24 Dekabr 2024 09:40
247
SİYASƏT
A- A+
Şəxsiyyət zirvəsi

Şəxsiyyət zirvəsi


Müasir beynəlxalq münasibətlər sistemində qabarıq nəzərəçarpan yeni reallıqlar siyasi-iqtisadi münasibətlərin forma və konturlarını, ölkələrin modernləşdirilməsinin xarakterini dəyişir, dövlətlə cəmiyyətlərin bir-birini endogen surətdə gücləndirməsini şərtləndirir. Avropa ilə Asiyanın qovuşduğu mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda sivilizasiya Şərq təməli üzərində intişar etsə də, Qərbin güclü təsirini, coğrafi determinizm amilini inkar etmək mümkün deyil. Bəşəriyyət tarix boyu geniş coğrafi məkanda sıx inteqrasiyaya, vahid siyasi, iqtisadi, sosiomədəni  birliyə can atmışdır. 

İkinci və üçüncü minilliyin ayırıcında Azərbaycanda konservatizm və liberalizm ideyalarının konvergensiyası milli siyasətin determinantı kimi qabarıq təzahür etməyə başladı. Bu səbəbdən cəmiyyətimiz tarixi köklərə bağlıdır və simbioz tradisionalist şüurun antimodernləşdirmə əhvali-ruhiyyəsinin qarşısını almağa qadirdir. Ötən əsrin 90-cı illərindən başlayaraq, Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində mühüm islahatlar həyata keçirdi. Sonrakı proseslər və qazanılan uğurlar sübut etdi ki, transformasiya dövrünü yaşayan cəmiyyətlərdə güclü dövlət olmadan ölkənin xaos və anarxiya mühitinə sürüklənməsi qaçılmazdır.   

Ulu Öndər Heydər Əliyevin tarixi missiyası təkcə ölkəni təhdid edən təhlükələrin aradan qaldırılmasından ibarət deyildi. Bu böyük dövlət xadimi Azərbaycanda yeni siyasi, iqtisadi situasiya yaradılmasını, genişmiqyaslı, sistemli islahatlar həyata keçirilməsini, müstəqilliyimizə əbədi, dönməz xarakter verilməsini, ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasını özünün xilaskarlıq missiyasının başlıca qayəsi hesab edirdi. O yaxşı bilirdi ki, milli və fərdi maraqlar kompleksini özündə ehtiva etməyən ideyalar sistemi uğur qazana bilməz, cəmiyyətin ümummilli vəzifələrin həlli istiqamətində səfərbər edilməsi yalnız ideyanın şüura hakim olması, praktiki fəaliyyətə transformasiyası şəraitində mümkündür.  

Bütün reallıqları nəzərə alan Heydər Əliyev ölkənin yeni dövrdə demokratik inkişaf strategiyasını işləyib hazırlayırdı, mütərəqqi dəyişikliklərin cəmiyyətin ictimai şüuruna hakim kəsilməsinə xüsusi önəm verirdi. Bunun fonunda Azərbaycan müxalifəti cəmiyyətə postindustrial epoxanın tələblərinə uyğun rasional və cəlbedici proqram, konsepsiya təqdim edə bilmədiyindən sosial bazasını sürətlə itirməyə başladı. Nəticədə siyasi hakimiyyətə opponentlik edən müxalif qüvvələrin dövlətin idarəçilik sükanının arxasına keçmək planları iflasa uğradı. 

Azərbaycanda 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin inkişafı yolunda yeni dövrün başlanğıcı oldu. Xalq yaxşı bilirdi ki, güclü dövlət, güclü iqtisadiyyat, intellektual düşüncəyə malik realistlərin və praqmatiklərin mövcudluğu Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirməyin mühüm şərtidir. Azərbaycan seçicisinin yekdilliklə cənab İlham Əliyevə səs verməsi bir daha sübut etdi ki, Heydər Əliyevin siyasi xətti onu qane edir və xalq tərəfindən dəstəklənir.  

Prezident seçkilərindən sonra ölkədə siyasi paradiqma yeni reallıqlar müstəvisində formalaşmağa başladı. Seçkidə ağır məğlubiyyət radikal müxalifəti etibardan saldı, siyasi subyekt kimi onun daxilindəki ziddiyyətləri və ixtilafları daha da gücləndirdi. Yaranmış marginal mühit böhran keçirən müxalif cəbhədə vahid liderin müəyyənləşdirilməsi məsələsini birdəfəlik müşkül problemə çevirdi.

Beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzində olan seçkidən az sonra ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, görkəmli siyasi xadim Zbiqnev Bjezinski yazırdı: "Bakıda son on ildə baş verən dəyişikliklər bizə böyük təsir bağışladı. Bütün bu dəyişikliklər Heydər Əliyev siyasətinin nəticəsidir.  Bu dəyişikliklər gələcək gözəl inkişaf üçün zəmin yaratdı. Biz Azərbaycanın ABŞ üçün həqiqətən vacib ölkə olmasını qəbul edir və bunu gözəl anlayırıq. Azərbaycanın ABŞ üçün əhəmiyyətini heç bir amil azalda bilməz. Əslində, ABŞ ilə Azərbaycan arasında münasibətləri alyans kimi səciyyələndirmək olar. Azərbaycanda keçirilmiş seçkilərin nəticələri məlumdur: İlham Əliyev qələbə qazandı və başlıcası da budur". 

Zbiqnev Bjezinski fikrini olduqca sərrast ifadə etmişdir. Cənab İlham Əliyevin qələbəsi həqiqətən mühüm əhəmiyyət kəsb edirdi. Onun prezidentliyinin ilk beş illik dövründə qazanılan nailiyyətlərə faktlar və rəqəmlər əsasında nəzər salaq. 2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulmuş, qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edilmişdir. Minimum pensiyanın məbləği 4 dəfə, minimum əməkhaqqı 8 dəfə, orta əməkhaqqı 3,6 dəfə artırılmışdır. 2003-cü ildə yoxsulluq şəraitində yaşayanlar əhalinin 49 faizini təşkil edirdisə, 2008-ci ilin yekunlarına görə, bu rəqəm 14 faizə düşmüşdü. 

2003-2008-ci illər ərzində 4 beynəlxalq aeroport istismara verilmiş, 700 meqavat gücündə 8 elektrik stansiyası inşa olunmuş, 741 min yeni iş yeri açılmışdır. Bu dövrdə Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün Azərbaycan Prezidenti Heydər Əliyevin böyük səylər göstərdiyi, tikilməsinə dair 1999-cu ildə saziş bağlanmış nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməri  2006-cı ilin iyul ayında, Bakı-Tbilisi-Ərzurum qaz kəməri isə 2007-ci ildə  istifadəyə verilmişdir. Bunların məntiqi davamı olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanılmışdır. 

Prezident  İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə böyük diqqət yetirirdi. O, söz verdiyi kimi fəaliyyətinin birinci müddətində qaçqın şəhərciklərinin ləğvinə nail oldu, beş il ərzində 12 çadır şəhərciyi ləğv edildi, onların əvəzinə müasir binalar, 36 yeni qəsəbə inşa olundu. 

2003-2008-ci illərdə 1600 yeni məktəb tikildi, yüzlərlə məktəb təmir olundu. "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" (2004-2008-ci illər) uğurla başa çatdırıldı, proqram çərçivəsində regionlarda iri infrastruktur layihələri həyata keçirildi, yeni müəssisələr açıldı. İqtisadi, sosial islahatlarla yanaşı, idarəçilik sahəsində dəyişikliklər aparıldı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi yaradıldı. 

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin birinci müddətində görülən işləri, qazanılan böyük uğurları, onun tarixi xidmətlərini bütünlüklə əhatə etmək mümkün deyil. O, praqmatik, çevik siyasəti, sistemli yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı siyasi, iqtisadi və hərbi baxımdan qüdrətli dövlətə çevirdi, zamanın çağırışlarına siyasi reallığı düzgün dəyərləndirərək adekvat cavablar verdi. Seçkiqabağı təşviqat zamanı verdiyi vədlərin əməli işlərdə öz təcəssümünü tapması sayəsində Prezident İlham Əliyev bir daha xalqın sonsuz məhəbbətini və dərin etimadını qazandı. Xalq ona inanır, onun simasında millətin passionar enerjisini müdrikliklə səfərbər etməyi və istiqamətləndirməyi bacaran qlobal strateji düşüncəyə malik siyasi lideri görürdü.

Prezident İlham Əliyevin iqtisadi siyasətinin mərkəzində hər zaman Azərbaycan insanı dayanmışdır. Büdcənin  sosial yönümlülüyü, pensiyaların, sosial müavinətlərin, əməkhaqlarının artım dinamikası, həyata keçirilən neft və qaz layihələri, TANAP, TAP, BTQ kimi transmilli layihələr, "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə görülən işlər hakimiyyət və xalq birliyini daha da möhkəmləndirdi, ona monolit xarakter verdi. Böyük enerji və nəqliyyat layihələri Azərbaycanın tranzit imkanlarını dəfələrlə artırdı, eyni zamanda qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfə oldu.

Milli iqtisadiyyatın gücləndirilməsinə, ölkənin inkişafında, xarici siyasətdə varisliyin qorunub saxlanılmasına çalışan Azərbaycan xalqı 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə də azad, demokratik, plüralist, sosial cəmiyyət quruculuğu yolunda önəmli uğurlara imza atan cənab İlham Əliyevə yenidən yekdilliklə səs verdi, etimad göstərdi. 

Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasında əsas vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsini  sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq, qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə ən müasir texnologiyaya və biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün mühüm şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun genişləndirilməsi, bölgələrə xüsusi diqqət yetirilməsi və hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla regional inkişaf mərkəzlərinin yaradılması əhalinin yaşayış səviyyəsinin tarazlaşdırılmasına, sosial rifahın yüksəlişinə güclü təkan verəcəkdir. Bütün bu proseslərdə Prezident İlham Əliyev dövlət başçısının əsas və sədaqətli silahdaşı olan millətin və monolit cəmiyyətin fundamental maraqlarından çıxış edir. Millətin və cəmiyyətin mənafelərini ifadə edən, özündə təcəssüm etdirən sosial-siyasi reallıq uğur qazanmağın başlıca şərtidir. 

Tarixi şəxsiyyətlər xalqların taleyinə mühüm təsir göstərmək qüdrətinə malik olduğundan onların ideyaları, fəaliyyətləri ağır sınaqlar dövründə tarixin təkanverici qüvvəsinə çevrilir, bütöv bir ölkənin, regionun mənzərəsini dəyişir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi zaman kəsiyində Azərbaycanın malik olduğu böyük iqtisadi resursları, hərbi qüdrəti, intellektual potensialı cəmləyib, səfərbər edib ən ağrılı problemləri müdrikliklə həll etdi, möhtəşəm tarix salnaməmizə şanlı səhifələr yazdı. 

Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, torpaqlarımızın işğaldan azad olunmasının, suverenliyimizin bərpasının yolu ölkənin inkişafından, iqtisadiyyatımızın, ordumuzun gücləndirilməsindən keçir: "Xalqımız tarix boyu böyük müharibələrdən çıxmış, öz torpağını, mənliyini qoruyaraq qurbanlar vermişdir. Xalqımız hər dəfə belə müharibələrdən, döyüşlərdən, çətinliklərdən çıxaraq daha da mətin, iradəli olmuşdur...  Əgər bizim bütün sülhsevər addımlarımız, təşəbbüslərimiz, apardığımız tədbirlər son nəticədə işğal edilmiş torpaqların azad olunmasını təmin etməsə, nəyin bahasına, hansı qurbanların bahasına olur-olsun, torpaqlarımızı azad edəcəyik... Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur - əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur".

Bu müqəddəs vəzifəni, tarixi missiyanı yerinə yetirmək səadəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevə nəsib oldu. 

Möhtərəm Prezidentimiz çıxışlarının birində "... nəyi necə, nə vaxt etmək lazımdır, onu mən yaxşı bilirəm!" deməklə həqiqəti bəyan etmişdi! Xəbərdarlıq vaxtının dəqiq seçilməsi də onun haqlı olmasına dəlalət edir. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq başlayan əks-hücum sonradan "Dəmir yumruq" əməliyyatı adı alaraq Vətən müharibəsinə çevrildi. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabr 2020-ci il tarixli sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olundu, hərbi əməliyyatlara hazırlıq və onun keçirilməsinə dair qərarlar qəbul edildi. 

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsinin gedişində  Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.  Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun canlı qüvvəsi məhv edildi, hərbi texnikası dağıdıldı, Azərbaycan öz gücünü, qüdrətini göstərdi. "Dənizdən-dənizə böyük Ermənistan" və erməni ordusunun "məğlubedilməzliyi" haqqında uydurulan mif dünyanın gözü qarşısında yox oldu. 

Bu möhtəşəm zəfərin baş memarı Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini ləyaqətlə yerinə yetirərək, Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, öz adını dünya və Azərbaycan tarixinə böyük dövlət xadimi, qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Zəfərə gedən yol illər öncə başlasa da, Prezident İlham Əliyev ən əlverişli zamanı gözləyərək, hərb və diplomatiya müstəvisində böyük savaşın, intellektual mübarizənin qalibi oldu, bölgədə yeni reallıqlar yaratdı. 

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü elan olundu.

Müzəffər Prezidentimiz nadir zəkası, qətiyyəti, cəsarəti və yenilməz iradəsi ilə dünyaya möhtəşəm azərbaycanlı obrazı təqdim etdi. Dövlətin və millətin inkişafı yolundakı bütün əngəlləri aradan qaldırdı, tarixi torpaqlarımızı təhdid edən separatçılıq, təxribatçılıq və xəyanətkarlıq yuvasını zərərsizləşdirdi. 

