Ekspertlər Laçın Zirvəsindən danışarkən, sanki, coğrafi miqyas faktorunu arxa plana atır və Azərbaycanın bu sərhəd şəhərində üç qardaş dövlətin keçirdiyi Zirvə görüşünü regional miqyasdan çıxarıb qlobal səviyyədə dəyərləndirirlər.
Bizim üçün qürur mənbəyi olan bu gedişat, eyni zamanda politoloji kontekstdə də bir sıra mühüm məqamların üzərində geosiyasətin qanunları çərçivəsində düşünməyə sövq edir. Burada həm Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün hansı anlam, dərinlik və əhatədə geosiyasi güc ola biləcəyi obyektiv şəkildə dərk olunmalı, həm də ona qarşı atıla biləcək mümkün addımlar öncədən proqnozlaşdırılmalıdır. Çünki bu geosiyasi güc oxu o dərəcədə yenidir ki, bir çox böyük qüvvələr tərəfindən ən müxtəlif istiqamətlərdən hədəfə alınıb. Artıq bunun siyasi və ideoloji təzahürünü müşahidə etməkdəyik.
XXI əsrdə geosiyasi situasiya
Öncə, XXI əsrdə, ümumiyyətlə, geosiyasi situasiyanın politoloji anlamını nəzərdən keçirək. Çünki "geosiyasi güc oxu" ifadəsinin adekvat anlamına indiki şərtlər və geostrateji və coğrafi-iqtisadi reallıqlar daxilində geosiyasi situasiyanın başlıca xarakteristikaları kontekstində vara bilərik. Geosiyasi situasiya coğrafi vahidlər üzərində nəzarət uğrunda mübarizəni ifadə edir. Üstəlik, beynəlxalq və regional məna kəsb etməlidir. Bundan başqa, geosiyasi situasiyadan həmin coğrafi vahidlərdən siyasi fayda götürmək üçün istifadə olunur. Bu tərif özündə bir neçə vacib aspekti ehtiva edir.
Birincisi, geosiyasi situasiya müəyyən coğrafi ərazi ilə bağlı olan elə siyasi, sosial, hüquqi, iqtisadi, kommunikativ faktorların kompleksidir ki, onlar qlobal və beynəlxalq əhəmiyyət daşıyır. Bunun fonunda tamamilə aydındır ki, heç də hər bir coğrafi vahid geosiyasi situasiya yaratmır - xüsusi əhəmiyyəti olan və zaman kontekstində müəyyən kompleks təsirləri özündə daşıyan dinamik mənzərə olmalıdır.
İkincisi, geosiyasi situasiya o zaman yaranır ki, ona nəzarət uğrunda mübarizə baş verir. Məsələnin bu tərəfi XXI əsrdə daha çox aktuallıq kəsb edir. Çünki geosiyasi situasiyalar elə sürətlə dəyişir ki, onlara kimin necə nəzarət edə biləcəyi məsələsi aydın olmur. Bəlkə də məhdud peşəkar dairələr mənzərəni bütövlükdə görə bilirlər.
Beləliklə, müasir mərhələdə geosiyasi situasiya iki aspekti vəhdət halında özündə birləşdirən dinamik fenomendir. Onun səciyyəvi xüsusiyyətləri, coğrafi vahidin siyasi, ideoloji, demoqrafik, geosiyasi, mədəni və sair təsirləri region, regionlararası mühit və dünya üçün hiss edilən olmalıdır. İndi bu parametrlərin Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün əməkdaşlığına hansı anlamlarda aid edilə biləcəyinə baxaq.
"Üç xalq, bir dövlət"
Maraqlı və qürurvericidir: Azərbaycan və Türkiyə eyni həvəs və səmimiyyətlə Pakistana "qardaş xalq, ölkə və dövlət" deyirlər. Eynilə Pakistan dərin səmimiyyət və mehribanlıqla Azərbaycan və Türkiyəyə "qardaş" deyir. Deməli, burada üç dövlətin münasibətləri milli sərhədləri aşaraq müasir dövlətçilik kontekstində konkret meyarlara əsaslanan "Üç xalq, bir dövlət" formulu ilə xarakterizə olunur. Bu anlamın mərkəzində isə XXI əsr kontekstində geosiyasi situasiyalılıq dayanır. Həmin situasiyanın başlıca əlaməti geniş coğrafi ərazidə üç dövlətin hansı hüdudda və hansı aspektlər üzrə əməkdaşlıq edə, vahid komanda kimi fəaliyyət göstərə biləcəyinin aydın olması ilə bağlıdır. Nəhayət, "Laçın üçlüyü"nün geosiyasi anlamı vahid komanda halında fəaliyyətin üzv dövlətlərə verəcəyi faydanın qarşılıqlı olması şərti ilə əlaqəlidir.
Bu özəlliklərin kompleks halda yekun effekti müasir geosiyasi situasiyada yeni geosiyasi güc oxunu xarakterizə edir. Laçın Zirvəsinin geosiyasi kontekstdə tarixiliyinin əsaslarını həmin xüsusiyyətlər təşkil edir.
Üçlüyün geosiyasi kontrol metodunun mahiyyəti
Bu mahiyyət üç dövlət başçısının qısa, lakin dərin siyasi və geosiyasi mənalı tezislərində öz əksini tapıb. Onlara nəzər salaq.
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır".
Prezident Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik və əməkdaşlıq seçim məsələsi deyil, zəruri ehtiyacdır".
Baş nazir Məhəmməd Şahbaz Şərif: "Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq".
