Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində yerli məhsulların tanıdılması üçün atılan addımlar son illər daha da güclənmişdir. Bu təşəbbüslərin ən önəmlilərindən biri də artıq 6-cı ildir keçirilən "Yerli şirkətlərin tanıtım sərgisi"dir. Hər il yüzlərlə yerli şirkəti bir araya gətirən bu platforma həm milli iqtisadiyyatın güclənməsində müəyyən rol oynayır, həm də yerli brendlərin tanıdılmasına mühüm töhfə verir.
Yerli məhsul və xidmətlərin geniş auditoriyaya təqdim olunmasına şərait yaradan bu platforma ölkədə istehlak mədəniyyətinin formalaşması və "Made in Azerbaijan" brendinin gücləndirilməsi yönümündən də əhəmiyyətlidir. Danılmaz faktdır ki, sahibkarlıq zəhmətin, innovasiyanın və milli iqtisadiyyatın dayağıdır. Bu baxımdan "Bakı-Ekspo" Mərkəzində keçirilən növbəti sərgi yerli şirkətlərin məhsul və xidmətlərini geniş ictimaiyyətə tanıdılmasından dolayı, istehlakçılar və iş adamları üçün lazımlı tədbirdir.
Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group tərəfindən təşkil olunub. Bu il sərgidə ölkənin müxtəlif bölgələrindən olan təqribən 300 yerli şirkət iştirak edir. Təqdim edilən məhsul və xidmətlərə qida sənayesi, kənd təsərrüfatı, tikinti və inşaat, tekstil, informasiya texnologiyaları, logistika, təhsil, gözəllik, kosmetika brendləri və digər sahələr daxildir. İKT və texnologiya şirkətləri, tikinti və inşaat materialları istehsalçıları, eləcə də yerli startaplar və innovativ təşəbbüslərə daxil olan kiçik, orta və böyük müəssisələrin sərgilənməsi sərginin zənginliyindən xəbər verir. Bu müxtəliflik Azərbaycanda sahibkarlıq sisteminin dinamikliyini və inkişaf potensialını nümayiş etdirir.
Sərgi çərçivəsində şirkətlər yalnız məhsullarını nümayiş etdirməklə kifayətlənmir, həmçinin bir sıra yeni müqavilələr imzalayır və tərəfdaşlıqlar qururlar. Tədbirdə keçirilən müxtəlif seminarları, təqdimatları və təlim sessiyalarını da əlavə etsək, mənzərə aydın olur. Çox sayda yerli şirkətin iştirak etdiyi sərgi həm də dövlət qurumları, investorlar və biznes assosiasiyaları üçün yerli sahibkarlığın real mənzərəsini görmək və yeni layihələrə dəstək vermək üçün fürsət yaradır. Çünki bu tədbir sadəcə sərgi deyil, həm də yerli iqtisadi inkişafın simvolu və sahibkarların uğur platforması kimi tanınır.
Əvvəlkilərdən fərqli olaraq budəfəki sərgidə texnoloji yenilikləri, yeni brendləri, ekoloji təmiz və dayanıqlı istehsalı özündə əks etdirən şirkətlərin iştirakına daha çox üstünlük verilib. Bu da sərginin daha müasir tendensiyalara uyğun təşkil olunmasına, həmçinin innovativ texnologiyaların geniş auditoriyaya tanıdılmasına imkan yaradıb. Sərgidə ziyarətçilər texnologiya sahəsindəki son nailiyyətlərlə tanış olmaqla yanaşı, yerli istehsalın keyfiyyət və rəqabət qabiliyyətini də yaxından müşahidə edə bilirlər. Sərgi çərçivəsində ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi, onların təchizat zəncirində iştirakının artırılması üçün KOB-ların iri şirkətlərin rəhbərləri ilə B2B formatlı görüşlərinin təşkili həyata keçirilib.
