Ölkəmizin mədəni irs siyahısında Çıraqqala abidəsinin də özünəməxsus yeri var. Sasanilər imperiyasının Azərbaycanda hökmranlığı dövrünə aid olan bu abidənin təməli III-IV, bəzi mənbələrə görə isə V-VI əsrlərdə qoyulub.
Dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən Çıraqqala mərkəzi ilə birlikdə 17 bürcdən ibarət olub və düzbucaqlı forması ilə diqqəti cəlb edib. Lakin indi həmin bürclərin ancaq üçü salamat qalıb. Bu tikili həm də qala rolunu oynayıb. Əslində, təqribən Xəzər dənizindən Baba dağının ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri olub. Uzunluğu 120 kilometr olan səddin divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatır. Baba dağına qədər sədd divarlarının hündürlüyü 5-7, bəzən də 7-11, eni isə 30-35 metrə qədərdir.
Sovet hakimiyyəti dövründə yüksək aşınmaya məruz qalan abidənin yalnız yerli əhalinin və mədəni irs mühafizəçilərinin səyləri sayəsində müəyyən hissəsi qorunub və günümüzə qədər gəlib çatıb.
Şübhəsiz ki, tarixi öz yaddaşında yaşadan hər bir abidə müvafiq mədəni irs qanunlarına və konvensiyalara uyğun qorunmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin sərəncama əsasən, Çıraqqala abidəsinin qorunması üçün dövlət tərəfindən bərpa-konservasiya işləri aparılıb, burada qədim dövrlərə aid maddi mədəniyyət nümunələri aşkar edilib. Bərpadan sonra görüləcək işlər turizm baxımından abidənin səmərəli istifadəsinə və tanıdılmasına kömək edəcək.
Bu gün abidənin tarixi əhəmiyyətini və vəziyyətini dərindən dərk etmək üçün daha ətraflı araşdırmalar aparılmalıdır. Hazırda tarixi sənədlər, xəritələr və arxeoloji məlumatlar toplanılmaqla Gil-gilçay səddi üzərində yerləşən abidələrin oxşarlığını müəyyən etmək üçün çalışmalar var. Ümid edirik ki, arxeoloqlarımızın əməyi nəticəsində gələcəkdə Çıraqqala abidəsinin mövcud vəziyyətinin, struktur xüsusiyyətlərinin, materiallarının və dekorativ elementlərinin dəqiq sənədləşdirilməsi aparılacaq. Müasir dövrdə fotoşəkillər, rəsmlər və 3D modellərdən istifadə edilməklə abidənin ilkin görünüşünün müəyyən edilməsi ümdə arzularımızdandır. Bu metodologiyalar abidənin davamlı və səmərəli şəkildə qorunmasına kömək edə bilər.
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları olaraq biz də qoruğun ərazisinə daxil olan abidələrlə yanaşı, digər tarixi abidələrimizi də təbliğ və tədqiq edir, onların qorunub gələcək nəsillərə çatdırılması üçün əlimizdən gələni əsirgəmirik.
Günel PİRQULUYEVA,
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru