10 Sentyabr 2026 10:20
254
Mədəniyyət
A- A+
Yaddaşımıza hopmuş əbədi nəğmələr

Yaddaşımıza hopmuş əbədi nəğmələr


Tofiq Quliyev xalqın ruhunu musiqiyə çevirən sənətkar idi


İnsan dünyaya göz açdığı andan həyatın görünməz nəğməsini dinləməyə başlayır. Hələ danışmağı, sözlərin mənasını bilmədiyi bir vaxtda belə, onun ruhuna ilk toxunan musiqi səsi olur. Bəzən bu səs ananın ürəyinin döyüntüsüdür, bəzən beşik başında asta-asta pıçıldanan bir layla... Körpə həmin laylanın sözlərini anlamasa da, onun həzinliyini duyur.

İllər keçir, uşaqlıq uzaqlarda qalır, sözlər yaddaşın dərinliklərində itib gedir, ancaq o laylanın həzin avazı insanın ruhunda əbədi yaşayır. Çünki musiqi insanın yaddaşına sözlərdən əvvəl  yazılır. Bəlkə də buna görə insan ömrü boyu eşitdiyi səslərin ardınca gedir - dənizin pıçıltısına, quşların nəğməsinə, sevdiyi insanın səsinə, uşaqlıqdan yadında qalan bir melodiyaya doğru... Musiqi həyatın görünməyən rənglərini üzə çıxarır, sevincə səs, həsrətə ah, sevgiyə nəğmə, xatirələrə isə əbədiyyət verir.

Bəstəkarın möcüzəsi də elə buradan başlayır. O, hamının eşidib keçdiyi səslərin içindən görünməyən bir ahəng taparaq onu ürəyindən keçirərək nota çevirir, bir anlıq duyğusunu illərin yaddaşına həkk edir. Beləcə, bir insanın qəlbində doğulan melodiya minlərlə, milyonlarla insanın duyğusuna çevrilir.

Tofiq Quliyev də Azərbaycan həyatının səslərini belə dinləyən sənətkarlardan idi. O, xalqın duyduğu, lakin sözlə ifadə edə bilmədiyi hisslərə musiqi dili verib. Onun melodiyalarında Bakının küləyi, Xəzərin nəfəsi, sevginin həyəcanı, ayrılığın kövrəkliyi, gəncliyin sevinci, Vətənə bağlılığın müqəddəs duyğusu var. O, sanki Azərbaycanın öz səsini dinləyib və həmin səsləri nota çevirib. Bəstəkarın musiqisində Bakının səhəri, Xəzərin ləpəsi, axşamın sakitliyi, gəncliyin coşqusu, məhəbbətin kövrəkliyi var. Bu melodiyalarda insan özünü, yaşadığı şəhəri, sevdiyi insanı, müqəddəs saydığı Vətəni görür. Buna görə Tofiq Quliyevin musiqisi sadəcə dinlənilmir -  duyulur və  yaşanır.

1917-ci il noyabrın 7-də Bakıda musiqini sevən bir ailədə dünyaya gələn Tofiq Quliyev hələ uşaqlıqdan bu sehrli dünyanın cazibəsinə düşmüşdü. 12 yaşından musiqi təhsili almağa başlaması onun gələcək taleyini müəyyənləşdirmişdi. Sonralar Azərbaycan Dövlət Konservatoriyasında fortepiano və dirijorluq sənətini öyrənmiş, professor İ.S.Aysberq və S.Y.Ştrasser kimi müəllimlərdən dərs almış, Üzeyir bəy Hacıbəylinin musiqi məktəbindən bəhrələnmişdi. Tofiq Quliyev yalnız hazır musiqini öyrənməklə kifayətlənməmiş, həm də xalqın öz içindən gələn musiqini axtarmışdır. Çünki milli musiqinin ruhunu bilmədən xalqın qəlbinə toxunan əsər yaratmaq çətindir.

Bu yol onu Bülbüllə birlikdə xalq mahnılarının, rəqslərin və muğamların toplanmasına, nota alınmasına gətirdi. Azərbaycan musiqisinin şifahi yaddaşda yaşayan nümunələri nota köçürüldükcə sanki xalqın əsrlər boyu qoruduğu səslər kağız üzərində əbədiləşirdi. Tofiq Quliyev və onun sənət dostlarının bu sahədəki fəaliyyəti Azərbaycan musiqi irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Bəstəkarın  ilk yaradıcılıq addımlarından biri Mirzə Ələkbər Sabirin şeirinə yazdığı mahnı idi. Bu, təsadüfi seçim deyildi. Tofiq Quliyev hələ gənc yaşlarından sözlə musiqinin bir-birini necə tamamladığını duyurdu. Şeir bir duyğunu sözlə ifadə edirdisə, musiqi həmin duyğunun görünməyən tərəfini üzə çıxarırdı.

1930-cu illərin ikinci yarısında Tofiq Quliyevin həyatında yeni bir mərhələ başladı. Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə o, təhsilini davam etdirmək üçün Moskvaya göndərildi. Burada klassik musiqi ilə yanaşı, o dövrün yeni və cazibədar musiqi aləmi - caz və estrada ilə də yaxından tanış oldu. A.Sfasmanın rəhbərlik etdiyi estrada orkestrində pianoçu kimi çalışması onun musiqi dünyagörüşünü genişləndirdi. Bu, çox mühüm məqam idi. Tofiq Quliyev sonralar milli musiqi düşüncəsi ilə Avropa peşəkar musiqi məktəbinin, xüsusən caz elementlərinin imkanlarını bir araya gətirərək özünəməxsus üslub yaratdı. O, Azərbaycan musiqisinin köklərindən uzaqlaşmadan müasir səslənməyə nail oldu. Bu musiqidə nə milli ruh itirdi, nə də dünya musiqisinin nəfəsi.

Həyatının bu sakit yaradıcılıq yolu müharibə ilə yarımçıq kəsildi. Tofiq Quliyev həmin ağır günlərdə sənətkar kimi kənarda dayanmadı. Müharibə illərində hərbi ansamblların yaradılmasında iştirak etdi, əsgərlərin qarşısında səslənən vətənpərvər mahnılar yazdı. 

Bəzən musiqinin silah qədər güclü olduğunu deyirlər. Silah insanın qarşısındakı düşmənə, musiqi isə onun daxilindəki qorxuya qarşı mübarizə aparır. Cəbhədə səslənən mahnı əsgərə doğma evini, anasını, sevgilisini, vətəni xatırladırdı. Bir neçə dəqiqəlik musiqi insanı səngərdən uzaqlara - evinə, ailəsinə, uşaqlığına aparırdı. Tofiq Quliyev belə məqamlarda musiqinin insan ruhuna təsir gücünü yaxşı anlayırdı.

Müharibədən sonra Tofiq Quliyevin yaradıcılığında yüksəliş dövrü başladı. Bəstəkarın mahnıları sürətlə yayılırdı. Bu mahnıların səhnəsi yalnız konsert salonları deyildi, insanların daxili aləmi idi. Axı onun mahnılarını Rəşid Behbudov, Şövkət Ələkbərova, Rauf Atakişiyev, Lütfiyar İmanov və başqa böyük sənətkarlar ifa edirdilər. Sonralar "Qaya" vokal-instrumental ansamblının ifasında da Tofiq Quliyevin mahnıları səsləndi. Amma onun musiqisinin sirri yalnız məşhur ifaçıların böyük sənətində deyildi, həm də melodiyanın insan ürəyinə yaxınlığında idi. Tofiq Quliyev insan səsini çox yaxşı duyurdu. O, müğənninin nəfəsini, səsinin imkanlarını, melodiyanın harada yüksəlib harada sakitləşməli olduğunu hiss edirdi. Ona görə də bəstəkarın mahnılarında melodiya heç vaxt sözlərin üzərinə çıxmır, əksinə, sözün hissini tamamlayır, mahnıları qısa, yığcam və sadə idi. Həmin sadəliyin arxasında böyük sənətkarlıq dayanır. Sənətkarın gücü də elə bundadır. Əsl sənət nümunəsi öz mürəkkəbliyini gizlətmək bacarığındadır.

