16 Oktyabr 2022 00:26
1714
SİYASƏT
A- A+
Zəfərin Füzuli zirvəsi

Zəfərin Füzuli zirvəsi

 

Vətən müharibəsinin 21-ci günü bu şəhərin azad olunması ilə "keçilməz Ohanyan" mifi darmadağın edildi 

 

Rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməkdə davam edirdi. Ordumuz hər gün irəliləyərək düşmənin hərbi mövqelərini darmadağın edir, qorxuya düşən ermənilər mövqelərini, silah-sursatını qoyaraq qaçırdı. Düşmən qüvvələri arasında fərarilik halları da artmaqda idi. 
Vətən müharibəsinin 21-ci günü. Gecədən səhərə qədər Füzuli uğrunda şiddətli döyüşlər davam edir. Beləliklə, oktyabrın 17-də xalq Prezidentdən növbəti müjdəli xəbəri alır: "Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri".
Prezident xalqa müraciətində qeyd edir ki, ekspertlər 30 il ərzində düşmənin təmas xəttində qurduğu istehkamlar səbəbindən Füzuli şəhərini işğaldan azad etməyin mümkün olmadığını hesab edirdilər. Amma Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirərək həmin fikirləri alt-üst elədi: "Tanınmış hərbi ekspertlər Füzulini işğaldan azad etməyə aylarla vaxt lazım olduğunu deyirdi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gəldi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Təəssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökülüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib".

 

Azad olunan ilk yaşayış məntəqələri

 

Füzuli və Cəbrayıl rayonları döyüşlərin ilk getdiyi ərazilər, eyni zamanda kəndləri işğaldan azad olunan ilk rayonlardır. Sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı keçirən Azərbaycan Ordusu elə ilk gündə Füzulinin üç yaşayış məntəqəsini - Qaraxanbəyli, Qərvənd və kənd Horadizi düşmən tapdağından azad etmişdi. 
Düşmən istehkamları burada daha möhkəm idi və ermənilərin "Ohanyan səddi" də elə orada yerləşirdi. Buna baxmayaq, Silahlı Qüvvələrimiz keçilməz hesab edilən bu istehkamları yararaq irəlilədi. Təbii ki, dağıdılan "Ohanyan səddi" düşməni daha da qorxuya saldı. 
Tarixə nəzər: Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla 58 kənd işğal olunub. 
Yalnız Ulu Öndər Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Füzuli rayonunun 
22 yaşayış məntəqəsi işğaldan azad olunub. O zaman işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50 faizə qədəri yaşayırdı.

 

İşğaldan azad edilmiş torpaqlara ilk səfər, Zəfər yolunun təməlinin qoyulması

 

Vətən müharibəsi başa çatdıqdan, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfərləri də məhz ilk şəhid verdiyimiz bu torpaqlar oldu. 
Dövlət başçısı Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Füzuliyə səfər edən Ali Baş Komandan elə həmin gün Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Prezident bu yolu Zəfər yolu adlandırdı.  
Prezident işğaldan azad edilmiş digər rayonlar kimi Füzuliyə də dəfələrlə səfər edib, təməlqoyma və açılış mərasimlərində iştirak edib. 2021-ci ilin yanvar ayında Füzuliyə səfər edən İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. 

 

8 aya tikilən Qarabağın ilk hava qapısı

 

Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərimizdə ilk limandır və bunun əhəmiyyəti olduqca böyükdür. Bu hava limanı işğaldan azad olunmuş ərazilərimizlə əlaqələrin intensiv və rahat qurulmasında mühüm rol oynayır. 
Dövlət başçısı təməlqoyma mərasimində çıxışında qeyd etmişdi ki, bu layihə azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmlidir. Aeroportun digər məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etmək idi. Ölkə rəhbərinin də dediyi kimi, Füzuli Beynəlxalq Hava Limanı qısa bir zamanda, hətta deyiləndən daha tez - 8 ay ərzində tikildi. 
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. 
Qarabağın hava qapısı adlandırılan bu hava limanı ən müasir səviyyədə inşa olunub. Onun istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar yüksək səviyyədə nəzərə alınıb.
Ümumiyyətlə, ekspertlər qeyd edirlər ki, hava limanının açılması ilk növbədə turizmin inkişafına hesablanıb. Füzulidə tikilən və Şərqi Zəngəzurda təməlləri atılmış hava limanları gələcəkdə bu bölgəyə turist axınında müstəsna rol oynayacaq. Çünki işğaldan azad olunmuş rayonların turizm potensialı genişdir. Turistlərin rahat gediş-gəlişini təmin etmək üçün isə hava nəqliyyatının müstəsna əhəmiyyəti var. 