İlk növbədə yerli brendlərin tanıdılmasına və inkişafına şərait yaradan sərgidə istehsalçı şirkətlər öz məhsullarını nümayiş etdirməklə yanaşı, müştəri rəylərini birbaşa almaq imkanı da qazanırlar ki, bu da onları fəaliyyətlərində keyfiyyəti artırmağa sövq edir. Sərgi həmçinin investorlar üçün maraqlı platforma rolunu oynayır. "Bakı-Ekspo" Mərkəzinə məhsul və xidmətlərini çıxaran yerli şirkətlərin potensialı və bazardakı mövqeyi xarici investorların da diqqətini cəlb edir. Bütün bunlar o deməkdir ki, sərgi təkcə tanıtım məqsədi daşımır, o həm də iqtisadi əməkdaşlıq və investisiya imkanlarının müzakirə olunduğu məkandır.
Son illər keçirilən sərgilərdə ekoloji təmiz, dayanıqlı və sosial məsuliyyətli istehsala üstünlük verilməsi bu tədbirlərin cəmiyyətə və ətraf mühitə olan töhfəsi ilə yanaşı, həm də ölkədə "yaşıl iqtisadiyyat" prinsiplərinin təşviqinə xidmət deməkdir. Bəllidir ki, iqlim dəyişmələri, təbii resursların tükənməsi və ətraf mühitin çirklənməsi XXI əsrin əsas problemlərindəndir. Belə problemlərin qarşısını almaq üçün bir çox ölkələr "yaşıl iqtisadiyyat" modelinə keçidi prioritet hesab edir. Bu yöndən ekoloji cəhətdən təmiz məhsul və texnologiyaların nümayiş olunması üçün sərgi əla platformadır. Ziyarətçilər üçün şirkətlər sərgidə enerji cəhətdən səmərəli qurğular, bərpaolunan enerji mənbələri ilə işləyən texnologiyalar, təkrar emal prosesləri, "yaşıl qablaşdırma" və istehsal üsulları ilə tanışlıq imkanı yaradırlar. İctimai maarifləndirmə baxımından da əhəmiyyətli olan sərgidə ziyarətçilər "yaşıl texnologiyalar"la tanış olur, ekoloji təmiz məhsulların gündəlik həyatda tətbiqi haqqında məlumat əldə edir və ətraf mühitə zərəri az olan alternativ məhsulları tanıyırlar. Bu isə bütövlükdə cəmiyyətin "yaşıl iqtisadiyyat"a keçid prosesinə adaptasiyasını asanlaşdırır.
Yerli şirkətlərin 6-cı tanıtım sərgisi əvvəlkilərlə müqayisədə həm iştirakçıların sayı, həm də əhatə dairəsindən dolayı üstündür. Bu da qarşıdakı illərdə iştirakçıların sayının artmasına yol açır. Məsələn, gələn il iştirakçı şirkətlərin sayı 500-ə çata bilər. "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində xarici investorlar və beynəlxalq distribüterlər dəvət olunarsa, sərgi əhəmiyyətli dərəcədə diqqət çəkər. Gələcəkdə sərginin həm canlı, həm də onlayn platformalarda keçirilməsi də yaxşı nümunə olardı.
Bundan başqa, KOBİA və digər təşkilatların dəstəyi ilə regionlarda da analoji tədbirlər keçirmək mümkündür. Məsələn, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, İsmayıllı və Sumqayıtda yerli istehsal yarmarkaları, mikro və kiçik sahibkarlar üçün tanıtım günlərinin keçirilməsi biznesmenlərə böyük stimul verər. Bütün bunlar imkan verər ki, yaxın gələcəkdə "Yerli şirkətlərin tanıtım sərgisi" ölkə üzrə yayılmış biznes platformasına çevrilsin.
Amma elə indi də bu platforma sahibkarlığın güclənməsinə, yeni bazarların açılmasına və ölkə daxilində istehsal mədəniyyətinin təşviqinə mühüm dəstək verir. Sərginin davamlı şəkildə keçirilməsi onun həm biznes strukturları, həm də ümumilikdə milli iqtisadiyyat üçün əvəzolunmaz əhəmiyyət daşıdığını təsdiqləyir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"