20 Avqust 2024 08:15
246
İQTİSADİYYAT, COP29
A- A+

Yer kürəsi Tanrının insana əmanətidir

 

Yer kürəsi ekoloji böhran qarşısındadır. İnsan dünyanı acınacaqlı hala salmışdır. Atmosferə atılan zəhərli qazlar o qədər çoxalmışdır ki, sözün həqiqi mənasında planetimiz istidən boğulur. Dünyamızın bir tərəfində yağıntılar şəhər və kəndləri, meşə və tarlaları altına alır, o biri başında quraqlıq hökm sürür, torpaq cadar-cadar olur. 
Müxtəlif millətlərə, irqlərə, dinlərə mənsub olmağımıza baxmayaraq, sayımız 8 milyarda çatmış biz insanlar Yer adlı unikal bir planetdə yaşayırıq və belə demək mümkünsə, hamımız onun övladlarıyıq, köçüb getməyə heç bir ayrı məkanımız yoxdur. Eyni Günəşdən isinirik, eyni havadan nəfəs alırıq. Bəs buna görə böyük Yaradana şükranlıq edirikmi, "həmd olsun varlığına, böyüklüyünə" deyirikmi? Axı insan yaranmışların ən alisidir. Öz zehni, düşüncəsi, əməlləri ilə təbiətin yaratdığı özəlliklərə yeni rəng qatan odur. Yüz illər, min illər bizdən əvvəl tikilən, ucaldılan möhtəşəm saraylara, tarixi abidələrə, qalalara baxanda heyrətlənməyə bilmirsən. Onların isə hamısını yaradan insandır. Elmin inkişafı ilə qazanılan nailiyyətlər, edilən kəşflər də insan zəkasının məhsuludur. 
Amma nə edəsən ki, bu nailiyyətlər və kəşflər bəzən bəşəriyyətə, daha doğrusu, özümüzə qarşı çevrilir. Atom enerjisini bombaya çevirib dünyaya meydan oxuyan insan deyilmi?! Bəli, dünyamızın problemləri çoxdur və onlardan biri,  daha doğrusu, birincisi iqlim anomaliyalarıdır. Bu problemlə COP, yəni BMT-nin İqlim Dəyişmələri Konfransı məşğul olur. İlk belə konfrans 1995-ci ildə Berlində keçirilmişdir. Ötən il Dubayda təşkil olunan COP28-də qeyri-rəsmi məlumata görə, 70-80  min  qonaq iştirak etmişdir. Azərbaycanda keçiriləcək COP29-da isə 199 ölkədən nümayəndələrin iştirak edəcəyi gözlənilir. 
Beynəlxalq tədbirlərə evsahibliyi etməkdə yaxşı təcrübəsi və dünyanın taleyüklü məsələlərinin həllində töhfələri olan ölkəmizə belə bir tədbirin etibar olunması təbiidir. Bu, Azərbaycanın haqqıdır. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuş, Qarabağ "yaşıl zona" elan edilmişdir. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilikxana qazlarının miqdarı Azərbaycanda 35 faiz azalacaq və işğaldan azad olunmuş ərazilər 2050-ci ilədək "Netto sıfır enerji" zonasına çeviriləcək.
Ümumiyyətlə, Azərbaycanda ekologiya həmişə diqqət mərkəzində saxlanılmışdır. Hələ Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahədə böyük işlər görülmüşdür. Milli parklar yaradılmış, flora və faunanın qorunması üçün ardıcıl olaraq tədbirlər həyata keçirilmişdir. Həmin işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bunu gündəlik həyatımızda görürük. Təkcə paytaxtımızı götürək. Qara Şəhərin Ağ Şəhərə çevrilməsi, demək olar, hər ay şəhərdə yeni parkın salınması şahidi olduğumuz ekoloji tədbirlərin qısa siyahısıdır. 
COP29-da bəşəriyyəti rahatsız edən ekoloji problemləri dövlət və hökumət  başçıları, ekoloqlar, fikir sahibləri, alimlər, siyasətçilər müzakirə edəcək və inanırıq ki, çözəcəklər də. Çünki sonsuz kainatda Yeri Allah-taala tək, tayı-bərabəri olmayan kimi yaradıb və onu insana etibar edib. Amma insan bu etibarın  fəlsəfəsini dərk etmir, sözün birbaşa mənasında odla oynayır. Ən böyük fəlakət olan müharibələri nəzərdə tuturuq. Bir anın içində təbiəti külə çevirən, qocaya, cavana, qadına, uşağa fərq qoymadan insanları  məhv edən müharibəni... Deyirlər, 6 hidrogen bombası Yer kürəsini orbitindən çıxarmağa bəs edir. Dünyada isə belə bombanın sayı yüzlərlədir. Kim zəmanət verə bilər ki, bir gün ondan istifadə olunmayacaq. Allah bizə əmanət olan Yer kürəsini o gündən qorusun! 

Seyran CAVADOV, 
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video