01 May 2026 00:44
191
Fərmanlar
A- A+
Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI


Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 30 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları (bundan sonra – dövlət qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət qurumları tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin (bundan sonra – tənzimləyici pilot layihə) həyata keçirilməsi ilə bağlı tələbləri və qaydaları tənzimləyir.

1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. çıxış strategiyası – tənzimləyici pilot layihənin dayandırılması zamanı həmin layihənin həyata keçirilməsinə təşəbbüs göstərən dövlət qurumu tərəfindən görüləcək tədbirləri ehtiva edən plan;

1.2.2. istifadəçi – tənzimləyici pilot layihə çərçivəsində tətbiq edilən rəqəmsal həllərdən və ya təşkil olunan elektron xidmətlərdən istifadə edən, habelə layihənin gedişatının və nəticələrinin qiymətləndirilməsi üçün rəy və təklifləri alınan hüquqi və ya fiziki şəxs;

1.2.3. iştirakçı – tənzimləyici pilot layihə çərçivəsində rəqəmsal həllin və ya elektron xidmətin formalaşdırılması, sınaqdan keçirilməsi və ya tətbiqi (göstərilməsi) prosesinə cəlb edilən aidiyyəti dövlət qurumu, digər hüquqi və ya fiziki şəxs (o cümlədən startapçı);

1.2.4. rəqəmsal həll – fəaliyyətin şəffaflığının, effektivliyinin, səmərəliliyinin artırılması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin və istifadəçi məmnunluğunun yüksəldilməsi məqsədilə tətbiq edilən proqram təminatı və texnoloji avadanlığın məcmusu;

1.2.5. tənzimləyici pilot layihə – rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsinin, habelə elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyənləşdirilməsinin məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların və istifadəçilərin sayı (dairəsi) ilə bağlı və ya digər məhdudiyyətlər) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – tənzimləyici orqan) tənzimləməsi ilə həyata keçirilməsinə imkan verən alət.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Tənzimləyici pilot layihələrin həyata keçirilməsinin məqsədləri aşağıdakılardır:

1.4.1. dövlət qurumlarının səlahiyyətlərinin həyata keçirilməsinin, o cümlədən dövlət xidmətləri göstərilməsinin rəqəmsal texnologiyalar tətbiq edilməklə təşkili;

1.4.2. dövlət idarəetməsində səmərəliliyin, effektivliyin, şəffaflığın gücləndirilməsi, eləcə də dövlət xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsi.

1.5. Dövlət qurumu tərəfindən eyni dövr ərzində iki və daha artıq tənzimləyici pilot layihə, habelə iki və daha çox dövlət qurumu tərəfindən, bu Qaydaların 2.1.3-cü yarımbəndinin tələbi nəzərə alınmaqla, eyni məsələ üzrə oxşar tənzimləyici pilot layihə həyata keçirilə bilər.

1.6. Bu Qaydalar Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarından irəli gələn tapşırıqların icrası ilə əlaqədar hazırlanması nəzərdə tutulan rəqəmsal inkişafla bağlı layihələrə (o cümlədən rəqəmsal həllərə və elektron xidmətlərə), həmçinin ali kateqoriya dövlət orqanlarına, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə, habelə onların həyata keçirdiyi tənzimləyici pilot layihələrə şamil edilmir.

1.7. Bu Qaydalar kritik informasiya infrastrukturu obyektlərinə həmin sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

1.8. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, dövlət sirrinin, fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərindən kənara çıxılmaqla tənzimləyici pilot layihələrin həyata keçirilməsinə yol verilmir.

1.9. Tənzimləyici pilot layihələrin həyata keçirilməsi zamanı normativ hüquqi aktların tələblərindən kənara çıxan hərəkətlər hər hansı hüquqi nəticə yaratmır.

2. Tənzimləyici pilot layihələrin əhatə dairəsi

2.1. Bu Qaydalar aşağıdakı bütün tələblərə cavab verən tənzimləyici pilot layihələrin həyata keçirilməsinə şamil olunur:

2.1.1. tənzimləyici pilot layihələrin aşağıdakı rəqəmsal texnologiyaların tətbiqi əsasında həyata keçirilməsi:

2.1.1.1. “süni intellekt” texnologiyaları (maşın öyrənməsi, təbii dil emalı, böyükhəcmli məlumatların emalı, analitik təhlili və s.);

2.1.1.2. “bulud” texnologiyaları və yüksək səviyyəli hesablama texnologiyaları;

2.1.1.3. sahəvi (maliyyə, aqrar, təhsil, tibbi və s.) tətbiqyönümlü rəqəmsal texnologiyalar;

2.1.1.4. “ağıllı şəhər” texnologiyaları (“əşyaların interneti”, yaşıl texnologiyalar, telesəhiyyə, nəqliyyatın intellektual idarə edilməsi və s.);

2.1.1.5. rəqəmsal mühitdə istifadəçilərdə real mövcudluq və iştirak hissi yaradan texnologiyalar (artırılmış reallıq, virtual reallıq, metakainat və s.);

2.1.2. tənzimləyici pilot layihələrin həyata keçirilməsinin bu Qaydaların 1.4-cü bəndində nəzərdə tutulmuş məqsədlərdən azı birinə nail olmağa yönəlməsi;

2.1.3. tənzimləyici pilot layihələrin həyata keçirilməsi zamanı digər dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmədən mövcud hüquqi tənzimləmədən kənara çıxılması zərurəti olduğu təqdirdə (bu Qaydaların 1.8-ci bəndi nəzərə alınmaqla).

3. Tənzimləyici pilot layihənin təsdiq edilməsi

3.1. Tənzimləyici pilot layihənin həyata keçirilməsi üçün dövlət qurumu tənzimləyici orqana müraciət edir. Müraciəti dövlət qurumunun rəhbəri və ya onun müavini imzalayır.

3.2. Müraciətə aşağıdakı sənədlər və məlumatlar əlavə olunur:

3.2.1. tənzimləyici pilot layihənin həyata keçirilməsinin məqsədləri, proqnozlaşdırılan nəticəsi, onun mövcud hüquqi tənzimləmədən kənara çıxması zərurəti və həcmi, eləcə də istifadə olunacaq rəqəmsal texnologiyalar barədə məlumatlar;

3.2.2. tənzimləyici pilot layihənin tətbiq olunacağı ərazi, proqnozlaşdırılan müddət, həmçinin həyata keçirilməsi zamanı hədəflənən (iştirakı nəzərdə tutulan) iştirakçı və istifadəçi sayı (dairəsi) barədə məlumatlar;

3.2.3. tətbiq ediləcək rəqəmsal həllin funksiyası və (və ya) təşkil olunacaq elektron xidmətin həyata keçirilməsi proseduru barədə məlumatlar;

3.2.4. rəqəmsal həllin tətbiqi və (və ya) elektron xidmətin təşkili ilə bağlı ehtimal olunan risklərin təsviri barədə məlumatlar, onların aradan qaldırılması və ya minimuma endirilməsi üçün fəaliyyətin davamlılığı planı (görüləcək tədbirlərin ardıcıllığı, icraçıları və icra müddəti göstərilməklə);

3.2.5. rəqəmsal həllin tətbiqi və (və ya) elektron xidmətin təşkili ilə bağlı tələb olunan maliyyə və insan resursları, habelə texniki-texnoloji infrastrukturun (o cümlədən böyükhəcmli məlumatların emalı zamanı yüksək hesablama gücü olan superkompüterin və ya “bulud” infrastrukturunun) mövcudluğu barədə məlumatlar;

3.2.6. rəqəmsal həllin tətbiqi və (və ya) elektron xidmətin təşkili ilə bağlı layihə sənədi, arxitektura sənədi (mövcud olduğu halda), habelə layihənin həyata keçirilməsi üçün tərtib olunmuş tədbirlər planı (görüləcək tədbirlərin ardıcıllığı, icraçıları və icra müddəti göstərilməklə);

3.2.7. tənzimləyici pilot layihənin həyata keçirilməsi nəticəsində test rejimindən real mühitə keçid planı (görüləcək tədbirlərin ardıcıllığı, icraçıları və icra müddəti göstərilməklə);

3.2.8. tənzimləyici pilot layihənin həyata keçirilməsi ilə bağlı istifadəçilərin hüquqlarının və qanuni mənafelərinin qorunması üçün görüləcək tədbirlər, o cümlədən onların məlumatlandırılması qaydası və vasitələri;

3.2.9. bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş məlumatları özündə əks etdirən çıxış strategiyası.

