Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis COP29 çərçivəsində keçirilən sammitin plenar sessiyasında çıxışında iqlim dəyişikliyinə qarşı mübarizənin vacibliyini və bunun uzunmüddətli iqtisadi təsirlərini vurğulayıb. O, Yunanıstanın karbon emissiyalarını 45% azaltmağa nail olduğunu və enerji istehsalında kömürün payının 60% azaldığını qeyd edib. Bununla yanaşı, o, Avropanın yaşıl iqtisadiyyata keçidində lider olduğunu, lakin bu keçidin əlavə resurslara ehtiyac duyduğunu bildirib.
Baş nazir iqlim dəyişikliklərinin təsirlərinin getdikcə daha aydın hiss edildiyini və buna qarşı təcili tədbirlərin görülməsinin vacibliyini söyləyib. O, həmçinin qeyd edib ki, Avropa dünyanın yeganə bölgəsidir ki, ekoloji vergilər tətbiq edir, lakin bu, yüksək qiymətə başa gəlir. "İqlim dəyişikliyi həll ediləcək, amma bu, pulsuz olmayacaq. Bizim iqtisadiyyatımız, bəlkə də, zəifləyə bilər, amma daha ekoloji təmiz olacaq”, - deyə K.Mitsotakis əlavə edib.
Baş nazir bildirib ki, gələcəkdə Avropanın enerji bazarının təkmilləşdirilməsi və təmiz enerji mənbələrinə sərmayə qoyulması vacibdir. Yunanıstan coğrafi mövqeyi və yenilənə bilən enerji mənbələri ilə bu transformasiya üçün böyük potensiala sahibdir. O, həmçinin iqlim böhranının yalnız uzunmüddətli hədəflərlə deyil, qısamüddətli tədbirlərlə də həll edilməsinin lazım olduğunu vurğulayıb.
K.Mitsotakis Avropanın iqlim dəyişikliyinin həllində və enerji transformasiyasında lider olmağa davam edəcəyini və bu yolda əlavə çeviklik göstərəcəyini bildirib. O, birgə fəaliyyətin bu hədəfə çatmaq üçün vacib amil olduğunu qeyd edib.