Təəssüf ki, Ermənistan ağır məğlubiyyətdən dərs almadı, nəticə çıxarmadı. Birgə bəyanatın bəndlərinə uyğun olaraq Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı idi. Lakin məğlub ölkə üçtərəfli Bəyanatın tələblərini yerinə yetirmir, gizlin yollarla Qarabağ ərazisinə silah-sursat, hərbi texnika göndərir, genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməkdə davam edirdi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular,  lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Sentyabrın 28-də Qarabağdakı separatçı rejimin rəhbəri qondarma qurumun ləğvi barədə sənəd imzaladı. 

Azərbaycanın Zəfər yürüşü Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş təntənəli hərbi paradın keçirilməsi qələbəmizin möhtəşəm simvoluna çevrildi. Hazırda Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, regonda təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair danışıqlar aparır. 

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz öz torpaqlarını azad etməklə tarixi inkişafın irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülür. Reallaşdırılan önəmli layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, sağlam bünövrə yaradır. Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsində hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Genişmiqyaslı layihələrin icrası və Böyük qayıdışın təmin olunması məqsədilə Prezident İlham Əliyev 2022-ci il noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Dövlət proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya olduqca mühüm vəzifələr qoydu. Hazırda dövlət proqramı çərçivəsində işlər uğurla davam etdirilir. 

İşğaldan azad edilmiş ərazilərə tez-tez səfərlər edən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi nəzarəti altında iqtisadi reinteqrasiya məsələlərinə xüsusi diqqət yetirilir. Bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə həyata keçirilir. Böyük quruculuq meydanına çevrilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, elektrik stansiyaları inşa olunur. Qarabağ və Şərqi Zəngəzura qayıdan insanların sayı gündən-günə artır. Hər həftə, hər ay onlarla ailə öz yurduna qovuşur. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün işğaldan azad olunmuş ərazilərə   qayıdacaq. Azərbaycanın dövlət başçısı Qarabağı nəinki regionun, bütün dünyanın müasir, abad, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. 

Azərbaycan Prezidenti noyabrın 8-də Bakıda Zəfər parkının açılışında xalqa müraciətində keçdiyimiz şərəfli yola, tarixi proseslərə nəzər salaraq demişdir: "Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik". 

Vətən müharibəsində qazanılan Böyük Zəfər tarix boyu dəfələrlə deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların doğma vətənlərinə qayıtmaq inamını daha da gücləndirdi. Qərbi azərbaycanlıların sülh şəraitində təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmasının yol xəritəsi olan Qayıdış Konsepsiyası mükəmməl tarixi sənəddir. Strateji hədəflərimizə nail olmaq üçün Qərbi Azərbaycan İcması Qayıdış  Konsepsiyası əsasında ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması, hüquqlarımızın təmin olunması istiqamətində əzmlə mübarizə aparır, ermənilərin Qərbi Azərbaycanda həyata keçirdikləri vandalizm aktlarını qətiyyətlə pisləyir. 

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, ATƏT, Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların işində fəal iştirak edir, müxtəlif beynəlxalq forumlarda müasir dünyanın beyin mərkəzlərini düşündürən mürəkkəb məsələlərə dair elmi-nəzəri müzakirələrdə yeni eranın determinantları barədə özünün dolğun fikirlərini açıqlayır, ifrat mühafizəkarlığın sosial-siyasi mühitdə  neqativ avtarkiya təhlükəsi doğurduğunu bildirir. Azərbaycan son onilliklərdə böyük beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, demokratik və dünyaya açıq dövlət olduğunu nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük, Qoşulmama Hərəkatına sədrlik, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal hərəkatın - "Bakı Prosesi"nin  təşəbbüskarı olmaq, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) böyük uğurla Azərbaycanda keçirilməsi  beynəlxalq arenada ölkəmizə yüksək nüfuz qazandıran tarixi nailiyyətlərdir. 

Bu gün hər bir azərbaycanlı fəxr edir ki, çağdaş Azərbaycanın dövlətçilik sükanı etibarlı əllərdədir. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin mükəmməl dövlətçilik fəlsəfəsini dərindən mənimsəyərək yeni əsrin yeni lideri, müdrik dövlət xadimi, mahir diplomat, qətiyyətli siyasətçi kimi qloballaşan dünyamızı çulğamış mürəkkəb geosiyasi mübarizə şəraitində  ölkəmizin qarşısında duran strateji hədəflərə çatmaq üçün heyrətamiz əzmkarlıq, sarsılmaz iradə nümayiş etdirir, Azərbaycanı  böyük inam və qətiyyətlə yeni zirvələrə doğru aparır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, tarixi missiyası xronoloji çərçivəyə sığmır, ölkənin və millətin gələcəyinin üfüqlərinə işıq saçır. İllər, əsrlər keçdikcə onun yazdığı qəhrəmanlıq epopeyasının əzəmətini daha aydın dərk edəcəyik.


Həsən HƏSƏNOV,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!