06 Mart 2022 01:59
1791
Mədəniyyət
A- A+
Xeyirxah əməlləri ilə xatırlanan milyonçu

Xeyirxah əməlləri ilə xatırlanan milyonçu

 

2022-ci ilin ilk mühüm mədəniyyət hadisələrindən biri Bakının mərkəzində məşhur mesenat Haci Zeynalabdin Tağıyevin heykəlinin açılışı oldu. Paytaxtın tarixi yerlərindən birində, “İstiqlaliyyət” küçəsində, “İçərişəhər” metrostansiyasının qarşısındakı meydanda qərar tutan bu heykəl xalqımızın, dövlətimizin, ölkə rəhbərliyinin böyük şəxsiyyətlərimizə yüksək sevgi və ehtiramının ifadəsidir.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ucaldılıb. Bürüncdən hazırlanmış heykəlin müəllifi tanınmış heykəltaraş, Azərbaycanın xalq rəssamı Xanlar Əhmədovdur.

Bu gün Bakının ən görkəmli yerlərindən birində adı hər zaman xeyirli əməlləri ilə xatırlanan Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucalması bir daha göstərir ki, onun vaxtilə etdiyi yaxşılıqlar heç zaman unudulmur. Azərbaycan Prezidenti heykəlin açılışı mərasimindəki çıxışı zamanı dedi: “Mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, - mən hələ Prezident deyildim, - onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı. Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda Tarix muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən

eksponatlar nümayiş etdirilir. Bu gün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır”.

 

Bənna şagirdi

 

Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonlarına doğru Azərbaycanda yenicə təşəkkül tapmaqda olan milli burjuaziyanın ən görkəmli nümayəndələrindən biri, Rusiyada və bütün müsəlman aləmində tanınmış sərmayədar idi. O, bəzi mənbələrə görə, 1821-ci, bəzi mənbələrdə isə 1823-cü ilin 25 yanvarında içərişəhərli başmaqçı Tağının ailəsində anadan olmuşdu. Uşaq ikən anası Anaxanım dünyadan vaxtsız köçmüş və atası ikinci dəfə ailə qurmuşdu. Bu izdivacdan beş qızı dünyaya gəlmişdi. Yeddi nəfərlik külfət çox kasıb dolanırdı. Ona görə də evin yeganə oğul övladı hələ uşaq yaşlarından işləyib ailəsinə kömək göstərməyə can atırdı. Atası ona da başmaqçı sənətini öyrədib şagird kimi əlinin altında işlətmək istəyirdi. Qonşuları isə Zeynalabdinin zirək, gözüaçıq bir uşaq olduğunu nəzərə alıb, onu baqqal dükanında işləməyə çağırırdı. Amma Zeynalabdin bənna olmağa qərar vermişdi. Bu həvəsini görən Tağı kişi övladını bənna yanında şagird qoydu. O gündən Zeynalabdin hər gün, təxminən 12 saat çanaqla palçıq daşıyır, ustaya kömək göstərir və günə 6 qəpik qazanırdı.

Palçıqdaşıyan işindən az qazansa da, onda bu peşəyə həvəs hədsiz böyük idi. Anlayırdı ki, bənnalıq sənətinə yiyələnmək üçün belə işlərdən başlamalıdır. Ona görə də ustasının buyruqlarını canla-başla yerinə yetirirdi. Beləliklə, gənc Zeynalabdin 15 yaşında daşyonan, 18 yaşında bənna, sonra isə memar-podratçı oldu. Şəhərdə təzə binalar ucaltmağa başladı. Tezliklə tanınıb, böyük hörmət qazandı. Xeyriyyəçiliyi ilə də ad çıxardı. Şəhər Dumasına üzv seçildi.

 

Neft milyonçusu

 

1873-cü ildə Bakıda hələ neft bumu başlamamışdı. Amma neft sənayesi tədricən inkişaf edirdi. Belə bir zamanda Hacı Zeynalabdin Tağıyev iki nəfər şəriki ilə Bibiheybətdə icarəyə neft yeri götürür. Lazımi avadanlıqlar alır. Usta və fəhlələr tutur. Buruq qurdurub, quyu qazdırmağa başlayır. İlk vaxtlar ərazidə işlər o qədər də yaxşı getmir. Şərikləri isə ümidlərini itirib torpaq sahəsinin öz paylarına düşən hissəsinə müştəri axtarırdılar. Axırda Zeynalabdin onların da pulunu verib həmin yerin yeganə sahibi olur. Müflisləşmək ehtimalı isə daha da güclənir. Amma o, yenə ümidini üzmür.

Ən ağır günlərin birində neft quyusu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu Zeynalabdin neft milyonçusuna çevrilir. Onda Azərbaycanda sənaye sürətlə inkişaf etdiyindən Bakıda və Azərbaycanın başqa mərkəzi şəhərlərində çoxlu banklar yaranırdı. Belə banklardan biri də Hacı Zeynalabdin Tağıyevin sədrliyi ilə təşkil edilmiş “Tacirlər bankı” idi. 1884-cü ildə Bakıda neft sənayeçilərinin syezdi təsis edildi. Bu, Rusiyada iri burjuaziyaya aid ilk təşkilatlardan idi. Bu qurum kitabxanalar, məktəblər, xəstəxanalar, əczaxanalar açırdı. Hacı da bu təşkilatın fəxri sədri seçilmişdi.

1887-ci ildə o, beş nəfər xarici sərmayədarla birgə şirkət yaradır. Bakıda konka yolu çəkməyə başlayırlar. Bundan bir il əvvəl isə Hacı öz xərci ilə şəhərdə yanğın deposu düzəltdirir. Çünki o illərin neft Bakısında tez-tez yanğınlar olurdu. Belə depoların yaradılması çox vacib idi. O dövrdə Bakıda bir-birindən gözəl binaların inşa olunması neft milyonçuları arasında yarışa çevrilmişdi.

O dövrdə Bakıdakı ticarət evləri arasında Hacı Zeynalabdin Tağıyevin pasajı xüsusi yer tuturdu. Şəhərin mərkəzində yerləşən bu pasajda hər növ hazır paltarlar satardılar. Hacı 1895-ci ildə Mərdəkanda bağbanlar məktəbi açmışdı. Təcrübə pöhrəlikləri yaratmışdı. O, Suraxanıdan Mərdəkana şose yolu çəkdirmişdi.

XIX əsrin axırında Hacı Zeynalabdin Tağıyevin məsləhətilə neft daşıyan gəmilərin sahibləri birləşib şirkət yaratdılar. XX əsrin əvvəlində isə “Kür-Xəzər” gəmiçilik və aksioner cəmiyyətinin əsasını qoydular. Məqsəd sərnişin və yük daşımalarını həyata keçirmək idi. Gəmilər Xəzər dənizindəki bütün limanlarda, Volqa çayında, Kürçayında üzəcəkdi. Tağıyevin özünün də xeyli sayda ticarət, yük və sərnişin gəmiləri vardı. Az sonra Hacı Zeynalabdin Tağıyev şəhərdən Bibiheybət mədənlərinə şose yolu çəkdirib, yolu ziyarətgaha qədər uzatdırdı. Şəhərin mərkəzində indi Azərbaycan Tarixi Muzeyi yerləşən əzəmətli sarayı tikdirdi.

