İkinci Qarabağ müharibəsində yurduna, el-obasına ürəkdən bağlı olan hərbçilərimiz qorxmadan düşmən üzərinə gedərək zəfərimiz naminə şirin canlarından keçdilər. Qoynunda dünyaya göz açdıqları torpaq uğrunda tutduqları mövqelərdən bir addım da olsun geri çəkilmədilər. Cəsarətləri ilə adlarını qəhrəmanlıq tariximizə yazdılar. Ölümləri ilə ölümsüzlük qazanmağı bacardılar.
Hünəri ilə ölümsüzlük qazanan oğullarımızdan biri də Azərbaycan Ordusunun zabiti Nazim Hüseynovdur. Olduqca şərəfli bir ömür yolu keçmiş Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişlinin Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra - 1995-ci ildə ordu sıralarına çağırılmışdı.
Əsgəri borcunu başa vuran Nazim canından da çox sevdiyi Vətənə xidmət etmək üçün həyatını orduya bağladı. Bacarığını, biliyini, çalışqanlığını və hərbi sahəyə marağını nəzərə alan komandanlıq 1997-ci ildə onu Pakistan İslam Respublikasındakı Hərbi Ali Komandirlər Məktəbinə göndərdi. Nazim bu qardaş və dost ölkədə hərbi təhsil alan ilk azərbaycanlılardan idi. Hələ kiçik yaşlarından hərbi sahəyə böyük maraq göstərən Nazim bu ali məktəbdə xüsusi təyinatlılar kursunu uğurla bitirdi. Doğma vətənə, ordumuzun sıralarına qayıtdı. Silahlı Qüvvələrin "N" hərbi hissəsində xidmətə başladı. Gənc zabit N.Hüseynov xarici ölkələrdə keçirilən hərbi təlimlərə də göndərilirdi. Bir qayda olaraq o, bu yüksəksəviyyəli təlimlərdə fəal iştirak edirdi. Xidməti ərzində zabit Nazim Hüseynov ABŞ, Yunanıstan, İsveçrə, İtaliya, Litva, Avstraliya və başqa ölkələrdə keçirilən NATO təlimlərinin iştirakçısı olmuşdu. Xidmət müddətində 18 dəfə müxtəlif ölkələrə səfərə getmişdi. İştirakçısı olduğu təlimlər zamanı kifayət qədər hərbi təcrübə toplamışdı. Nazim Hüseynov topladığı bu təcrübəni təlimlər zamanı tabeliyində olan şəxsi heyətə də aşılayırdı. Komandiri olduğu zabit və əsgərlərin döyüş hazırlığının yüksək olmasına çalışırdı.
Torpaqlarımızın azadlığı uğrunda savaşa həmişə hazır olan təcrübəli zabit 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdi. Düşmənin ön mövqelərinin darmadağın edilməsində böyük hünər və cəsarətlə vuruşmuşdu. Təcrübəli zabitin nümunəvi xidməti komandanlıq tərəfindən layiqincə qiymətləndirilmişdi. O, III dərəcəli "Qüsursuz xidmətə görə" və Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif olunmuşdu. Ömrünün 24 ilini hərbi xidmətə sərf etmiş, tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlmiş zabit Nazim Hüseynov 2018-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdı.
2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlayanda ehtiyatda olan zabit Nazim Hüseynov könüllü olaraq ordu sıralarına qayıtdı. Onun döyüş yolu Füzulidən başladı, Xocavənddən, Cəbrayıldan keçərək Hadrut qəsəbəsində tamamlandı. Bu ərazilərin erməni işğalçılarından azad olunması zamanı həmişə ön sıralarda vuruşdu. Zəngin döyüş təcrübəsi olan zabitin rəhbərliyi ilə keçirilən əməliyyatların birində dörd erməni quldur əsir alındı. Nazim Hüseynov oktyabrın 5-də səhər saatlarında dəqiq atəş zərbəsi ilə düşmənin ön xəttinə baş çəkməyə gəlmiş yüksəkrütbəli zabitini məhv etdi.
Mayor Nazim Hüseynovun son döyüşü oktyabrın 8-də Füzuli-Hadrut yolunun ətrafında oldu. Düşmən onu və tabeliyində olan iki əsgəri zirehli texnikaların dəstəyi ilə mühasirəyə aldı. İşğalçılar onları əsir götürmək istəyirdilər. Amma bu istəklərinə çatmadılar. Zabit Nazim Hüseynov bir əlində avtomat, bir əlində pulemyot əsgərləri ilə çiyin-çiyinə onları mühasirəyə salmağa çalışan yağılarla döyüşə girdi. Qüvvələr qeyri-bərabər olsa da, cəsarətli hərbçilərimiz mühasirəni yardılar. Oktyabrın 8-də başlanan həmin döyüşdə Nazim Hüseynov baş nahiyyəsindən ağır yaralandı. Həkimlərin onu xilas etmək cəhdi müsbət nəticə vermədi. Doğmalarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə İmişli rayonunda torpağa tapşırıldı. Onun Vətənə bir övladı əmanət qalıb.
Şəhid Nazim Hüseynov axırıncı dəfə doğmaları ilə danışanda böyük inamla demişdi: "Son damla qanıma kimi döyüşməyə söz vermişəm. Bu müqəddəs yoldan çəkilməyəcəyəm. Evə qələbə ilə dönəcəyəm". Vətənpərvər zabit verdiyi sözə əməl etdi.
44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Nazim Yaqub oğlu Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
V.MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"