03 Iyul 2022 00:30
1364
Mədəniyyət
A- A+

Yaşıl möhtəşəmlik

 

"Çəmbərəkənd" parkı Bakının hüsnünə daha bir gözəllik qatır

 

Bakı hazırda dünyanın bir çox gözəl, möhtəşəm şəhərləri ilə yanaşı durur. Bu gün paytaxtımız elə bir tarixi məqamına gəlib çatıb ki, şəhərimizə yolu düşən hər kəsi heyran qoyur. Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun zahiri gözəlliyinə, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xaricdən gələn insanlar da etiraf edir. Bir-iki il əvvəl Bakıda olmuş əcnəbi qonaqlar növbəti dəfə paytaxtımıza gələndə onu tanıya bilmədiklərini, şəhərin çox sürətlə dəyişdiyini söyləyirlər. Mövcud park və xiyabanların yenidən qurulması və daha gözəllərinin salınması Bakının görünüşünü və ekoloji vəziyyətini gündən-günə yaxşılaşdırır.

 

Yeni parklar şəhərimizin təbii zənginliyini artırır

 

Son zamanlar Səbail rayonunda həyata keçirilən infrastruktur layihələri paytaxtımızda gedən inkişafın ən bariz göstəricilərindən sayılır. Bu layihələr sırasında müasir park və xiyabanların, istirahət mərkəzlərinin salınması əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşlarımızın rifahını, onların asudə vaxtlarının səmərəli keçməsini hər zaman diqqət mərkəzində saxlayaraq bu istiqamətdə məqsədyönlü işlər həyata keçirir.

Bakı bir neçə il əvvəl gördüyümüz şəhər deyil. Köhnə məhəllələri, parkları yeniləri ilə əvəzlənir ki, bu da hər bir insanın qəlbində qürur hissi doğurur. Yeni park, istirahət məkanı və guşələrin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması insanların rahatlığına, xoş istirahətinə yönəlmiş layihələrdir. Səbail rayonunda yeni salınmış "Çəmbərəkənd" parkı da bu istiqamətdə görülən işlərin davamıdır. Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən parklar ilk növbədə şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. "Çəmbərəkənd" parkında isə tarixiliyin və müasirliyin vəhdəti xüsusi zövqlə işlənilib. Bu gözəllik insanların rahatlığı, xoş istirahəti üçün əvəzsiz nemətdir. Park artıq vətəndaşların istifadəsinə verilib.

 

Müasir layihə əsasında qurulan park

 

Prezident İlham Əliyevin göstərişi ilə Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil artır. Son vaxtlar paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. "Çəmbərəkənd" parkı da onlardan biridir.

Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda geniş yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Digər parklardan fərqli olaraq ərazidə estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.

Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin burada müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. Yaradılan bu park müasir layihə əsasında şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksəksəviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir. Beləliklə, "Çəmbərəkənd" parkı paytaxtda aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verməklə ölkənin sosial-ekoloji hədəflərinin reallaşdırılmasının davamlı xarakter aldığını bir daha təsdiqləyir.

 

Piknik məkanı, möhtəşəm fəvvarə, uşaqlar üçün attraksionlar

 

Park ərazisində azyaşlı sakinlərin istirahəti üçün də hər cür şərait yaradılıb. Müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb.  Parkdakı şəraitə ən çox sevinən isə  uşaqlardır. Havalar isindiyindən buraya gələn yeniyetmələrin sayı da artıb. Parka axın edən uşaqlar labirint əyləncə sahəsində, müxtəlif attraksionlarda və sürüşkənlərdə əylənməklə, sözün əsl mənasında, uşaqlığın dadını çıxarırlar. Onlar valideynləri ilə parka gələrək ərazidə yaradılmış əyləncə kompleksindən və oyun meydançalarından doyunca istifadə edirlər. Burada əhalinin rahat piknik etməsi üçün söhbətgahlar, köşklər quraşdırılıb. Ərazidə müasir standartlara cavab verən fəvvarə inşa edilib. Oyun meydançasında valideynlər üçün oturacaqlar quraşdırılıb. Parka üz tutan sakinlər istirahət məqsədilə yaradılan şəraitdən razı qaldıqlarını bildirirlər. İnsanlar parkın səliqəli qalması üçün hər kəsi təmizliyə riayət etməyə, yaşıllıqları qorumağa çağırırlar.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və onların qorunması üzrə müxtəlif layihələr icra edir. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var.

 

Yeni parkın açılışı paytaxt sakinlərini sevindirdi

 

Yeni parkın salınması Bakı sakinlərinin ürəyincə oldu. Parkla bağlı vətəndaşlar fikirlərini bizimlə bölüşdülər. Paytaxt sakini Sayalı Abasova deyir ki, yeni salınmış "Çəmbərəkənd" parkında böyüklərin və uşaqların istirahət etməsi, asudə vaxtlarını mənalı keçirməsi, əylənməsi üçün hər cür şərait yaradılıb: "Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk ki, hər zaman vətəndaşların rifahını düşünür. Bu parkdan Bakının mənzərəsini seyr etmək hər bir kəsə xüsusi zövq verir. Əsl istirahət məkanıdır", - deyə o, qeyd etdi.

Təqaüdçü Samir Şirvanzadə parka yaxın ərazidə yaşayır. Vaxt tapdıqca nəvəsi ilə birgə bura gəlir: "Açılışdan sonra nəvəmi də götürüb bura gələndə gözlərimə inana bilmirdim. Əvvəlki ərazidən heç bir əsər-əlamət qalmamışdı. Ağaclar, bəzək kolları, güllər xüsusi dizayn əsasında əkilib. Bu mənzərə adamda xoş əhvali-ruhiyyə yaradır. Bütün əməyi keçənlərə öz dərin təşəkkürümü bildirirəm".

Digər şəhər sakini Səmral Cavadov isə Bakının rayonlarında əhalinin asudə vaxtının təşkili üçün çoxlu müasir parkların istifadəyə verildiyini vurğuladı və dedi: "Bakı gündən-günə dəyişir, gözəlləşir və müasirləşir. Fəxrlə deyə bilərəm ki, şəhərimiz indi təkcə öz müasir tikililəri, tarixi abidələri ilə deyil, həm də parkları, yaşıllıqları ilə də göz oxşayır. Bu parkda yaradılan şərait isə xüsusilə ürəkaçandır".

 

Bir-birinə yaxın tikilmiş daxmalar...

 

Tarixi mənbələrdə Çəmbərəkənd Bakı şəhərində coğrafi ərazi və keçmiş yaşayış sahəsi kimi göstərilir. İndiki Nazirlər Kabineti binasının yaxınlığındakı inzibati binaların salındığı yerdən Şəhidlər xiyabanına qədər olan ərazini əhatə etmişdir. Çəmbərəkənd təxminən 1840-cı illərdə salınmışdır. Adını burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə adlandırmışlar. Çəmbərəkənddə eyni zamanda müxtəlif qoşqu arabaları, qazalaq, fayton da düzəldilirmiş... Əhalisi heyvandarlıq və əkinçiliklə məşğul olub. 1871-ci ilə qədər onun ərazisi dörd dəfədən çox artmışdı. Keçmiş dövrün bütün yaşayış yerləri kimi, Çəmbərəkənd də planauyğun olmayaraq qurulmuşdur: dar-əyri küçələri, çoxlu arxa xiyabanları, üzərində daxmalar olan kiçik formalı torpaq sahələri vardı. Mənzillər bir-birinə mümkün qədər yaxın tikilmişdi. Köhnə bakılılar indi də həmin əraziyə "Çəmbərəkənd" deyirlər. Çəmbərə (dairə, əyri, qövs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, "dairəvari, qövsvari kənd" mənasındadır, ətrafa nisbətən bir qədər yüksəklikdə, halqavari sahədə yerləşmişdir.

Sonralar Bakı tamamilə dəyişdi, böyüdü və düzgün tərtibatlı tikililəri ilə gözoxşayan şəhərə çevrildi, lakin Çəmbərəkənd əvvəlki görkəmini hələ də saxlamaqda idi. Bu gün mübaliğəsiz demək olar ki, həmin ərazidə salınan "Çəmbərəkənd" parkı gündən-günə gözəlləşən, qədim və müasir Bakının mənzərəsinə özünəməxsus rəng qatır. Hər gün yüzlərlə insan bu istirahət mərkəzinə gəlir, yaradılan şəraitdən xüsusi zövq alır.

 

Elşən YƏHYAYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video