15 Sentyabr 2023 10:21
303
CƏMİYYƏT
A- A+
Vətən sevdalıları

Vətən sevdalıları

 

"Azərbaycan" qəzetinin əməkdaşları

 

1918-1920-ci illər Azərbaycan tarixinin ən mürəkkəb, ən zəngin və sınaqlarla dolu dövrü kimi qiymətləndirilir. 
Bu dövrü Azərbaycanın milli-siyasi fikir tarixində Azərbaycan türklərinin ümmətdən millətə keçid dövrü kimi qiymətləndirmək olar. Klassiklərimiz uzun illər kökündən, soyundan, tarixindən, milli şüurundan ayrılaraq milli kimliyini bir "müsəlman", "tatar" kimi qavrayan millətə mətbuat vasitəsilə "milliyyət", "millət" kəlmələrinin mənasını anlatmaqla tarixin bu zaman kəsiyində üzərlərinə düşən vəzifənin öhdəsindən uğurla gəldilər. "Həyat", "İrşad", "Füyuzat",, "Dirilik", "İqbal", "Yeni iqbal", "Açıq söz", "Azərbaycan" kimi mətbuat orqanlarını mübarizə meydanına çevirən Azərbaycanın qüdrətli ziyalıları məhz ikinci onillikdə demokratik meyilləri gücləndirmək, xalqı maarifləndirmək, onları öz hüquqları uğrunda mübarizəyə səsləmək, milli özünüdərki təbliğ etmək üçün sözün gücündən yetərincə istifadə etmişlər ki, onun əsas ötürücüsü məhz mətbuat olmuşdur.
Millətin oyanış, istiqlal, türkləşmək, milli mənlik düşüncələrinin intibah dövründə, eləcə də milli hərəkatında böyük rol oynayan mətbuat orqanları sırasında "Azərbaycan" qəzetinin (1918-1920)  tarixi əhəmiyyəti vardır. 
Şərqdə və bütün türk dünyasında ilk demokratik dövlət olan AXC-nin yaradılması Azərbaycan ziyalılarının apardığı istiqlal mücadiləsinin və milli özünüdərkdən milli özünütəsdiqə gedən bir yolun nəticəsi idi. 
"Cümhuriyyət tarixinin ən mötəbər salnaməsi....tarixi zamanın kollektiv yaddaşı olan" (Ş.Hüseynov) "Azərbaycan" qəzeti mövzu aləminin zənginliyi, zamanında qaldırdığı problemlərin aktuallığı, dövlət quruculuğu sahəsində aparılan islahatların və Azərbaycan türklərinin milli varlığının ifadəsi baxımından bu günümüzdə də öz əhəmiyyətini saxlayır. Tarixilik və müasirlik baxımından maraq doğuran bu mətbu orqan haqqında elmi həqiqəti şüurlu və planlı şəkildə yasaqda saxlayan sovet hökuməti yetmişillik hakim məfkurəvi ehkamı arxivlərdə, bağlı qapılar arxasında saxlasa da, ikinci müstəqillikdən sonra millətin böyük fikir və ideyaları demokratik mübarizə meydanı və tribunası kimi qiymətləndirildi.
Bu gün də qəzetin yazarlarından C.Hacıbəylinin, Ə.Yusifzadənin, Ə.H.Qarağazadənin, X.İbrahimin, F.Ağazadənin, Ö.F.Nemanzadənin, S.Əlilinin, Ə.Müznibin, Ə.Ağakişizadənin və başqalarının qəzetdəki fəaliyyətlərinin böyük araşdırılmaya ehtiyacı var. 
Cəmi 4 sayı Gəncədə həm Azərbaycan, həm də rus dilində buraxılmış qəzetin nəşri 1918-ci il sentyabr ayının 15-də AXC hökumətində maarif naziri N.Yusifbəylinin dəstəyi, C.Hacıbəyli və Ş. Rüstəmbəylinin səyləri nəticəsində mümkün olmuşdur. 
Bakı azad edildikdən sonra qəzetin redaksiyası Bakıya köçürülür. 1918-1920-ci illərdə "gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzeti" olan "Azərbaycan"a müxtəlif vaxtlarda C.Hacıbəyli, Ş.Rüstəmbəyli, Ü.Hacıbəyli, X.İbrahim redaktorluq etmişlər. 
Ətrafına Ü.Hacıbəyli, C.Hacıbəyli, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ə.H.Qarağazadə, Ö.F.Nemanzadə, F.Ağazadə, X.İbrahim, Ə.Yusifzadə A.Ağababazadə və digər ziyalıları toplayan qəzet həm daxili, həm də xarici siyasətlə bağlı dərc etdiyi yazılarda Azərbaycan dövlətinin milli maraqlarından çıxış etməyi qarşısına məqsəd qoyur. Azərbaycanın istiqlalı və müstəqilliyi ideyasını əsas istiqamət kimi götürən qəzet Azərbaycan parlamentində müzakirə olunan məsələlərə, eləcə də demokratik dövlət quruculuğunda aparılan bütün islahatlara münasibət bildirməklə xalqı ölkədə gedən proseslərə cəlb etməyi vacib bilir. Qəzetdə həmçinin ölkə əhalisinin gündəlik həyatında üzləşdiyi problemlər, özbaşınalıq, iqtisadi məsələlərlə bağlı məqalələr də dərc edilirdi.
İlk sayında "Hər bir millət kəndi-kəndisini idarə etməyə haqlı olsun" əsasının Azərbaycan türklərinə də şamil olunduğunu və məmləkətinin Rusiyadan ayrılmasının röya yox, həqiqət olduğunu yazan qəzet Azərbaycanın istiqlaliyyətini alqışlayır: "Azərbaycan türkləri türklük və islamlıq bayrağını sədaqət və mətanətlə tutub, onun kürreyi-ərzdə ucalmasına çalışacaqdırlar". (1918, N1)
Məhz bu şüarla irticaçı Rusiya çarlığının pəncəsindən xilas olan gənc Azərbaycan  istiqlal bayrağını qaldırdı və varlığını sübut etdi. "Azərbaycan" qəzetinin ilk sayında Nəsib bəy Yusifbəyli xalqı birliyə çağıran müraciətində də bu əsasa söykənir: "Bu fərmanı bizi türklüyümüz və islamlığımız üçün məhv etmək fikrində olanların gözünə soxar və söylərəm ki, dünyada yaşamaq haqqı, istiqlaliyyət haqqı bizdədir". (1918, N1)
AXC-nin yaradıcılarından biri olan M.Ə.Rəsulzadə də qəzetlə daimi əməkdaşlıq etmiş, qəzeti milli istiqlal və dövlət quruculuğu məsələlərinin mübarizə tribunasına çevirmişdir. Ədibin xalqın milli istiqlal düşüncəsinə və məfkurəsinə istiqamətlənən yazıları - "Bütün Azərbaycan əhalisinə" (1918, N52) "Yanlış bir avaz" (1919, N110), "İngilis siyasəti" (1919, N325), "Bolşevizmin təlimi" (1920, N29), "Yanlış təfsirlər" (1920, N39), "Ermənistanın qanlı icraatı" (1920, N52), "Dövri-hürriyyət" (1920, N53) "Bakının tarixi" (silsilə məqalələr) Azərbaycanın gələcək inkişafının strateji istiqamətlərini özündə əks etdirirdi.
M.Ə.Rəsulzadə "Hangi ümidlə?" məqaləsində yeni qazanılmış Azərbaycan istiqlalının mühüm bir səhifəsini Milli Şuranın açılması ilə əlaqələndirir. Uzun illər hürriyyət, ədalət və millətlərə bərabərlik haqqı vəd edən hakimiyyətin cani, qatil və cəllad kəsilərək su əvəzinə qan axıtdıqlarına şahid olan, öz azadlığına qovuşmaq üçün qurbanlar verən, müharibə və iğtişaşların, səfalət və fəlakətin, daxili müharibələrin bütün müsibət və ələmlərini çəkən Azərbaycan vətəndaşının Milli Şuranın açılması ilə gözlənilən yeni həyatını "hangi ümidlə" quracağı sualını ağıllı, məntiqli fikir və düşüncələri ilə cavablandırır: (1918, N41)
"...azərbaycanlılar müqəddəratlarını tamamilə kəndi əllərinə alırlar. Burası millətin əməllərini, arzu və məqsədlərini bütün cahani-mədəniyyətə elan edəcək bir kürsüdür... Biz həqqi-həyatımızı hər şeydən əvvəl kəndi iman və istedadımızdan, sonra bütün dünyaya hakim olacaq fikri-hürriyyət və üxüvvətdən alacaqdıq. ...Qoy Azərbaycan Şurayi-Millisi qanlardan bıqmış, xarabəliklərdən usanmış bəşəriyyətin sülhi-ümumi bayramı üçün yapacağı çerağana kəndisinə məxsus azəri birziya saçsın. Kəndi himayəsində yaşayan insanları bilafərqi-cinsü-məzhəb bəsləyəcək bir yurd, isindirəcək bir ocaq olsun. ..İştə, böylə bir ümidlə!.."
