Ziya Təhməzov 1989-cu il noyabrın 6-da Tərtərdə doğulub. 2006-cı ildə şəhər 2 saylı məktəb-liseyi yaxşı qiymətlərlə bitirib və elə həmin il Odlar Yurdu Universitetinə qəbul olub. Lakin təhsil ödənişli olduğu üçün bir müddətdən sonra universitetdən çıxıb. 2007-ci ildə Mingəçevir Turizm Kollecinə daxil olub.
Bir il sonra həqiqi hərbi xidmətə yollanıb, 2009-cu ilin iyulunda ordudan təxris olunub və yarımçıq qalmış təhsilini davam etdirib. 2011-ci ildə kolleci bitirərək öz ixtisası üzrə çalışmağa başlayıb. Lakin Ziya başa düşürdü ki, sakit, rahat yaşaya bilmir. Ona görə yox ki, problemləri vardı. Ona görə ki, torpaqlarının 20 faizindən çoxu işğal altında olan bir ölkənin gənci olmağı qəbul edə bilmirdi. Həmin illər gənclərin əksəriyyəti Ziya kimi düşünür və hərb yolunu seçirdilər.
2013-cü ildə Ziya Təhməzov Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində gizirlik kursunu bitirdi və müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başladı. Qarşıda onu od-alov içində keçən, qan qoxuyan, dost itkisi ilə ürək parçalayan 10 il gözləyirdi. Ziya deyir ki, baş verən hadisələrin 10 ilə necə sığdığını özü də başa düşmür, çünki hər gün 100 ilə bərabər olub. Bu illərdə ağrı-acı nə qədər çox olsa da, bunların içində onları yaşadan, sonsuz qüvvə verən, addım-addım irəli aparan qazanılan qələbələr idi.
Qələbəni əldə etmək üçün ordumuzun hər bir əsgəri kimi Ziya da uzun və çətin hazırlıq yolu keçdi. İndi onun sənədlərinin arasında bu yolu təsdiqləyən onlarca müxtəlif sertifikat var. Onlardan biri və keçmiş döyüşçü üçün xüsusilə böyük əhəmiyyəti olan raket qurğusunu idarə etməsi haqqında aldığı sənəddir. Bu barədə özü belə deyir: "Qurğu döyüşdə əsgərlərimizin çox köməyinə gəlirdi. 44 günlük Vətən müharibəsində şəhid olan silahdaşlarım Aslan Hüseynov və Ruslan Şahbazov onun dilini o qədər mükəmməl öyrənmişdilər ki, düşmən bu səsi eşidəndə meydandan qaçırdı".
Ermənilərlə mübarizədə dönüş nöqtəsi olan, xalqımızın mübarizə əzmini, ordumuzun gücünü nümayiş etdirən Aprel döyüşləri Ziya kimi gənclərin hesabına Qələbəmizlə başa çatdı. İllər ötsə də, hər birimiz cəmi bir neçə günlük döyüşlərin həyəcanını və sevincini yaxşı xatırlayırıq. Ziya deyir ki, 2016-cı ilin aprel ayında xidmət etdiyi hərbi hissə Tərtər rayonunun Qapanlı kəndindəydi: "Qapanlı o kənddir ki, 30 il ərzində mərdliklə ermənilərlə üzbəüz yaşadı və dayandı, insanlar olmazın əziyyət çəksələr də, ev-eşiklərini tərk etmədilər. Həmin günlərdə bu kənddə yerləşən hərbi hissə Talış kəndinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərə qatıldı. Bu, elə bir döyüş idi ki, atəş səsləri qulaqlarımızda musiqi kimi səslənirdi. İllərlə ürəyimizdə saxladığımız qisas hissini artıq cilovlamaq lazım deyildi. Əlimizdə müasir silahlar və döyüş sursatları vardı. Bu döyüşdə qarşıya qoyulan bütün tapşırıqlar icra olundu, mühüm strateji yüksəkliklər düşməndən azad edildi. Xalqın orduya və öz əsgərinə inamı artdı".
