Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Su mərkəzli ərazi inkişafı üzrə Azərbaycan, Kolumbiya və Latın Amerikası təcrübəsi” adlı müzakirələrdə su ehtiyatlarının idarə olunması, şəhər planlaşdırılması və iqlim dəyişikliklərinə uyğunlaşma məsələləri geniş şəkildə diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə çıxış edən ekspertlər suyun yalnız təbii resurs deyil, həm də şəhərlərin dayanıqlı inkişafını müəyyən edən əsas amillərdən biri olduğunu vurğulayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov bildirib ki, müasir şəhərsalma yanaşmaları icma səviyyəsindən kənara çıxaraq daha geniş və kompleks strategiyalara əsaslanmalıdır. O qeyd edib ki, su ehtiyatlarının idarə olunması iqlim dəyişiklikləri fonunda qlobal prioritetə çevrilib və bu sahədə yeni urban planlaşdırma modellərinin tətbiqi zəruridir.
BMT-Habitatın Braziliya üzrə rəhbəri Rayne Ferretti vurğulayıb ki, su mərkəzli urban planlaşdırma müasir şəhərsalmanın əsas tələblərindən biridir. Onun sözlərinə görə, su ehtiyatları planetin əsas dayaqlarından olmaqla yanaşı, baş verən bir çox təbii fəlakətlərin mərkəzində dayanır və şəhərsalma proseslərində təbiət amili mütləq nəzərə alınmalıdır.
Uruqvay Mənzil və Ərazi Planlaşdırılması Nazirliyinin Ərazi Planlaşdırması direktoru Paola Florio isə bildirib ki, su ehtiyatlarının idarə olunmasında dövlət siyasətləri həlledici rol oynayır. O qeyd edib ki, suyun keyfiyyəti və miqdarı əhalinin rifahı və dayanıqlı inkişaf baxımından əsas göstəricilərdir. Uruqvayda bu istiqamətdə güclü planlaşdırma sistemi formalaşdırılıb.
Panama Mənzil və Ərazi Planlaşdırılması naziri Jaime Jované Jované çıxışında qeyd edib ki, region fərqindən asılı olmayaraq bütün ölkələr su ehtiyatlarının idarə olunmasında oxşar çağırışlarla üzləşir. O vurğulayıb ki, su ehtiyatları coğrafi sərhədləri aşdığı üçün beynəlxalq əməkdaşlıq və ədalətli məsuliyyət bölgüsü xüsusi əhəmiyyət daşıyır, eyni zamanda suya çıxış fundamental insan hüququ kimi qəbul edilməlidir.
Müzakirələrdə həmçinin iqlim dəyişiklikləri fonunda su qıtlığının artması, urbanizasiya prosesləri və infrastruktur planlaşdırılmasında risk amillərinin nəzərə alınmasının vacibliyi vurğulanıb. Ekspertlər bildiriblər ki, su resurslarının dayanıqlı idarə olunması şəhərlərin gələcək inkişafının əsas şərtlərindən biridir.