Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası keçirilir. Builki forumun mövzusu belədir: "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri". BMT-Habitat və Şanxay Xalq Hökuməti tərəfindən birgə təsis olunmuş "Şəhərlərin dayanıqlı inkişafı üzrə qlobal mükafat (Şanxay mükafatı)" da Bakıda ilk dəfə "paralel tədbir + sərgi" formatında tam şəkildə təqdim ediləcək. Bu isə dünya şəhərlərinin dayanıqlı inkişaf sahəsində əldə etdiyi praktiki nəticələri və bu istiqamətdə beynəlxalq əməkdaşlığın perspektivlərini əyani formada nümayiş etdirməyə imkan yaradacaq.
Şəhərlərin dayanıqlı inkişafı üzrə qlobal mükafat - Şanxay mükafatı, 2022-ci ildə BMT-Habitat və Çin tərəfindən birgə təsis olunmuş beynəlxalq mükafatdır. Onun məqsədi dayanıqlı inkişaf sahəsində mühüm nailiyyətlər əldə etmiş qabaqcıl şəhərləri mükafatlandırmaq, şəhərlərarası əlaqələri, təcrübə mübadiləsini və çoxtərəfli əməkdaşlığı gücləndirmək, eləcə də getdikcə daha çox şəhəri Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə töhfə verən praktiki addımlar atmağa təşviq etməkdir.
Mayın 19-da Bakı Olimpiya Stadionunda Ümumdünya Şəhərlər Gününə həsr olunmuş tematik paralel tədbir, həmçinin Şanxay mükafatının təqdimatına dair paralel tədbir keçiriləcək. İki tədbirin mövzuları müvafiq olaraq "Xoşbəxt və təminatlı həyat: dayanıqlı şəhər gələcəyinin birgə formalaşdırılması" və "Yetərli mənzildən yaşayış üçün rahat icmalara doğru: Şanxay mükafatı laureatı olmuş şəhərlərin dayanıqlı şəhər gələcəyinin təşviqində ən yaxşı təcrübələri" kimi müəyyən olunub.
Cari il martın 17-də BMT-Habitat dördüncü Şanxay mükafatına müraciətlərin qəbuluna rəsmən start vermişdir. Materialların təqdim edilməsi üçün son tarix 2026-cı il iyunun 12-dir. Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi sahəsində yoxlanıla biləcək nəticələrə malik olan istənilən şəhər müvafiq materialları BMT-Habitatın rəsmi saytı vasitəsilə təqdim edə bilər. Qalib şəhərlərin və qısa siyahıya daxil edilmiş şəhərlərin nümayəndələri cari ildə Ümumdünya Şəhərlər Gününün qlobal əsas tədbirinin keçiriləcəyi şəhərə - Fuçjouya gələcəklər. Oktyabrın 31-də keçiriləcək qlobal tədbir çərçivəsində onlara kuboklar və sertifikatlar təqdim olunacaq.
Gələcəkdə Şanxay mükafatı öz qlobal tərəfdaşlar dairəsini genişləndirməyə davam edəcək, "Bir kəmər, bir yol" təşəbbüsünün və digər qlobal təşəbbüslərin tərəfdaşı olan ölkələrin şəhərlərinə xüsusi diqqət yetiriləcək. Məqsəd dayanıqlı inkişafı konsepsiyalar müstəvisindən praktiki fəaliyyət sahəsinə keçirmək, dünya şəhərlərinin dayanıqlı inkişaf yolunda bir-birindən öyrənməsinə, qarşılıqlı şəkildə təcrübəni zənginləşdirməsinə və birlikdə irəliyə doğru hərəkət etməsinə töhfə verməkdir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"