06 Oktyabr 2026 13:58
206
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyası: qələbələrimizin siyasi ünvanı  

Yeni Azərbaycan Partiyası: qələbələrimizin siyasi ünvanı  


Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, müasir dövlətçilik tariximizin keçdiyi yolun, əldə etdiyimiz tarixi nailiyyətlərin və qarşıda dayanan strateji vəzifələrin bir daha nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra YAP-ın ilk qurultayı kimi yeni tarixi mərhələnin başlanğıcını ifadə etdi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı isə həm partiyanın keçdiyi şərəfli yolu, həm də Azərbaycanın qarşısında duran yeni hədəfləri konseptual şəkildə ortaya qoydu. 


Ümumxalq partiyası


YAP-ın tarixini Azərbaycanın müasir müstəqillik tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Çünki Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin ən ağır və mürəkkəb siyasi dövrünə təsadüf edirdi. 1992-ci ilin noyabrında Azərbaycanın dövlət müstəqilliyi ciddi təhlükələrlə üz-üzə qaldığı, ölkədə siyasi qarşıdurmanın dərinləşdiyi, iqtisadi və sosial problemlərin kəskin xarakter aldığı bir vaxtda YAP-ın təsis edilməsi xalqın milli iradəsinin siyasi təşkilatlanmasının ifadəsi idi. 

Təsis edilməsindən keçən qısa müddət ərzində YAP-ın ümumxalq partiyasına çevrilməsi ona Heydər Əliyev kimi müdrik şəxsiyyətin rəhbərlik etməsindən və öz ətrafında əhalinin bütün təbəqələrindən olan insanları birləşdirməsindən, həmin dövrdə Azərbaycanı üzləşdiyi ağır böhrandan xilas etmək missiyasını öz üzərinə götürməkdən irəli gəlirdi. Partiya yaranarkən “Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı onun əsas fəaliyyət devizi olub ki, bu da təsadüfi deyildir. Çünki 1990-cı ilin əvvəlində Azərbaycanın yenidən dövlət müstəqilliyini əldə etməsi dövlət hakimiyyəti, eləcə də siyasi partiyalar qarşısında ciddi vəzifələr qoyurdu. Əsas prinsipial məqsəd Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etməkdən, demokratik siyasi sistemi və bazar iqtisadiyyatı münasibətlərini formalaşdıraraq inkişaf etdirməkdən ibarət idi. Təəssüflər olsun ki, həmin dövrdə hakimiyyətdə olan dairələr göstərilən vəzifələrin həyata keçirilməsi üçün yaranmış tarixi-siyasi şəraiti obyektiv şəkildə qiymətləndirə bilmədilər. Onların naşı siyasət aparmalarının nəticəsində Azərbaycan xalqı illərdir böyük arzusunda olduğu dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. 

Yeni Azərbaycan Partiyasının yaranması, əslində, Heydər Əliyev şəxsiyyətinə və onun siyasi iradəsinə olan ümumxalq inamının təzahürü idi. Prezident İlham Əliyevin VIII Qurultayda xüsusi vurğuladığı kimi həm YAP-ın yaradılması, həm də Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqın tələbi ilə bağlı idi. Bu baxımdan YAP-ın meydana gəlməsini yalnız siyasi partiyanın yaranması kimi qiymətləndirmək düzgün olmazdı. Bu, Azərbaycan cəmiyyətinin ölkəni böhrandan çıxara biləcək güclü siyasi liderə və milli dövlətçilik ideyasına ehtiyacının tarixi ifadəsi idi. 


YAP-ın ideoloji prinsipləri


1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın həyatında böyük tarixi hadisə olmaqla yanaşı, həm də YAP-ın fəaliyyətində yeni inkişaf mərhələsinin bünövrəsini qoydu. YAP-ın proqramında öz əksini tapmış daxili və xarici siyasət, ideoloji məsələlərlə bağlı vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu sahədə əldə olunmuş uğurlar partiyanın proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələrin obyektiv reallığa, dövrün tələblərinə əsaslandığını və ən başlıcası xalqımızın maraqlarını ifadə etdiyini göstərdi. Azərbaycan dövlətinin bütün sahələrində böyük uğurlar əldə olundu. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin formalaşması və inkişafı istiqamətində mühüm addımlar atıldı. Daxili və xarici dairələrin təxribatlarının, destruktiv fəaliyyətlərinin qarşısı qətiyyətlə alınıb ictimai-siyasi sabitlik təmin olundu. 

