İrəvan tarixi xülyalardan real regional siyasətə keçidi hüquqi müstəvidə təmin edə biləcəkmi
Nikol Paşinyanın Konstitusiya Günü münasibətilə etdiyi müraciət onun yeni Əsas Qanunun qəbulu məsələsində olduqca israrlı olduğunu növbəti dəfə təsdiqləyir. Baş nazir bu islahatı Ermənistanın suverenliyi, dövlət institutlarının gücləndirilməsi və gələcək inkişafı üçün qaçılmaz bir zərurət kimi təqdim edir. Onun yanaşmasına görə, müstəqillikdən bəri mövcud olan hüquqi qaydalar vətəndaşların real iradəsindən qaynaqlanmadığı üçün dövlətlə xalq arasında üzvi bağ qopub və hazırkı sistem yaranmış fundamental problemləri həll etmək iqtidarında deyil.
Milli Məclisin deputatı Kamran BAYRAMOV deyir ki, daxili idarəçilik arqumentləri ilə yanaşı, bu islahat həm də Azərbaycanla aparılan sülh prosesinin ən mühüm şərtlərindən biri olduğundan Paşinyan regional təhlükəsizliyi təmin etmək və yekun sülhə nail olmaq üçün bu addımı atmağa siyasi baxımdan məcburdur: "2026-cı ilin mart ayında layihənin tamamlandığı elan edilsə də, onun dərci və icrasındakı gecikmələr hakimiyyətin hələ ehtiyatlı davrandığını göstərir. Erməni cəmiyyətinin bu dəyişikliyə gedib-getməyəcəyi və prosesi dəstəkləyəcəyi isə kəskin qütbləşmə səbəbindən sual altındadır. Cəmiyyətin bir hissəsi və müxalifət qüvvələri bu addımı daxili zərurət deyil, xarici təzyiqlərin nəticəsi və milli kimlikdən imtina kimi qəbul edərək ciddi müqavimət göstərir. Sıravi vətəndaşlar arasında belə bir qorxu var ki, konstitusiyanın dəyişdirilməsi sülh gətirməyəcək, əksinə, ölkənin mövqelərini daha da zəiflədəcək. Bu psixoloji baryer xalqın dəyişikliyə asanlıqla "hə" deməsinə mane olur. Digər tərəfdən, uzun illər davam edən münaqişələrdən yorulan, təhlükəsizlik, sabitlik və normal iqtisadi rifah axtarışında olan praqmatik kütlə keçmiş xülyalardan imtina edib reallıqla barışmağa meyillidir. Konstitusiyanın qəbulu mütləq şəkildə referendum tələb etdiyi üçün erməni cəmiyyətinin dəyişikliyə "hə" deməsi Paşinyan hakimiyyətinin xalqı bu islahatın yeni bir müharibənin qarşısını alacağına inandırmasından asılı olacaq. Nəticə etibarilə, erməni cəmiyyəti üçün bu dəyişiklik tarixi stereotiplərlə coğrafi reallıqlar arasında ağrılı, lakin dövlət olaraq sağ qalmaq üçün qaçılmaz bir seçim mərhələsidir".
Həmsöhbətimiz qeyd edib ki, Ermənistanda konstitusiya dəyişikliyi, sadəcə, hüquqi islahat deyil, ölkənin geosiyasi mövcudluq və milli ideologiya sınağıdır: "Göründüyü kimi, bu proses Ermənistanın Cənubi Qafqazın real coğrafi və siyasi şərtlərinə uyğunlaşması, keçmişin revanşist ideyalarından təmizlənməsi və dinc qonşuluq müstəvisinə keçidi mərhələsidir. Paşinyan hakimiyyəti üçün bu addım regional təcriddən qurtulmaq və dövlətin gələcək varlığını sığortalamaq üçün yeganə çıxış yoludur. Erməni cəmiyyətinin bu prosesə verəcəyi yekun qərar onun kollektiv şüurunun nə dərəcədə transformasiyaya uğradığını göstərəcək. Xalq ya tarixi xülyaların və mühafizəkar qorxuların girovuna çevrilərək islahatlara müqavimət göstərəcək, ya da praqmatik təhlükəsizlik və iqtisadi rifah naminə bu ağrılı keçidi qəbul edəcək. O üzdən referendum təkcə yeni bir sənədin səsverməsi deyil, Ermənistanın gələcəkdə hansı regional kimliklə yaşayacağına dair tarixi bir seçim olacaq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"