29 İyul 2026 09:00
188
Mədəniyyət
A- A+
Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası


XX əsr Azərbaycan təsviri sənətinin inkişafında xidmətləri olan Xalq rəssamı Toğrul Sadıqzadənin bu il 100 yaşı tamam olur. T.Sadıqzadə Bakıda anadan olmuşdur. Məşhur yazıçı Seyid Hüseyn və şairə Ümmügülsüm xanımın ailəsində dünyaya göz açmışdı. Valideynləri o kiçik yaşında olarkən represiyaya məruz qalmışlar. 

T.Sadıqzadə ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, sonra Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunda almışdır.

1952-ci ildən sərgilərdə əsərləri ilə iştirak edən Toğrul 1954-cü ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Sənətkarın Bakıda (1962, 1964, 1977, 2006), Estoniyanın Tartu (1967), Rusiyanın Moskva (1968) şəhərlərində fərdi sərgiləri təşkil olunmuşdur. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və digər qalereya və  şəxsi kolleksiyalarda saxlanılır. Qardaşı Xalq rəssamı Oqtay Sadıqzadə  də təsviri sənət tariximizdə silinməz imzaya malik rəssamlarımızdandır. 

T.Sadıqzadə süjetli tematika, mənzərə, portret və natürmort janrlarında yaddaqalan sənət nümunələri yaratmışdır. Onun yağlı və sulu boya texnikasında ərsəyə gətirdiyi sənət nümunələri özünün məna-məzmun zənginliyi, süjetin bədii həlli baxımından mükəmməlliyi, kolorit və kompozisiya həllinin bitkinliyi ilə seçilir. Toğrulun süjetli tematika və mənzərə janrında işlənmiş əsərlərinə "Səadət", "Göyçə gölü", "Tikintidə", "Sənaye mənzərəsi", "Köhnə neft mədənlərində", "Müharibənin dəhşətləri", "İnsan iz qoyur", "Qobustan mənzərəsi", "Fırtına quşu haqqında nəğmə", "Nəğmə" və başqalarını göstərmək olar. 

T.Sadıqzadə yaradıcılığında əsas xüsusiyyət kimi özünün düşüncələrini, təbiət haqqında fəlsəfi yaşantıları və yanaşmalarının əksini təcəssüm etdirməyə çalışıb. Rəssamın tematik əsərlərində sovet ideoloji sisteminin tələbləri çərçivəsində yaratdığı əsərlər də kifayət qədərdir. Belə əsərlər ideya məzmunu baxımından bu gün aktuallıq kəsb etməsə də sənətkarlıqla işlənilmə prinsiplərini özündə saxlayır. 

T.Sadıqzadə bir sıra maraqlı portret əsərlərinin müəllifidir. O, portret janrı haqqında deyirdi: "Portret janrı doğrudan da asan olmur. Xüsusilə ənənəvi bədii ifadə vasitələrilə. Hər modelin öz aləmi, öz rəngləri, siluet həlli, proqram mahiyyətli səviyyəsi var. Süjetdə mövzunun, ideyanın konkret, obrazlı, emosional ifadəsi çox gərəklidir". Rəssamın portret əsərlərindən şair-filosof Nizami Gəncəvi, şair-mütəfəkkir İmadəddin Nəsimi, məşhur İran şairi və filosofu Sədi Şirazi, rəssam Səttar Bəhlulzadə, müğənni Şövkət Ələkbərova, yazıçı  Mikayıl Rzaquluzadə, şair Bəxtiyar Vahabzadə, rəssamın qızı İlahə və başqalarının adlarını çəkmək olar. Sənətkarın bu cür şəxsiyyətlərin yüksək ustalıqla bədii obrazlarını kətana köçürmək istəyi onun  həm vətənpərvərlik və həm də peşəkar rəssamlıq qabiliyyətindən irəli gəlir. Bu əsərlərə tamaşa etdikcə onun bədii təxəyyülü nəticəsində tanınmış incəsənət xadimlərinin yaddaqalan portret cizgilərini görmək və duymaq olur. 

T.Sadıqzadənin natürmort janrında yaratdığı əsərlərini onun ən uğurlu işlərindən hesab etmək olar. "Natürmort" (1953), "Natürmort. Orta əsrlər Azərbaycan keramikası" (1955) adlı nümunələr sənətşünaslar tərəfindən Azərbaycan təsviri sənət tarixində ən uğurlu əsərlər kimi qiymətləndirilmişdir.

T.Sadıqzadənin "Əsli və Kərəm" və Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasına  klassik miniatür ənənələri əsasında yaratdığı illüstrasiyalar rəssamın yaradıcılığında ayrıca yer tutur. Bu silsiləyə aid olan işlərdən "Əsli və Kərəm güllərin arasında", "Aşıq sazı ilə evin qarşısında", "Taxtda uzanmış cavan", "Leyli və Məcnun", "Dəfn mərasimi", "Məzarın yanında oturan qız" və başqalarının adlarını qeyd etmək olar. 

T.Sadıqzadənin xarici ölkələrə ezamiyyət zamanı yaratdığı əsərlər də diqqət çəkir.  Sənətkarın xarici ölkələrdə görüb müşahidə etdiyi, rəssam duyumu ilə kətanda bədiiləşdirdiyi məkan və surətlər estetik təsir gücü və işlənilmə texnikasının ustalığı ilə seçilir. T.Sadıqzadə ABŞ, Tunis, Misir, Fransa, Yaponiyada yaradıcılıq ezamiyyətlərində olmuşdur. Rəssamın Yaponiyaya həsr etdiyi əsərlər ona geniş şöhrət qazandırmışdır. T.Sadıqzadə Xirosimada baş vermiş insanlıq faciəsinin acı səhnələrini və reallıqlarını bədii biçimdə tabloya köçürmüşdür. Rəssamın belə işlərindən "Xirosima partlayışdan sonra", "Xirosima qurbanları", "Külə dönmüş ağaclar", "Xirosima anası", "Qara əjdaha" və digərlərinin adlarını göstərmək olar. 

Xalq rəssamı Toğrul Sadıqzadənin bədii yaradıcılıq nümunələri Azərbaycan təsviri sənət tarixində həmişə yaşayacaqdır. 


Əsəd QULİYEV,

sənətşünas, Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

Sabitlik və etimad məkanı 

08:15
29 İyul

Azərbaycan və Özbəkistan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır

08:10
29 İyul

İnsan hüquqları bütün bəşəriyyət üçün ortaq dəyər olmalıdır

08:05
29 İyul

Etibarlı tərəfdaş, lider dövlət, sülhün ünvanı

08:00
29 İyul

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:44
29 İyul

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:44
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:43
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:43
29 İyul

E.C.Qəhrəmanın Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:42
29 İyul

A.R.Atamoğlanovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında 

01:42
29 İyul

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:41
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!