Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi regionda təhlükəsizlik və sülhün bərqərar olmasına xidmət edir
Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müntəzəm olaraq müxtəlif miqyaslı hərbi təlimlərin keçirilməsidir. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, əvvəlki dövrlərdən tam fərqli olaraq on minlərlə ehtiyatda olan hərbi mükəlləfiyyətlilər də təlimlərə cəlb edilir və onların hərbi ixtisaslarına uyğun təkmilləşdirilməsi həyata keçirilir. Eyni zamanda qardaş və dost ölkələrlə imzalanmış sazişlər, memorandumlar əsasında birgə təlimlər də reallaşır. Bu təlimlər xalqlar arasındakı dostluğun, sıx əməkdaşlığın bir nümunəsidir.
Prezident anlaşma memorandumunu təsdiqlədi
Aprelin 23-də Prezident İlham Əliyev 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunu təsdiq edib.
İllərdir hərbi sahədə əməkdaşlıq edən Azərbaycan, Türkiyə və Gürcüstan arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin birgə təlimi 2017-ci ildən keçirilir. Memoranduma əsasən, təlim məqsədilə ev sahibi ölkəyə gətirilən təchizat və avadanlıqlar gömrük rüsumu və vergilərdən azad edilir.
Həmçinin qeyd edilib ki, anlaşma memorandumu 1 il müddətinə qüvvədə qalır və tərəflərdən birinin digərlərinə memorandumun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə avtomatik olaraq birillik müddətə uzadılır.
Birgə təlimlər hərbi fəaliyyətin təkmilləşdirilməsinə xidmət edir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qəzetimizə açıqlamasında bildirib ki, 1995-ci il iyunun 19-da Şimali Atlantika Müqaviləsinin iştirakçısı olan və "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edən dövlətlər arasında silahlı qüvvələrin statusu haqqında saziş imzalanıb.
Sazişə müvafiq olaraq 1996-cı il aprelin 4-də Türkiyə və Gürcüstan, həmin ilin iyunun 10-da Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq, 2011-ci il oktyabrın 26-da isə Azərbaycan və Gürcüstan arasında məxfi məlumatların qarşılıqlı mühafizəsi haqqında saziş imzalanıb. Bütün sazişləri nəzərə alaraq 2019-cu ilin oktyabrın 10-da "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumu imzalanıb. Komitə sədrinin sözlərinə görə, bu, regionda xüsusi təyinatlı qüvvələrin imkanlarının sinxronlaşdırılması və koordinasiyasını asanlaşdırmaq məqsədi ilə Azərbaycan, Türkiyə və Gürcüstanın müvafiq qüvvələri arasında hər il qarşılıqlı əsasda keçirilən çoxmillətli təlimdir. Anlaşma memorandumunun məqsədi təlimin fəaliyyət sahələrinin təsis edilməsi, təlimə evsahibliyi edən ölkənin təlimin icra, dislokasiya və dislokasiyasını dəyişmə mərhələləri ilə bağlı xüsusi təyinatlı qüvvələrə ölkə ərazisində olduğu müddətdə dəstək göstərməkdir. Eyni zamanda bu memorandumda "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin hüquqi statusu, yurisdiksiyası müəyyən olunub, giriş və çıxış prosedurları, vergi, öhdəlik və digər məsələlər öz əksini tapıb.
Ziyafət Əsgərov qeyd edib ki, memorandum Milli Məclisdə ratifikasiya olunmazdan əvvəl xüsusi təyinatlı qüvvələrin həm Gürcüstan, həm Türkiyə, həm də Azərbaycanda müxtəlif təlimləri keçirilib: "Təlimlərin keçirilməsində məqsəd hər üç dövlətin qüvvələrinin fəaliyyətinin sinxronlaşdırılması və icra mexanizmini təkmilləşdirmək, bir-birinə dəstək vermək, təlimlərin sayını getdikcə çoxaltmaq, yeni texnologiya və metodologiyaların öyrənilməsidir. Azərbaycan Silahlı Qüvvələri sazişlər və memorandum çərçivəsində bundan sonra da fəaliyyətini davam etdirəcək".