Tofiq Quliyev deyəndə insanın gözləri önündə ilk canlanan Bakı olur. Bu da təsadüfi deyil. Bakı bəstəkarın yaradıcılığında sadəcə doğma şəhər mövzusu deyildi, həm də bir duyğu idi. Xəzərin sahilində doğulan, küləyini, küçələrini, işıqlarını, insanlarını tanıyan bəstəkar bu şəhəri musiqiyə çevirmişdir. Onun "Bakı haqqında mahnı" əsərində şəhərin obrazı sözlərlə yanaşı, həm də melodiyanın özündə yaşayır. Mahnının sözlərində "Ana Xəzər", "Cavan Bakı", "Mehriban Bakı" kimi obrazlar şəhəri insanlaşdırır, ona canlı bir ruh verir. Bu mahnını dinləyəndə Bakı yalnız göz önündə canlanmır, sanki adamın ruhuna sirayət edir. Xəzərin ləpələri, səhərin işıqları, küçələri, dənizdən əsən külək - hamısı melodiyanın içində bir-birinə qarışır. Tofiq Quliyev Bakını musiqidə elə təqdim etmişdir ki, illər keçsə də, o, şəhərin melodik portreti olaraq qalır.

Bəstəkarın "Axşam mahnısı" kimi əsərlərində isə tamam başqa bir Tofiq Quliyev görünür. Burada şəhərin gurultusu tamamilə çəkilir, axşam düşür, meşənin üzərinə kölgə enir, insan gözünü yola dikir. Melodiya sakitləşir və dinləyicini düşüncələrə aparır. Bu mahnıda musiqi sanki sözlərin arasında görünməyən bir hekayə danışır. "Badamlı", "Bağçamız", "Arzular", "Darıxma", "Sənə də qalmaz", "Azərbaycan", "Axşam mahnısı", "Bakı haqqında mahnı" və başqa əsərlər müxtəlif ovqatların musiqi yaddaşıdır. Birində sevgi var, digərində həsrət, üçüncüdə baharın nəfəsi, başqa birində Vətən, növbətidə isə insanın öz içində heç kimə demədiyi duyğular...

Tofiq Quliyevin yaradıcılığının böyük bir hissəsi kino ilə bağlıdır. "Görüş", "Bəxtiyar", "Qızmar günəş altında", "Ögey ana", "Onu bağışlamaq olarmı?", "Telefonçu qız", "Dərviş Parisi partladır", "Qayınana" və başqa filmlər üçün yazdığı musiqilər Azərbaycan kino tarixinin yaddaşında xüsusi yer tutur. Rəsmi  mənbələrdə bəstəkarın 40-dan çox bədii və sənədli filmə musiqi bəstələdiyi qeyd olunur. Kino musiqisinin bir özəlliyi var - bəstəkar ekranda görünmür, amma onun musiqisi hadisələri təqib edir, onların emosional yaddaşına çevrilir. Tofiq Quliyevin musiqisi bunu çox yaxşı bacarırdı.

Bəstəkarın yaradıcılığına nəzər salanda bir həqiqət aydın görünür - o, musiqini xalqdan uzaqlaşdırmır, əksinə, onu xalqın gündəlik həyatına gətirmişdir. Tofiq Quliyevin əsərlərini musiqini duymayan insanlar da sevirdi. Çünki həmin əsərlərdə insanın təbii duyğuları var. Məhz buna görə onun musiqisi nəsildən-nəslə keçdi. 

Tofiq Quliyev yalnız bəstəkar deyildi, həm də pianoçu, dirijor, təşkilatçı, musiqi xadimi və Azərbaycan estrada musiqisinin yaradıcılarından biri idi. O, Azərbaycan Filarmoniyasına rəhbərlik etmiş, Azərbaycan Bəstəkarlar İttifaqında uzun illər mühüm vəzifələr daşımışdı. Azərbaycan Xalq artisti fəxri adına layiq görülmüş, müxtəlif dövlət mükafatları və ordenlərlə təltif olunmuşdu. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edilməsi bəstəkarın sənətinə verilən ən yüksək qiymətin ifadəsi idi. Amma sənətkarın ən böyük mükafatı bunlar deyildi, mahnılarının yaşamasıydı.

Tofiq Quliyev 2000-ci il oktyabrın 4-də dünyasını dəyişdi. Amma onun musiqisi susmadı. Böyük bəstəkarların ölümü onların yaratdığı əsərlərin sonu demək deyil, əksinə, xalqın yaddaşında yeni həyatının başlanğıcıdır. Bu gün Tofiq Quliyevin musiqisini dinləyəndə biz yalnız keçmişi xatırlamırıq, özümüzü, uşaqlığımızı, gəncliyimizi, ilk sevgimizi, qədim Bakını, Xəzərin sahilində keçirdiyimiz axşamları, bir vaxtlar yanımızda olan, indi isə yalnız xatirələrdə yaşayan insanları xatırlayırıq. Musiqinin ən böyük qüdrəti də elə budur - o, zamanı geri qaytara bilmir, amma keçmişi yaşada bilir. 

Tofiq Quliyev Azərbaycan həyatının rənglərini musiqiyə çevirdi, xalq mahnısının yaddaşını cazın ritmi ilə, peşəkar bəstəkarlıq məktəbini estradanın nəfəsi ilə, şəhərin səsini insan ürəyinin döyüntüsü ilə birləşdirdi. Onun musiqisində Azərbaycan var. Bəzi mahnılar sadəcə bəstələnmir, xalqın yaddaşında doğulur,  Tofiq Quliyevin əsərləri kimi... 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

12:55
10 Sentyabr

Koreya səfiri: "KOICA Qarabağ və Şərqi Zəngəzurda kəhrizlərin bərpası layihəsinə başlayacaq "

12:50
10 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə

12:45
10 Sentyabr

Sabah Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

12:43
10 Sentyabr

Haqsız rəqabətə qarşı nəzarət güclənir

12:40
10 Sentyabr

Tovuzda bu il ali məktəblərə qəbul olunanlar sırasında şəhid övladları da var

12:35
10 Sentyabr

“Qarabağ KOB-ları” layihəsində yeni mərhələ

12:30
10 Sentyabr

AMB və Dünya Bankı əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər

12:25
10 Sentyabr

Lənkəranda dövlət proqramının icrası çərçivəsində növbəti hədəflər müəyyən edilib

12:20
10 Sentyabr

Bir qrup gənc Şəmkir RİH-də könüllülük fəaliyyətini başa vurub

12:15
10 Sentyabr

YAP Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib

12:10
10 Sentyabr

Salyanda pambıq yığımına hazırlıq yekunlaşmaq üzrədir

12:05
10 Sentyabr

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

12:00
10 Sentyabr

İsraildə körpə qidasına anestezik maddə qatmaqda şübhəli bilinən şəxsə ittiham irəli sürülüb

11:50
10 Sentyabr

UNESCO xəbərdarlıq edir: Dünyada məktəblərə hücumlar 2025-ci ildə 33 faiz artıb

11:47
10 Sentyabr

D.Tramp, respublikaçılar Konqresə nəzarəti saxlayarsa, hər bir yetkin amerikalıya 5000 dollar vəd edib

11:45
10 Sentyabr

Serbiya Prezidenti növbədənkənar parlament seçkiləri elan etdi

11:43
10 Sentyabr

Suriyada baş verən partlayışda 14 nəfər həlak olub

11:40
10 Sentyabr

Ötən gün 71 cinayətin açılması təmin olunub

11:37
10 Sentyabr

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib  

11:35
10 Sentyabr

Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında

11:33
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!