44 günlük Vətən müharibəsində Ziyanın döyüş yolu Aşağı Çaylıdan başladı. Savaş ərzində Ziya idarə etdiyi qurğu ilə düşmənin 7 tankını, 2 BMP-sini, şəxsi heyətlə dolu "KamAZ" maşınını məhv etdi, "Kornet" raket kompleksini 8 raketi ilə birlikdə qənimət kimi ələ keçirdi və öz silahlarından onların öz başına od yağdırdıqdan sonra həmin qəniməti təhvil verdi.
Deyir ki, cəbhədə baş verənləri unutmaq mümkün deyil, o günlərin hər anı yaddaşında qalıb. Ən çox xatırladığı isə Qüllədə yerləşən düşmən postunun şəhid vermədən alınmasıdır. Həmin döyüşə sonradan şəhid olmuş və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş polkovnik-leytenant Əfqan Əbdürrəhmanov rəhbərlik edirdi. Ziya şəhidlik zirvəsinə ucalan yoldaşlarının hər birini böyük sevgi ilə xatırlayır: "Bu gün azad ölkədə, azad torpaqda yaşayan insanlar, xüsusən gənclərimiz unutmasınlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbəni göz qırpmadan ölümə gedən, canından, sağlamlığından keçən oğlanlar qazanıblar. O vaxt hətta yaralılar da döyüş meydanını tərk edib hospitala getmirdilər, qələbəyədək döyüşmək istəyirdilər". Ziya özü də yaxınlığında partlayan mərmi nəticəsində ayağından yaralanıb, ancaq yoldaşlarını tərk etməyib. Elə oradaca yarasını sarıtdırıb, sevimli qurğusu ilə düşməni torpaqlarımızdan qovmaqda davam edib.
Veteran 2022-ci ildə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasında da iştirak edib. O həmçinin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatının iştirakçılarından olub. Keçmiş döyüşçü deyir:
- 2023-cü il oktyabrın 25-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağını qaldırdı. Bu, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası demək idi. Həmin müqəddəs missiyanın yerinə yetirilməsində azacıq da olsa payım olduğu üçün qürur duyuram. Arzu edirəm ki, böyüyən gənc nəsil vətəni bizim kimi sevsin, qorusun və inkişaf etdirsin.
Ziya Təhməzovun sinəsini bəzəyən yüksək mükafatlar - "Suqovuşanın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Qüsursuz xidmətə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", "Döyüşlərdə fərqlənməyə görə", "Azərbaycan Ordusunun 90 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" medallarının hər biri onun keçdiyi şərəfli yolu əks etdirir.
Bu gün veteran kiçik sahibkarlıqla məşğuldur. Ailəsində iki övlad - Ayişə və Tunar böyüyür. Onlar hələ məktəblidirlər. Hər bir valideyn kimi Ziyanın da övladları ilə bağlı çoxlu arzusu var. Deyir ki, ən böyük arzusuna çatıb - onlar təhlükəsiz şəraitdə, dinc səma altında və ən əsası ərazisi işğaldan azad olunmuş Azərbaycanda böyüyürlər.
Keçmiş döyüşçü Tərtər rayonunda şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən qayğıdan böyük razılıq hissi ilə danışır. Deyir ki, rayon rəhbəri daim onların yanındadır. Hər bir ailənin qayğıları ilə yaxından maraqlanır və lazımi kömək göstərir. Bu təbəqədən olanlar Müstəqim müəllimi öz doğmaları hesab edirlər. Tərtər şəhərində abad və səliqəli küçələr şəhidlərimizin adlarını daşıyır. Onların xatirəsinin əbədiləşdirilmsi istiqamətində işlər davam edir.
Qələbədən sonra "döyüşdüyün yerlərdə olmusanmı?" - sualına o, belə cavab verir.
- Hələ ki olmamışam. Çox çətindir. O günləri bir an belə unuda bilmirəm. Bəlkə nə vaxtsa uşaqlarla gedib bu barədə onlara danışacağam. Çünki tarixi yaşatmaq lazımdır.
Svetlana BAÜIROVA,
"Yeni Tərtər" qəzetinin redaktoru