3.3. Tənzimləyici orqan dövlət qurumunun bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim etdiyi sənədləri və məlumatları 5 (beş) iş günü müddətində yoxlayır. Həmin sənədlərdə və məlumatlarda aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, müraciətin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat dövlət qurumuna təqdim edilir, habelə formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar dövlət qurumuna eyni zamanda bildirilməlidir.

3.4. Dövlət qurumu həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 15 (on beş) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman tənzimləyici pilot layihənin təsdiq edilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət həmin layihənin təsdiqi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə dövlət qurumunun müraciətindən sonra müddətin axımı bərpa olunur.

3.5. Dövlət qurumu müraciətə əlavə edilmiş sənədlərdə və məlumatlarda aşkar olunmuş çatışmazlıqları bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş müddətdə aradan qaldırmadıqda tənzimləyici orqan müraciətə baxmaqdan imtina edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində dövlət qurumuna təqdim edir.

3.6. Müraciətə əlavə edilmiş sənədlərdə və məlumatlarda aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra dövlət qurumu tənzimləyici pilot layihənin təsdiqi üçün tənzimləyici orqana təkrar müraciət edə bilər.

3.7. Tənzimləyici pilot layihənin təsdiq edilməsinin ümumi müddəti 60 (altmış) iş günündən çox ola bilməz. Tənzimləyici pilot layihənin təsdiq edilməsi və həyata keçirilməsi, o cümlədən bu Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş meyarlar üzrə təhlili, layihənin gedişatı barədə dövlət qurumuna sorğular verilməsi və yerində baxış keçirilməsi, istifadəçilər və iştirakçılar arasında rəy sorğusu aparılması, habelə rəqəmsal həlldən və elektron xidmətdən test məqsədilə istifadəsi üçün tənzimləyici orqan tərəfindən işçi qrup yaradılır. İşçi qrup tənzimləyici orqanın müəyyən etdiyi reqlament əsasında fəaliyyət göstərir və onun qərarları (o cümlədən bu Qaydaların 3.9-cu bəndində nəzərdə tutulmuş balların verilməsi üzrə) üzvlərinin yekdil razılığı əsasında qəbul olunur. Həmin işçi qrupun fəaliyyətinə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri (o cümlədən maliyyə, iqtisadi təhlil və normativ hüquqi aktların hüquqi ekspertizası sahələri üzrə), müstəqil ekspertlər və mütəxəssislər cəlb edilir.

3.8. Müraciətə əlavə edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkarlanmadıqda, yaxud bu Qaydaların 3.4-cü bəndinə uyğun olaraq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra işçi qrup tənzimləyici pilot layihəni 30 (otuz) iş günü müddətində (uyğunluğun yoxlanılması və təhlillərin aparılması üçün əlavə vaxt tələb olunduqda, dövlət qurumuna məlumat verməklə, müddət əlavə 20 (iyirmi) iş günü uzadıla bilər) aşağıdakı meyarlar əsasında təhlil edir:

3.8.1. innovativlik və texnoloji yenilik – layihənin rəqəmsal texnologiyaların tətbiqi nəticəsində yeni və ya əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş məhsul, xidmət və ya proses təqdim etməsi;

3.8.2. xüsusi tənzimləmə rejiminin tətbiqi – normativ hüquqi aktlarda və normativ xarakterli aktlarda olan məhdudiyyətlər, habelə mövcud hüquqi tənzimləmədə olan boşluqlar səbəbindən layihənin yalnız tənzimləyici pilot layihə çərçivəsində həyata keçirilə bilməsi;

3.8.3. dövlət qurumunun hazırlıq səviyyəsi – layihənin həyata keçirilməsinə dair maliyyə və insan resurslarına, texniki-texnoloji infrastruktura malik olması;

3.8.4. sosial - iqtisadi faydalılığı – layihənin həyata keçirilməsi nəticəsində sosial və (və ya) iqtisadi faydalılığa nail olunması, həmçinin üstünlüklər əldə edilməsi;

3.8.5. risk idarəetməsinin adekvatlığı – layihənin həyata keçirilməsini ləngidəcək və ya maneə yaratması ehtimal olunan risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üçün fəaliyyətin davamlılığı planında (görüləcək tədbirlərin ardıcıllığı, icraçıları və icra müddəti göstərilməklə) effektiv tədbirlərin mövcudluğu.

