Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil Davamlılığı Şəhər Sistemləri Çətinliyi kimi” mövzusunda sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiya BMT-nin UNDRR, UNEP, UNDP və UN-Habitat təşkilatlarının “City Resilience Global Programme” təşəbbüsü çərçivəsində təşkil olunub.
Sessiyada şəhər dayanıqlılığı yanaşması əsasında risklərin azaldılması, iqlim dəyişikliklərinə uyğunlaşma, böhranlara hazırlıq və bərpa mərhələlərinin mənzil siyasətlərinə inteqrasiyası məsələləri diqqət mərkəzində olub.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts çıxışında bildirib ki, mənzil böhranı təkcə ev çatışmazlığı deyil, bu, sistemlərin uğursuzluğudur və buna görə də sistemli yanaşma tələb edir. O qeyd edib ki, mənzil dayanıqlılığını düzgün şəkildə qurmaq, eyni zamanda, bir çox qlobal məqsədlərə nail olmağa imkan verir.
“Bu, əldən verilməməli olan mühüm strateji fürsətdir. Biz dayanıqlılığı mənzil siyasətinə, torpaqdan istifadəyə, tikinti normalarına, planlaşdırma standartlarına, inşaat təcrübələrinə və maliyyələşmə mexanizmlərinə daxil etdikdə, yalnız evləri deyil, həm də insanları, iqtisadiyyatı və gələcəyi qorumuş oluruq”,- deyə o bildirib.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Sektoral Keçid Bölməsinin rəhbəri Gulnara Roll qeyd edib ki, mənzil, xüsusilə də formal mənzil sahəsində ciddi problemlər mövcuddur: “Bir çox ölkələrdə mövcud mənzil siyasətinin 70-80 faizi formal mənzil sektorunun payına düşür”.
O bildirib ki, bu qədər böyük problemlərin həlli kompleks yanaşma tələb edir.
“Xüsusilə mənzil sektorunun siyasətlərə, praktiki fəaliyyətə və maliyyə mexanizmlərinə inteqrasiyası böyük əhəmiyyət daşıyır. Bu məsələ yalnız aidiyyəti qurumlar üçün deyil, dayanıqlı və inkişaf etmiş şəhərlərin formalaşması baxımından da vacibdir”,- deyə o vurğulayıb.
Tədbirdə, həmçinin şəhər planlaşdırması, tikinti standartları, torpaq idarəçiliyi və maliyyələşmə mexanizmlərinin risklərə həssaslıq baxımından təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Tədbirin məqsədi şəhərlərdə mənzil sistemlərinin dayanıqlılığının gücləndirilməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və BMT agentlikləri arasında sinerjinin artırılmasıdır.