M.Ə.Rəsulzadə qəzet vasitəsilə gənc Azərbaycan dövlətinə yeni quruculuq dönəmində böyük ümidlər yaratmaqla xalqı bu yolda mübariz olmağa istiqamətləndirdi. 
"Azərbaycan" (1918) qəzetinin 58-ci sayı Azərbaycan parlamentinin açılışına həsr edilmişdir. Qəzetdə dərc edilmiş yazılarda yüz ildən artıq istiqlaliyyəti boğulmuş bir millətin, milli hüquqları rəzalətə düçar olmuş bir kütlənin artıq azadlığa qovuşması alqışlanır. Xalqın birliyi və vəhdəti, mənəvi qüdrət və qüvvəti, yaratmaq əzmini əks etdirən bu yazılarda mədəniyyəti təqib edilən, varlığı tapdalanan, abadlığı xarabazarlığa çevrilən azəri türkləri "öz tanrısı" inayəti ilə yenidən hürriyyət zəmisinə çıxıb, mədəniyyət toxumu saçmağa" (N1) qabil, istiqlaliyyətə layiq mübariz bir millət kimi təqdim edilir. 
Ü.Hacıbəylinin "Azərbaycan" qəzeti ilə bağlılığı xüsusi qeyd edilməlidir. Qəzetdə parlament müxbiri kimi fəaliyyət göstərən ədib burada həm də redaktor kimi çalışmışdır. Üzeyir bəy "Azərbaycan"da müstəqil dövlət quruculuğu sahəsində aparılan islahatların həyata keçirilməsində böyük rol oynayan publisistik məqalələrlə çıxış etmişdir. Onun "Mühüm məsələlər", "Andranikin məsələsi" (N65), "Partiyalarımıza" (N55), "Azərbaycan Parlamanı" (1918,N56), "Təəssürat" (silsilə yazılar-1918), "Vəzifəmiz nədir" (1918, N72), "Bir iltimas münasibətilə" (1918, N78), "Ehtiyat lazımdır" (1918, N88), "İstiqlal və istiqbal ümidi" (1918, N74) və s. bu qəbildən olan yazıları məhz yeni qurulmuş Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərin həllinə həsr edilmişdir.
Qəzetin səhifələrində biz onu vətənpərvər, istiqlal aşiqi, azərbaycançılıq ideologiyası ilə yoğrulmuş bir publisist kimi görürük. İllərlə arzuladığı bir amala çatan ədibin 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışı münasibəti ilə yazdığı "Təəssürat" silsilə məqalələrini oxuyan hər kəs bunun şahidi ola bilər: "Parlaman imarətinin içində zinət cümləsindən calibi-diqqət olan şey - qiymətli xalılar deyildi, bəlkə fiatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi. Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: "Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə "bu bayraq endirilməz!" - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladədən başımın tükləri biz-biz durdu". 
100 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də parlamentin açılışından verilən bu reportajı oxuyan hər kəs müstəqil və azad vətənini bütün varlığı ilə sevən bir vətəndaşın, bu yolda hər fədakarlığa hazır olan insanın səmimi duyğularının və milli qürurunun şahidi olur. 
Ü.Hacıbəyli "Azərbaycan Parlamanı" (1918, N55) məqaləsində qeyri-müsəlman cəmiyyətlərin və qərəzli xarici və daxili düşmənlərin yeni qurulmuş hökumət əleyhinə apardıqları təxribata qarşı çıxaraq, onların Azərbaycan türklərinin azad və firavan yaşamalarına qarşı olan məkrli niyyətlərini açıb göstərir. 
Ədib uzun illərin əsarətindən xilas olan bir xalqı izləyən daxili və xarici təhlükələri görür, məqalələrində Azərbaycan istiqlalına qarşı hazırlanan sui-qəsdlərə və təxribatlara qarşı xalqı ayıq, daha doğrusu, "dördgöz" olmağa çağırır. "Dördgöz olmalıyıq" (1919, N166) məqaləsində yazır: "İçimizdə olan düşmənlərin təhlükəsi xaricdə görünən düşmənlərinkindən daha zərərlidir. Xaricdə duranı görürük, lakin içimizdəkiləri hər dəfə görmək mümkün olmuyor...
Xülasə, istiqlalımızı müdafiə və mühafizə yolunda dördgöz olub da xarici düşmənlərimizi dəf üçün hər bir tədbirə bilatərəddüdtəvəssül etməlidir". 
Bu gün də sapı özümüzdən olan "balta"ları, bu torpağın üzərində gəzib xəyanət edən xainləri, maddi nemətlərimizlə yaşayıb üzümüzə ağ olan nankorları görəndə Ü.Hacıbəylinin hələ də aktuallığını itirməyən bu tövsiyəsinin vacibliyini və ciddiyyətini bir daha təsdiqləyirik.
Ü.Hacıbəyli "Bir yaş" (1919, N190) məqaləsində isə minlərcə xanimanları xaraba qoyulan bir dövlətin - çaylarca axıdılan qanlar hesabına qurduğu Azərbaycan türk dövlətinin bir yaşının tamam olması və ikinci yaşa qədəm qoyması gününü qürurla, istiqlal sevgisi ilə qələmə alır. "Ana Vətən doğdu... Və bu gün doğduğu övladının səneyi-dövriyyəsi münasibəti ilə bayram qurub və övladını mavi, al və yaşıl rəngli parçalarla bəzəyib nümayişkaranə bir surətdə bəyani-iftixar etməkdədir". 
Bu məqamda bir Vətən övladının Azərbaycan istiqlalına və bəşəri eşqə köklənmiş duyğularının ifadəsini, dahi publisistin azərbaycançılıqla yoğrulmuş qələminin qüdrətini görməmək mümkün deyil. 
Bir yaşlı dövlətinin yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı, mədəniyyət aləminin möhtərəm bir üzvü olacağına əmin olan Üzeyir bəy inamla uzaqgörən bir publisist kimi xalqını bu yolda dəyanətli olmağa səsləyir: "...düşmən dəfində təcrübəsiz olduğuna, türklük və islamlığına məxsus fəzilətlərinə baxıb da əmin olunuz ki, bu hökumət və bu millət öz istiqlalını, öz azadlığını və öz təbəəsini şanlı bir surətdə hər bir düşməndən qorumağa qadirdir... Ölmək var ki, dönmək yoxdur".
Ü.Hacıbəylinin "Azərbaycan"dakı yazılarında dövrünün ən mühüm problemlərinin, o cümlədən suveren dövlət və müstəqillik, demokratiya, milli maarifçilik, azad söz və mətbuat, vicdan azadlığı, erməni məsələsi, Qarabağ problemi kimi məsələlərin diqqət mərkəzində saxlanılması ilə birgə bu problemlərin çözülməsi ilə bağlı məsələlərin dərin siyasi mahiyyəti barədə nəzəri fikirləri də maraq doğurur. 
Ü.Hacıbəylinin dövlətinə, vətəninə, millətinə, bayrağına sonsuz sevgisinin təcəssümü olan "Bayrağımız sarsılmaz" (1919, N175) məqaləsi zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin, gənc Azərbaycan dövlətinin haqq və azadlıq rəmzini özündə daşıyan ÜÇRƏNGLİ bayrağımıza həsr olunmuşdur. 