3.9. Bu Qaydaların 3.8-ci bəndində qeyd olunan hər bir meyar üzrə 0–1 arası bal verilir. Tənzimləyici pilot layihənin təsdiqi üçün meyarlar üzrə minimal bal ümumi 5 bal üzərindən 3 bal təşkil edir (bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndləri nəzərə alınmaqla).

3.10. Tənzimləyici pilot layihənin bu Qaydaların 2-ci hissəsi və 3.8-ci bəndi ilə müəyyən edilmiş tələblərə və meyarlara uyğunluğu, habelə bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar təhlil olunduqdan sonra tənzimləyici orqan aşağıdakılardan biri barədə qərar qəbul edir (sahibkarlıq subyektlərinə tətbiq edilən rəqəmsal həllərə və göstərilən elektron xidmətlərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla):

3.10.1. layihənin həyata keçirilməsinin məqsədəuyğun hesab edilməsi (layihə bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş tələblərə uyğundur və bu Qaydaların 3.8-ci bəndi ilə müəyyən edilmiş meyarlar üzrə 3 və daha çox bal almışdır (bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndləri nəzərə alınmaqla);

3.10.2. layihənin həyata keçirilməsindən imtina edilməsi (layihə bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş tələblərə tam və ya qismən uyğun deyildir, bu Qaydaların 3.8-ci bəndi ilə müəyyən edilmiş meyarlar üzrə 3-dən aşağı bal almışdır və ya bu Qaydaların 3.8.1– 3.8.3-cü yarımbəndləri ilə müəyyən edilmiş meyarlardan azı biri üzrə bal almamışdır, eləcə də bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlərdə və məlumatlarda səhv və (və ya) təhrif olunmuş məlumatlar mövcuddur).

3.11. Tənzimləyici orqan tənzimləyici pilot layihənin həyata keçirilməsini məqsədəuyğun hesab etdikdə bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları maliyyə ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyə ekspertizasını 20 (iyirmi) iş günü müddətində apararaq nəticəsini tənzimləyici orqana təqdim edir.

3.12. Tənzimləyici pilot layihənin həyata keçirilməsi barədə maliyyə ekspertizasının nəticəsi müsbət olduqda, tənzimləyici orqan layihənin təsdiqi barədə qərar qəbul edir.

3.13. Tənzimləyici pilot layihənin təsdiqindən imtina edilməsi və ya layihənin təsdiqi ilə bağlı qəbul edilmiş qərar barədə məlumatı tənzimləyici orqan 2 (iki) iş günü müddətində dövlət qurumuna təqdim edir.

3.14. Dövlət qurumu təsdiqindən imtina edilən tənzimləyici pilot layihə üzrə çatışmazlıqları (imtina barədə qərarda, o cümlədən maliyyə ekspertizasının nəticəsində qeyd olunan) aradan qaldırdıqdan sonra tənzimləyici pilot layihənin təsdiq edilməsi üçün tənzimləyici orqana yenidən müraciət edə bilər.

4. Tənzimləyici pilot layihənin həyata keçirilməsi və nəticəsinin rəsmiləşdirilməsi

4.1. Tənzimləyici pilot layihənin təsdiqi barədə tənzimləyici orqan tərəfindən qəbul edilən qərar təqdim olunduqdan sonra dövlət qurumu bu Qaydaların 3.2.6-cı yarımbəndində nəzərdə tutulmuş tədbirlər planı üzrə tədbirlərin icrasına başlayır. Dövlət qurumu tənzimləyici pilot layihənin həyata keçirilməsi zamanı iştirakçıları və istifadəçiləri bu barədə xəbərdar etməli, onların iştirakını, eləcə də istifadəçi testlərinin təşkilini və istifadəçi rəylərinin toplanılmasını təmin etməlidir.

