Code Fest 2 – gənclər arasında proqramlaşdırma, texnologiya və rəqəmsal bacarıqları inkişaf etdirməyi hədəfləyən innovativ olimpiadadır. Bu layihə məktəblilər və yeniyetmələr üçün nəzərdə tutulmuşdur və onların yaradıcılıq, məntiqi düşünmə və problem həlletmə qabiliyyətlərini üzə çıxarmağa imkan yaradır.
Olimpiada çərçivəsində iştirakçılar 4-15 yaş qrupları üzrə 11 fərqli kateqoriyada yarışıblar. Bu kateqoriyalara proqramlaşdırma (Python Junior, Scratch, Python, Aİ), robototexnika (Lego WeDo 2.0), 3D modelləşdirmə, Uİ/UX və digər texnoloji istiqamətlər daxildir. Tapşırıqlar iştirakçıların həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını yoxlamağa yönəlib.
“Code Fest 2” proqramlaşdırma və robototexnika olimpiadasının əsas məqsədi gənclərdə texnologiyaya marağı artırmaq, onların erkən yaşdan İT sahəsinə yönəlməsinə dəstək olmaq və gələcəyin peşəkar kadrlarının formalaşmasına töhfə verməkdir. Eyni zamanda, bu cür tədbirlər iştirakçılar arasında sağlam rəqabət mühiti yaradır və onların öz potensiallarını kəşf etməsinə şərait yaradır.
Olimpiadanın keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı kimi qurumların dəstəyi xüsusi əhəmiyyət daşıyır. Onların dəstəyi ilə tədbirin təşkilati səviyyəsi daha da yüksəlib və iştirakçılar üçün geniş imkanlar yaradılıb.
Avropa Azərbaycan Məktəbində keçirilən yarışın sonunda hər bir kateqoriya üzrə qaliblər müəyyən olunaraq mükafatlandırılıb.
Rizvan HİLALOĞLU,
İlham BABAYEV( foto),
“Azərbaycan”