Əhməd Həmdi Qarağazadə də "Azərbaycan" qəzetinin fəal əməkdaşlarından biri idi. Yazarın "Azərbaycan Parlamanının birinci illiyi" (N340), "1920-ci il" (1920,N1), "Sərvəqt olmalıdır" (1920, N10), "İstiqlaliyyətin amilləri və nəticələri" (1920, N14), "Sovet hökumətinin təklifinə cavab" (19 yanvar 1920, N 15), "İcmali-siyasi" (1 fevral 1920, N20), "Bolşevik təhrikatı" (1920, N 21), "Bolşeviklər və biz" (12 fevral 1920, N 30), "Qars məsələsinə dair" (1920, N32), "Türkiyə məsələsi" (1920, N36), "Batum məsələsi" (1920, N41), "Bir ehtiyac" (1920, N65) və digər məqalələri onun istiqlal savaşında məsləkdaşları ilə birgə addımladığını və necə bir siyasətçi olduğunu təsdiqləyir. 
İstiqlaliyyət mövzusu Ə.Həmdi publisistikasının ana xəttini təşkil edir. Ədib "İstiqlaliyyətin amilləri və nəticələri" (1920, N14) məqaləsində Azərbaycan və Gürcüstan ittifaqının Azərbaycanı xristian düşməni, Gürcüstanı ixtilalçı kimi tanıtmaq istəyənlərə - mənfur qüvvələrə böyük zərbə olduğunu qeyd edir. Zaman keçdikcə Azərbaycanın siyasi xadimləri və Gürcüstan rəhbərlərinin bu siyasi ittifaqın güclənməsi, möhkəmlənməsi yolunda atdıqları addımları təqdir edən ədib ölkəsinin qarşısında daha məsuliyyətli və mədəni fəaliyyət sahəsi açıldığını göstərir.
"Bu da dostluqmu?" (1920, N69) məqaləsi ədibin bugünkü günümüzün reallığı, Azərbaycanın tarixən üzləşdiyi çox ciddi bir problemə - Qarabağ ətrafında baş verən hadisələrə qonşu dövlətlərin, eləcə də Gürcüstanın mətbuat orqanlarının qeyri-müəyyən məlumatlarla, təhriflərlə, obyektivlikdən kənar yanaşmasına etirazı idi: "Təəssüf olunur ki, Gürcüstan mətbuatı Qarabağ hadisələri üzərində bizi müəyyən bir fakt ilə müttəhim etmiyorlar. Yazdıqları qeyri-müəyyən istinadlardır". 
Ədib şimaldan gələn təhlükədən Ermənistanın qurdcasına sui-istifadəsinə münasibət bildirərək yazır: "Və bu qurdcasına oynanılan oyuna qarşı Azərbaycan qoyuncasına ərzi-mütaviətmi etməli idi? Bu məsuliyyət əqli-səlim sahibi üçün də aşkar bir şeydir ki, kim bu hadisələri qurmuş, kim əlaltı bu planları hazırlayıb da birdən Qarabağ üzərinə saldırmış isə ona aiddir. "Müharibəyə girişən də Azərbaycan degil, Ermənistanın təşkil edib də iləri sürdügü bandalardır".
"Azərbaycan" qəzeti ilə əməkdaş olduğu dövrdə müntəzəm olaraq beynəlxalq ictimai-siyasi prosesləri bir politoloq kimi izləmiş ədib baş verən hər bir hadisəni, yeniliyi obyektiv və qərəzsiz şəkildə təhlil etmiş, hər bir problemə öz münasibətini bildirərək əsas qayəsinə - türkçülük, azərbaycançılıq ideyalarına hər zaman sadiq qalmışdır.
Qəzetin qadın əməkdaşı Ş.Əfəndizadənin "Azərbaycan"da fəaliyyətini yaradıcılığının yeni - ən yüksək mərhələsi adlandırmaq olar. "Yol əsnasında gördüklərim" (1919, №170), "Dağıstan günü" (1919, №173), "İslamların, türklərin" (1919, №181), "Təşkilatın qadınlara təsiri" (1919, №190), "Milli bayram və qadınlarımız" (1919-cu il, № 196), "Vətən bizim sevgili anamızdır" (1919, № 211), "Xanımlarımıza müjdə" (1919-cu il, № 302) və bu səpkili digər məqalələrində əxlaqi-mənəvi tərbiyə, qadınların cəmiyyətin ictimai-siyasi proseslərində, habelə seçkilərdə iştirakının əhəmiyyəti, millətin inkişafında qadın hüquqlarının qorunması məsələləri öz əksini tapır.
