06 May 2023 09:00
2385
SİYASƏT
A- A+

Xilaskar Lider

 

Ulu Öndər Heydər Əliyev xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin olunmasına hər zaman xüsusi diqqətlə yanaşıb

 

Həqiqət zülmət qaranlığın bağrını dələn, onu nurlandıran gün işığıdır. Əslində, həqiqətə heç gün işığı da lazım deyil. Bu gün bizim əsl həqiqətimiz Azərbaycanın rəmzi kimi dünyada qəbul edilən Ulu Öndər Heydər Əliyevdir - xalqa xidmət yolunda əsrlərə sığmayan qədər böyük tarixi işlər görən, adı bəşəriyyətin yaddaşına qızıl hərflərlə yazılan tarixin ən böyük azərbaycanlısı! Həyat və fəaliyyəti Azərbaycan xalqı üçün taleyin böyük bir töhfəsi, həm də tükənməz bir xəzinədir. Yaşadığı ömür yolu qürur və iftixar mənbəyimizdir, həyat məktəbidir. Bu məktəbdən bugünkü və gələcək nəsillər çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edən Ulu Öndərin müdriklik dərsini öyrənəcək, müqəddəs ideyalarından, irsindən bəhrələnəcəklər. 
Çox xoşbəxtik ki, Ulu Öndərin müasirləri və qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşları olmuşuq. Bu gün hər birimiz, bütövlükdə dünyada yaşayan əlli milyon azərbaycanlı, bütün türk dünyası, müsəlman aləmi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin işığına yığışıbdı. İstər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə yubiley tədbirləri azərbaycanlıların öz dahisinə necə dərin və sonsuz məhəbbət bəslədiyini parlaq şəkildə təcəssüm etdirir. Milli maraqları və Vətənə xidməti hər şeydən üstün tutaraq şah əsəri olan müstəqil Azərbaycanı qurub-yaradan Ümummilli Lider milli dövlətçiliyin inkişafı, ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunma missiyasını ömrünün sonunadək şərəflə davam etdirmişdir. 
Heydər Əliyev 1969-cu ilin ikinci yarısında Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız bütün istiqamətlər üzrə 15 müttəfiq respublika arasında ən geridə qalmış vəziyyətdə idi. Yaşanan tənəzzül, iqtisadiyyatı və milli özünüdərki bürümüş dərin böhran hər bir sahədə mənfi nəticələrini göstərirdi. Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atan Ulu Öndər qısa müddətdə respublikada idarəçilik sistemini möhkəmləndirdi. Azərbaycanda, sözün əsl mənasında, misli görünməmiş islahatlara başlanıldı, respublikamız böyük tikinti-quruculuq, abadlıq meydanına çevrildi. Respublikamızın siması tamamilə dəyişdi, paytaxtımız dünyanın müasir şəhərləri sırasına daxil oldu. 
Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks proqramlar hazırlanıb qəbul edildi, onların işlək mexanizmə çevrilməsi, icrası ölkəmizin gələcəyi baxımından tarixi əhəmiyyətli addımlardan oldu. O illərdə Heydər Əliyev dahi uzaqgörənliklə reallaşdırdığı əzəmətli işlərlə milli özünüdərkin oyanmasının, milli kimliyimizə, kökümüzə qayıdışın yeni mərhələsinin əsasını qoydu, əsl intibah dövrü yaşandı. Azərbaycan dilinə rəsmi dövlət dili statusu qazandırdı. Azərbaycanın elmi və kadr potensialını gücləndirdi, keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə gənclərin göndərilməsi, güclü milli zabit heyətinin formalaşdırılması üçün çox ciddi işlər görüldü ki, bu da gələcək müstəqil Azərbaycan dövlətinin yaradılmasına doğru atılan qətiyyətli addımlar idi.