Komitə sədrinin sözlərinə görə, memoranduma əsasən iştirakçı dövlətlər bir-birindən öyrənir və hərbi fəaliyyətlərini təkmilləşdirirlər. Əsas məqsəd regionda təhlükəsizlik və sülhün bərqərar olmasıdır. Əgər hər hansı hadisə baş verərsə, iştirakçı dövlətlərin xüsusi təlim keçmiş qüvvələri bir-birinə dəstək olacaq: "Bilirsiniz ki, 44 günlük Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrimiz xüsusi fərqləndilər. Bu qüvvələrin təlimlərdə öyrəndikləri, onlara aşılanan metodların nəticəsi Şuşanın, eyni zamanda digər torpaqlarımızın işğaldan azad olunmasında özünü göstərdi. Hər bir ordu işlək olmalıdır. Buna uyğun olaraq Azərbaycanın bütün qoşun növləri müxtəlif vaxtlarda təlimlər keçirlər. Bu da ordunun daha işlək, çevik olması və istənilən təhlükəyə, təhdidə cavab verməsi üçün vacibdir. Bizim ordu təsadüfən dünyanın 50 ordusundan biri deyil, ordumuzda müasir silah, texnologiyalar var, zabit və əsgər heyəti həmin texnologiyaları mənimsəyir, döyüş qabiliyyətlərini artırırlar. Hərb də elm sahəsidir, daim inkişaf etməlidir".
Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini əldən etdikdən sonra 1994, 1996 və 2010-cu illərdə Türkiyə ilə hərbi əməkdaşlığa dair müqavilələr imzalayıb: "Türkiyə NATO dövlətidir və hərbi sahədə çox böyük təcrübəsi var. Biz də bu təcrübədən bəhrələnirik, o cümlədən Türkiyə və Gürcüstan arasında da hərbi sahədə əməkdaşlıq var. Hesab edirəm ki, bu anlaşma memorandumu hər üç dövlətin silahlı qüvvələrinin daha da təkmilləşdirilməsi, yeni texnologiya və metodların mənimsənilməsi, ümumiyyətlə, hərbi təlim metodologiyasının təkmilləşdirilməsi baxımından uzun illər davam edəcək". Komitə sədri düşünür ki, memorandumun beynəlxalq hüquqi əhəmiyyəti də var. Təsadüfi deyil ki, sənəddə həm hüquqi status, həm də yurisdiksiyadan söhbət gedir.
Təlimlərin keçirilməsinin qanuniləşdirilməsi vacib idi
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirib ki, məhz Şuşanın azad olunmasında xüsusi təyinatlı qüvvələrin müstəsna rolu olduğu üçün "Qafqaz Qartalı" təlimləri ilə bağlı layihənin müzakirəsinin Şuşada keçirilməsi çox mühüm məsələdir.
Bu o deməkdir ki, xüsusi təyinatlı dəstələrin gələcəkdə də Azərbaycan Ordusu tərkibində olmasına böyük ehtiyac var və bu sahədə ciddi addımlar atılır.
Deputat qeyd edib ki, komando tipli hərbi hissələrin yaradılması, bu hissələrdə çevik hərbi əməliyyatların aparılması çox mühüm məsələdir və silahlı qüvvələrin təkmilləşdirilməsi günün tələbidir: "Hər üç dövlətin dağ, quru, su və havada döyüş tapşırıqlarını yerinə yetirmək imkanına malik xüsusi təyinatlı qüvvələri var. Düşünürəm ki, silah, taktika, həmçinin strategiyanın NATO standartlarına uyğun təkmilləşdirilməsi əhəmiyyətlidir. Bu baxımdan təlimlərin keçirilməsinin qanuniləşdirilməsi vacib idi, çünki bununla təlimlərin gələcəkdə üç dövlətin ərazisində keçirilməsinə hər hansı maneə qalmayacaq".
