Şəhərdəki seçici aktivliyi xarici müşahidəçilərdə də müsbət təəssürat yaratdı
Ötən ilin sentyabrında erməni separatizminin əsarətindən xilas edilən Xankəndi şəhərində də parlament seçkiləri uğurla keçirildi. Bu, müstəqilliyimiz dövründə birbaşa Xankəndidə təşkil edilən ikinci seçki idi. İlk seçki 2024-cü ilin fevralındakı növbədənkənar prezident seçkiləri olub.
Tariximizə Zəfər seçkisi kimi həkk olunan həmin seçkilərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 122 saylı seçki dairəsinin Xankəndi şəhərindəki 14 saylı seçki məntəqəsində səs veriblər.
Biz də adıçəkilən seçki məntəqəsində səsvermə prosesini izlədik.
Səhər məntəqə açılandan Xankəndidə böyük izdiham vardı. Seçicilər yüksək fəallıqla seçki məntəqəsinə gələrək səsvermə prosesində iştirak edirdilər. İşğaldan azad olunmuş digər ərazilərdə yaradılan seçki məntəqələri kimi 14 saylı seçki məntəqəsində də qələbəlik hökm sürürdü.
Məntəqə seçki komissiyasının sədri İmran Mirzəyev bizimlə söhbətində bildirdi ki, artıq ikinci dəfədir seçki qüruru yaşayırlar. İlk dəfə bu məntəqədə suverenliyini tam təmin etmiş Azərbaycanda prezident seçkiləri keçirilib və dövlət başçımız bu məntəqədə səs verib. Bu gün isə Xocalıda yaşayan, işləyən, müxtəlif sahələrlə bağlı Xankəndiyə ezam olunan vətəndaşlar da səsvermə hüquqlarından yararlana bilirlər.
İmran Mirzəyev deyir ki, məntəqə üzrə 872 nəfər seçici var, onlardan 2 nəfəri ilk dəfə səsvermə prosesində iştirak edənlərdir.
Seçki prosesini izləyən müstəqil müşahidəçi Eldar Həsənov deyir ki, seçki tam şəffaf şəraitdə davam edir və indiyədək heç bir qanun pozuntusuna rast gəlməyib. Seçici fəallığı isə çox yüksək qiymətləndirilməlidir.
Xankəndi sakini Lamiyə Bayramova ikinci dəfədir ki, seçkilərdə iştirak edir. O, ilk dəfə fevralın 7-də prezident seçkilərində bu məntəqədə səs verib: "Keçən dəfə də, bu dəfə də seçkilərin çox yüksək səviyyədə təşkil edildiyini söyləyə bilərəm. Ötən dəfə özümüzə, Azərbaycanımıza lider seçdik, bu dəfə isə Xankəndini Milli Məclisdə layiqli şəkildə təmsil edə biləcəyinə inandığım namizədə səs verdim. Çox sevincliyəm. İllər sonra Xankəndidə, öz yurdumda səs verdiyim üçün özümü xoşbəxt hiss edirəm".
Xankəndi sakini Hökumə Abdullayeva da ikinci dəfə bu məntəqədə səs verən seçicilərdəndir: "Şükürlər olsun ki, bu xoşbəxtliyi yaşayırıq. Heç ağılmıza gəlməzdi ki, bir gün gəlib doğma yurdda səs verəcəyik. Tanrı Prezidentimizi qorusun. Bu məntəqədə yaradılan şərait çox yüksək səviyyədədir. Hamı rahatlıqla gəlib istədiyi namizədə səs verib gedir. İnşallah Prezidentimizin qayğısı ilə yenidən Xankəndidə xoşbəxt günlərimizi yaşayacağıq".
Məntəqədə müşahidə aparan Müstəqil Dövlətlər Birliyindən olan monitorinq missiyasının nümayəndəsi Maksim Leskovla söhbətləşirik. Diplomat deyir ki, burada insanlar seçki prosesində sanki bayrama, şənliyə gəldikləri kimi iştirak edirlər. Bu da onlarda müsbət təəssürat yaradır: "Seçicilər yüksək əhvali-ruhiyyədə, bayram tədbirinə gəldikləri kimi içəri daxil olub seçki bülletenlərini götürüb səs verirlər. Başa düşürük ki, bir müddət əvvəl elə bu ərazidə müharibə gedirdi və indi belə demokratik prosedurda iştirak edən insanları görmək çox vacibdir. Onların simasında xoşbəxtliyin izləri var sanki".
Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Kamil Quliyev deyir ki, seçkilər şəffaf və demokratik keçir, heç bir qanun pozuntusu yoxdur və vətəndaşlar sərbəst şəkildə öz konstitusion hüquqlarından yararlanırlar. Bu da onu göstərir ki, artıq Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb və bəzi dövlətlər üçün nümunə ola bilər.
14 saylı seçki məntəqəsinin qarşısında "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin və SWG S.P.A tədqiqatlar şirkətinin (İtaliya) birgə təşkil etdiyi "Exit-poll"un nümayəndələri sorğu keçirirdilər. "Exit-poll" keçirən İlqar Quliyev deyir ki, seçicilər çox aktiv şəkildə anonim sorğuda iştirak edirlər. Hər beş nəfərdən bir seçiciyə yaxınlaşıb rəyini soruşuruq. Vətəndaşlar seçkidəki aktivliklərini "exit-poll"larda da göstərirlər.
Sonda qeyd edək ki, 122 saylı Xankəndi seçki dairəsi 15 məntəqəni əhatə edir. Məntəqələrdən 4-ü Bakıda, 1-i Sumqayıtdadır. Qalan 10 məntəqə isə digər rayon və şəhərlərdə yerləşir. Seçki dairəsinin Xankəndi şəhərində iki daimi və bir müvəqqəti məntəqəsi var. Dairə sırf Xankəndi şəhərini əhatə edir. Seçicilər həmin şəhərin sakinləridir. Dairə üzrə 80 yaşdan yuxarı seçicilərin sayı 140 nəfər, ilk dəfə səs verənlərin sayı isə 68 nəfərdir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Bakı-Xankəndi-Bakı