24 Dekabr 2024 09:45
264
SİYASƏT
A- A+
Azərbaycanda sahibkarlığın inkişafını təmin edən Lider

Azərbaycanda sahibkarlığın inkişafını təmin edən Lider


Zəngin fəaliyyəti, böyük xilaskarlıq missiyası, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zirvəsinə ucalmış və zəmanəmizin əbədiyaşar dahisinə çevrilmiş Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəni ziddiyyətlər burulğanından xilas etdi, Azərbaycanda yeni iqtisadi strategiyanın əsası qoyuldu.

Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərllik etdiyi dövrdə respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünya birliyinin diqqət mərkəzində olmuş və bu şərəfli tarixin hər gün yeni, daha parlaq səhifələri yazılır. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən az ölkələr olmuşdur. 

Ötən illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafelərini özündə əks etdirməsi dövlət başcısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirdi.

 Ümumilikdə geridə qalan 21 il Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə yetişməsi üçün formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevirdiyi əlamətdar mərhələdir. Müdrik xalqımızın 21 il öncə inanıb taleyini etibar etdiyi cənab İlham Əliyev həyata keçirdiyi qlobal layihələrlə Ümummilli Liderin zəngin dövlətçilik işində müəyyən olunmuş böyük amalları həyat gerçəklərinə çevirən qüdrətli siyasi xadim olduğunu təsdiqləmişdir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sahələrdə əldə olunmuş uğurlar fonunda aydın görünür.

Hazırda Azərbaycan dövləti çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Azərbaycanın müstəqillik dövrünün yarıdan çoxu Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir.

Cənab İlham Əliyev hər Yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətində saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Ölkə Prezidentinin xalqın mənafeyini daim uca tutmaqla həyata keçirdiyi iqtisadi siyasət strategiyasının uğurları, ilk növbədə makroiqtisadi göstəricilərdə öz əksini tapır.

Ötən dövrdə Azərbaycanın iqtisadi inkişafında mühüm dövr kimi dəyərləndirilməlidir. Qazanılan iqtisadi uğurlar, əldə edilən nailiyyətlər hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub. 

Bu dövr də həyata keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, son 21 il ərzində ümumi daxili məhsul istehsalının real həcmi 4 dəfə artmış, ölkənin xarici ticarət dövriyyəsi 53 milyard ABŞ dollarına yüksəlmiş, qeyri-neft ixracı 10 dəfə artmışdır. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1,2 milyard manat idisə, 2024-cü ildə bu rəqəm 34 milyard manatdan çox planlaşdırılmışdır.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi illərdə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir. Dövlət başçısının strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan 2003-2024-cü illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmuşdur.

Cari ilin iqtisadi göstəriciləri də iqtisadiyyatın sürətli inkişaf tempini bir daha təsdiq etdi. Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev çıxışında qeyd edib ki, "İlin əvvəlindən iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir".

Ümumiyyətlə, 2024-cü ilin 11 ayında ölkədə 113,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuş, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,4 faiz artmış, məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil etmiş, əhalinin hər nəfərinə düşən ÜDM 11,1 min manata bərabər olmuşdur. 

Ölkədə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin 11 ayında 58,3 milyard manatlıq məhsul istehsal edilmiş, qeyri neft-qaz sektorunda məhsul istehsalı 7,2 faiz artmışdır. 2018-ci illə müqayisədə 2024-cü ilin əvvəlinə əməkhaqqı fondu qeyri-neft sektorunun özəl bölməsində 2,4 dəfə artmışdır.

Azərbaycanın 2030-cu ilədək milli prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. 

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin, buna uyğun olaraq yeni iş yerlərinin artımı ilə müşayiət olunur.

İqtisadi artım işgüzar aktivliyin və sahibkarların sayının ildən-ilə artmasına səbəb olub. Əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti mövcud idisə, 2024-cü ilin əvvəlinə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,4 milyondan çox olmuş, aktiv vergi ödəyicilərinin sayı isə 800 min nəfərdən çoxdur. 

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində sahibkarlıq subyektlərinin 48,8 min investisiya layihəsinin maliyyələşdirilməsinə 3,1 milyard manat güzəştli kreditlər verilmişdir ki, maliyyələşdirilmiş layihələr hesabına 200 mindən çox yeni iş yerinin açılması imkanı yaranmışdır. Fond tərəfindən 2024-cü ilin on ayı ərzində müvəkkil kredit təşkilatları vasitəsilə 4724 layihənin maliyyələşdirilməsinə 188,2 milyon manat güzəştli kredit verilmişdir.

Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Regionların yeni siyasi-iqtisadi reallığından söz açarkən, ilk növbədə, 2004-cü ildən bugünədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası yada düşür. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülmüş və hazırda inkişafa hesablanmış belə layihələrin miqyası genişləndirilməkdədir. 

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf dünya reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqini "BB+" səviyyəsində təsdiqləyib. 

Prezident İlham Əliyevin son illərdə Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən onların zirvəsində dayanan tarixi Zəfərimiz böyük qürurla vurğulanır. Xalqımıza Qarabağ Zəfərini bəxş edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının əsasını üç mühüm amil - iqtisadi, siyasi, hərbi güc təşkil edir ki, onların vəhdəti Vətən müharibəsində Qələbə qazanılmasını təmin etdi. 

Bir neçə gün əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoruna müsahibəsində səsləndirdiyi fikirlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Dmitri Kiselyova verdiyi müsahibədə beynəlxalq siyasət və qlobal əhəmiyyətli problemlər, onların həlli yolları, dövlətlərarası münasibətlər öz əksini tapmışdır. Dövlətimizin başçısının dünyada, o cümlədən qonşu ölkələrdə baş verən siyasi proseslər, neokolonializm təzahürləri və qlobal iqlim problemləri kimi mövzulara münasibət bildirməsi Azərbaycanın beynəlxalq əhəmiyyətinin yerləşdiyimiz region və postsovet məkanının çərçivələrini aşdığını nümayiş etdirir. Ölkə Prezidenti müsahibəsində, Rusiya ilə Azərbaycan arasında olan möhkəm təməl üzərində qurulmuş siyasi müttəfiqlik, azad edilmiş ərazilərdə aparılan bərpa işlərində iqtisadi əməkdaşlıq, Azərbaycanın dünya siyasətində vasitəçilik potensialı, Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardan və digər önəmli mövzularla bağlı suallara cavab verib. Hazırda müxtəlif ölkələrin informasiya resursları dövlətimizin başçısının müsahibədə müxtəlif mövzularla bağlı səsləndirdiyi fikirləri yaymaqda və şərh etməkdə davam edirlər.

Bütün bunlar Prezident İlham Əliyevin regionda yaranmış yeni reallıqlara uyğun əməkdaşlıq təkliflərinə hər zaman açıq lider olduğunu bir daha təsdiqləyir. 

Son illərdə işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası uğurla həyata keçirilir. Bölgənin bərpa-quruculuq işlərinə infrastruktur layihələrindən başlanılıb və bu təsadüfi deyil. Çünki mükəmməl infrastruktur yaratmadan iqtisadiyyatın bərpası və insanların məskunlaşması mümkün deyil. Odur ki, indiyədək yüz kilometrlərlə avtomobil yolunun çəkilməsi istiqamətində xeyli iş görülüb. Tarixi "Zəfər" yolunun çəkilməsi təkcə infrastruktur layihəsi deyil, şanlı qələbəmizə qoyulan abidədir. 

Prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə şəxsən nəzarət edir, müxtəlif yeni obyektlərin təməlini qoyur, bir çoxunun isə artıq açılışını edib. 

Torpaqlarımızın işğaldan azad olunmasından sonra aparılan infrastruktur quruculuğu layihələrindən olan hava limanları nəinki iqtisadi nöqteyi-nəzərdən, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artırıb. "Ağıllı kənd" layihələrində nəzərdə tutulan işlər də sürətlə davam edir. Ən diqqətçəkən məqam isə Azərbaycan dövlətinin bütün bu layihələrin həyata keçirməsinə çəkdiyi xərclərin daxili imkanlar hesabına etməsidir. Xarici şirkətlər bu yenidənqurma layihələrinə sadəcə podratçı kimi dəvət edilirlər.

Qarabağda inşa olunan yollar bölgənin yenidən qurulması istiqamətində atılan addımların tərkib hissəsi olmaqla yanaşı, həm də Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması və bu istiqamətdə inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və tranzit əhəmiyyətini artıracaq.

