QƏRAR № 26/117
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə
99 saylı Bərdə seçki dairəsi üzrə namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Əliyev Zöhrab Camal oğlu 2024-cü il avqustun 2-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 25/65 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd Z.C.Əliyev müraciətində qeyd etmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə
99 saylı Bərdə seçki dairəsi üzrə namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmişdir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə məlumatın dairə seçki komissiyası tərəfindən natamam araşdırıldığını və bu səbəbdən də namizəd kimi qeydə alınmasından imtina edildiyini iddia edir.
Araşdırma ilə əlaqədar şikayətçi ilə əlaqə saxlanılmış, onun araşdırmada, komissiyanın iclasında iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, o, iclasda iştirak edəcəyini bildirsə də, sonradan iclasa gələ bilməyəcəyi barədə məlumat vermişdir.
Dairə seçki komissiyası namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Z.C.Əliyevin deputatlığa namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 31 iyul 2024-cü il tarixli 25/65 saylı Qərarını onunla əsaslandırmışdır ki, namizəd mülkiyyət hüququ və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan nəqliyyat vasitələri barədə məlumatları dairə seçki komissiyasına düzgün təqdim etməmişdir.
Namizəd Z.C.Əliyevin namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələri və digər seçki sənədləri Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən araşdırılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, Z.C.Əliyev ona xüsusi və ümumi birgə mülkiyyət hüququ əsasında məxsus nəqliyyat vasitələri barədə dairə seçki komissiyasına düzgün məlumat verməmişdir.
Seçki Məcəlləsinin 58.3-ci maddəsinə görə, xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən ümumi mülkiyyət hüququ əsasında) namizədə məxsus olan əmlak barədə məlumatlar həmin Məcəllənin 5 saylı Əlavəsinə uyğun formada təqdim edilir.
Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə görə, namizəd həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq məlumatları düzgün təqdim etmədikdə onun namizəd kimi qeydə alınmasından imtina edilir.
Beləliklə, aparılan tam və hərtərəfli araşdırma ilə müəyyən edildi ki, namizəd Z.C.Əliyev tərəfindən xüsusi və ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus nəqliyyat vasitələri barədə dairə seçki komissiyasına düzgün məlumat verilməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina üçün hüquqi əsas yaratmışdır.
Göstərilənlərə əsasən Z.C.Əliyevin 2 avqust 2024-cü il tarixli 08 saylı şikayəti əsassız olduğundan təmin edilməməli, dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 25/65 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlima"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə
99 saylı Bərdə seçki dairəsi üzrə namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Əliyev Zöhrab Camal oğlunun 2 avqust 2024-cü il tarixli 08 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 31 iyul 2024-cü il tarixli 25/65 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
03.08.2024