Lənkəranda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatları dəqiqləşdirmək olub.
Çıxış edən ŞİH-in başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni xatırladaraq ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. O, dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Lənkəranda görülən işlər barədə məlumat verib. Bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək üçün xüsusi qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla görüşlər keçirilir və rayon üzrə dövlət proqramının icrasına dair konkret hədəflər müəyyən edilir.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev çıxışında dövlət proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək üçün hazırlanmış genişhəcmli fəaliyyət planı olduğunu qeyd edib. Vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Qeyd edib ki, bu strateji hədəflər zəngin aqrar ənənələrə, əlverişli təbii-iqlim şəraitinə və böyük istehsal potensialına malik Lənkəran rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir.
Çıxış edən fermer və sahibkarlar Dövlət Proqramının icrası ilə bağlı növbəti dövr üçün hədəflərini açıqlayıb, qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıblar. Lənkəranlı fermer və sahibkarlar dövlət proqramının icrasına yaxından qoşulacaqlarını bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.
Qarşılıqlı müzakirə formatında davam edən görüşdə iştirakçıların sualları cavablandırılıb.
Seyran CAVADOV,
“Azərbaycan”