Heydər Əliyevin siyasətinin əsasını dövlətçilik, milli maraqların üstünlüyü, müstəqilliyin qorunması, xalq-dövlət birliyi və Azərbaycanın davamlı inkişafının təmin olunması təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun olaraq yenilənmiş həmin prinsiplər Yeni Azərbaycan Partiyasının Proqramında öz əksini tapıb. Bu prinsiplər Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət və Demokratik ənənələrin inkişafıdır.  

Yeni Azərbaycan Partiyası yarandığı gündən bu siyasi ideyaların daşıyıcısına çevrildi. Məhz buna görə YAP-ın fəaliyyətini yalnız partiya fəaliyyəti çərçivəsində qiymətləndirmək mümkün deyil. Çünki YAP-ın siyasi xətti Azərbaycanın dövlətçilik strategiyası ilə üzvi şəkildə bağlıdır. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi-iqtisadi böhranının aradan qaldırılması, ictimai-siyasi sabitliyin təmin olunması və müstəqil dövlətin möhkəm təməllərinin yaradılması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan tədricən böhrandan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoydu. Dövlət quruculuğu, hüquqi islahatlar, iqtisadi inkişaf, milli ordunun formalaşdırılması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. 

Bu mərhələdə Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi kursunun əsas siyasi dayağı kimi çıxış etdi. Partiya dövlətçilik ideyalarının cəmiyyətdə möhkəmlənməsinə, milli həmrəyliyin təmin olunmasına, siyasi sabitliyin qorunmasına və Azərbaycanın inkişaf strategiyasının həyata keçirilməsinə mühüm töhfələr verdi. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev YAP-ı Azərbaycanın və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi xarakterizə edir. Dövlət başçısının VIII Qurultayda qeyd etdiyi kimi, partiyanın fəaliyyəti və siyasi xətti təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyət daşıyır: “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.


YAP-ın təsis qurultayı Azərbaycanın qələbələrinə yol açmışdır


Heydər Əliyev siyasi kursunun ən mühüm xüsusiyyətlərindən biri onun zamanın dəyişən reallıqlarına uyğunlaşdırılmaqla mahiyyətinin qorunmasıdır. 2003-cü ildən etibarən bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam etdirilir. Burada söhbət sadəcə siyasi varislikdən deyil, Azərbaycanın dövlətçilik konsepsiyasının yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsindən gedir. 

Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun əsas prinsiplərinə sadiq qalaraq ötən 23 ildə Azərbaycanın iqtisadi gücünün artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, müstəqil xarici siyasətin həyata keçirilməsi və dövlətin müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində ardıcıl siyasət həyata keçirib. Bu siyasətin nəticələri isə Azərbaycanı öz tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəldib.

Bu siyasətin ən möhtəşəm nəticəsi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Otuz ilə yaxın müddətdə xalqımızın ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin tarixi nəticəsidir. 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi dövlətçilik tariximizin yeni səhifəsini açdı. VIII Qurultayın məhz bu reallıqdan sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırdı. 

YAP-ın tarixini Azərbaycanın Zəfər tarixindən də ayrı təsəvvür etmək mümkün deyil. Çünki partiyanın siyasi fəaliyyətinin təməlində dayanan əsas ideyalardan biri Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin təmin olunması idi. Ulu Öndər Heydər Əliyev daim bildirirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməli, işğal altında olan torpaqlarımız azad edilməlidir. Bu milli məqsəd sonrakı mərhələdə Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Məhz bu siyasətin nəticəsində Azərbaycan iqtisadi və hərbi potensialını artırdı, beynəlxalq mövqelərini gücləndirdi və ərazi bütövlüyünü bərpa etdi. Başqa sözlə, Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan qələbələrin təməlində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, qüdrətli ordu, milli birlik və siyasi iradə dayandı. Bu qələbələrin əsası isə 34 il əvvəl, YAP-ın təsis olunması ilə qoyulub. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında qeyd etdiyi kimi: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır”. 