Tağıyev neftxuda olmaqla yanaşı, həm dəyirmanların, yük və ticarət gəmilərinin sahibi, həm fabrikant, həm balıq sənayeçisi idi. Bankədəki kürü zavodundan Rusiya və Avropaya kürü ixrac edilirdi. Qubada, Yevlax ətrafında böyük meşələr, əkin sahələri saldırmışdı. Ənzəli və Rəşt ərazisində də meşələri, malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən İstanbulda və Moskvada dördmərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

 

Mesenat

 

Özünün uşaq ikən təhsil almaq imkanı olmasa da, Hacı Zeynalabdin Tağıyev təhsilin ölkənin tərəqqisində oynadığı rolu yaxşı dərk edirdi. Övladlarının təhsilinə xüsusi diqqət yetirirdi. O, qızları Sara və Leylanı Peterburqa, Smolnı Qızlar İnstitutuna oxumağa göndərmişdi.

Bakıda qızlar üçün məktəbin yaradılması onun ən böyük arzularından idi. Hələ III Aleksandr sağ olanda Tağıyev ona ərizə yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmağa icazə istəmişdi. Amma bu xahiş rədd edilmişdi. O, vəfat edəndən sonra II Nikolayın tacqoyma mərasimində Hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır. Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman qız məktəbinə çariça Aleksandra Fyodorovnanın adı verilsin. Eyni zamanda qız məktəbinin xərcini ödəmək üçün banka 150.000 manat qoyur. Hökumət qız məktəbinin açılmasına icazə verir. Hacı məktəb üçün Bakının mərkəzində - indi AMEA-nın Əylazmalar İnstitutunun yerləşdiyi son dərəcə gözəl binanı tikdirir. Hər şey hazır olanda bu dəfə də Bakıdakı qaragüruh düşüncəli insanların təzyiqləri başlanır. Tağıyev onları da yola gətirməkdən ötrü olmazın əziyyətlər çəkir. Nəhayət, məktəbin açılması mümkün olur.

Birinci il məktəbə 58 qız qəbul edilir. Onlardan 35 nəfəri kasıb ailələrdən idi. Bu uşaqlar məktəbdə təhsil haqqından azad edilmişdilər. Onların bütün geyim və yemək-içmək xərclərini Tağıyev ödəyirdi. Məktəbdə dərslər 1901-ci il sentyabrın 7-də başlanır. İki gün sonra isə məktəbin açılışı münasibətilə bayram mərasimi keçirilir. Rusiyanın müxtəlif şəhərlərindən təbrik teleqramları daxil olur.

Bu, müsəlman aləmində qızlar üçün ilk dünyəvi məktəb idi. Ömər Faiq Nemanzadə əsrin əvvəlində Bakıya gələndə bu qız məktəbini görüb heyrətlənmişdi. Belə qaranlıq mühitdə bu məktəb ağlasığmaz bir möcüzəyə oxşayırdı. O, bu barədə məqalə yazıb Türkiyəyə “Sərvəti fünun” jurnalına göndərmiş, məqalə bütün islam aləmində böyük səs-küy yaratmışdı.

Hacı Zeynalabdin Tağıyevin təhsil sahəsində gördüyü işlər təkcə məktəblərin yaradılması ilə bitmirdi. O, istedadlı gəncləri təhsil almaq üçün Rusiya və Avropanın nüfuzlu ali məktəblərinə göndərmişdi. Bu gənclərin çoxu təhsillərini başa vurandan sonra vətənə qayıdaraq Azərbaycan tarixində böyük rol oynamağa başaldılar. Görkəmli ictimai-siyasi xadim Əziz Məmmədkərim oğlu Əliyev də onlardan idi. Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılış mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bu məqamı da böyük qədirbilənliklə yada saldı: “Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o həm gözəl həkim, eyni zamanda böyük dövlət xadimi olmuşdur”.

 

Ziyalılara kömək

 

Məşhur mesenat Azərbaycan ziyalılarına maddi yardım göstərir, onların əsərlərinin çapına dəstək verirdi. Seyid Əzim Şirvaninin oğlu Seyid Cəfər yazırdı: “Hacı Zeynalabdin Tağıyev atamın ilk külliyyatını öz xərcinə Bakıda çap etdirmək istədi, senzor və ruhanilər bu işə mane oldu. Tehrana göndərdi, daş üsulla çap etdirdi... Məhəmməd Hadinin ilk kitabı “Firdövsüilhamat”ı da öz xərcinə “Kaspi” mətbəəsində çap etdirmişdi”.