Ümummilli Lider yüksək sürətlə inkişaf edən ölkəmizin iri addımlarla irəlilədiyi o illəri xatırlayarkən deyirdi: "Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır". 1982-ci ildə artıq Azərbaycan bütün istiqamətlərdə inkişaf baxımından keçmiş SSRİ-də birinci ölkələrdən idi. Ulu Öndər yeganə azərbaycanlı olaraq sovet rəhbərliyində yüksək vəzifədə çalışdığı illərdə də ölkəmiz və xalqımız üçün əlindən gələni etdi.
Ümummilli Lider Heydər Əliyev sovetlər birliyində yaşadığımız dövrdə və müstəqillik illərində sosial-iqtisadi həyatın digər sahələri kimi, xalqımızın təhlükəsiz və firavan həyatının təmin edilməsi işinə də daim xüsusi əhəmiyyət vermişdir. 1969-cu ildə hakimiyyətə gələrkən insan həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm islahatlara başlayan Ulu Öndər qısa vaxt ərzində bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi və onların idarə edilməsi sisteminin yaradılmasına, təkmilləşdirilməsinə, xilasetmə işinin yüksək səviyyədə qurulmasına, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması kimi həyati əhəmiyyətli tədbirlərin təşkilinə və həyata keçirilməsinə nail olmuşdur. Müasir texnika, cihaz və avadanlıqların alınmasına, xilasedici mütəxəssislərin hazırlanmasına, onların keçmiş ittifaqın müvafiq ali məktəblərində təhsil almasına nail olmuşdur. Eyni zamanda Azərbaycanın təhsil və səhiyyə müəssisələrində mülki müdafiənin əsaslarını tədris edən kafedraların təşkili diqqət mərkəzində saxlanılmışdır. Beləliklə, Ulu Öndər tərəfindən mülki müdafiə sisteminin əsaslı fundamenti qoyulmuşdur. Təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahəsində mükəmməl proqramlar qəbul olunmuş və həyata keçirilmişdir. 
Həmin illərdə güclü kadr potensialının yaradılması məsələlərini kompleks şəkildə həll edən Ümummilli Lider Heydər Əliyev təkcə mülki müdafiə qüvvələri üçün deyil, eyni zamanda Azərbaycanın yanğından mühafizə orqanının milli kadrlarla təmin edilməsi istiqamətində mühüm işlər görmüşdü. XIX əsrin sonlarından başlayaraq formalaşan Azərbaycanın yanğın təhlükəsizliyi xidməti uzun illər fəaliyyət göstərməsinə, sıralarında yüzlərlə azərbaycanlının fədakarlıqla xidmət etməsinə baxmayaraq, 1969-cu ilə qədər ölkənin yanğından mühafizə idarəsinə daim qeyri-millətlərin nümayəndələri rəhbərlik etmişlər. Bu sözləri tam mənada mülki müdafiə qurumlarına da şamil etmək olar. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə mənzərə tamamilə dəyişmiş, bu qurumların rəhbərliyinə azərbaycanlılar gətirilməyə, rəhbər vəzifələrə irəli çəkilməyə başlanılmışdır. Eyni zamanda 1970-ci ilə qədər Azərbaycandan kənarda xüsusi məktəblərdə çox az sayda azərbaycanlı gənc təhsil alırdısa, 70-ci illərin sonunda artıq keçmiş SSRİ-nin müxtəlif ixtisaslaşmış ali və orta ixtisas məktəblərində Azərbaycanın yanğından mühafızə orqanlarının yüzlərlə əməkdaşı elmi və praktiki biliklərə, vərdişlərə yiyələnirdilər. Təsadüfi deyil ki, bu gün mülki müdafiə qüvvələrində, yanğından mühafizə və nəzarət orqanlarında fəaliyyət göstərən mütəxəssislərin bir hissəsi məhz Heydər Əliyevin birinci hakimiyyəti dövrünün məzunlarıdır.
