Azərbaycan əsrlər boyu işğalçıların aramsız və amansız hücumlarına məruz qalıb. Torpaqlarımıza göz dikən işğalçılar ərazilərimizi ələ keçirməyə və bu sərvətlərə sahib çıxmağa çalışıblar. Buna görə də zaman-zaman ölkəmizə qarşı olan işğalçılıq hücumları ara verməyib. Torpaqlarımızı ələ keçirməyə hesablanmış bu hücumların qarşısı qəhrəman xalqımız tərəfindən həmişə qətiyyətlə alınıb.
Yadellilərə qarşı cəsarətlə mübarizə aparan xalqımız həmişə döyüşlərdən qalib çıxmış, qəsbkarlar üzərində qələbə qazanmışdır. İşğalçıların yurdumuza, sərvətlərimizə sahib çıxmalarına imkan verməmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xalqımızın cəsur oğulları böyük qəhrəmanlıqlar göstərmişlər. Onlar qanları və canları bahasına cəsarətlə döyüşərək adlarını şanlı tariximizin mübarizlik səhifələrinə böyük hərflərlə yazmışlar. Beləcə, ölkəmizin ərazisi bütün zamanlarda cəsur, igid oğullarımızın hesabına yadelli işğalçılardan qorunmuşdur. Hər qarış Vətən torpağı şəhidlərin qanı ilə suvarılmışdır.
Erməni separatçıları ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanın əbədi-əzəli torpaqları olan Qarabağa hücum çəkəndə də cəsur oğullarımız kimsədən çağırış gözləmədən əyinlərinə hərbi forma geyinərək ata-babalarımızın qəhrəmanlıq ənənələrini davam etdirmək, torpaqlarımızı qorumaq üçün silaha sarılaraq döyüşlərə yollandılar. Qarabağa göz dikən erməni qəsbkarlarına qarşı cəsarətlə döyüşdülər, düşmənə sarısıdıcı zərbələr vurdular. Azərbaycan əsgəri gücünü, qüdrətini qəsbkarlara göstərdi. Məhz bu oğulların igidliyi və qəhrəmanlığı sayəsində erməni işğalçılarının hücumlarının qarşısı qətiyyətlə alındı. Gündən-günə güclənən ordumuzun əks-hücumlarının qarşısında dayana bilməyən erməni qəsbkarları 12 may 1994-cü ildə atəşkəs rejimi ilə razılaşmalı oldular.
1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev atəşkəs elan olunandan sonra ordu quruculuğu istiqamətində uğurlara hesablanmış zəruri islahatlar apardı. Yeni hərbi hissə və birləşmələr yaradıldı. Genişmiqyaslı təlimlər keçirildi. Silahlı Qüvvələrin yenidən formalaşması istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində aparılan islahatlar, görülən işlər ürəkaçan nəticələr verdi. Güclü, qüdrətli, torpaqlarımızı erməni işğalçılarından müdafiə etməyə, ölkəmizin müstəqilliyini etibarlı şəkildə qorumağa qadir və hazır olan ordu yaradıldı.
Atəşkəs rejimi elan ediləndən 22 il sonra düşmən Silahlı Qüvvələrimizin gücünü, qüdrətini 2016-cı ildə hərb tariximizə Aprel döyüşləri kimi yazılmış əməliyyatlarda gördü. Cəsur zabit və əsgərlərimiz Cəbrayıl rayonunun ərazisindəki böyük strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etdilər. Talış kəndinin ətrafındakı əlverişli yüksəkliklərdən erməni işğalçılarını təmizlədilər. Beləcə, sabahkı böyük qələbələrə gedən yollar açıldı. Bütün dünya Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Aprel döyüşlərində qazanılmış qələbələr xalqımıza ümid verdi ki, ordumuz torpaqlarmızı erməni işğalçılarından azad etməyə hazır və qadirdir.
Amma Azərbaycan daim humanistlik nümayiş etdirərək sülh danışıqlarına sadiq qalırdı. Qan tökülməsinin əleyhinə qarşı çıxır, sülh və danışıqlar yolunu seçirdi. Amma erməni işğalçıları daim müxtəlif bəhanələrlə sülh danışıqlarını pozur, cəbhədə təxribatlar törədirdi. Bütün bunlar Azərbaycanın səbir kasasını daşdırır, ordumuzu qəti addımlar atmağa vadar edirdi.
Nəhayət, 27 sentyabr 2020-ci ildə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrinə hazır olan ordumuz 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızın azad olunması üçün əks-hücuma keçdi. Güclü, qüdrətli Azərbaycan Ordusu elə ilk döyüşlərdən erməni işğalçılarına həm havadan, həm də yerdən sarsıdıcı zərbələr vurdu. Bu zərbələr qarşısında dayana bilməyən işğalçılar geri çəkilməyə başladılar. Qısa müddət ərzində Ali Baş Komandan, xalq və ordu birliyi daha da möhkəmləndi. Döyüş əməliyyatları Azərbaycan Ordusunun üstünlüyü və qələbələri ilə 44 gün davam etdi. Qarabağın və Şərqi Zəngəzurun xeyli hissəsi erməni işğalçılarından azad olundu. Saysız-hesabsız itkilər verən düşmən ağ bayraq qaldırmağa məcbur edildi.
2020-ci il noyabrın10-da düşmən təslim oldu. Ermənistan dövləti üzərinə bir çox öhdəlik götürdü. Amma rəsmi İrəvan məkrli, işğalçılıq siyasətindən əl çəkmədi. Yenə də əlində saxladığı Qarabağın bir hissəsində vaxtaşırı təxribatlar törədirdi. Erməni separatizminə birdəfəlik son qoymaq, illərdən bəri Qarabağda kök salmış quldurları və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini ölkəmizin ərazilərindən qovmaq üçün 2023-cü il sentyabrın 19-20-də ordumuz antiterror əməliyyatı keçirməyə məcbur oldu. 23 saat davam edən və uğurla başa çatan əməliyyat nəticəsində erməni separatizminin Qarabağdakı kökü birdəfəlik kəsildi. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərən Azərbaycan Ordusunun hərbçiləri qanları və canları bahasına vətənimizin suverenliyini bərpa etdilər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"