 

Füzuli şəhəri yenidən qurulur

 

Füzulinin işğaldan azad olunmasından bir il sonra Prezident İlham Əliyev yenidən rayona səfər etdi. Səfər çərçivəsində Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni "ağıllı kənd"in, Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi. Eyni zamanda Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşı qoyuldu.
Həmin gün  rayon  ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı qeyd etdi ki, düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağını burada qaldırıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib: "Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik". 
Prezident Füzulinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, Füzuli böyük yaşayış məntəqəsi idi və Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Otuz il ərzində düşmənin burada möhkəmlənməsi, istehkamlar qurmasına baxmayaraq, Azərbaycanın igid oğulları həmin sədləri keçərək düşmənin canına vəlvələ saldı. Bu, əsl qəhrəmanlığın, fədakarlığın təcəssümüdür: "Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır".
Bu ilin may ayında Füzuliyə səfər edən dövlət başçısı və birinci xanım Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Eyni zamanda şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkdilər.
Vətən müharibəsinin ikinci ilinin  Anım Günündə  dövlət başçısı Füzuliyə yenidən səfər etdi. Rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyaraq Vətən müharibəsi şəhidlərinin xatirəsini birdəqiqəlik sükutla yad etdi. Sonra Prezident qeyd etdi ki, şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. İlham Əliyev vurğuladı ki, Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilib: "İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın".

 

Füzuli igidləri

 

Bəli, Füzulinin azad olunması uğrunda neçə-neçə qəhrəman oğullar canı-qanı bahasına irəli atıldı. Onlar torpaqlarını düşmən tapdağından qurtarmaq, 30 illik həsrətə son qoymaq üçün ölməyə belə hazır idilər.
Bu baxımdan Vətən müharibəsindəki qələbə münasibətilə təsis edilən medallardan biri də "Füzulinin azad olunmasına görə" medalı idi. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 25-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, 25301 hərbi qulluqçu Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif ediliblər.

 

Füzulinin iqtisadi potensialı

 

Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Füzuli Qarabağın aparıcı rayonlarından biridir. Füzulidə hazırda sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir. Füzuli şəhərində yaşayış binalarının inşası, bütövlükdə şəhərin bərpası prosesi, demək olar ki, başlayıb. Eyni zamanda ikinci "ağıllı kənd" də Füzuli rayonunun Dövlətyarlı kəndində salınacaq. Rayon intensiv şəkildə bərpa olunur, qurulur və gözlənti də ondan ibarətdir ki, 2023-cü ilin payız aylarında Füzuli şəhərinə ilkin köçü, məskunlaşmanı müşahidə edə biləcəyik. 
Vüqar Bayramov deyir ki, Füzuli həm də iqtisadi baxımdan Azərbaycan üçün vacib rayonlardandır: "Füzulidə həm aqrar sektorda, həm sənayedə, həm turizm sahəsində  böyük potensial var. Füzuli rayonu işğala qədər Azərbaycanda bir sıra aqrar məhsulların istehsalında aparıcı olub". 
O bildirir ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalının da bərpa ediləcəyi gözlənilir. Rayonda eyni zamanda sənaye potensialı var, nəqliyyat və logistika inkişaf edib. Bu da istehsal edilən məhsulların daha geniş bazara çıxarılmasına imkan yarada bilər. 
Deputat vurğulayır ki, rayonun turizm potensialı yüksəkdir, orada tarixi yerlər çoxdur. İşğaldan azad edilmiş ərazilərimizdə təbiət həm daxili, həm də gəlmə turistlər üçün kifayət qədər cəlbedicidir. Bütün bunlar Füzulinin iqtisadi potensialının yüksək olduğundan xəbər verir. Bu baxımdan bərpa və yenidənqurma işlərinin sürətli getməsi  uzun müddət ata-baba yurdundan uzaq düşmüş füzulililərin qısa zamanda doğma torpaqlarına qayıdacağından xəbər verir.

