Azərbaycanla ABŞ arasında münasibətlər ötən ilin əvvəllərindən davamlı olaraq inkişaf etməyə başlayıb. Bu, Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlməsindən sonra mümkün olub. ABŞ Prezidenti Donald Tramp çıxışlarında dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev haqqında yüksək fikirlər söyləyib. Bu fakt ABŞ liderinin dövlətimizin başçısına və xalqımıza ehtiramının göstəricisidir.
Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə bildirib ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla-ABŞ arasında münasibətlərin yeni mərhələsinin əsası qoyulub: "Münasibətlərdə yeni səhifə açıldığını təsdiqləyən faktlardan biri Ağ Evdə "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"nun imzalanmasıdır. Bu sənədin imzalanması və tərəflərin müvafiq proseslərə start vermələri bir daha təsdiqlədi ki, hər iki ölkə qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə maraqlıdır. İşçi qrupunun səmərəli fəaliyyəti nəticəsində ABŞ-nin vitse-prezidenti Vensin bu ilin fevralında ölkəmizə səfəri zamanı bu xartiya imzalandı. Prezident İlham Əliyevin ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə Prezident Donald Trampa ünvanladığı məktubda vurğulandığı kimi, son dövrdə Azərbaycan-Birləşmiş Ştatlar münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Dövlətimizin başçısı məktubda iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, dövlətlərarası əlaqələrimizin güclənməsinə verdiyi böyük önəmə və dəstəyə görə Donald Trampa minnətdarlıq ifadə edib. Məktubda Prezident İlham Əliyev fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran "Strateji Tərəfdaşlıq Xartiyası"nın əhəmiyyətini xüsusi qeyd edib. Xartiya iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verməkdədir".
S.Fətəliyeva qeyd edib ki, Azərbaycanla ABŞ arasında "Strateji Tərəfdaşlıq haqqında Xartiya"nın imzalanması ikitərəfli münasibətlərin transformasiyasında mühüm mərhələ olmaqla yanaşı, Cənubi Qafqazda gedən daha dərin geosiyasi proseslərin də göstəricisidir: "Burada söhbət, sadəcə, simvolik sənəddən və ya niyyət bəyanatından getmir - xartiya epizodik əməkdaşlıqdan strukturlaşdırılmış və uzunmüddətli tərəfdaşlıq modelinə keçidi rəsmiləşdirir. Bu addımın əsas xüsusiyyəti ondan ibarətdir ki, Vaşinqton Bakını regional siyasətin obyekti kimi deyil, öz siyasi çəkisi və strateji baxışı olan müstəqil aktor kimi qəbul edir. Bu, münasibətlərin məntiqini köklü şəkildə dəyişir. Azərbaycan tərəfdaşlıq formatına "kiçik iştirakçı" qismində yox, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik və postmünaqişə dövrünün bərpası kimi sahələrdə gündəlik formalaşdıra bilən dövlət kimi daxil olur".
Deputat həmçinin bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafı Cənubi Qafqazın yenidən formatlaşdığı bir mərhələdə ortaya çıxır: "Ayrı-ayrı güc mərkəzlərinin dominantlığına əsaslanan köhnə təsir mexanizmləri tədricən effektivliyini itirir. Region çoxvektorlu əməkdaşlıq məkanına çevrilir və burada praqmatik tərəfdaşlıqlar, iqtisadi qarşılıqlı asılılıq və infrastruktur bağlantıları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə ABŞ-nin regionda fəallaşması qarşıdurma xarakteri daşımır. Bu proses Azərbaycanın xarici əlaqələrinin şaxələndirilməsi strategiyasının tərkib hissəsidir. Hazırda ölkələrimiz arasında əlaqələr yeni məzmun daşıyır. Energetika əməkdaşlığın əsas sütunu olaraq qalır, lakin artıq söhbət təkcə ənənəvi resurslardan getmir. Diqqət "yaşıl enerji", texnoloji mübadilə və dayanıqlı inkişafa yönəlir. İqtisadi komponent özəl investisiyaların təşviqi, innovativ layihələrin inkişafı və ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq da daim diqqət mərkəzindədir".
S.Fətəliyeva deyib ki, ABŞ üçün Azərbaycanın yalnız enerji tərəfdaşı deyil, həm də Orta dəhlizin əsas qovşağı, Avrasiyanın logistika xəritəsində mühüm aktor və regional təhlükəsizlik arxitekturasının qurucusudur. Prezident İlham Əliyevin Donald Trampa təbrik məktubunda Trampın "Beynəlxalq Sülh və Rifah Marşrutu"nu (TRIPP) regionda sabitliyə və rifaha xidmət edən, Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək layihə kimi dəyərləndirməsi də bunun göstəricisidir.
Deputat il ərzində qarşılıqlı əlaqələrimizin inkişafını özündə əks etdirən faktlar sırasında vitse-prezident Vensin ölkəmizə səfəri ilə yanaşı, ABŞ-nin digər rəsmi şəxslərinin, o cümlədən Konqres üzvlərinin ölkəmizə səfərlərini xatırladıb: "Məsələn, bir müddət öncə Prezident İlham Əliyevin ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadehi qəbul etməsi bu prosesin tərkib hissəsi idi. Görüş zamanı ikitərəfli münasibətlərin uğurlu inkişafı, "Strateji Tərəfdaşlıq Xartiyası"nın əhəmiyyəti və əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusi diqqət Hamadehin "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğvi ilə bağlı qanun təşəbbüsünün müəlliflərindən biri olmasına yönəlib. Bu, ABŞ siyasi dairələrində Azərbaycana münasibətdə daha praqmatik və realist yanaşmanın gücləndiyini göstərən mühüm siqnal idi. İyulun 7-də isə dövlətimizin başçısı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğulayıb. Senator Stiv Deyns isə öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu söyləyib. Qonaq, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd edib".
Deputatın fikrincə, son bir ildə ABŞ Konqresinin müxtəlif nümayəndə heyətlərinin Azərbaycana səfərləri, yüksəksəviyyəli təmasların intensivləşməsi və ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi Vaşinqtonun region siyasətində yeni reallıqları qəbul etdiyini nümayiş etdirir. Nəticə etibarilə bütün bunlar Azərbaycan-ABŞ əlaqələrinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir. Bu amil bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyi üçün böyük perspektivlər vəd edir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"