4.2. Tənzimləyici pilot layihə ən çoxu 2 (iki) il müddətində həyata keçirilir. Həmin müddətdə bu Qaydaların 3.2.6-cı yarımbəndində nəzərdə tutulmuş layihə sənədində və tədbirlər planında dəyişiklik edilməsi zərurəti yarandıqda, dövlət qurumu tənzimləyici orqanla bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq razılaşdırmaqla layihə sənədində və tədbirlər planında dəyişiklik edir.

4.3. Tənzimləyici orqan tənzimləyici pilot layihənin həyata keçirilməsi müddətində layihənin uğurla icrası üçün dövlət qurumuna əməli və metodiki dəstək göstərir.

4.4. Tənzimləyici orqan tənzimləyici pilot layihənin həyata keçirilməsi müddətində dövlət qurumuna həmin layihənin icrasının gedişatı barədə məlumatları və sənədləri əldə etmək üçün sorğular verə, layihənin icrasının gedişatına yerində baxış keçirə, istifadəçilər və iştirakçılar arasında rəy sorğusu apara, habelə rəqəmsal həll və elektron xidmətdən test məqsədilə istifadə edə bilər. Tənzimləyici orqan tənzimləyici pilot layihənin həyata keçirilməsi zamanı bu Qaydalarda və ya layihə sənədlərində nəzərdə tutulmuş tələblərlə bağlı yol verilən pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə göstərişlər verir.

4.5. Tənzimləyici pilot layihənin sınaq mərhələsi dövlət qurumu tərəfindən müəyyən edilir və bu barədə tənzimləyici orqana 2 (iki) iş günü müddətində məlumat verilir. Sınaq mərhələsi 18 (on səkkiz) aydan çox ola bilməz. Həmin layihənin həyata keçirilməsi zamanı sınaq mərhələsində dövlət qurumu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (bundan sonra – XRİTDX) rəy (kritik informasiya infrastrukturuna münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən (bundan sonra – DTX) və XRİTDX-dən informasiya təhlükəsizliyi üzrə birgə rəy) alır. Həmin dövlət orqanları 5 (beş) iş günü müddətində informasiya təhlükəsizliyi üzrə əsaslandırılmış rəyi dövlət qurumuna təqdim edirlər və bu rəy dövlət qurumu tərəfindən 5 (beş) iş günü müddətində tənzimləyici orqana təqdim olunur. XRİTDX tənzimləyici pilot layihəni mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edir. Dövlət qurumu bu Qaydaların 4.2-ci bəndində nəzərdə tutulmuş dəyişiklik barədə 2 (iki) iş günü müddətində XRİTDX-yə, kritik informasiya infrastrukturuna münasibətdə isə həmçinin DTX-yə məlumat verir.

4.6. Tənzimləyici pilot layihənin həyata keçirilməsi tənzimləyici orqanın qərarı ilə aşağıdakı hallarda dayandırılır:

4.6.1. dövlət qurumunun əsaslandırılmış müraciəti əsasında;

4.6.2. tənzimləyici orqanın bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş göstərişlərinə tam və göstərişdə qeyd olunan müddətdə əməl edilmədikdə;

4.6.3. normativ hüquqi aktlarda edilən dəyişikliklər əsasında tənzimləyici pilot layihənin həyata keçirilməsi zərurəti aradan qalxdıqda;

4.6.4. layihə bu Qaydaların və ya layihə sənədlərinin tələbləri pozulmaqla həyata keçirildikdə;

4.6.5. layihənin həyata keçirilməsi üzrə informasiya təhlükəsizliyinə dair mənfi rəy olduqda;

4.6.6. dövlət qurumu hüquqi varislik müəyyən olunmadan ləğv edildikdə.

4.7. Tənzimləyici pilot layihənin dayandırılmasına dair qərar barədə məlumatı tənzimləyici orqan 2 (iki) iş günü müddətində dövlət qurumuna təqdim edir. Dövlət qurumu həmin qərar əsasında tənzimləyici pilot layihənin həyata keçirilməsini dərhal dayandırır və çıxış strategiyasının icrasına başlayır. Tənzimləyici pilot layihənin həyata keçirilməsinin dayandırılması dövlət qurumunu istifadəçilər və digər şəxslər qarşısında həmin ana qədər yaranmış öhdəliklərindən azad etmir.

