Oğullar Vətəni qorumaq üçün doğulur. Yəqin elə buna görə də babalarımız "oğul düşmən çəpəridir" - deyiblər. Doğrudan da, yağılar yurda hücum çəkəndə, torpaqların işğalı üçün təhlükə yarananda Vətən qeyrəti çəkən oğullar silaha sarılaraq döyüşlərə atılırlar.
Qoynunda dünyaya göz açdığı Vətəni qoruyan, onun uğrunda igidliklə vuruşan oğullarımızdan biri də Rövşən Əbdülhüseyn oğlu Abdullayevdir. O, 16 yanvar 1969-cu ildə Lerik rayonunun Gendov kəndində anadan olub. 7 yaşına çatanda Rövşən kəndlərindəki orta məktəbə gedib. Dərslərini yaxşı oxuyub, hazırlığı ilə sinifdə fərqlənənlərdən biri olub. Aldığı yüksək qiymətlərlə valideynlərini, doğmalarını sevindirib.
Beləcə, illər heç yerə tələsmədən öz karvanını sürüb. Rövşən orta məktəbi bitirdikdən sonra ailə vəziyyəti ilə əlaqədar Lənkərana köçüb. 1987-ci ildə oxumaq, təhsil almaq üçün Sankt-Peterburqdakı Ali Hərbi-Siyasi Məktəbə üz tutub. Biliyinə, savadına güvəndiyinə görə elə ilk cəhddən istəyinə çatıb, ali məktəbə qəbul olub. Dərs və məşğələlərdə həvəslə iştirak edib, hərbi bilikləri dərindən mənimsəyib, silahların və texnikaların sirlərinə yiyələnib. Vaxt keçdikcə təcrübə toplayıb və səriştəsi artıb.
Sanki dörd il bir göz qırpımında ötüb keçib. 1991-ci ildə Rövşən Abdullayev ali hərbi məktəbi yüksək qiymətlərlə bitirərək leytenant rütbəsi alır. Həmin günlər keçmiş ittifaq ərazisində milli münaqişə zəminində qanlı hadisələr baş qaldırmışdı. Keçmiş ittifaqda yaranmış bu qarışıqlıqdan istifadə edən Ermənistan Azərbaycana qarşı torpaq iddiasına düşmüşdü. Düşmən ölkənin silahlı qüvvələri həm Qarabağa, həm də sərhəd kəndlərimizə tez-tez hücum edərək qanlı hadisələr törədirdi. Günahsız insanları dədə-baba yurdlarından didərgin salır, amansızcasına qətlə yetirirdi. Demək olar ki, hər gün Qarabağdan və Ermənistanla sərhəd olan bölgələrdən qan qoxulu acı xəbərlər gəlirdi.
Azərbaycan üçün belə çətin bir vaxtda ali hərbi təhsilini başa vuran leytenant Rövşən Abdullayevi komandanlıq təyinatla Rostov şəhər Daxili İşlər Şöbəsinə göndərmək istəyir. Həmin günlər Rostovda da milli münaqişə zəminində qanlı hadislər tüğyan edirdi. Bu bölgədə də fəallaşan ermənilər sakit dayanmırdılar. Erməni işğalçılarının Qarabağa hücumlarının davam etdiyi bir vaxtda Rövşən Rostova getməkdən imtina edir. Böyük çətinliklə təyinatını Azərbaycana dəyişir.
Vətənə qayıdan R.Abdullayevi Daxili Qoşunlarda xidmətə qəbul edirlər. Rövşən xidmətə başlayır. Onu taqım komandiri təyin edirlər. Çox keçmir ki, gənc zabiti sərhədində gərgin döyüşlər gedən Zəngilana göndərirlər. Ön xəttə çatan kimi Rövşən ilk olaraq ərazi ilə tanış olur, mövqelərin yerini dəqiqləşdirir. Gərgin döyüşlərin daha çox hansı səmtdə getdiyini öyrənir. Kömək məqsədi ilə ən gərgin döyüşlər gedən istiqamətə yollanır. Ali təhsilli zabit kimi təcrübəsindən istifadə edərək döyüşdə az itki vermək üçün müdafiəni daha da möhkəmlədir. Əməliyyatlar zamanı uğur qazanmaq üçün düzgün və çevik qərarlar verir.
Gənc zabitin komandiri olduğu əsgərlər igidliyi və qəhrəmanlığı ilə ad çıxarırlar. Bu cəsur oğullar Zəngilan rayonunun kəndlərini göz bəbəkləri kimi qoruyurlar. Leytenant Rövşən Abdullayevin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində düşmənin Qafan rayonu istiqmətində yerləşən bir neçə mühüm strateji əhəmiyyətli mövqeləri darmadağın edilir. Erməni işğalçıları ağır itkilər verərək bu istiqamətdən geri çəkilməyə məcbur olurlar.
Vaxt keçdikcə döyüşlər daha da qanlı xarakter alırdı. Xaricdəki havadarlarına, erməni terror təşkilatlarına arxalanan işğalçılar daha da güclənərək hücumlarını artırırdılar. 1993-cü il sentyabrın 13-də qəsbkarlar əvvəlki günlərdəkindən də böyük qüvvə ilə qəflətən Zəngilanın Qazançı kəndi üzərinə hücuma keçirlər. Düşmənin ön mövqelərə hücum etdiyi barədə xəbər verilən kimi Rövşən əsgərləri ilə bərabər vaxt itirmədən hərbi maşınlarla Qazançı kəndini müdafiə edən qüvvələrin köməyinə tələsir.
Döyüşçülər Qazançıya çatmağa 5 kilometr qalmış gözlənilmədən qəsbkarların PDM-i və quldur dəstələri ilə qarşılaşırlar. Köməyə gedənlər elə buradaca mövqe tutub döyüşməyə başlayırlar. Daha əlverişli yerdə dayanmış işğalçılar Rövşəngili atəşə tuturlar. Güllələr zabit və əsgərlərimizin üstünə dolu kimi yağır. Gənc zabit döyüşün gərginliyindən, ağırlığından hiss edir ki, düşmənin hücumu belə davam etsə, üstlərinə dayanmadan atəş açılsa, itkiləri çox olacaq. Qarşılaşacağı itkilərdən xilas olmaq üçün taqım komandiri şəxsi heyətə döyüşə-döyüşə yaxınlıqdakı meşəyə doğru çəkilmək əmri verir.
Yaranmış şəraitə görə bu döyüş əmrini verdikdən sonra Rövşən özü təkbaşına düşmənin qarşısını kəsmək istəyir ki, şəxsi heyət meşənin qalınlığına çəkilsin. Bunun üçün yağıların üstünə dayanmadan atəş açır. Qəsbkarları hücümlarını genişləndirməyə imkan verməməyə çalışır. Erməni yaraqlıları işğal məqsədlərinə çata bilməyəcəklərini görüb daha da quduzlaşırlar. Çətinliklə də olsa, irəliləməyə, kəndi işğal etməyə çalışırlar. Düşmən hücumunu dayandırmağa çalışan Rövşən əvvəlcə qolundan, sonra isə ayağından ağır yaralanır. Buna baxmayaraq, silahı yerə qoymur, döyüşünü davam etdirir. Amma bu da çox çəkmir. Çoxlu qan itirdiyinə görə getdikcə zəifləyir və huşunu itirir.
Özlərini təhlükəyə atan döyüşçülər böyük çətinliklə yaralanmış komandirlərini döyüş meydanından çıxarmağı bacarırlar. Vaxt itirmədən onu Zəngilan rayon xəstəxanasına çatdırırlar. Təəssüf ki, həkimlərin ciddi səyinə baxmayaraq, Rövşənin həyatını xilas etmək mümkün olmur. Torpaqlarımızın müdafiəsinə atılmış Rövşən Abdullayev 13 sentyabr 1993-cü ildə gözlərini əbədi olaraq yumur. Cəsur döyüşçü 23 yaşında - həyatının ən parlaq dövründə şəhidlik zirvəsinə ucalır. Yaxınlarının, doğmalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Lənkəran şəhər qəbiristanlığında dəfn edilir.
Torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi igidliyə, Vətən qarşındakı müstəsna xidmətlərinə görə Rövşən Əbdülhüseyn oğlu Abdullayev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür.
Xalqımız torpaqlarımızın azadlığı uğrunda vuruşmuş qəhrəmanları heç vaxt yaddan çıxarmır. Adını əbədiləşdirir, xatirəsini hörmətlə anır, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev kimi. Lənkəran şəhərinin mərkəzində qəhrəmanın büstü ucaldılıb. Büstünün ətrafında salınmış parka onun adı verilib. Lənkəran və Astara şəhərlərindəki küçələrdən biri, həmçinin qoynunda dünyaya göz açdığı Lerik şəhərindəki mədəniyyət evi Rövşən Abdullayevin adını daşıyır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"