Neft sənayesinin yanğın təhlükəsizliyini diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev bu sahədə baş verən yanğın hadisələrinin qarşısının alınması ilə bağlı çox ciddi addımlar atmışdır. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi məqsədilə 1969-cu ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Dövlət Komitəsi təşkil edildikdən sonra bu sahədə təhlükəsizlik məsələlərinə diqqət daha da artırılmışdır. 
Respublikanın rəhbəri Heydər Əliyevin 1971-ci il oktyabrın 20-də indiki "Azərneftyanacaq" İstehsalat Birliyinin 7-ci rezervuar stansiyasının 3-cü sexində güclü yanğın baş verən əraziyə gəlməsi, yanğınsöndürənlərlə birgə olması ölkəmizin yanğın təhlükəsizliyi xidmətinin tarixinə şanlı səhifələrdən biri kimi daxil olub. Heydər Əliyevin tapşırığı ilə 70-ci illərdə Xəzər dənizi akvatoriyasındakı neft-qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyini qoruyan və istismar müddətini bitirmiş gəmilər yeniləri ilə əvəz olunmuşdur. Ümummilli Liderin nüfuzu sayəsində "Vixr" tipli yanğınsöndürmə gəmiləri Azərbaycana gətirilmişdir. Hər cür çətin hava şəraitində yüksək manevretmə qabiliyyətinə, xüsusi yanğınsöndürmə avadanlıqlarına malik, müasir naviqasiya vasitələri ilə təchiz olunmuş bu gəmilər Azərbaycanın dövlət müstəqilliyi dövründə də Xəzər dənizi akvatoriyasındakı neft-qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyində mühüm rol oynamaqdadır. 
1974-cü il sentyabrın 13-də Biləcəri dəmiryol stansiyasında sərnişin və yük qatarlarının toqquşması səbəbindən xeyli sayda insanın ölümü ilə nəticələnən hadisə baş vermişdir. Dərhal hadisə yerinə gələn respublikanın rəhbəri Heydər Əliyevin göstərişi ilə xəsarət alanlara yüksəkkeyfiyyətli tibbi yardım göstərilmiş, həlak olanların yaxınları diqqət və qayğı ilə əhatə olunmuş, onlara yardımlar edilmişdir. 
1981-ci ilin noyabr-dekabr aylarında İsmayıllı rayonunda baş verən güclü zəlzələ nəticəsində əlli kilometrədək radiusda iki mindən çox bina, əsasən də köhnə tikililər dağılmışdır. Hadisə yerinə gələn respublikanın rəhbəri baş vermiş zəlzələnin fəsadları ilə yerindəcə tanış olmuş, təbii fəlakətdən zərərçəkənlərlə görüşüb, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını vermişdir. Qısa vaxt ərzində zəlzələdən zərərçəkənlər müvəqqəti çadırlarda yerləşdirilmiş, onlar lazımi ərzaq, içməli su və isti geyimlə təmin olunmuşlar. Heydər Əliyevin tapşırıqlarına əsasən, dağılan infrastrukturun bərpası sürətlə həyata keçirilmişdir.