Böyük vətənpərvər şair Mirzə Ələkbər Sabirin yaradıcılıq fəaliyyətinə də Hacı Zeynalabdin köməyini əsirgəməmişdi. Sabirin maddi vəziyyəti ağırlaşanda Bakıya gəlib Soltan Məcid Qənizadənin köməyi ilə Hacı Zeynalabdin Tağıyevin Balaxanıdakı məktəbində müəllimliyə təyin edilmişdi. 1902-ci il Şamaxı zəlzələsində yurdsuz qalan adamlara da Hacı yardımını əsirgəməmişdi.

Azərbaycan mədəniyyətinin inkişafında da Tağıyevin böyük xidmətləri var. Onda Bakı inkişaf edir, şəhər ziyalılarının mənəvi ehtiyacına uyğun olaraq burada teatr binaları, kino salonları, klublar, mədəniyyət evləri də artırdı. Azərbaycanda ilk milli teatr binasını Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə tikdirmişdi.

Tağıyev millətlər arasında fərq qoymadan maarif və mədəniyyət, bütün xeyriyyə işlərinə çox dəyərli xidmət göstərib, külli miqdarda pul xərclədiyinə görə ona həqiqi dövlət müşaviri ali rütbəsi verilmişdi. Bu rütbə general, kontradmiral, bir də oberprokuror rütbələrinə bərabər idi. Böyük imtiyazlar yaradırdı. Hacı Zeynalabdin Tağıyev isə bu imtiyazlardan öz şəxsi məqsədləri üçün deyil, xalqımızın mənəvi tərəqqisi naminə istifadə edirdi.

Onun “Quran-Kərimi” tərcümə etdirməsinin də maraqlı tarixçəsi var. Tağıyev ilk dəfə belə bir təşəbbüslə çıxış edəndə qaragüruhçu mollalar buna etirazlarını bildirirdilər. Deyirdilər ki, Quranı ancaq ərəbcə oxuyarlar, kəlam ilahidir, onu tərcümə etməyə heç kəsin haqqı yoxdur və heç kəs onun mənasını dərk edib çevirə bilməz. Onda Hacı Zeynalabdin Tağıyev qazi Mirməhəmməd Kərimi Bağdada göndərib rəsmi sənədlər gətirir. Həmin sənəddə islam aləminin mötəbər söz sahibləri təsdiqləyirdilər ki, Quranı tərcümə etmək olar. Bu, etirazların qarşısını alır. Tağıyev Leypsiqdən ərəb şriftləri gətirdib Quranın Azərbaycan dilində tərcüməsini çap etdirir. Tərcüməçi qazi Mirməhəmməd Kərim idi.

 

Davam edən ənənələr

 

Bakıya Şollar suyunun çəkilməsi layihəsinin, milli mətbuat tariximizdə xüsusi yer tutan qəzet və jurnalların maliyyələşdirilməsi də Hacı Zeynalabdin Tağıyevin ömürlüyünün parlaq məqamlarındandır. Onun gördüyü işlər Azərbaycanda xeyriyyəçilik ənənələrinin formalaşmasında çox mühüm rol oynayıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xeyir əməlləri ilə bu gün ölkəmizdə və dünyada Azərbaycan xeyriyyəçiliyinin yeni tarixini yaradır. Təsadüfi deyil ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasında da Heydər Əliyev Fondunun böyük əməyi olub. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi də quraşdırılıb.

Hacı Zeynalabdin Tağıyevin heykəli bir simvoldur. Heykəl bizə ömrün mənasını xatırladır. Bu, xeyirli əməllər üçün yaşamaq, xeyirli əməllərlə xatırlanmaqdır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!