Üstündən illər, əsrlər keçsə də, xalqların tarixində baş vermiş böyük əhəmiyyətə malik hadisələr heç vaxt unudlumur, yaddaşlara həkk olunaraq daim yaşayır və yaşadılır. Zaman keçdikcə bu tarixi hadisələr haqqında bir-birindən qiymətli kitablar yazılır, dəyərli tarixi filmlər çəkilir, möhtəşəm abidələr ucaldılır. Xalqın taleyində böyük rol oynamış həmin hadisələr bu kitablarda, bu filmlərdə, bu abidələrdə əbədi olaraq tarixləşir.
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması hamımızın qəlbində böyük qürur hissi oyatdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın davam edən işğala birdəfəlik son qoydu. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və başqa şəhərlər, qəsəbələr illərdən bəri bu bölgədə kök salmış erməni separatçılarından və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərindən təmizləndi. Təbiidir ki, qələbə asanlıqla qazanılmadı. Torpaqlarımızın azadlığı uğrunda cəsur oğullarımız şəhid oldular. Zəfər Azərbaycan dövlətinin və xalqının gücü, qüdrəti, sarsılmaz birliyi ilə əldə olundu. Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Buna görə də inamla demək olar ki, İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Müzəffər Ali Baş Komandanın şah əsəridir. Bu zəfər nəticəsində xalqımız çoxdan gözlədiyi arzusuna çatdı. 44 günlük Vətən müharibəsi haqqında zaman-zaman kitablar yazılacaq, filmlər çəkiləcək, abidələr ucaldılacaq.
Təbiidir ki, bu kitabların yazılmasında, filmlərin çəkilməsində və abidələrin ucaldılmasında cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclər də fəal iştirak edirlər. Bakı Mühəndislik Universitetinin Dizayn-memarlıq fakültəsinin 3-cü kurs tələbələri Kənan Behbudzadə və İbrahim Mahmudov düşmən üzərində qazanılan Zəfərə öz töhfələrini veriblər. Bu tələbələrin ikisi də müharibə nə olduğunu çoxlarından yaxşı bilirlər. Çünki Kənanın da, İbrahimin də ataları Qarabağ müharibəsinin od-alovundan keçiblər.
Gənclərin bacarıqlarını nəzərə alan modelləşdirmə fənnini tədris edən müəllim Rasim Qurbanov onlara Zəfər günü ilə bağlı sərgi üçün eksponat hazırlamağı tapşırıb. Təbiidir ki, sərgiyə yüksək peşəkarlıqla hazırlanmış əsərlər təqdim edilməliydi. Bunu ürəklərində, qəlblərində duyan tələbələr işə böyük məsuliyyətlə yanaşaraq, bacarıqlarını ortalığa qoyub bir-birindən fərqli eskizlər çəkir, mövzuya uyğun müzakirə və təhlillər aparırdılar. Əsərlərinin bəyənilməsi, başqalarından seçilməsi üçün ən yaxşı formaya üstünlük verirdilər. Yaxşı əsərlərin yaranması, meydana gəlməsi üçün yüksək təfəkkür tələb olunur. Bu günə qədər yaradılan bütün dəyərli əsərlərin arxasında bacarıq, gərgin zəhmət və zəngin təcrübə dayanıb. Hər iki tələbədə Zəfər günü üçün bəyəniləcək, diqqətləri cəlb edəcək eskiz yaratmağa kifayət qədər təfəkkür və bacarıq var idi. Elə ona görə də qısa müddət ərzində ortaya çox maraqlı əsər qoydular.
İkinci Qarabağ müharibəsinin tarixinə dərindən bələd olan gənclər döyüşlərin davam etdiyi günlərin sayının rəmzi olan 44 rəqəmini yaratdıqları əsərin fabulası kimi təqdim ediblər: Yan tərəflərdən 44, üst tərəfdən 8 rəqəmləri isə Azərbaycan gerçəkliyinin, 8 Noyabr - Zəfər Gününün simvoludur. Eskizdən aydın göründüyü kimi, 44 rəqəmi 8 rəqəmi ilə üzvi şəkildə bir-birinə bağlıdır. Quruluşuna görə 8 rəqəmi həm də sonsuzluğu, yəni zəfərimizin, qələbəmizin əbədiliyini göstərir. Tələbələr bu eskizləri ilə demək istəyirlər ki, 44 gün davam edən və noyabrın 8-də qazanılan Zəfər xalqımızın yaddaşında daim qürurla yaşadılacaq, iftixarla xatırlanacaq! Tələbələrin Zəfərimizə töhfələri olan bu əsəri qürurun abidəsi adlandırmaq çox düzgün olardı.
Bakı Mühəndislik Universitetinin müəllimləri, tələbələri Kənanla İbrahimin Zəfərimizə həsr etdikləri əsərinə çox böyük heyranlıqla baxırlar. Ali təhsil ocağına gələn rəsmi qonaqlar da tələbələrin təfəkkürlərinin məhsulu olan eskizləri yüksək qiymətləndirirlər. Göründüyü kimi, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən gənclik Zəfər abidəsinin hazırlanmasına da öz töhfələrini verir.
Kənan Behbudov bizimlə söhbətində dedi ki, sərgiyə hazırlaşanda xeyli müzakirədən sonra məhz 44 və 8 rəqəmlərini həm ayrılıqda, həm də vəhdətdə təqdim etmək fikrinin üstündə dayanıblar. İbrahimlə birgə zəfərimizə layiq əsər hazırlamaq üçün müxtəlif eskizlər üzərində işləyiblər. Nəhayət ki, axtarışlar müsbət nəticə verib: "Əsərimizin bəyənildiyini eşidəndə sevindik. İbrahimlə düşünürük ki, bu, yalnız başlanğıcdır. Biz gələcək fəaliyyətimizdə də Zəfərimizə böyük töhfələr verəcəyik, maraqlı və dəyərli eskizlər hazırlayacağıq".
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"