Heydər Əliyev Moskvada Sov.İKP.MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə nəhəng sovet dövlətinin həyati əhəmiyyətə malik bir çox sahələrinə rəhbərlik etmişdir. Həmin illərdə də insan təhlükəsizliyinin təmin olunması məsələlərinə xüsusi fikir verən Heydər Əliyev baş vermiş bir sıra təbii və texnogen hadisələrin, fövqəladə vəziyyətlərin aradan qaldırılmasına rəhbərlik edir, bu istiqamətdə mühüm tədbirlər görürdü. 1986-cı il avqustun 30-da Novorossiysk yaxınlığında sərnişin teploxodu "Admiral Naximov"la yük gəmisi "Pyotr Vasev"in toqquşması nəticəsində böyük gərginlik yaranmışdı. Yaranan vəziyyət sovet rəhbərliyini təşvişə salmışdır. Qəza nəticəsində yüzlərlə sərnişin həlak olmuşdu. Bundan narahat olan Siyasi Büro vəziyyətin sakitləşdirilməsi, onun nəticələrinin aradan qaldırılması üçün Heydər Əliyevin rəhbərliyi ilə dövlət komissiyası yaratmışdı. Hadisə yerinə gələn Ulu Öndər faciədə həlak olan insanların yaxınları və xəsarət alanlarla tez-tez görüşür, dövlət komissiyasının üzvlərinin cavabdeh olduqları məsələləri yerinə yetirmələrinə nəzarət edirdi. Komissiyadakı işi zamanı Heydər Əliyevin diqqətini qəza nəticəsində həlak olanlardan birinin ölümü haqqında arayışı cəlb edir. Arayışda həlak olanların ölüm səbəbi kimi "boğulma" qeyd edilmişdi. Ulu Öndərin 400-dən artıq blankda ölüm səbəbinin dəyişdirilməsini tələb etməsi ilə oraya "ölümə "Admiral Naximov" teploxodunun qəzaya uğraması səbəb olub" sözləri əlavə olunur. Bununla da Ulu Öndər hər zaman xüsusi əhəmiyyət verdiyi ədaləti bərpa edir. 
Heydər Əliyevin fövqəladə hallar zamanı insan təhlükəsizliyi faktoruna xüsusi diqqət yetirməsi, obyektivliyin və həqiqətin insanlara çatdırılması istiqamətindəki möhkəm iradəsi sovet rəhbərliyinin ona qarşı qısqanclığını daha da artırırdı. 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş vermiş güclü partlayış böyük fəlakətlə nəticələndi. Həmin dövrdə keçmiş SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hər vəchlə Çernobılda dəhşətli hadisənin baş vermədiyini və bunun adi qəzalardan biri olduğunu sübut etməyə çalışırdı. Bunun üçün o, qəzaya yaxın olan Kiyevdə 1 May bayramının təntənəli şəkildə keçirilməsi barədə göstəriş verməklə dünyanı aldatmaq istəyirdi. Ümummilli Lider Heydər Əliyev Siyasi Büronun yeganə üzvü idi ki, faciənin gizlədilməsinə qarşı çıxmış və baş vermiş hadisənin xalqa doğru-dürüst çatdırılmasını təkid etmişdir. Ulu Öndər haqlı olaraq bildirmişdi ki, yalnız bu yolla və beynəlxalq yardım vasitəsilə qəzanın zərərini azaltmaq, nəticələrini aradan qaldırmaq olar. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması məqsədilə yaradılan fövqəladə komissiyanın rəhbəri Heydər Əliyev bu dövrdə də uzaqgörən, müdrik, səriştəli lider olduğunu nümayiş etdirdi. Fəlakət bölgəsində xilasetmə işləri başlayan andan Dahi Öndərimiz bu mürəkkəb problemin həllində əsl fədakarlıq və yüksək rəhbərlik qabiliyyəti göstərdi. 
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda çox mürəkkəb vəziyyət yaranmış, ölkə real fəlakətlə üz-üzə qalmışdı. Ulu Öndər 1990-cı ildə Naxçıvana gələrək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə erməni təcavüzündən qorudu, əsl nicat yoluna çıxararaq onun hərtərəfli inkişafını təmin etdi. Qeyri-sabit, qarşıdurmanın ifrat həddə çatmış olduğu, müstəqilliyin itirilmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə - 1993-cü ilin iyun ayında xalqın tələb və təkidi ilə hakimiyyətə yenidən qayıdan, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyən Ulu Öndər Azərbaycanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, ölkəni qısa müddətdə dayanıqlı, dinamik və təhlükəsiz inkişaf yoluna çıxardı. 
Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi, təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili üçün də konkret addımlar ataraq Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı məsələsini daim diqqət mərkəzində saxlayıb. Mülki müdafiə sisteminin dinamik inkişafını və təkmilləşdirilməsini təmin edən Ulu Öndər Heydər Əliyev onun hüquqi aspektlərini də müəyyənləşdirib. Ümummilli Lider fəlakətin vaxtında qarşısının alınmasına, qabaqlayıcı tədbirlərin görülməsinə xüsusi diqqət yetirilməsini, uyğun qurumlardan bununla bağlı öz işlərini düzgün qurmağı tələb edərək fövqəladə hal baş verən əraziyə şəxsən özü gedir, ciddi tapşırıqlarını verirdi. Azərbaycanda fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması ideyası ilə çıxış edən Ulu Öndər Heydər Əliyev həyata keçirilməsi vacib olan təxirəsalınmaz vəzifələri müəyyənləşdirib hökumətin fövqəladə hallara hazırlıq məsələsini gündəliyə gətirərək, müdrik uzaqgörənliklə Azərbaycanda yaradılmasını nəzərdə tutduğu qurumun əsas istiqamətlərini bəyan etmişdi.
Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin qayğısı nəticəsində insanların təhlükəsizliyinin təminatında xüsusi rol oynayan yanğın təhlükəsizliyi xidməti üçün milli kadrların hazırlanması probleminin həllinə nail olunub. Belə ki, Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli Qərarı ilə Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə xüsusi orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbi yaradılıb. 
Həmçinin yanğın təhlükəsizliyi məsələlərinin hüquqi tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin 10 iyun 1997-ci il tarixli qərarı ilə "Yanğın təhlükəsizliyi haqqında" qanun qəbul edilib və 1997-ci il 25 iyunda Azərbaycan Respublikasının Prezidenti "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. Beləliklə, müstəqil Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin hüquqi əsasları yaradılıb.
Qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyev 30 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının "Mülki Müdafiə haqqında" qanununu təsdiq edib və onun tətbiq edilməsi barədə 18 aprel 1998-ci il tarixli müvafiq fərman imzalayıb. Beləliklə, mülki müdafiənin bir sistem olaraq inkişaf etməsinə zəmin yaradılıb. Bu sahədə hüquqi və fiziki şəxslər qarşısında duran vəzifələr müəyyən olunub. 
2000-ci ilin mart ayında Bayıl yamacında baş verən torpaq sürüşməsi ərazidə ciddi təhlükə və narahatçılıq yaratmışdı. Torpaq sürüşməsindən sonra əraziyə baxış keçirən Heydər Əliyev Bayıl yamacında torpaq sürüşməsi nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə həmin zonada, eləcə də "Əbədi məşəl" abidəsi ətrafında aparılan bərpa işlərinin sürətləndirilməsi üçün tapşırıqlar vermiş, ərazidə problemin köklü həllini önə çəkmişdir. 
Həmin ilin noyabr ayında Azərbaycanda baş vermiş zəlzələ nəticəsində dəyən ziyanın aradan qaldırılmasına həsr olunan müşavirədə Ümummilli Lider müvafiq qurumlara ciddi tapşırıqlarını vermişdir. Ulu Öndər Heydər Əliyevin 28 noyabr 2000-ci il tarixli sərəncamı ilə Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Azərbaycan Respublikasının bir sıra rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün maliyyə vəsaiti ayrılmışdır. 
Bu gün Ulu Öndərin elmi cəhətdən əsaslandırılmış strategiyasına və siyasi xəttinə sadiq qalan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan dövləti əhalinin təhlükəsiz şəraitdə yaşaması üçün lazımi tədbirləri uğurla həyata keçirir. Dövlətimizin başçısının uğurla gerçəkləşdirdiyi  islahatların bir istiqaməti də məhz əhalinin təhlükəsiz şəraitdə yaşaması üçün lazımi tədbirlərin görülməsinə yönəlib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkə ərazisində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında çevikliyin təmin olunması, əhalinin mühafizəsi üçün atdığı addımlar onu göstərir ki, dövlətimizin başçısı bu məsələlərə çox ciddi və həssas yanaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il dekabarın 16-da imzaladığı müvafiq sərəncamla mövcud sistemdə mütərəqqi dəyişiklik edilərək, ölkəmizdə təbii və texnogen fövqəladə hadisələrlə mübarizənin mərkəzləşdirilmiş qaydada sistemli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin yaradılması ölkə vətəndaşlarının təhlükəsizliyinə yönələn ciddi addımlardandır.
