02 Sentyabr 2026 10:45
86
İQTİSADİYYAT
A- A+
Yay bitdimi?

Yay bitdimi?


Son illərdə hava şəraitində müşahidə olunan kəskin dəyişikliklər iqlimlə bağlı müzakirələri daha da aktuallaşdırıb. Temperaturun qəfil aşağı düşməsi, güclü leysanların, dolunun, sel və daşqınların baş verməsi, bir tərəfdən quraqlıq və su çatışmazlığı, digər tərəfdən intensiv yağıntılar insanların gündəlik həyatından kənd təsərrüfatına qədər müxtəlif sahələrə təsir göstərir. Avqustun son günlərindən etibarən ölkəmizin ərazisində havanın kəskin dəyişməsi də bu baxımdan diqqət çəkir. Yay hələ başa çatmasa da, temperaturun aşağı düşməsi, bəzi ərazilərdə leysan, dolu və güclü küləyin müşahidə edilməsi bu dəyişikliklərin adi meteoroloji proseslərin nəticəsi, yoxsa qlobal iqlim dəyişikliklərinin təzahürü olduğu sualını gündəmə gətirir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekoloq Cəmşid Bəxtiyar bildirib ki, havaların qəfil soyumasını adi meteoroloji hadisə kimi izah etmək mümkündür. Lakin burada konkret hava hadisələri ilə uzunmüddətli iqlim dəyişikliklərini bir-birindən ayırmaq lazımdır. Ekoloqun sözlərinə görə, konkret günlərdə müşahidə olunan hava hadisələrinin səbəbləri ilə həmin hadisələrin başvermə şəraitini dəyişən uzunmüddətli iqlim prosesləri fərqli anlayışlardır. Bununla belə, hər iki amil hava şəraitinə təsir göstərdiyindən birini tamamilə istisna edib digərinə üstünlük vermək doğru olmaz.

"Avqustun sonlarında isti hava kütləsinin üzərinə daha sərin hava kütləsinin gəlməsi, atmosfer cəbhələrinin keçməsi və ya yuxarı atmosferdə temperatur fərqlərinin artması qısa müddətdə güclü konvektiv proseslər yarada bilir. Nəticədə temperatur bir neçə saat ərzində kəskin şəkildə dəyişir. Bu zaman leysan və göy gurultusu ilə müşayiət olunan yağışlar, güclü külək və dolu müşahidə oluna, bəzi ərazilərdə hətta sel və daşqın təhlükəsi yarana bilər. Yay başa çatmasa belə, hava şəraitinin dəyişməsinin konkret meteoroloji izahı mövcuddur. Lakin iqlim dəyişikliklərinin təsirini də nəzərə almaq lazımdır. Azərbaycan üzrə aparılan qiymətləndirmələr ölkədə istilik dalğaları, quraqlıq, ekstremal yağıntılar, sel və daşqınlarla bağlı risklərin artdığını göstərir", - deyə ekoloq bildirib.

Cəmşid Bəxtiyar qeyd edib ki, iqlim dəyişikliyi hər gün temperaturun əvvəlkindən yüksək olması demək deyil. Bu proses müəyyən ərazi üçün xarakterik hava şəraitinin əvvəlki sabitliyini itirməsi, temperatur və yağıntı rejiminin dəyişməsi, ekstremal hadisələrin başvermə riskinin yüksəlməsi ilə də özünü göstərə bilər. İqlim dəyişikliyi atmosferin ümumi istilik balansına təsir edir. Daha isti atmosfer daha çox su buxarı saxlaya bilir. Bu isə uyğun şərait yarandıqda qısa müddətdə böyük miqdarda yağıntının düşməsinə səbəb olur. Digər tərəfdən, uzunmüddətli istiləşmə quraqlıq və su çatışmazlığı riskini də artırır. Yüksək temperatur buxarlanmanı və suya tələbatı artırır. Daha isti və rütubətli atmosfer uyğun atmosfer cəbhəsi ilə qarşılaşdıqda isə intensiv leysanlar yarana, nəticədə sel və daşqın riski yüksələ bilər.