4.8. Çıxış strategiyasında aşağıdakılar əks olunur:

4.8.1. tənzimləyici pilot layihənin dayandırılması barədə iştirakçıların və istifadəçilərin məlumatlandırılması qaydası və vasitələri;

4.8.2. tənzimləyici pilot layihənin dayandırılması ilə bağlı istifadəçilər qarşısında mövcud olan hər hansı öhdəliklərin icrası, o cümlədən ödənişlərin geri qaytarılması müddəti və prosesi;

4.8.3. tənzimləyici pilot layihənin həyata keçirilməsi zamanı toplanılmış məlumatların (o cümlədən fərdi məlumatların) təhlükəsiz şəkildə arxivləşdirilməsi və ya məhv edilməsi ilə bağlı görüləcək tədbirlər (görüləcək tədbirlərin ardıcıllığı, icraçıları və icra müddəti göstərilməklə);

4.8.4. tənzimləyici pilot layihənin dayandırılması ilə bağlı dövlət qurumu tərəfindən görülməsi zəruri hesab olunan digər tədbirlər (görüləcək tədbirlərin ardıcıllığı, icraçıları və icra müddəti göstərilməklə).

4.9. Tənzimləyici pilot layihənin həyata keçirilməsi üzrə sınaq mərhələsi başa çatdıqdan və ya həyata keçirilməsi dayandırıldıqdan sonra 20 (iyirmi) iş günü müddətində dövlət qurumu tənzimləyici orqana aşağıdakı məlumatları nəzərdə tutan ilkin hesabat təqdim edir:

4.9.1. rəqəmsal həllin tətbiq olunduğu və (və ya) təşkil edilən elektron xidmətin göstərildiyi ərazini, müddətini, istifadəçi dairəsini (dövlət qurumu, bələdiyyə, fiziki və hüquqi şəxs), sayını (hər bir istifadəçi dairəsi üzrə) və həyata keçirilən əməliyyatların sayını (aylar üzrə);

4.9.2. layihənin həyata keçirilməsi müddətində istifadəçi şikayətlərinin, digər problemlərin (o cümlədən kiberinsidentlərin) və risklərin təsvirini, sayını, eləcə də onların həlli üçün görülmüş tədbirləri;

4.9.3. layihənin həyata keçirilməsi üzrə sınaq mərhələsinin sonunda əldə edilən nəticə və həmin nəticə əsasında görülməsi planlaşdırılan tədbirləri (görüləcək tədbirlərin ardıcıllığı, icraçıları və icra müddəti göstərilməklə);

4.9.4. layihənin həyata keçirilməsi ilə məqsədlərinə və (və ya) proqnozlaşdırılan nəticəsinə nail olunduğunu (olunmadığını);

4.9.5. layihənin həyata keçirilməsi ilə əldə edilən nəticəyə uyğun olaraq normativ hüquqi aktlarda dəyişiklik təklifini;

4.9.6. tənzimləyici pilot layihənin informasiya təhlükəsizliyi üzrə rəyi.

4.10. Bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş ilkin hesabat təqdim edildikdən sonra tənzimləyici orqan 20 (iyirmi) iş günü müddətində tənzimləyici pilot layihənin həyata keçirilməsi üzrə sınaq mərhələsinin nəticəsi barədə yekun hesabat hazırlayaraq həmin hesabat əsasında qərar (sınaq mərhələsinin uğurlu və ya uğursuz olması haqqında) qəbul edir (sahibkarlıq subyektlərinə tətbiq edilən rəqəmsal həllərə və göstərilən elektron xidmətlərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla). Qəbul edilmiş qərar barədə məlumatı tənzimləyici orqan 2 (iki) iş günü müddətində dövlət qurumuna təqdim edir.