 

Cənub-şərq cəbhəsində ən ağır döyüşlər

 

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Azərbaycan Ordusunun Füzuli rayon mərkəzinin azad olunması üzrə apardığı döyüş əməliyyatları Vətən müharibəsinin cənub-şərq cəbhəsinin ən ağır döyüşlərindən biridir. Ekspertin sözlərinə görə,  İkinci Qarabağ savaşının başladığı ilk saatlarda Azərbaycan Ordusu Aşağı Əbdürrəhmanlı kəndini düşməndən azad etməklə Füzuli şəhərinə maksimum yaxınlaşıb. 
Düşmən Füzuli rayonunun müdafiəsi üçün bir neçə mühafizə xəttindən ibarət "Ohanyan xətti" qurmuşdu və bu, Füzuli şəhərinin azad olunmasını kifayət qədər çətinləşdirirdi. Ordumuz Cəbrayıl istiqamətində daha böyük uğurlar əldə etmişdi və bu halda Cəbrayıl rayonu istiqamətində hücumlarımız daha intensiv şəkildə davam etdi. Cəbrayıl rayonu azad edildikdən sonra düşmən Azərbaycan Ordusunu Füzuli istiqamətində gözləyirdi, lakin Füzuli istiqamətində hücumları imitasiya etməklə əsas qüvvələrimizi Cəbrayıl və Xocavənd kəndləri istiqamətindən Hadruta doğru yönəltdik. Hadrutun azad olunması isə Füzulinin düşməndən təmizlənməsi üçün daha münbit şərait yaratdı. 
Ədalət Verdiyev qeyd edir ki, Hadrut istiqamətində düşmənin əks-hücumlarını dəf edən Azərbaycan Ordusu 14 oktyabr tarixdən  Füzuli rayonunun bir çox kəndini azad etməklə üç rayon ərazisindən hücumları davam etdirib: "Oktyabrın 16-dan 17-nə keçən gecə isə şəhər döyüşləri başlayır. Düşmən xeyli sayda canlı qüvvə və texnika itkisinə məruz qaldıqdan sonra Füzuli şəhərini tərk etmək məcburiyyətində qalır".
Ekspert deyir ki, düşmən qüvvələri arasında fərarilik halları Füzulinin azad olunmasından sonra daha da artdı. Ermənistan fərari ordusu titulunu da məhz Füzuli döyüşlərindən sonra qazandı. Əməliyyatlar nəticəsində düşmənin çox sayda hərbi qulluqçuları ilə bərabər yüksəkrütbəli zabitləri də məhv edildi. Onların silah-sursatı, texnikası qənimət olaraq ordumuzun istifadəsinə keçdi. Onlardan bəziləri bu gün də ordumuz tərəfindən istifadə edilməkdədir. 
Onun sözlərinə görə, Füzulinin azad olunması ilə Azərbaycanın cəbhəboyunca düşmənin üzərinə irəliləməsi üçün imkanlar artıb. Digər tərəfdən, cəbhə xəttinin Azərbaycanın mülki əhalisinin yaşadığı məntəqələrimizdən daha da uzaqlaşması həmin ərazilərdə yaşayan əhalinin təhlükəsizliyi üçün kifayət qədər müsbət rol oynayıb.

 

Dağıdılan abidələr

 

Füzuli rayonu da digər yaşayış məntəqələrimiz kimi işğal dövründə erməni vəhşiliyinin, vandalizminin qurbanı olub. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olub. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar.
Təbii ki, 30 il ərzində bütün ərazilərimiz kimi Füzuli rayonu da tamamilə dağıdılıb. Amma Vətən müharibəsi başa çatdıqdan sonra burada bərpa tikinti-quruculuq işlərinə start verilib. Füzulidə ikinci "ağıllı kənd"in salınması nəzərdə tutulur. Bununla da torğaqların əzəli sahibləri ora geri qayıtmağa başlayacaq və Qarabağ əvvəlki əzəmətini bərpa edəcək. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!