Arzu Nağıyev bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq uzun illərdir davam edir. Onun sözlərinə görə, bu, həm kadr potensialının yetişdirilməsi, həm yeni silahların əldə edilməsi, həm hibrid və kiber müharibələrin aparılması, həm də silahlardan istifadə edərək döyüş taktikasının yenidən hazırlanması istiqamətində həyata keçirilir. Bu gün Azərbaycan Ordusu ən mükəmməl silahlarla təchiz olunub. Eyni zamanda ən mühüm strateji məsələni həll etmək üçün ciddi addımlar atır və burada etalon kimi Türkiyə Ordusunun döyüş strategiyası və taktikası da əsas götürülür.
Üç qonşu ölkənin birgə əməkdaşlığının ən yüksək zirvəsi
Hərbi ekspert Ədalət Verdiyev qəzetimizə bildirib ki, erməni terrorunun son illərdə Türkiyənin cənub sərhədləri ilə bərabər, Qafqazda da aktivləşməsi Azərbaycan, Gürcüstan və Türkiyəni birgə təlimlər keçirməyə sövq edir. Hər üç qonşu ölkə "Efes" təlimləri çərçivəsində əməkdaşlıq etsələr də, bəzi təhlükəsizlik məsələləri xüsusi təyinatlıların fərqli formata malik "Qafqaz Qartalı" təlimlərini də sınaqdan keçirməsini zəruri edir.
Ekspert deyir ki, "Qafqaz Qartalı" təlimlərinə 2017-ci ildən başlanılıb. Burada hər üç ölkənin xüsusi təyinatlı bölmələri bir-biri ilə təcrübə mübadiləsi həyata keçirir, fərqli və yeni silahlı mübarizə üsullarını paylaşır, birgə təlimlər həyata keçirirlər. Təlimlər üç qonşu müttəfiq ölkənin birgə əməkdaşlığının ən yüksək zirvəsi kimi dəyərləndirilir.
Ədalət Verdiyev hesab edir ki, Türkiyənin uzun illər fasiləsiz olaraq PKK terroru ilə qarşı-qarşıya qalması, terror təşkilatı ilə mübarizə aparması, Azərbaycan və Gürcüstanın Ermənistan tərəfindən ərazi iddialarına məruz qalması, Tovuz hadisələri zamanı və ondan sonrakı müddətdə ermənilər tərəfindən mövcud enerji və infrastruktur layihələrinin təhdid altına alınması üç dövlətin bu istiqamətdə birgə fəaliyyətini uzlaşdırmasını tələb edir. Birgə hərbi təlimlər məhz bölgədəki PKK və Ermənistanın fəaliyyətindən irəli gələn zərurətdir. Buna görə də bölgədə adıçəkilən təhdidlərin mövcud olduğu müddət ərzində buna bənzər təlimlərin keçirilməsi qaçılmazdır.
Bu təlimlərdə şərti düşmənin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyəsi, düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması və s. kimi vəzifələr yerinə yetirilir. Ekspertin fikrincə, istənilən halda hər üç ölkənin əməkdaşlığı, o cümlədən hərbi və hərbi-texniki sahədə münasibətlərində son illərdə artan dinamika müşayiət olunur: "Üç dövlətin müasir dünyadakı təhdid və çağırışlara qarşı birgə fəaliyyətini bundan sonra da davam etdirəcəyi və səylərini birləşdirəcəyi gözlənilir. Birgə səylər, təlimlər heç bir halda bizə qarşı təhdid törətməyən hər hansı ölkəyə tərəf istiqamətlənmir. Bunlar yalnız ölkələrin mövcud sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin edilməsi, təhdidlərin ən qısa müddətdə və birgə aradan qaldırılması məqsədilə həyata keçirilir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"