Azərbaycanda repressiya kampaniyası 1934-cü ildə Kirovun öldürülməsinin ilk aylarında hələ ciddi miqyas almasa da, bəzi tədbirlər artıq görülmüşdü. Azərbaycan SSR KP MK-nın təklifi ilə Sov.İKP MK-nın Siyasi Bürosu "87 qolçomaq, islahedilməz antisovet elementlərin, keçmişdə böyük kapitalist müəssisələrinin rəhbərləri olan, ittifaqın digər bölgələrindən qaçıb gələn qolçomaq ailələrinin Azərbaycan SSR ərazisindən inzibati qaydada əmlaklarının müsadirəsi ilə bərabər özlərinin də həbs düşərgələrinə sürgün edilməsi" haqqında qərar qəbul etdi. Bununla yanaşı, hərbi hissələrdə, ziyalılar arasında təmizləmələr aparılır, respublika rəhbərlərinə, partiya üzvlərinə, ayrı-ayrı təşkilatların vəzifəli şəxslərinə qarşı həbslər həyata keçirilirdi.
1936-cı ilin yazında Bakıda humanitar elmlər sahəsində işləyən bir qrup keçmiş trotskiçilər həbs olundular. Sonra isə "millətçilər" həbslərə məruz qaldılar. İlk olaraq o dövrdə respublika rəhbəri olan Mircəfər Bağırovla düşmən münasibətlərdə olan albanəsilli publisist Əhməd Triniç həbs olundu. M.Bağırov həmin ilin aprelində Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun iclasında 1918-ci ildə guya ki, Triniçin Müsavat parlamentinin müdafiəsi üçün etdiyi xahişi özündə əks etdirən uydurulmuş məktubu oxudu. Nəticədə Triniçi partiyadan kənarlaşdırıb həbs etdilər, istintaq zamanı isə o, düymə udaraq özünü öldürdü. Lakin Azərbaycanda ilk güclü həbslər payızda baş verdi və bu, əsasən bolşevik partiyası daxilindəki müxaliflərə, neobolşevik partiyalarının üzvlərinə və Stalin hakimiyyətinə qeyri-loyal münasibətdə şübhəli bilinən şəxslərə aid edildi.
Noyabr ayında trotskiçilikdə, müsavatçılıqda və casusluqda ittiham olunan onlarca görkəmli kommunist XDİK tərəfindən həbs olundu. Hətta Mircəfər Bağırovun şəxsi katibi Nikişov da "müsavat agenti", "terrorist" kimi tutuldu. Azərbaycan Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov, "Azərnəşr"in direktoru İbrahim Eminbəyli, tanınmış etnoloq, professorlar A.S.Bukşpan və Nikolayev, Mübariz Allahsızlar İttifaqının sədri ədib Vəli Xuluflu partiyadan qovularaq həbs olundular. İlin sonunda Mircəfər Bağırov Stalinə yazırdı ki: "Azərbaycanın bəzi məsul işçiləri bizdə şübhə yaradırlar. Bunlar incəsənət işləri komitəsinin sədri Ruhulla Axundov, Azərbaycanın xalq maarifi komissarı Müseyib Şahbazov və Azərittifaqın sədr müavini Eyyub Xanbudaqovdur. Əksinqilabçı trotskiçi Mixail Okudjavanın Ruhulla Axundov haqqında verdiyi ifadəyə əsasən, biz XDİK-ə bununla bağlı təhqiqatın aparılması üçün göstəriş vermişik. Eyyub Xanbudaqova qaldıqda isə burada yoldaş Sarkisovla şəxsi görüşdə müəyyən edildi ki o, doğrudan da, aktiv trotskiçidir. Bununla bağlı yoldaş Sarkisov arayış məktubu da verib".
Bu dövrdə kəndlilər arasında "üsyançı" qruplar da aşkara çıxarıldılar. Məsələn, Əli Bayramlı (indi Şirvan) rayonunun kəndlərində əksinqilabi çevriliş hazırlamaqda günahlandırılan bu rayonun bütün kişi əhalisi repressiyalara məruz qaldı.
Dekabrda qırmızı terrora artıq rayon rəhbərləri də qatıldılar. XDİK Naxçıvanda bütün partiya rəhbərliyini həbs etdi. Naxçıvanın partiya bölgə komitəsinin birinci katibi Mehdi Mehdiyev isə məhkəmə qarşısına çıxarıldı və "düşmən və cinayətkar elementlərlə əlaqələr" ittihamı ilə edam edildi. Şirvan, Göyçay, Qazax, Goranboy, Qonaqkənd, Lənkəran, Samux və Şamxor rayonlarının katibləri də qırmızı terrorun qurbanlarına çevrildilər.
1937-ci ilin əvvəlində bir qrup partiya rəhbəri və sovet işçiləri siyasi xarakterli cinayət məsuliyyətinə cəlb olundular. Həbs olunanlar arasında Azərbaycan KP MK-nın və Sov.İKP Zaqafqaziya Diyar Komitəsinin keçmiş katibi Ruhulla Axundov da var idi.
İ.ƏLİYEVA,
"Azərbaycan"