Bu üç fundamental tezisin ortaq məna sahəsi belədir: Azərbaycan, Türkiyə və Pakistan geosiyasi anlamda konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığı zərurət kimi qəbul edirlər. Onun iki mühüm "qolu" var - həmrəylik və əməkdaşlıq.
Deməli, həmrəylik və əməkdaşlıq əsasında geniş coğrafiyada üç dövlət müstəqil olaraq qalacaqlar və bunu ümumi güc kimi qəbul edərək sülhə, sabitliyə, təhlükəsizliyin təmininə sərf edəcəklər. Pakistanın Baş nazirinin "Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq" tezisi bunun təsbitlərindən biridir. Bayraqlar varsa, müstəqillik var, onlar bir yerdə dalğalanacaqsa, sonsuza qədər bu dövlətlər qarşılıqlı hörmət, hüquq və ədalət əsasında əməkdaşlığa davam edəcək və bu anlamda geosiyasi ox statusunda güclərini dinamik artıracaqlar.
Belə çıxır ki, "Laçın üçlüyü" klassik anlamda geosiyasi situasiyaya nəzarət etməyəcək, əksinə, güclərini birləşdirərək və onu daim artıraraq əməkdaşlığı, təhlükəsizliyi və hüququ təmin edəcəklər. Bunu, obrazlı olaraq, "geosiyasi situasiya üzərində humanitar nəzarət" adlandıra bilərik. Bu məntiqin konkret cizgiləri də məlumdur.
"Laçın üçlüyü" geosiyasi ox kimi: özəllikləri
Müasir politologiyada "geosiyasi ox" anlayışına aşağıdakı kimi tərif verilir: "geosiyasi ox - iki və ya daha çox dövlətin geostrateji məqsədlərə çatmasına istiqamətlənmiş ittifaqıdır". Bu məntiqdən aydın olur ki, Azərbaycan, Türkiyə və Pakistanın ortaq geostrateji məqsədləri vardır. Bu məqsədlər nədən ibarətdir? Geniş bir coğrafi və geosiyasi məkanda əməkdaşlıq, təhlükəsizlik, ədalət və hüququ təmin etməkdən! Yəni burada söhbət, faktiki olaraq, yeni ruhlu geosiyasi oxdan gedir.
Bu proses üç qardaş dövlətin birliyinin "yeni reallıq yaratması" kimi xarakterizə olunur. Onun mühüm parametri isə belədir: "Ruhun diplomatiyası - mədəniyyətin və yumşaq gücün dirçəlişi".
Bu iki ümumi tezisin çətiri altında Prezident İlham Əliyev əməkdaşlığın konkret aspektlərini açıb. Onlar aşağıdakılardır: 1) Hərbi əməkdaşlığın geniş coğrafiyada sülhü və sabitliyi gücləndirməsi; 2) "Üçlüy"ün yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsini dəyişməkdə davam etməsi; 3) Azərbaycan, Türkiyə və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olmaqda davam etməsi.
Bu üç strateji fəaliyyət və əməkdaşlıq istiqamətləri çərçivəsində "Üçlük" onu da nəzərə alacaq ki, "Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək" (Rəcəb Tayyib Ərdoğan), "Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir" (Məhəmməd Şahbaz Şərif).
Yekun mənzərə: təzyiq və şantaj rıçaqları işə düşür
Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının geosiyasi ox kimi həqiqi mənada böyük güc olduğu aydınlaşmaqdadır. Çünki Laçın Zirvəsindən cəmi bir neçə gün keçib, lakin kütləvi informasiya vasitələrində "ajiotaj" "tüğyan edir". O cümlədən Azərbaycan və Türkiyənin arasını vurmağa istiqamətlənmiş absurd arqumentli cızma-qaralar meydana gəlir. Məlum qüvvələr hər iki ölkəyə "atdıqları informasiya desant/diversantları" vasitəsilə "Laçın üçlüyü"nə kölgə salmağa çalışırlar. Bu zaman əsas hədəf kimi Türkiyəni seçiblər. Çünki Türkiyə çox güclüdür və geniş geosiyasi məkanda özünə güvənən çox sayda dövləti diz çökdürür.
Təəssüf ki, Azərbaycan mətbuatında da bu düşmən toruna düşən "oxşar saqqallı" "analitiklər" də vardır və onlar özlərini "milli maraqları gözləyən vətənpərvərlər" kimi təqdim edirlər. Lakin Azərbaycan, Türkiyə və Pakistan bu kimi informasiya təxribatlarına qarşı durmaq üçün çoxdan hazırdırlar. Qısa müddətdə bu təxribatçı informasiya düşərgəsi darmadağın olacaqdır.
Lakin bu, yekun mənzərənin yalnız bir fraqmentidir. Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı həm genişlənir, həm də dərinləşir. "Laçın üçlüyü" birgə fəaliyyətləri ilə geosiyasi maraqlarını uğurla təmin edir. İndi kimsə şübhə etmir ki, şərin, dağıdıcılığın və qarşıdurmanın qarşısında "Laçın üçlüyü" dayanır! O, həm də yeni geosiyasi güc oxudur!
Bütün bunlar ekspert və analitiklərin Azərbaycan-Türkiyə-Pakistan birliyini yeni geosiyasi güc oxu kimi xarakterizə etmələrinin tam əsaslı olduğunu göstərir. Geniş bir geosiyasi məkanda proseslər yeni səviyyəyə yüksəlir!
Kamal ADIGÖZƏLOV,
beynəlxalq münasibətlər üzrə ekspert