Ulu Öndər Heydər Əliyevin "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır" müdrik kəlamını öz fəaliyyət prinsipi kimi qəbul edən Fövqəladə Hallar Nazirliyi ötən dövr ərzində dövlət başçısının diqqət və qayğısı sayəsində ən müasir texnika və avadanlıqlara, peşəkar kadr heyətinə malik mobil bir quruma çevrilib. Nazirlik ötən illər ərzində istər ölkə ərazisində, istərsə də ölkə hüdudlarından kənarda baş vermiş mürəkkəb fövqəladə hadisələrlə hər zaman uğurlu mübarizə nümunəsi göstərib.
Yeri gəlmişkən, bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim təbii və texnogen hadisələr zamanı zərərçəkən insanların yanında olur, onların problemlərinin həllinə xüsusi həssaslıqla, diqqət və qayğı ilə yanaşır, operativ olaraq irimiqyaslı hadisələrin baş verdiyi bölgələrə səfərləri zamanı fəlakətin nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətin bütün resurslarını səfərbər edirlər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər Ulu Öndər Heydər Əliyevin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. Dövlətimizin başçısının yüksək sərkərdəlik məharəti ilə xalqımıza bəxş etdiyi Qarabağ zəfər sevincini böyük qürur hissi ilə yaşayırıq. Vətən müharibəsi misli görünməmiş, əzəmətli bir qəhrəmanlıq dastanı, Ulu Öndər Heydər Əliyev siyasi kursunun təntənəsidir. Bu gün Azərbaycan həm də işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə dünyanı heyrətləndirir. Vətən müharibəsində hərbi gücünü dünyaya göstərən Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlərlə iqtisadi qüdrətini nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə Qarabağa və Şərqi Zəngəzura ardıcıl səfərləri bölgənin dirçəlişini daha da sürətləndirib. Bugünkü qalib Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Böyük qurtuluşdan başlanan yolu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, məğlubedilməz sərkərdə cənab İlham Əliyev düşmən üzərində parlaq qələbə ilə davam etdirərək, ərazi bütövlüyümüzü bərpa edib, ata vəsiyyətini yerinə yetirib. Bugünkü müstəqil Azərbaycan tarixinin heç bir mərhələsində olmadığı qədər güclüdür. Böyük qayıdış proqramı həm Qarabağımızın və Şərqi Zəngəzurun, həm də geniş mənada ölkəmizin yeni işıqlı sabahlarından xəbər verir. Qısa müddətdə ölçüyəgəlməz dərəcədə görülən işlərin hamısı Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəz kimi, dahi rəhbərin ideyalarının reallaşdırılmasında, zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan layihələr Azərbaycan dövlətinin milli gücünün artmasında, müstəqilliyimizin möhkəmləndirilməsində mühüm rola malikdir. 
Ümummilli Liderin qurub-yaratdıqları, müdrik ideyaları bütün dövrlər üçün daimidir, aktualdır. Heydər Əliyev irsi yüz illər boyu Azərbaycan xalqına yol göstərəcək, ölkəmizin davamlı inkişafına möhtəşəm töhfəsini verəcək. Ulu Öndərin ideyalarından güc alan Azərbaycanın müstəqilliyi Heydər Əliyevin dediyi kimi, əbədidir, dönməzdir və sarsılmazdır! Biz dünyaya Heydər Əliyev zirvəsindən, müstəqil, bütöv Azərbaycandan baxırıq. 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə - istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmiş və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir".

Kəmaləddin HEYDƏROV,
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, 
general-polkovnik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video