Azərbaycanda kitab işi və poliqrafiya sahəsinin inkişafında misilsiz xidmətlər göstərmiş və bu sahəyə böyük yeniliklər gətirmiş, özündən sonra yaddaşlarda dərin iz qoymuş tanınmış şəxsiyyətlərdən biri də Əjdər Xanbabayevdir. O, yaxınlarının, doğmalarının, bir sözlə, onu tanıyanların yaddaşında cəsarətli, prinsipial və uzaqgörən bir ziyalı kimi qalıb.
Əjdər Xanbabayev Azərbaycan SSR Mətbuat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyərkən qısa müddət ərzində 10 cildlik "Azərbaycan Ensiklopediyası" tamamlanmış, 50 cildlik "Dünya uşaq ədəbiyyatı", Azərbaycan dilində "Dünya ədəbiyyatı kitabxanası"nın ilk 30 cildi, Azərbaycan və rus dillərində 20 cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası" çapdan çıxmışdır. Bunlardan əlavə, onun rəhbərliyi altında Nizami Gəncəvinin, həmçinin Azərbaycanın başqa dahi şairlərinin əsərləri xarici dillərdə nəşr olunmuşdur.
Sadə olduğu qədər dəyərli bir ömür yolu keçmiş Əjdər Rza oğlu Xanbabayev 1931-ci ildə Ordubadda dünyaya göz açmışdı. Uşaqlığı çətinliklər içində keçmişdi. Ehtiyac üzündən o, rayondakı fəhlə-gənclər məktəbində oxumaqla yanaşı, həm də işləyərək ailəsinin dolanışığına kömək etmişdi. Məktəbi yüksək göstəricilərlə bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya üz tutmuşdu. Hazırlığı yüksək olduğuna görə, elə birinci cəhddə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olmuşdu. Üçüncü kursda oxuyanda dövrünün ən yüksək təqaüdü olan Stalin təqaüdü almışdı.
Əjdər Xanbabayev universiteti bitirdikdən sonra 1956-cı ildən Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən "Elm" nəşriyyatında redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdı. Qısa müddət ərzində bacarığı sayəsində baş redaktor vəzifəsinə yüksəlmişdi. 1960-cı ildə isə həmin nəşriyyatın direktoru vəzifəsinə təyin edilmişdi. O, bu vəzifədə 1972-ci ilə qədər işləmişdi. Sonralar "Azərnəşr" və "Yazıçı" nəşriyyatlarının direktoru olmuşdu. 1986-cı ildə Azərbaycan SSR Mətbuat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə irəli çəkilmişdi. Bu vəzifələrdə çalışdığı illər ərzində Əjdər Xanbabayev milli kitab nəşriyyatının inkişafına, həmçinin mədəni-maarif layihələrinin həyata keçirilməsinə dəyərli töhfələr vermişdi.
Xalqına böyük sevgi və məhəbbətlə xidmət göstərən Əjdər Xanbabayevin ürəyində milli kitab nəşriyyatının inkişafı ilə bağlı həyata keçirəcəyi hələ çox planları var idi. Təəssüflər olsun ki, 1990-cu il mayın 30-da Əjdər Xanbabayev Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində namərd gülləsinə tuş gəldi. Həmin günlər 20 Yanvar faciəsindən çox zaman ötməmişdi. Xalq hələ də göz yaşları içində bu faciənin ağrı-acılarını yaşayırdı. Bax, belə bir zamanda Əjdər Xanbabayevə silah tuşlanmışdı. Əjdər Xanbabayevin sui-qəsd nəticəsində öldürülməsi yalnız Azərbaycan ədəbi ictimaiyyəti, dost-tanışları, doğmaları üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün ağır itki oldu. Onun qətli bölgələrdə də böyük həyəcan, hiddətlə qarşılandı.
Xalqın içindən çıxmış xalqın adamı olan Əjdər Xanbabayevın bacarığı və istedadı sayəsində işıq üzü görmüş kitabları sadalamaq üçün saatlar bəs etməz. 20 Yanvar faciəsindən bəhs edən "Qara yanvar" kitabı Əjdər Xanbabayevin rəhbərliyi ilə qısa müddətdə işıq üzü gördü. İmperiyanın iti caynaqlarının şəhərimizi qana buladığı həmin günlərdə bu mövzuda kitab çap etdirmək naşirdən böyük cəsarət tələb edirdi. Çünki kitabda keçmiş ittifaqın qanlı əməlləri ifşa olunurdu. O vaxtlar şəhərdə fövqəladə vəziyyət elan olunmuş, komendant saatı tətbiq edilmişdi. Haradansa xəbər tutan hərbçilər kitabın nəşr olunmasının qarşısını almaq üçün Əjdər Xanbabayevin iş otağında və mətbəədə dəfələrlə axtarışlar aparmışdılar.
Əjdər Xanbabayev Ulu Öndər Heydər Əliyevin alovlu tərəfdarı idi. Ümummilli Liderin Azərbaycanı düşdüyü ağır bəlalardan xilas edəcəyinə ürəkdən inanırdı. Ona görə də bir mədəniyyət xadimi, bir vətəndaş kimi bu dahi şəxsiyyətin respublikamıza yenidən rəhbərlik etməsini istəyirdi. Odur ki, Heydər Əliyevin Azərbaycana qayıtması üçün yorulmaq bilmədən mübarizə aparırdı. Siyasi hadisələrin gərginləşdiyi 1990-cı ildə Heydər Əliyevi açıq-açığına dəstəkləmək cəsarət tələb edirdi.
Azərbaycanın görkəmi ziyalıları, tanınmış insanları Əjdər Xanbabayevi həmişə xoş təəssüratlarla xatırlayırlar. Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun sözləridir: "Əgər Azərbaycanda yüksək intellektə və geniş dünyagörüşünə malik 5-6 nəfər varsa, onlardan biri də Əjdər Xanbabayev idi".
Xalq yazıçısı Çingiz Abdullayevin xatirələri ilə tanış olduqca Əjdər Xanbabayevi daha da yaxından tanıyırıq. Görkəmli yazıçı deyir ki, Əjdər Xanbabayev poliqrafiya sənayemizin, nəşriyyat işimizin tanınmış ağsaqqalı sayılırdı: "Mən Xanbabayevin necə işlədiyini gördüm. Sanki vaxtının az olduğunu hiss edirmiş kimi, demək olar ki, istirahət etmirdi. Xarici nəşriyyatların pavilyonlarına gedir, onlara Azərbaycan müəlliflərinin kitablarını təklif edir, danışıqlar aparırdı. Bu, ədəbiyyatımızın əsl fədaisi və vətənpərvəri idi".
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladı. Görkəmli ziyalı Əjdər Xanbabayevin arzuları həyata keçdi. İndi onun ruhu şaddır. Çünki xalqın içindən çıxmış xalqın adamının övladları, nəvələri azad, müstəqil, daim inkişafda olan, dünyada böyük nüfuz qazanmış, güclü, qüdrətli bir Azərbaycanda yaşayırlar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"