Liderlik, sadəcə, pərdəarxası oyunlar, manevrlər, bir çox hallarda isə təsadüflər nəticəsində siyasi proseslərin ön cərgəsinə çıxmaq bacarığı, yaxud imkanı deyil, bəlkə də daha çox öz xalqının maraqlarını sonuna qədər qətiyyətlə, bir addım belə geriyə çəkilmədən, dəmir məntiqə, iti zəkaya əsaslanaraq müdafiə etmək, eyni zamanda istibdadın, zülmün, neokolonializmin məngənəsində sıxılan xalqların hüquq və azadlıqlarını qorumaq, başqalarına münasibətdə də ədalətli olmaq məharətidir.
Siyasi liderlərin cılızlaşdığı və bir çox hallarda nəinki yönəltdikləri dövlətlərin, hətta təmsil etdikləri siyasi qrupların "sərhədlərini qorumaq" potensialına malik olmadığı, gücün ədalətə, istibdadın istiqbala meydan oxuduğu müasir dünyada belə şəxsiyyətlərin sayı çox azdır. Hətta bir əlin barmaqlarının sayı qədər də deyil...
Məhz bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə yanaşı, dünyanın ədalətsiz düzənindən əzab çəkən, bu və ya digər səbəblərdən hüquq və azadlıqlarını açıq, cəsarətli və qətiyyətli bir şəkildə müdafiə edə bilməyən xalqların yanında olması, hətta onların rəhbərlərinin deyə bilmədiklərini yüksək məntiq və prinsipiallıqla dilə gətirməsi XXI əsr üçün özündə klassik liderlik ənənələri ilə çağdaş düşüncəni birləşdirən fenomenal liderlik nümunəsi kimi dəyərləndirilə bilər.
Bu xüsusda əsərlərinə tez-tez müraciət etdiyim böyük rus filosofu Nikolay Berdyayevin insan azadlığı ilə bağlı məqaləsindən gətirəcəyim kiçik bir iqtibasla fikirlərimi əsaslandırmaq istəyirəm. Nikolay Berdyayev yazır: "Azadlıq ən dərin qatlarda hüquq deyil, vəzifədir, insanın tələb etdiyi yox, əsl insan olmaq üçün ondan tələb olunandır".
Bəli, yalnız haqqın keşiyində dayandıqlarına əmin olanlar azadlığı ilk növbədə öz vəsifələri hesab edir və başqalarının azadlığı, hüquqları uğrunda yorulmadan, hətta qeyri-bərabər şəraitdə belə mübarizə apara, qalib gələ bilirlər, tarixin axarını belə dəyişməyi bacarırlar.
İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildiyi gündən ölkəmizə qarşı həyata keçirilən saysız-hesabsız yalan və böhtan kampaniyaları, sabotaj, təhdid və təzyiqlərlə, ölkəmizin inkişafdan saxlanılmasına, "buyruq quluna" çevrilməsinə xidmət edən çoxsaylı ssenarilərin müəllifləri və icraçılarıyla mücadilə aparıb və qalib gəlib. Prezident İlham Əliyev bir azərbaycanlı və bir övlad olaraq atasının və ataların vəsiyyətinin yerinə yetirilməsi istiqamətində bu gün sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi bacarıb.
Geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarını incələdikcə, sözügedən sahələrdə atılan addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları vahid Vətən ideyası altında birləşdirən, böyük hədəflərə doğru aparan, mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideri, qələbəmizin memarıdır.
Prezident İlham Əliyev böyük bir coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, öz tarixi vətəninə, ana südü kimi halal torpağına, tarixinə, mədəniyyətinə və gələcəyinə sahiblənmək istəyən bütün xalqlar üçün liderlik nümunəsidir.
Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik.
Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsini yazmaq, sadəcə, iti zəka, strateji düşüncə deyil, vətəninə və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir.
Bizi təslimçi sülhə sövq etmək, meydanda tək qoymaq, hər cür dəstəkdən məhrum etmək istəyənlərin oyunlarını, Azərbaycan xalqının və dövlətinin müqavimətinin qırılmasına xidmət edən "rəngli inqilab" ssenarilərinin, milli birliyimizin pozulmasını, milli-mənəvi dəyərlərimizin sıradan çıxarılmasını hədəfləyən layihələri, "beşinci kolon"un xəyanətlərini və daha nələri... unutmamışıq. Bu günün yol ayrıcından geriyə baxanda bütün bu ədalətsizliklərin, haqsızlıqların və xəyanətlərin fonunda yalnız İlham Əliyevin qalib obrazının İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfərlə işıqlanan aydın obrazını görmək mümkündür.
Bütün bu təzyiqlərin isə əsas hədəfi Azərbaycanı inkişafdan saxlamaq, ölkəmizdə dirijor çubuğu, yaxud "fit"lə idarə olunan marionet idarəçilik rejimi formalaşdırmaq, dövlətimizi, ordumuzu gücləndirməyə və təbii ki, Qarabağımızı azad etməyə imkan verməməkdən ibarət idi...
Amma Azərbaycan öz liderinin qətiyyəti və ölkəmizin gələcəyi ilə bağlı aydın təsəvvürlərə, strateji baxış bucağına, konseptual yol xəritəsinə malik olması səbəbindən üzərinə dünyanın dörd bir yanından hücum çəkən şərə, qaranlığa, ədalətsizliyə sinə gərməyi və bu qeyri-bərabər mücadilədə müzəffər olmağı bacardı. İndi bizi heç kim mühakimə edə bilməz. Çünki həm güclü, həm də haqlıyıq!
Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini