27 Sentyabr 2024 08:45
255
CƏMİYYƏT
A- A+
Vüsalın şəhadət zirvəsi 

Vüsalın şəhadət zirvəsi 


Könüllü əsgər Vüsal Həsənovun döyüş yolu 14 gün çəksə də, örnəyə çevrilən qəhrəmanlıq yolu əbədi davam edəcək


Qızmar yay günlərindən biridir. Hər gün bizi yuxudan oyadıb, ömrümüzdən bir kərpic götürüb aparan yeni gün dörd saat əvvəl gözlərini açıb. Günəş də həmişəki kimi vaxtlı-vaxtında üfüqdə öz yerini tutaraq tələsmədən isti şəfəqlərini Yer üzünün hər tərəfinə səpələyir. Göy üzündə, Yer üzündə baş verən təbiət hadisələrinə o qədər də məhəl qoymayan insanlar işlərinin arxasınca elə hey harasa tələsir, harasa qaçırlar...

Ömür kitabımızın səhifələrini artıran belə gözəl bir gündə biz də vacib iş arxasınca gedirik. Gedirik ki, 44 günlük Vətən müharibəsində 14 gün erməni işğalçıları ilə vuruşmuş, canından da çox sevdiyi torpaq uğrunda şəhid olmuş Həsənov Vüsal Ariz oğlunun ömür və döyüş yolunu vərəqləyək...

Yola çıxmazdan əvvəl anası Mərifət xanıma zəng vurub yaşadıqları ünvanı dəqiqləşdirmişdik. Şəhid anası demişdi ki, yolun kənarındakı binaya oğlunun şəkli vurulub. Elə şəklin vurulduğu istiqamətdə də evimiz yerləşir. 

Soraqlaya-soraqlaya Vüsalın şəklinin vurulduğu binanın yanına gəlib çatdıq. Bir anlıq dayanıb şəhid Vətən oğlunun şəklindən boylanan mehriban baxışlarını süzdük. Sonra Mərifət xanımın dediyi istiqamətə getdik. Sanki Vüsal şəkildən boylanan baxışları ilə bizi bir vaxtlar yaşadığı evə yola salır...

İrəlidə Vüsalın divara vurulmuş və ətrafına gül-çiçək əkilmiş xatirə lövhəsini gördük. Xatirə lövhəsinin yanındakı evin qapısı açıq idi. Qapıya çatmağa iki-üç addım qalmış əyninə qara paltar geyinmiş, başına qara yaylıq örtmüş qadın qabağımıza çıxdı. 

Salamlaşanda öyrənirik ki, Vüsalın anası Mərifət xanımdır. Şəhid anası bizi içəri dəvət etdi. İçəri addımımızı qoyan kimi elə dəhlizdə bizi Vüsalın şəkilləri "qarşıladı..." 


Kədərdən üstün olan qürur


Sonra şəhid anasının dediyi kimi, "Vüsalın otağı"na keçdik. İçəridə sakitlikdir. Astaca qədəm qoyduğumuz otaqda şəhidə həsr olunmuş guşə yaradılıb. Otaq bir anlıq bizə muzeyləri xatırladır. Burada yalnız şəhidin şəkilləri, ondan yadigar qalmış əşyalar və haqqında yazılmış kitablar "danışır". Bu şəkillər və qeydlər Vusalın keçdiyi qısa ömür və döyüş yolundan söz açır. Onun yaşadığı ömrün anlarını gözlərimiz önündə canlandırır. 

Guşədəki şəkillər əlimizdən tutub bizi onun uşaqlıq çağlarına, gənclik illərinə aparır. O illərə, o çağlara ki, onda Vüsal sağ-salamat idi. Hamı kimi qayğısız bir ömür yaşayır, həyatın gözəlliyindən zövq alırdı, ürəyi arzu və istəklərlə dolub-daşırdı. Ömrünün arxada qalan illəri nərdivan kimi addım-addım onu arzularına qovuşmağa yaxınlaşdırırdı. Həmin çağlar Vüsal ömrünün ən gözəl günlərini yaşayırdı. Amma Vüsalın ürəyindən daim boy verən Vətən sevgisi də var idi. Bu sevginin boyu o biri istəklərindən ucalıqda, yüksəklikdə dayanırdı. O, çox vətənpərvər idi. Onun sinəsində Vətən sevgisi ilə dolu olan bir ürək döyünürdü. İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq onu döyüşlərə sinəsində qəhrəmanlığa təşnə olan bu ürək apardı.

Mərifət xanım Vüsala həsr etdiyi guşənin qarşısındakı masada əyləşib oğlu haqqında danışır. Övladının ömür yolundan söz açan ananın səsində kədərdən üstün olan qürur notları da duyulur. Şəhid anası danışdıqca sanki oğlunun ömür və döyüş yoluna geniş bir cığır açır. Biz də bu cığırla addımlaya-addımlaya Vüsalın qısa, amma şərəfli həyat hekayəsinə qulaq asırıq. 

Ananın dediklərindən öyrənirik ki, Həsənov Vüsal Ariz oğlu bir yay günündə - 3 iyul 1997-ci ildə Bakı şəhərində anadan olub. Dünyaya gəlişi ilə valideynlərini arzularına çatdıran, vüsallarına qovuşduran körpəyə elə Vüsal adı qoyurlar. Ailənin ilk övladı olduğuna görə uşaq çox əzizlənib, çox sevilib. Məktəb yaşına çatanda Vüsal çantasını çiyninə salaraq valideynlərinin əlindən tutub yaşıdları ilə bərabər dərsə yollanıb. Dördüncü sinfə qədər Bayıl qəsəbəsindəki 49 nömrəli orta məktəbdə oxuyub. Sonra təhsilini Badamdar qəsəbəsindəki Tofiq Məmmədov adına 239 nömrəli məktəbdə davam etdirib. 

Orta təhsilini başa vurduqdan bir il sonra - 2018-ci ildə ordu sıralarına çağrılıb. Vətən qarşısındakı övladlıq borcunu şərəf və ləyaqətlə yerinə yetirərək alnıaçıq, başıuca doğmalarının yanına qayıdıb. Evdə ata əvəzi olan Vüsal yanacaqdoldurma məntəqəsində işə düzəlib. 

27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Qarabağ müharibəsi başlayanda Vüsal da könüllü olaraq döyüşə yollanıb. Həmin gündən sonra onun həyatının yeni, ən şərəfli mərhələsi başlayıb...


Müqəddəs borc, müqəddəs vəzifə


Mərifət xanım dedi ki, Qarabağ uğrunda müharibənin başladığını eşidən gün Vüsal könüllü olaraq döyüşlərə getdi. Dedi ki, "ana, torpaqlarımızı erməni işğalından azad etmək üçün əlverişli şərait yaranıb. Bizim Silahlı Qüvvələrimiz ermənilərin ordularından qat-qat güclüdür. Biz mütləq bu müharibədə düşmənə qalib gəlib, torpaqlarımızı işğaldan azad etməliyik. Bu, bizim Vətən qarşısındakı ən müqəddəs borcumuz və vəzifəmizdir. Vətəndaş kimi bu borcu, bu vəzifəni yerinə yetirməyin zamanı çatıb. Bir dəqiqə də olsun ləngimək, gecikmək olmaz". Bu sözləri deyəndən sonra Vüsal bizimlə sağollaşıb cəbhəyə yollandı. 

- Artıq ertəsi gün onun telefon zəngi cəbhə bölgəsindən gəldi. Oğlum qısa çəkən telefon danışığında dedi ki, Füzulidə vuruşur, nigaran qalmayaq. Qələbə, zəfər bizimlədir, yaxın günlərdə erməni qəsbkarlarını geri oturdub, bu yerləri azad edəcəyik. Oğlumdan hər gün uğurlu döyüşlərin xəbərlərini eşidirdim. 

Gözüm televiziya ekranlarında qalmışdı. Xəbər proqramlarında da ürəkaçan məlumatlar yayımlanırdı. Ordumuz dayanmadan irəliləyir, bir-birinin ardınca yaşayış məntəqələrini işğalçılardan təmizləyirdi. Hər gün səhərlərimizi zəfər xəbərləri ilə açırdıq. 

Qələbə müjdələri ilə dolu olan belə günlərdə Vüsaldan zəng gəlmədi. Çox nigaran qaldım. Sonra zəng vuranlar oğlumun şəhid olduğunu dedilər. Bu acı xəbəri eşidəndə elə bil dünya-aləm başıma uçdu. Gözlərimə qatı qaranlıq çökdü...

Söhbətinin bu yerində şəhid anası kövrəlir, səsi titrəyir, gözləri yaşarır, nitqi qırılır. Hərdən pıçıltı ilə danışır. Özü də yalnız Vüsallı günlərindən söz açır. Oğlunun ölümündən danışmaq istəmir. Hərdən də susub gözlərini bir nöqtəyə zilləyir. Biz də bu məqamda sual vermirik. 

Sakit-sakit Vüsala həsr olunmuş guşəyə baxırıq. Şəkillərinin hamısında Vüsal gülərüz düşüb. Onun mehriban, gülümsər çöhrəsi baxanları duyğulandırır. Mərifət xanım ölümündən sonra Vüsalın layiq görüldüyü medalların vəsiqələrini də guşəyə qoyub. Diqqətlə həmin vəsiqələrə baxırıq. 

Öyrənirik ki, Həsənov Vüsal Ariz oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb. 


Şərəf dolu 14 günlük döyüş yolu


Guşədə şəhidin şəkli ustalıqla divardan asılan saatın içinə yerləşdirilib. Bu mənzərəni görəndə fikirləşirik ki, Vüsal torpaqlarımız uğrunda canından keçsə də, yenə də zamanla ayaqlaşır, vaxtdan geri qalmır... Bu ömür isə əbədi-əzəlidir, sonsuzdur... 

Bir az sakitləşib özünə gələndən sonra Mərifət xanım oğlunun yarıda qırılmış həyat hekayəsinə davam edir. Deyir ki, Vüsalın şəhid olduğunu eşidən kimi yaxın qohumlarla Füzuli rayonuna yola düşüblər. "Mən onun ölümünə inanmırdım. Yol uzunu fikirləşirdim ki, bəlkə bu, yanlış məlumatdır, adı başqası ilə səhv düşüb. Amma təəssüf ki, xeyli araşdırma aparılandan sonra xəbərin doğru olduğu təsdiqləndi. Müharibələrdə itkilər qaçılmazdır. Vüsal torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Təskinliyimizi yalnız bunda tapırıq. Oğlumun ömür yolu ilə bərabər döyüş yolu da yarımçıq qaldı. Oktyabrın 11-də şəhid olan oğlum erməni işğalçılarına qarşı yalnız 14 gün vuruşmuşdu. Döyüşçü dostlarının dediyinə görə, Vüsalı düşmən snayperi vurmuşdu. Qürurlanıram ki, Azərbaycan əsgəri oğlumun yarımçıq qalmış döyüş yolunu uğurla davam etirərək Qarabağı erməni işğalçılarından təmizlədi. Bundan oğlumun da narahat ruhu sakitlik tapdı.

Vüsalın cəsədini Füzuli rayonundan birbaşa ata-baba yurdumuz Şabran rayonunun Zeyvə kəndinə apardıq. Acı göz yaşları içində oğlumu atasının məzarının yanında torpağa tapşırdıq. Onun dəfn mərasimində bütün kənd camaatı iştirak etdi. Bir müddətdən sonra onun məzarının üstünü götürdük, ətrafını abadlaşdırdıq. İndi qəbiristanlığın girişində şəhidlərə guşə də düzəldilib. Yaxınlar, doğmalar onun məzarını tez-tez ziyarət edirlər. 

Üstündən xeyli müddət keçəndən sonra döyüşçü dostlarından onun oktyabrın 11-də təxminən saat neçədə şəhid olduğunu öyrəndim. Sonra yadıma düşdü ki, həmin vaxt yorğun olduğumdan divanda oturduğum yerdə məni yuxu aparmışdı. Birdən Vüsalı yuxuda görüb ayıldım. Deməli, oğlumu ermənilər vuran anda mən yuxudan diksinib oyanmışam. Doğrudan da, deyilənlər doğru imiş, övladların ölümü analara həyan olurmuş..." 

Bir az susub fikrə gedəndən sonra şəhid anası yarımçıq qalmış söhbətinə yeni sözlərlə, yeni məlumatlarla qol-qanad verdi. Dedi ki, onunla təskinlik tapıram ki, Vüsal dost-tanışları tərəfindən də unudulmur, həmişə xatırlanır. 

Bir vaxtlar təhsil aldığı Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbdəki siniflərdən birinə oğlumun adı verilib. Sinifdə Vüsalın ömür və döyüş yolunu əks etdirən guşə yaradılıb. Bundan başqa, məktəbin həyətində şəhidlərin xatirəsinə həsr olunmuş guşə düzəldilib. Vüsalın da şəkli mərmər lövhəyə köçürülərək divara vurulub. 

Bayıl qəsəbəsindəki 49 nömrəli məktəbdə də Vüsalın xatirəsinə həsr olunmuş stendlər var. Ana kimi bu, onun üçün böyük təsəllidir ki, övladının xatirəsi hər yerdə əziz tutulur, hörmətlə anılır. 


Xatirələrdə körpə uşaq kimi qaldı...


Mərifət xanım dedi ki, Vüsal çox mehriban, ürəyitəmiz uşaq idi. Təkcə tay-tuşları ilə deyil, özündən böyüklərlə də dostluq edirdi. Dostlarına qarşı həssas idi. İşləri nəsə bir çətinə düşəndə Vüsal onlara təskinlik verər, imkanı daxilində kömək edərdi. Buna görə də dost-tanışları çox idi. Nədənsə Vüsal xatirələrində körpə uşaq kimi qalıb. Onu tez-tez yuxularında görür. Demək olar ki, yuxularından çıxmır. Evə girən kimi həmişə birinci sözü bu olardı: "Anam evdədir?" 

Vüsalın sevdiyi bir qız da var idi...

Vüsalla bir yerdə torpaqlarımızın azadlığı uğrunda çiyin-çiyinə vuruşmuş əsgər dostu Novruz Hüseynovla da söhbət etdik. Vüsalın döyüş yolundan söz açan Novruz dedi ki, onunla döyüşlər zamanı tanış olub. "Elə ilk addımdan hiss etmişdim ki, cəsarətli oğlandır. Əməliyyatlar zamanı Vüsalın cəsurluğunu yaxından gördük. O, qorxmadan hücumlara atılır, sərrast atəşlə düşməni məhv edirdi. 14 gün onunla çiyin-çiyinə vuruşduq. Ən böyük arzusu Şuşa, Xocalı uğrunda döyüşmək idi. Amma təəssüflər olsun ki, mövqeyini dəyişərkən erməni snayperi onu vurdu. Vüsalı çox tez itirdik. Döyüş yolu yarımçıq qaldı. Biz əsgər dostları onun döyüş yolunu Zəfərədək davam etdirdik. Vüsal kimi cəsur döyüşçüləri həmişə xatırlayacaq və ehtiramla yad edəcəyik".

Eyni məhəllədə böyümüş Nurlan Mənaflı da şəhid dostunu kədər hissi ilə yada saldı, onunla bağlı xoş xatirələrini dilə gətirdi. Dedi ki, Vüsal çox mehriban, qayğıkeş oğlan idi. "Uşaqlığımız, gəncliyimiz bir yerdə keçmişdi. O, yaxşı dost, yaxşı qardaş və yaxşı da yoldaş idi. Vüsal yaddaşımızda gülərüz, mehriban bir insan kimi qalacaq. Yəqin ki, dünyanın bütün yaxşı sözlərini Vüsalın ünvanına söyləsək, bəlkə də azlıq edər. Vüsal haqqında deyilmiş və bu gündən sonra deyiləcək bütün xoş sözlərə layiq idi. Təəssüflər olsun ki, aramızdan çox tez getdi. Ölümündən dörd ilə yaxın vaxt keçsə də, hələ də dostumuzun yoxluğuna inana bilmirik. Onu tez-tez xatırlayırıq. Günlərin birində Vüsalın geri dönəcəyinə inanırıq..."   


Bir ovuc Şuşa torpağı


Vüsala həsr olunmuş guşəyə qoyulmuş bir ovuc torpaq diqqətimizdən yayınmadı. Şəhid anasından onun haradan gətirildiyini soruşduq. Mərifət xanım dedi ki, bu, Şuşadan gətirilmiş torpaqdır. "Oğlum telefon zənglərində həmişə deyirdi ki, döyüşlərimiz uğurla davam edir. Addım-addım erməniləri geri qovuruq. Yaxın zamanlarda Şuşanı da erməni işğalçılarından azad edəcəyik. Ən böyük arzularından biri də Şuşa uğrunda vuruşmaqdır. Amma Vüsal şəhid oldu, bu arzusuna çata bilmədi. Şuşa şəhərinə gedəndə bu müqəddəs məkandan bir ovuc torpaq gətirib, Vüsalın otağındakı guşəyə qoydum. Fikirləşdim ki, qoy Şuşanın erməni işğalçılarından azad edilməsindən ruhu şad olsun".


Şəhid anası, əsgər anası


Mərifət xanımla söhbətdən onu da öyrəndik ki, o, şəhid anası olmaqla yanaşı, həm də əsgər anasıdır. Kiçik oğlu Nuran altı aydan çoxdur "N" hərbi hissəsində Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirir. Zəng vurub anasına xidmətindən danışır, qazandığı uğurlarla onu sevindirir.

Evin bütün otaqlarından Vüsalın şəkilləri asılıb. Şəkillərin hamısından o gülümsər çöhrəsi ilə evlərinə ziyarətə gələnlərə baxır. Bu şəkillərdən otaqlara onun mehriban baxışları süzülür. Yaxınlarının, doğmalarının yaddaşında cəsur döyüşçü, gülərüz oğlan, qayğıkeş insan kimi qalmış Vüsal elə bizi də evlərindən mehriban baxışları ilə yola saldı. 


Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub

11:24
27 Sentyabr

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

11:21
27 Sentyabr

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib

11:20
27 Sentyabr

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!