Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) beynəlxalq media orqanlarının diqqət mərkəzində qalmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, İsrail, Türkiyə, Küveyt və Qazaxıstan media qurumlarının yaydığı materiallarda nüfuzlu tədbirin qlobal əhəmiyyəti, Azərbaycanın təşkilatçılıq qabiliyyəti və şəhərsalma sahəsində artan rolu xüsusi vurğulanır.
İsrailin “TPS-IL” agentliyinin yaydığı xəbərdə qeyd olunur ki, WUF13-ün Bakıda açılış mərasimi yüksək səviyyədə təşkil edilib. Materialda WUF13 qlobal şəhərsalma dialoqu üçün mühüm platforma kimi dəyərləndirilib. Azərbaycanın şəhərsalma sahəsində sürətli inkişafı, beynəlxalq təcrübə mübadiləsinə açıq olması və Bakı şəhərinin müasir urbanizasiya ilə tarixi irsin harmoniyasını uğurla birləşdirməsi xüsusi qeyd olunub. Prezident İlham Əliyevin forumun əməkdaşlıq və təcrübə mübadiləsi üçün əhəmiyyətinə dair fikirləri də diqqətə çatdırılıb.
Türkiyənin “Anadolu” Agentliyi isə WUF13-ün rəsmi açılışını geniş işıqlandıraraq, Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu vurğulayıb. Prezident İlham Əliyevin Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcud olmasını bildirməsi, həmçinin Azərbaycanın müxtəlif şəhərlərində aparılan şəhərsalma işləri barədə fikirləri ön plana çıxarılıb. Agentlik Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəki və digər şəhərlərdə həyata keçirilən şəhərsalmanın inkişaf modelini ölkənin sistemli modernləşmə siyasətinin göstəricisi kimi təqdim edib.
Küveytin “Q8 Press” xəbər qurumu WUF13 çərçivəsində Azərbaycan və BMT bayraqlarının qaldırılması mərasimini simvolik və yüksək əhəmiyyətli hadisə kimi təqdim edib. Məlumatda qeyd olunur ki, bu mərasim forumun rəsmi başlanğıcını elan etməklə yanaşı, Azərbaycanın qlobal şəhərsalma gündəliyində ev sahibi ölkə kimi artan rolunu nümayiş etdirir. Bakı Olimpiya Stadionunda keçirilən genişmiqyaslı tədbirin beynəlxalq əməkdaşlıq və davamlı şəhər inkişafı üçün mühüm platforma olduğu vurğulanır.
Qazaxıstanın “Kazinform” agentliyi isə WUF13-ün Cənubi Qafqazda ilk dəfə Bakıda keçirilməsini region üçün tarixi hadisə kimi qiymətləndirib. Materialda Azərbaycanın münaqişədən sonrakı ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma təcrübəsinin beynəlxalq ictimaiyyət üçün praktik model kimi maraq doğurduğu vurğulanır. Həmçinin Bakının forum çərçivəsində 182 ölkədən on minlərlə iştirakçını bir araya gətirən qlobal platformaya çevrilməsi Azərbaycanın təşkilatçılıq potensialının göstəricisi kimi təqdim olunur.
Ümumilikdə, beynəlxalq media materiallarında Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi ölkənin şəhərsalma, davamlı inkişaf və qlobal əməkdaşlıq sahələrində artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Beynəlxalq tədbirin yüksək səviyyədə təşkili, geniş beynəlxalq iştirak və Bakı şəhərinin müasir şəhərsalma modeli ilə təqdim olunması xüsusi olaraq ön plana çıxarılır.