Azərbaycan sahibkarları əmindirlər ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağımızı yenidən dirçəldəcək, insanların öz doğma yurdlarına dönməsinə nail olunacaqdır. Bu sahədə dövlətlə özəl sektor arasında dialoqun, əməkdaşlığın olması da xüsusi əhəmiyyət kəsb edir. 

Son illərdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Azərbaycan Respublikasının vətəndaşları olaraq, sahibkarlar da dövlətimizin, xalqımızın təəssübünü çəkir, onun hər uğuruna, nailiyyətinə ürəkdən sevinirlər. 

Dörd il ərzində icra olunan layihələrə diqqət yetirdikdə əminliklə deyə bilərik ki, Qarabağ tezliklə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən biri olacaq. Ona görə ki, burada bərpa-quruculuq işləri müasir dünya standartlarına uyğun icra edilir. Məsələn, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri insanların ətraf mühitə ziyan vurmadan yaşamasına hesablanmışdır.

Dövlət başçısının sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də vətəndaşlar tərəfindən ətraf mühitin qorunması işlərinə yaxından köməklik göstərilməsi məqsədilə nəzərdə tutulmuşdur. 

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının 2024-cü ildə ölkəmizdə təşkil edilməsi və keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin növbəti böyük uğurudur. Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə evsahibliyi etməsi bütövlükdə bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.

 2023-cü il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə Azərbaycanın evsahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur.

Azərbaycan COP29-a doğru addım-addım, lakin uzaqgörənliklə, inamla, məqsəd aydınlığı ilə gəlmişdi. 

Bakıda noyabrın 11-də öz işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatdı. Bu mötəbər tədbir dünya ictimaiyyətinin nəzərini iqlim dəyişikliklərinin yaratdığı fəsad və problemlərə yönəltməklə yanaşı, Azərbaycanın beynəlxalq uğuru kimi tarixə düşdü. Eyni zamanda bu tədbir respublikamızın antiazərbaycançı dairələr üzərində növbəti qələbəsi oldu.

Azərbaycan COP29-a ən yüksək və nümunəvi şəkildə evsahibliyi etdi. Tədbir günlərində hər hansı xoşagəlməz hadisə baş vermədi. Ümumilikdə isə COP29-un ən yüksək səviyyədə keçirilməsi, bu tədbirdə iştirak etmək üçün 200-ə yaxın ölkənin nümayəndələrinin, o cümlədən 80-dən çox prezident, vitse-prezident və baş nazirin Azərbaycana gəlməsi ölkəmizin dünya ölkələri sırasında layiqli yer tutmasının bariz nümunəsidir.

COP29-un bu il Bakıda keçirilməsi Azərbaycanda iqtisadiyyatın, o cümlədən sahibkarlığın dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsində özəl sektoru Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təmsil etmişdir.

Təsadüfi deyil ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və risklərin, məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması müasir dünyanın ən mühüm çağırışlarından biridir. Bu dayanıqlı inkişaf üçün mühüm alətlərdən hesab olunur və əsas məqsədi müvafiq investisiya mühitinin təkmilləşdirilməsi yolu ilə bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılmasından ibarətdir.

Bu hədəflərə nail olunmasında isə özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür və Azərbaycan Sahibkarlar Konfederasiyası bu missiyanı uğurla icra etməkdə biznesə dəstək verməyə hazırdır.

Belə ki, COP29 çərçivəsində "mavi zona"da Azərbaycan Sahibkarlar Konfederasiyası və Beynəlxalq İşəgötürənlər Təşkilatı birgə təmsil olunurdular. 

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Beynəlxalq İşəgötürənlər Təşkilatının vitse-prezidenti arasında keçirilən görüşdə bildirilib ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir və qeyri-neft sektorunun inkişafı istiqamətində bir neçə xüsusi proqramlar icra edir. Azərbaycanın özünəməxsus iqlimə malik olduğu vurğulanaraq, bioloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə imkan və potensiallar haqqında geniş məlumat verilib. 

Eyni zamanda konfederasiyanın nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktorluğu ilə görüşərək, işəgötürən təşkilatları ilə əməkdaşlıq perspektivləri haqqında fikirlərini bölüşüb. Şərqdə işəgötürənlərlə işçilər arasında ilk kollektiv müqavilənin 120 il əvvəl məhz Azərbaycanda imzalandığı vurğulanaraq, konfederasiyanın BƏT ilə əməkdaşlığının uğurla davam etdiyi bildirilib. 

Daha sonra konfederasiyanın nümayəndə heyəti "mavi zona"da fəaliyyət göstərən Azərbaycan pavilyonunda İqlimə Davamlı Kənd Təsərrüfatı Təcrübələrinin Təkmilləşdirilməsi üzrə Yüksək Səviyyəli Nazirlərin görüşündə iştirak ediblər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun çıxışçı olduğu paneldə maraqlı təcrübələr ətrafında çıxışlar dinlənilib. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının ən aktiv üzvlərindən biri olan "Azərsun Holdinq" MMC-nin timsalında digər iş adamları da "KOB-ların "yaşıl iqlim" keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi"ni imzalayaraq "yaşıl keçid"ə dəstəklərini ifadə etmişlər. Tərəflər bəyannamə çərçivəsində iqlim dəyişmələri, "yaşıl texnologiyalar", "yaşıl sahibkarlıq" və "yaşıl iqtisadiyyat", maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması tədbirləri üzrə əməkdaşlıq və birgə fəaliyyətlər həyata keçirəcəklər.

Qeyd edək ki, "KOB-ların "yaşıl iqlim" keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" qlobal səviyyədə KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bu sənəd kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, "yaşıl maliyyə"yə çıxışın yaxşılaşdırılması, innovasiyaların təşviqi kimi öhdəliklər götürür. Bəyannamədə həmçinin KOB-ların "yaşıl təchizat" zəncirinə inteqrasiya etməsi və onların xalis sıfır emissiyaya keçidini asanlaşdırmaq üçün əməkdaşlıq və həll yolları vurğulanır. 

Noyabrın 22-də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Beynəlxalq İşəgötürənlər Təşkilatının "mavi zona"da yerləşən birgə pavilyonunda keçirilən növbəti tədbir "Yaşıl İnnovasiyanın Təşviqi: Sahibkarların bərpaolunan enerji ilə iqlim dəyişikliyi ilə mübarizə üçün gücləndirilməsi" mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə maliyyələşdirdiyi "İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpaolunan enerji mənbələrinin təşviqi" adlı layihənin davamı olaraq keçirilən bu tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə sahibkarların rolu, sahibkarlıq mühitinin transformasiya üçün hüquqi yanaşmalar və gələcək perspektivlərlə bağlı çıxışlar edilib.

Bütün yuxarıda qeyd olunanlar deməyə əsas verir ki, ümumiyyətlə, COP29 Azərbaycanın sədrliyi maliyyə, investisiya və ticarətin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək üçün BMT qurumlarını, beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf banklarını, çoxtərəfli iqlim fondlarını, özəl sektoru, vətəndaş cəmiyyətini, əsas koalisiyaları və digər maraqlı tərəfləri, həmçinin COP sədrlikləri və tərəfləri bir araya gətirdi. 150 tərəfdaş ölkənin təsdiq etdiyi hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim edildi. 75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi. 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və COP sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı. Beş COP sədrliyi (COP26-dan COP30-a qədər) və ÜST baş direktoru iqlim gündəliyinə sağlamlığı daxil edərək və gələcək COP konfranslarında əsas element olaraq sağlamlığı təbliğ etdi. 

Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən Azərbaycan Prezidenti "COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi" olduğunu bildirdi. Artıq tarix yazmış COP29-un bütün bəşəriyyət üçün uğurla başa çatdığını qeyd edə bilərik. Bakıda keçirilən COP29-da bir çox vacib, uzun illər boyu həllini gözləyən məsələ ilə bağlı ortaq məxrəcə gəlindi. İnkişaf etməkdə olan ölkələr, kiçik ada dövlətləri, az inkişaf etmiş və Afrika ölkələrinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam işə salınması haqqında tarixi qərar qəbul olundu. Ən önəmlisi isə "Bakı Maliyyə Hədəfi" ilə bağlı razılıq əldə olundu. Bu hədəf inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar səfərbər etməsini nəzərdə tutur. 

Azərbaycanın COP29-a sədrliyi ilə aparılan intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard dollar həcmində hədəfi üç dəfə üstələyən 300 milyard dollar həcmində yeni əsas maliyyə hədəfi daxildir.

Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

Azərbaycanın nailiyyətlərindən biri də bu günlərdə Misirin paytaxtı Qahirə şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycanın namizədliyinə dəstək bu təşkilata üzv dövlətlərlə uğurlu əməkdaşlığın göstəricisidir. 

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan verir.

Konfederasiya tərəfindən mütəmadi olaraq "yaşıl iqtisadiyyat"a keçid zamanı iş yerlərinin ədalətli şəkildə bölüşdürülməsi, "yaşıl bacarıq"ların inkişaf etdirilməsi, bu sahədə işəgötürənlərin məsuliyyəti mövzularında müzakirələr aparılaraq, gələcəkdə görüləcək işlərlə bağlı təkliflər hazırlanmışdır. 

Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Bununla bağlı, Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlarla əməkdaşlıq edərək, son illərdə bir sıra yerli və beynəlxalq tədbirlərin təşkilində yaxından iştirak etmişdir. Həmin tədbirlərdə yerli və xarici şirkətlərin nümayəndələri iştirak etmişlər ki, bu da özəl sektorda sağlam qüvvələrin birləşməsinə əsaslı zəmin yaradır.

Azərbaycan Sahibkarlar Konfederasiyası İqtisadiyyat Nazirliyi ilə birlikdə sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməklə günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquqlarının qorunması istiqamətində mütəmadi olaraq iş apararaq bu sahədə öz qüvvə və imkanlarını səfərbər etmişdir. 

Sahibkarlarımız da öz işlərini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2023-2024-cü illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında köməklik göstərir.

Bütün bunlarla yanaşı, ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə konfederasiyaya üzv sahibkarların iştirakı ilə xarici ölkələrdə və ölkəmizdə olan nümayəndəliklərlə keçirilmiş görüşlərdə, habelə konfederasiyanın tabeliyində olan komissiyaların iclaslarında iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı məsələlər təhlil edilmişdir. Sahibkarlardan daxil olan müraciətlərə baxılaraq, onların qaldırdığı məsələlərlə bağlı müvafiq dövlət orqanları ilə birgə araşdırmalar aparılmışdır. Eləcə də, "Vergi Məcəlləsi"ndə dəyişikliklər, tikintidə qeyri-rəsmi məşğulluğun qarşısının alınması və digər məsələlərlə əlaqədar hazırlanmış qanunvericilik layihələri ilə bağlı konfederasiya bir sıra təkliflərlə çıxış etmişdir. 

Sahibkarların maarifləndirilməsi və məlumatlandırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində sahibkarlara həftəlik məlumat bülletenləri, hüquqi qanunvericiliklə bağlı yeniliklərin izahını əhatə edən bir neçə hüquqi icmal sənədi təqdim edilmişdir. 

Cari ildə sahibkarların dövlət dəstək tədbirləri haqqında məlumatlılığını yüksəltmək, eləcə də Qarabağda yaradılan yeni iqtisadi zonalar, sənaye parkları və digər mövzuların daha geniş və analitik səpkidə təqdim edilməsi üçün "Biznes həyatı" jurnalının növbəti sayları dərc edilmişdir. Qeyd etmək istərdik ki, üzümüzə gələn 2025-ci ildə də konfederasiya tərəfindən bir sıra vacib tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bütün dünyada iqtisadi inkişafın zəifləməsinə baxmayaraq, Azərbaycan rəhbərliyi 2025-ci il üçün iqtisadi inkişaf hədəflərini açıqlamış və gələcəkdə ölkə iqtisadiyyatını inkişaf etdirməklə Qarabağ və Şərqi Zəngəzuru yenidən dirçəltmək kimi məqsədlərin dayandığını bildirmişdir. Azərbaycan sahibkarları işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirirlər. Bu məqsədlə Azərbaycan Sahibkarlar Konfederasiyası da öz növbəsində üzv olduğu beynəlxalq təşkilatlar, xaricdə yaşayan azərbaycanlı iş adamları, eləcə də milli sahibkarlarımızın potensial imkanlarından istifadə etmək məqsədilə mütəmadi olaraq iş aparır. 

Son illərin reallıqları təsdiqləyir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün gücünü bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi Liderdir. 

Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük bəxtəvərlikdir. İlham Əliyevin qeyd etdiyi kimi, xoşbəxt insandır ki, Ata vəsiyyətini yerinə yetirib. Həm də ona görə xoşbəxtdir ki, Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən qürur və iftixarının ilham mənbəyidir. 


Məmməd MUSAYEV, 

Azərbaycan Respubli kası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!