davam edən mürəkkəb, ziddiyyətli və gərgin bir mübarizə yolunun şərəfli
yekunudur. Tarixi zəfərə aparan yolun dərin təhlili göstərir ki, Azərbaycan
xalqı son otuz ildə böyük sınaqlardan keçib. 1990-cı illərin əvvəllərində Ermənistanın
Azərbaycana qarşı başladığı hərbi təcavüz və işğalçılıq siyasəti nəticəsində
ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi zəbt edildi. Otuz
ilə yaxın davam edən işğal dövründə Ermənistan öz havadarlarının dəstəyi ilə təkcə
torpaqlarımızı zəbt etməklə kifayətlənmədi, həm də azərbaycanlılara qarşı
sistemli etnik təmizləmə siyasəti yürütdü.
Doğma ocaqlarından didərgin düşmüş bir milyondan artıq soydaşımızın
hüquqları tapdalandı, işğal olunmuş ərazilərdə insanlıq əleyhinə ağır cinayətlər
və hərbi cinayətlər törədildi. Şəhər və kəndlərimiz yerlə-yeksan edildi, mədəni-tarixi
irsimizi silməyə çalışdılar. Xocalıda əsrə damğasını vuran dəhşətli soyqırımı
aktı törədildi.
Təəssüf
ki, otuz il boyunca beynəlxalq aləm bu ədalətsizliyə göz yumdu. Başda Birləşmiş
Millətlər Təşkilatı olmaqla, aparıcı beynəlxalq qurumlar və beynəlxalq birlik
işğalçı Ermənistana qarşı heç bir məcbiretmə tədbiri həyata keçirmədi, BMT Təhlükəsizlik
Şurasının məlum dörd qətnaməsi kağız üzərində qaldı. ATƏT-in Minsk Qrupu başda
olmaqla bir çox vasitəçilik missiyaları münaqişənin ədalətli həllinə deyil,
mövcud status-kvonu dondurmağa və faktiki olaraq işğalı qanuniləşdirməyə xidmət
edən yarıtmaz bir fəaliyyət nümayiş etdirdi. Beynəlxalq hüququn ikili
standartlar üzərində qurulduğu bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycan dövləti
öz gücünə güvənməli, milli maraqlarını müdafiə etmək üçün güclü hərbi, iqtisadi
və diplomatiya strategiyası hazırlamalı idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə illər
boyu ardıcıllıqla yürüdülən hərtərəfli dövlət siyasəti məhz bu məqsədə yönəlmişdi.
Dövlət başçısının qətiyyətli siyasi iradəsi, bütün beynəlxalq kürsülərdə,
görüşlərdə, müsahibələrdə və çıxışlarda irəli sürdüyü birmənalı tezislər göstərirdi
ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt
icazə verməyəcək. Bu prinsipial mövqe və həyata keçirilən ordu quruculuğu siyasəti
2020-ci ilin sentyabrında tarixi dönüş nöqtəsinə çevrildi.
44
günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri düşmənin otuz
il boyunca qurduğu möhkəmləndirilmiş müdafiə xətlərini yararaq doğma
torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-da Azərbaycan, Ermənistan və
Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanat Ermənistanın tam
kapitulyasiyasının rəsmiləşdirilməsi və işğalçı qoşunların Azərbaycan ərazisindən
çıxarılması öhdəliyinin götürülməsi ilə nəticələndi. Lakin Vətən müharibəsindəki
böyük zəfərdən sonra da Ermənistan üzərinə götürdüyü öhdəliklərə sadiq qalmadı.
2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, xüsusilə də minaları
qanunsuz yollarla və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan
marşrutlarla Qarabağ bölgəsinə daşımağa davam etdi.
Erməni
silahlı birləşmələri 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər,
500-dən artıq döyüş mövqeyi, uzunmüddətli fortified (möhkəmləndirilmiş) atəş
nöqtələri, 350-dən artıq artilleriya mövqeyi və müasir kəşfiyyat-müşahidə
sistemləri quraşdıraraq hərbi revanşizmə hazırlaşırdılar. Bu təxribat-diversiya
fəaliyyəti davamlı xarakter alaraq həm mülki şəxslərin, həm də hərbçilərin həyatına
ciddi təhlükə yaradırdı.
Bu təxribatların kulminasiya nöqtəsi 2023-cü
ilin sentyabrında baş verdi. Sentyabrın 18-də Azərbaycanın hava sahəsindən
uçuşlar yerinə yetirən sərnişin təyyarələrinin GPS naviqasiya sistemlərinə
qarşı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiq
edilməsi mülki aviasiya üçün açıq təhlükə yaratdı. Növbəti gün, sentyabrın
19-da isə Xocavənd rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə və polis əməkdaşlarına məxsus avtomobillərin erməni diversiya
qrupları tərəfindən döşənmiş minalara düşməsi nəticəsində mülki şəxslərin və
daxili işlər orqanları əməkdaşlarının həlak olması səbr kasasını doldurdu.
Yaranmış hərbi-siyasi zərurət fonunda 2023-cü il sentyabrın 19-da Azərbaycan
Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli unikal antiterror əməliyyatına
başladı. Cəmi 24 saatdan da az bir müddətdə yüksək peşəkarlıqla və mülki əhaliyə
zərər vurulmadan həyata keçirilən bu əməliyyat nəticəsində Ermənistan silahlı
qüvvələrinin qalıqları və qeyri-qanuni erməni hərbi birləşmələri tam tərk-silah
edilərək təslim olmağa məcbur edildi. Bununla da Azərbaycan Respublikasının
bütün ərazisində konstitusiya quruluşu bərpa olundu və ölkəmizin dövlət
suverenliyi tam və qəti şəkildə təmin edildi.
Antiterror əməliyyatından sonra Qarabağda yerləşən erməni silahlı
tör-töküntülərinin çıxarılması və tərk-silah edilməsi prosesi sürətlə
tamamlandı. Qazanılan bu tarixi zəfərin məntiqi nəticəsi kimi, sonrakı mərhələdə
Rusiya sülhməramlı kontingenti də Azərbaycan ərazisini vaxtından əvvəl tərk
etdi. Beləliklə, ölkəmizin həm ərazi bütövlüyü, həm də suverenliyi tam bərpa
olundu. Azərbaycan öz sərhədlərinə, öz torpaqlarına tam sahib çıxdı.
Dövlət
suverenliyinə aparan bu şərəfli yol Prezident İlham Əliyevin iradəsinin,
uzaqgörən xarici siyasətinin, dəqiq hesablanmış hərbi strategiyasının və milli
maraqlara söykənən prinsipiallığının təntənəsidir. Hərbi, diplomatik və siyasi
müstəvidə atılan hər bir addım, beynəlxalq təzyiqlərə qarşı göstərilən mətin
müqavimət və xalq-iqtidar birliyi bu tarixi nailiyyəti mümkün etdi.
Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi Azərbaycan
xalqının otuzillik həsrətinə son qoyaraq öz ərazi bütövlüyünü və konstitusiya
quruluşunu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tam bərpa etməsinin,
tarixi ədalətin və sarsılmaz dövlət iradəsinin əbədiləşmiş təntənəsidir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"