“YAŞAT” Fondunun təşkilatçılığı, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi başa çatıb.
Bu barədə AZƏRTAC-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın dəstəklənməsi, asudə vaxtın səmərəli təşkili, həmçinin yeni dostluq və ünsiyyət imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində iştirakçılar Türkiyənin tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə müxtəlif məkanları ziyarət ediblər.
Proqrama uyğun olaraq iştirakçılar Çanaqqalada keçirilən “Kültür yolu” Festivalına qatılıb, “Tamamilə doluyuz” tamaşasını izləyiblər. Növbəti günlərdə iştirakçılar Şəhidlər xiyabanlarını, tarixi məkanları ziyarət ediblər. Proqram çərçivəsində idman və sosial fəaliyyətlərə də xüsusi yer ayrılıb, dostluq məqsədi ilə bocce turniri keçirilib. Çanaqqala On Səkkiz Mart Universiteti ilə əməkdaşlıq çərçivəsində iştirakçılar üçün psixoloji mövzuda maarifləndirici görüşlər də təşkil olunub.
Layihə çərçivəsində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini ilə görüş keçirilib. Nazir müavini Adil Çalışkan gənclərlə görüşərək, onlarla fikir mübadiləsi aparıb.
İştirakçılar İstanbul şəhərində də olublar. Onlar burada Azərbaycanın bu ölkədəki baş konsulu Zamin Əliyev ilə görüşüblər. Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım görüşdə iştirak edib.
Sentyabrın 1-7 tarixlərini əhatə edən layihədə 17–18 yaşlı 26 şəhid övladı iştirak edib.