Seçilmiş insanlar həyatlarının mənasını xeyirxah işlərə həsr etməkdə görür, özlərindən sonra ölməz xatirələrə dönən nurlu-işıqlı əbədiyyət ömrü qazanırlar. Belə ziyalılardan biri də Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevdir.
Görkəmli alim 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. 1953-cü ilə qədər Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayında Azərbaycan Tibb İnstitutunun Siyasi iqtisad kafedrasında işə başlamış və ömrünün sonuna qədər burada çalışmışdır. O, 1970-ci ildə iqtisad elmləri namizədi, 1983-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcələri almışdır. 1979-cı ildən professor olmuş alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti, Azərbaycan elminə verdiyi töhfələr ayrı-ayrı dövrlərdə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Əməkdar elm xadimi fəxri adına, "Şöhrət", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və digər medal, fəxri fərman və təltifnamələrə layiq görülmüşdür.
AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin apardığı tədqiqat işləri çoxsahəli olsa da, elmi yaradıcılığında əsas yeri sosial iqtisadi problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və istehlak problemlərinin həlli, səhiyyənin iqtisadiyyatı, əhalinin sağlamlığının sosial-iqtisadi və demoqrafik inkişaf aspektlərinin tədqiqi tutur. Bu problemlər onun 190-a yaxın elmi-tədqiqat əsərlərində, 13 sanballı monoqrafiyada, 6 dərslik və dərs vəsaitində, 3 tədris-metodik göstəricidə öz əksini tapmışdır.
Professor bütün mənalı həyatını və zəngin yaradıcılığını Azərbaycan elminin və təhsilinin inkişafına həsr etmişdir. O, milli iqtisad elmi sahəsində öz məktəbini formalaşdırmışdır. Görkəmli alim və pedaqoq Aqil Əliyev 55 il respublikamızın aparıcı təhsil ocaqlarından olan Azərbaycan Tibb Universitetinin İqtisadiyyat və hüququn əsasları kafedrasına rəhbərlik etmişdir. O, elmi yaradıcılığa qarşı böyük tələbkarlıq göstərir, dünya və respublika iqtisadiyyatının inkişafının aktual problemlərinin tədqiq edilməsinə xüsusi diqqət yetirirdi.
Aqil müəllim bazar iqtisadiyyatına keçidin nəzəri və metodoloji problemlərinin araşdırılması ilə dərindən məşğul olan yenilikçi alim idi. Onun rəhbərliyi ilə biz iki böyükhəcmli monoqrafiyanın yazılmasına nail olduq. İlk dəfə olaraq respublikada "Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti" kitabı işıq üzü gördü. Kitabda Azərbaycanda həyata keçirilən uğurlu islahatlar özünün geniş və dərin şərhini tapdı.
Aqil müəllim bir neçə ixtisaslaşdırılmış elmi və müdafiə şuralarının üzvü kimi onların iclaslarında vaxtaşırı iştirak edirdi. 1983-1985-ci illərdə "Əhalinin sağlamlığının qorunması problemi" komissiyasının sədri olmuş Aqil Əliyev Azərbaycanda ilk dəfə olaraq "Şəxsi istehlakın iqtisadiyyatı və problemləri", "Aqrar iqtisadiyyatının aktual problemləri", "Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri", "Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin elmi təşkili", "ASK-nın aqrar bölməsində elmi texniki tərəqqini sürətləndirmə problemləri" kimi sanballı monoqrafiyalar yazmışdır.
Yalnız bazar iqtisadiyyatına keçid şəraitində alimin 80 elmi əsəri çap edilmişdir. Onlardan "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu", "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur", "Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri", "Səhiyyənin iqtisadiyyatı", "Azərbaycanda əhalinin səviyyəsinin yüksəldilməsinin aktual problemləri", "Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər" I və II cild, "Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti", "Bələdiyyələr. Metodik kömək", "Dünya iqtisadiyyatı: müasir dövrün problemləri", "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri" və s. sanballı kitabları misal göstərmək olar.
Aqil müəllimin bütün əməlləri və fəaliyyəti xeyirxah niyyətli idi. Alicənab, təvazökar, müdrik insan olan professor sadəliyi ilə çoxunu heyran qoyardı. Hamını xoş üzlə qarşılayar, imkanları daxilində hər kəsə kömək göstərərdi.
Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: "Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir". Professor Aqil Əliyevin elmi və pedaqoji fəaliyyətinin özəyini məhz bu ali məqam təşkil edirdi.
Aqil müəllimin bir alim kimi qoyub getdiyi irsi kitablarında və elmi-pedaqoji işlərində yaşayır. Elmi ideyaları bilavasitə praktikaya tətbiq edən alim kimi onun Azərbaycanın elm tarixində özünəməxsus yeri var.
Aqil müəllim bütün zamanlarda öz ləyaqətini qoruyub saxlayan böyük bir ziyalı idi. O, zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürünün məntiqiliyi, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində bir zirvə fəth etmişdir. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib olur.
Aqil Əliyev sözünün qədir-qiymətini bilən, iradəli insan idi. Hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, anında cavab verməyi bacaran bir ziyalı idi. Bu çeviklik ona cəsarət, güc, şərəf gətirirdi. Xalqımızın ən ülvi xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Aqil müəllimin əqidə manifesti idi.
Bütün həyatı boyu saflıq və paklıq, əməksevərlik və insansevərlik, haqqa-ədalətə vurğunluq, namus və qeyrət yükünü mərdanəliklə çiynində daşımış görkəmli alim Aqil Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Qoşqar ƏLİYEV,
fəlsəfə elmləri doktoru, professor