Ekoloq bildirib ki, buna görə quraqlıq və güclü leysanları bir-birinə zidd proseslər kimi qiymətləndirmək olmaz. İqlim dəyişdikcə eyni regionda, hətta eyni mövsüm ərzində hər iki hadisənin başvermə riski arta bilər. Uzunmüddətli quraq və isti dövrün ardınca qısa müddətdə intensiv yağışların yağması mümkündür. Bununla belə, mütəxəssis hər konkret hava hadisəsini birbaşa iqlim dəyişikliyinin nəticəsi adlandırmağın elmi baxımdan doğru olmadığını vurğulayıb. Məsələn, Bakıda və ya Gəncədə temperaturun bir gündə 10 dərəcə aşağı düşməsi tarixən də müşahidə oluna bilən meteoroloji hadisədir. İqlim dəyişikliyinin təsiri ayrı-ayrı günlərin havasından daha çox uzunmüddətli statistik göstəricilərdə üzə çıxır.

"Sadə ifadə ilə desək, hava şəraiti bu gün və ya bu həftə baş verənlərdir, iqlim isə həmin hava hadisələrinin uzun illər ərzində necə dəyişməsidir. Əgər uzunmüddətli müşahidələr temperaturun yüksəldiyini, istilik dalğalarının gücləndiyini, yağıntı rejiminin dəyişdiyini, quraqlıq və ekstremal yağıntı riskinin artdığını göstərirsə, artıq iqlim dəyişikliyindən danışmaq mümkündür. "Artıq yay yoxdur" və ya "yay qısalıb" kimi fikirlər elmi baxımdan həddindən artıq sadələşdirilmiş yanaşmadır. Bununla belə, mövsümlərin meteoroloji xüsusiyyətlərində dəyişikliklər müşahidə oluna bilər. Daha isti yaz və payız dövrlərinin uzanması, yayda uzunmüddətli istilərin ardınca qəfil sərinləşmə və intensiv leysanların baş verməsi mümkündür. Başqa sözlə, əsas məsələ fəsillərin təqvim sərhədlərinin dəyişməsindən daha çox onların əvvəlki meteoroloji sabitliyinin pozulmasıdır" deyə - mütəxəssis vurğulayıb.

Cəmşid Bəxtiyarın sözlərinə görə, Azərbaycan üçün iqlim dəyişikliklərinin ən ciddi uzunmüddətli nəticələrindən biri su ehtiyatları ilə bağlıdır. Burada ilk baxışdan paradoksal vəziyyət yaranır: güclü leysan və sel riski artdığı halda su ehtiyatlarının azalması təhlükəsi də mövcuddur. Leysan zamanı qısa müddətdə böyük miqdarda yağıntı düşsə də, həmin suyun əhəmiyyətli hissəsi torpağa tədricən hopmaq əvəzinə, səthi axınla çaylara yönəlir və sel yarada bilir. Yüksək temperatur isə buxarlanmanı artırır. Beləliklə, güclü leysanın ardınca isti və quraq hava şəraitinin yaranması torpaqdakı su itkisini daha da sürətləndirə bilər. Azərbaycanın su ehtiyatlarının mühüm hissəsinin transsərhəd çaylarla bağlı olması da ölkənin bu baxımdan həssaslığını artırır. Su ehtiyatlarının azalması təkcə əhalinin su təminatına deyil, kənd təsərrüfatına, energetikaya və ekosistemlərə də təsir göstərə bilər.

Cəmşid Bəxtiyar vurğulayıb ki, bütün bunlara baxmayaraq, ayrı-ayrı ekstremal hadisələrin sayının mütləq hər il artdığını söyləmək doğru olmaz. İllər üzrə ciddi dəyişkənlik mümkündür. Elmi baxımdan daha düzgün yanaşma iqlim dəyişikliyinin müəyyən ekstremal hadisələrin baş verməsi üçün daha əlverişli şərait yaratdığını və onların riskini yüksəltdiyini söyləməkdir. Baş verən proseslər göstərir ki, gələcəkdə əsas məsələ yalnız temperaturun neçə dərəcə yüksələcəyi deyil, dəyişən və daha qeyri-sabit hava şəraitinə cəmiyyətin, kənd təsərrüfatının, su təsərrüfatının, şəhərlərin və təbii ekosistemlərin nə dərəcədə uyğunlaşa bilməsi olacaq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!