4.11. Aşağıdakı hallarda tənzimləyici orqan tənzimləyici pilot layihənin həyata keçirilməsi üzrə sınaq mərhələsinin nəticəsinin uğursuz olması barədə yekun hesabata əsasən qərar qəbul edir:

4.11.1. layihənin həyata keçirilməsi məqsədlərinə və (və ya) proqnozlaşdırılan nəticəsinə nail olunmadıqda;

4.11.2. layihənin həyata keçirilməsi üzrə sınaq mərhələsi başa çatdıqdan sonra qalan risklərin idarə edilməsi mümkün olmadıqda.

4.12. Tənzimləyici pilot layihənin nəticəsi uğurlu olduqda tənzimləyici orqan layihənin test rejimindən real mühitə keçid edərək fəaliyyətə başlaması üçün dövlət qurumu ilə birlikdə tədbirlər görür, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mövcud hüquqi tənzimləmədə aşkarlanan boşluqların aradan qaldırılması və ya fərqli qaydaların müəyyən edilməsi zərurəti ilə əlaqədar təkliflər verir.

4.13. Tənzimləyici pilot layihənin həyata keçirilməsi zamanı toplanılmış məlumatların (o cümlədən fərdi məlumatların) təhlükəsiz şəkildə arxivləşdirilməsi və ya məhv edilməsi üzrə tədbirlər “Fərdi məlumatlar haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilir.

4.14. Tənzimləyici pilot layihənin həyata keçirilməsi zamanı aparılan əməliyyatlar və istifadəçilər haqqında məlumatlar dövlət qurumunda azı 5 (beş) il müddətində saxlanılır. Tənzimləyici pilot layihənin həyata keçirilməsi zamanı tənzimləyici orqan Elektron Hökumət İnformasiya Sistemi üzərindən həyata keçirilən bütün əməliyyatların texniki protokollaşdırılmasını və əməliyyat tarixçələrinin azı 5 (beş) il müddətində saxlanılmasını təmin edir.

4.15. Tənzimləyici orqan özünün rəsmi internet informasiya ehtiyatında tənzimləyici pilot layihələri həyata keçirən dövlət qurumlarının adı, internet informasiya ehtiyatı (olduğu təqdirdə), əlaqə məlumatları (telefon, elektron poçt ünvanı və s.), həyata keçirilən layihə, əhatə etdiyi ərazi və keçirilmə müddəti, layihənin nəticələri və vaxtından əvvəl dayandırılması halında bu barədə məlumatları 5 (beş) iş günü müddətində yerləşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Y.P.Kamayevin "Şöhrət" ordeni ilətəltif edilməsi haqqında

00:49
01 May

Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında  

00:48
01 May

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

00:47
01 May

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:46
01 May

Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi QAYDALARI

00:44
01 May

“Neftçi” 5 il sonra “Qarabağ”a qalib gəldi

22:51
30 Aprel

ABŞ-də 75 gündən sonra Daxili Təhlükəsizlik Departamentinin maliyyələşməsi bərpa edilir

22:46
30 Aprel

Baş Prokurorluq: Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb  

22:30
30 Aprel

Xüsusi Təyinatlı Qüvvələrin şəhid mənsublarının xatirələri yad olunub 

21:43
30 Aprel

Neandertalların məhvinin səbəbi: Zəka çatışmazlığı yoxsa başqa səbəblər?  

21:42
30 Aprel

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub  

21:40
30 Aprel

“App Store”da illik planlar aylıq ödənəcək

21:36
30 Aprel

Gələcəkdə elmi laboratoriyaları kim idarə edəcək: alim yoxsa süni intellekt?  

21:26
30 Aprel

Yetkinlik yaşı 32-ə qədər davam edirmiş

21:18
30 Aprel

Avropa nə qədər yanacaq ehtiyatına malikdir?

21:04
30 Aprel

“Ask YouTube” funksiyası sınaqdan keçirilir  

20:52
30 Aprel

İndiyədək AYİB tərəfindən Azərbaycana 202 layihə üzrə 3,712 milyard avro investisiya yatırılıb  

20:48
30 Aprel

“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir

20:48
30 Aprel

Mayın 1-dən dəfn üçün birdəfəlik müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq

20:43
30 Aprel

Naxçıvanda duzun emalı bərpa olunub

20:39
30 Aprel

Volodimir Zelenski: Rusiya atəşkəs müqabilində bəzi sanksiyaların ləğvini təklif edə bilər  

20:34
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!