VIII Qurultayın mesajları


Bu gün YAP-ın 760 min nəfərdən çox üzvü  var. Partiyanın yüz minlərlə üzvün birləşdirdiyi geniş siyasi təşkilata çevrilməsi onun cəmiyyətdəki nüfuzunun göstəricisidir. Xüsusilə gənclərin YAP sıralarında fəal iştirakı dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm amildir. Partiyanın bu günkü fəaliyyəti də göstərir ki, siyasi varislik yalnız keçmişin dəyərlərinin qorunması deyil, həm də həmin dəyərlərin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsidir. VIII Qurultay məhz bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Lakin bu son mərhələ deyil və qarşıda yeni vəzifələr dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və Azərbaycanın regional nəqliyyat-enerji layihələrində rolunun artırılması yeni mərhələnin mühüm vəzifələridir. VIII Qurultayda səsləndirilən mesajlar göstərdi ki, YAP qarşıdakı dövrdə də bu proseslərin siyasi və ictimai dayaqlarından biri olacaq. Bu baxımdan Prezident İlham Əliyevin çıxışı partiyanın fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun davam etdirilməsinin zəruriliyini ortaya qoydu. 

Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu və proqram xarakterli çıxışı sadəcə partiyanın növbəti dövr üçün fəaliyyət proqramı deyil, mahiyyət etibarilə Azərbaycanının yeni milli təhlükəsizlik doktrinası və konseptual inkişaf strategiyasıdır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda dövlətimizin başçısı tərəfindən irəli sürülən bu konsepsiya ölkəmizin daxili və xarici təhlükələrdən sığortalanması, müdafiə qabiliyyətinin daha da artırılması, milli maraqların qorunması və dövlətçilik təməllərinin gələcək onilliklər üçün möhkəmləndirilməsi baxımından fundamental yol xəritəsi funksiyasını yerinə yetirir. Bu yol xəritəsi isə özündə Heydər Əliyev siyasi xəttini təcəssüm etdirir. Çünki Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi Heydər Əliyev siyasi xətti dəyişməz olaraq qalır: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra başlayan yeni mərhələnin əsas məqsədi əldə edilmiş nailiyyətləri qorumaq, dövlətimizin qüdrətini daha da artırmaq və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır. Heydər Əliyev siyasi kursunun davamlılığı və Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi qarşıdakı hədəflərə gedən yolun əsas təminatlarıdır.  Və bu yolda YAP Heydər Əliyev ideyalarının siyasi istinadgahı kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.


Mübariz QURBANLI, 
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb  

14:06
06 Oktyabr

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər  

14:03
06 Oktyabr

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var  

14:02
06 Oktyabr

Yeni Azərbaycan Partiyası: qələbələrimizin siyasi ünvanı  

13:58
06 Oktyabr

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb  

13:58
06 Oktyabr

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər  

13:57
06 Oktyabr

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib  

13:54
06 Oktyabr

Azərbaycanın sarsılmaz özgüvən konsepsiyası  

13:36
06 Oktyabr

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

13:33
06 Oktyabr

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb  

13:32
06 Oktyabr

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb  

13:30
06 Oktyabr

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK 

13:29
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK  

13:27
06 Oktyabr

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar  

13:26
06 Oktyabr

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

13:05
06 Oktyabr

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb  

13:03
06 Oktyabr

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib  

13:01
06 Oktyabr

Milli təhlükəsizlik konsepsiyasının prioritetləri: Ordu quruculuğunun yeni mərhələsi və hərbi-sənaye kompleksinin gücləndirilməsi

12:59
06 Oktyabr

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də  

12:42
06 Oktyabr

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb  

12:41
06 Oktyabr

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib  

12:40
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!