Tarix öz miqyası ilə bir çox dəhşətli faciələrin şahidi olub. Belə ki, hələ XIV əsrdə minlərlə insanın ölümünə səbəb olan taun epidemiyası, 1556-cı ildə Çinin Şansi vilayətində 630 min insanın həyatına son qoyan dəhşətli zəlzələ, XX əsrdə milyonlarla insanın ölümünə səbəb olan I və II Dünya müharibələri, Xatın, Leypsiq, Oradır dəhşətləri, Xirosima və Naqasaki şəhərlərinin taleyinə qara xətt çəkən atom bombaları. Bütün bunlar zaman-zaman baş verib cəmiyyəti lərzəyə gətirsə də, XX əsrin sonlarında xalqımıza qarşı törədilən 20 Yanvar, Xocalı faciəsi bəşəriyyətin qoynunda yer tutan dərd, kədər və faciələrin ən dəhşətlisi hesab olunmalıdır.
Xalqımıza qarşı törədilən faciənin şahidi fransız jurnalisti Jan-İv Ginyet yazırdı: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular".
1956-cı ildə Budapeşt, 1968-ci ildə Praqa, o cümlədən 1989-cu ildə Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verildiyi halda, 1990-cı ilin yanvarında Bakıda yaşanan olaylara, Xocalı faciəsinə fərqli prizmadan baxıldı. Həmin hadisələr SSRİ rəhbərliyinin Azərbaycanda ekstremist qüvvələri zərərsizləşdirmək və əhalini xaosdan qorumaq üçün atdığı məcburi addımı kimi tanındı.
Azərbaycan xalqı son iki yüz il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından dəfələrlə qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş, on minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Hələ XIX əsrin ilk onilliklərində çarizm tərəfindən əzəli Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər dəfələrlə fitnəkarlığa, xəyanətə əl atmış, öz havadarlarına arxalanaraq 1905-ci, 1918-1920-ci illərdə və digər vaxtlarda xalqımıza qarşı qanlı qırğınlar törətmişlər.
Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Azərbaycanın tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salan elə hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinmir. Ermənilərin törətdikləri Xocalı soyqırımı da unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Nəticədə şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar.
Fevralın 26-sı səhər saat 5-ə kimi Xocalı erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Soyuq, qarlı fevral gecəsində qız-gəlinlərimiz əsir düşmüş, girov götürülmüşdür. İnsanlar ermənilərdən yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur.
Cinayətkar erməni qoşunları beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə mühasirədəki Xocalı şəhərinin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridərək onlara misli görünməmiş qəddarlıqla divan tutdu, şəhər barbarcasına yerlə yeksan edildi. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Bu dəhşətli qətliamda 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan əlavə, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu vaxtadək məlum deyil.
Xocalıda baş verən dəhşətlərə həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də yer ayırmışdır. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusilə diqqət çəkmişdir. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpərdici mənzərələrlə rastlaşmadığını yazmışdır. O, "Libardion" qəzetində çap etdirdiyi "Erməni terrorizminin canlı şahidi oldum" sərlövhəli yazısında Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, burada məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizminin dünyanı məhz bu yolla "ram etməyə" çalışdığını göstərmək istəmişdir.
Faciənin baş verməsində əsas məsuliyyətin bilavasitə o zaman ölkəyə rəhbərlik edən qətiyyətsiz hakimiyyətin üzərinə düşdüyünü də açıq deməliyik. Hadisələrin ilkin dövrlərində ozamankı iqtidar Xocalı şəhərinin mülki əhalisinin xilası naminə vaxtında qətiyyətli tədbir görməmişdir. Dövlətin başında duranlar hadisədən sonra xalqın qəzəbindən qorxaraq onun miqyasını kiçiltməyə çalışmış, rəsmi məlumatlarda isə Xocalıda guya "iki nəfərin öldüyü" bildirilərək əsl həqiqəti gizlətmiş, ictimaiyyətə yalan məlumat vermişdilər.
Xocalı faciəsi dünyada törədilən bir çox soyqırımı hadisələrindən dəhşətli olsa da, bu hadisəyə uzun müddət hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
Ümummilli Lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevralın 26-da saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Ulu Öndər Heydər Əliyev demişdir: "Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür".
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir. Faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətdə həm dövlət səviyyəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlarımız tərəfindən istər respublika daxilində, istərsə də ölkəmizdən kənarda çoxlu iş görülüb. Beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, fotolar dərc edilib, kitablar buraxılıb, sərgilər keçirilib.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-nin 20-dən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Azərbaycan bununla öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal duyuldu və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya çatdırıldı.
Prezident İlham Əliyevin söylədiyi - "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Bu soyqırımı törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir", - sözləri Zəfər salnaməmizin yazılmasında hər kəsin birliyini bir daha nümayiş etdirdi.
2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi isə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Azərbaycan xalqı yüksək səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Nəticədə tarixi zəfərə imza atıldı, Azərbaycan Qarabağa qovuşdu, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda raket hücumu zamanı həlak olan günahsız dinc insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, qəhrəman əsgər və zabitlərimiz oldu.
2020-ci il 44 günlük Vətən müharibəsində, 2023-cü il antiterror əməliyyatında ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və onların havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı, suverenliyini, ərazi bütövlüyünü bərpa etdi, tarixi ədalət öz yerini tutdu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası isə müasir hərb tarixinə yeni örnək oldu.
Azərbaycan Ordusu Qarabağı xilas etməklə yanaşı, Xocalının da qisasını aldı. Bu qələbə Müzəffər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.
Arzu ABDULLAYEV,
Ali Məclis Sədrinin müavini, tarix üzrə fəlsəfə doktoru, dosent