"Təşkilatın qadınlara təsiri" (1919, N190) məqaləsində Şəfiqə xanım millətini yaşadan, qəlbini qürur hissi ilə dolduran yeni yaranmış AXC-nin birilliyini alqışlayır, müsəlman türk qadınlarının da təşkilatlanmasını dövrün vacib məsələsi kimi qeyd edir. Göstərir ki, bir millətin qadınları kişilərlə bərabər hüquq əldə etməmişsə, qadınlar hər hüquqdan mərhum qalırlarsa, o millət irəli gedə bilməz: "Şimdiyə qədər bütün günahlarımızı, qüsurlarımızı zalım istibdadın boynuna yükləməklə kəndimizi bir növ kəndi aramızda təmizləyə biliyorduq. ...Hürriyyət verildi. İstibdad zənciri qırıldı, Azərbaycan hökuməti təşkil olundu. Şimdi daha diyəcək bir sözümüz qaldımı?!" deyərək bu məsələdə qadınların passivliyini, avamlığını tənqid edərək onları inkişaf etmiş ölkələrin qadınlarının inkişaf tarixlərini öyrənməyə, nəticə çıxarmağa çağırır.
Qəzetin ən gənc əməkdaşı Əli Yusif Yusifzadənin dərc etdirdiyi "Prometey", "Sülhi-ümumi yolunda", "Sülhi-ümumi yolunda" məqsədləri nədir?", "Bu günün vəzifəsi", "Pəncərə önündə yarım saat", "Gənc nəslə", "Qarabağ məsələsi" və digər yazıları problem, fakt və hadisələrə münasibət, forma və məzmun baxımından təqdirəlayiqdir. Gənc yazarın "İdeal", "Bayraq" şeirləri qəzetin səhifələrinə istiqlal ovqatı qatır. 
"Prometey" məqaləsində amalı - sonsuz məhəbbətlə bağlandığı doğma Azərbaycanı müstəqil və azad görmək arzusu qabarıq şəkildə özünü göstərir: "İnşallah, ən yaxın atidə atəşpərəstlər məbədi Azərbaycanı nurpərəstlər qütbü, mədəniyyət ocağı görməklə hər bir azərbaycanlı bəxtiyar olacaqdır. Yaşa, istəkli cümhur vətənimiz, yaşa, ey Şərq tarixinin Prometeyi! Sən xalqa mənfəət verəcək alovlu nuru gögdən alaraq yerə saç, insanlara tapşır, istər bunun üçün səni edam etsinlər" (1918, N58).
Əli Yusif milli istiqlal ideyalarının bütün çətinliklərə baxmayaraq parlayacağı, böyüyəcəyi, yüksələcəyi, həmçinin müstəqil olmağın bütün kiçik millətlərin şuar və arzusu olduğunu əzmkarlıqla vurğulayir. 
 "Milli qayəmiz" (1918, N61) məqaləsində əqidəsindən, partiyasından asılı olmayaraq hər bir kəsi milli həyatla yaşamaq, milli hakimiyyətə nail olmaq üçün istiqlal şüarı altında birliyə çağıran ədib "İstiqlal dedikdə artıq bütün mənsubiyyətlər, siyasi məsləklər ortadan qalxaraq yalnız müstəqil Azərbaycan qalırkən onu yaşatmağa həpimiz namusumuzla borcluyuz" yazır. 
"Azərbaycan" qəzeti öz dövründə H.Mircamalov, F.Ağazadə, X.İbrahim və digər jurnalist və publisistlərlə yanaşı, müxtəlif peşə sahiblərinin, müəllim və tələbələrin də tribunasına çevrilmişdir.
"Azərbaycan" qəzetinin materialları AXC dövrü tarixini öyrənmək baxımından da əhəmiyyətlidir.
1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra da "Azərbaycan" qəzeti müstəqil dövlət quruculuğu sahəsində atılan addımlarda öz tarixi köklərinə söykəndi. Bu gün AXC dövründə dövlətçilik ənənələrinin yaranmasında və formalaşmasında böyük rol oynayan "Azərbaycan" qəzeti 105 yaşını qeyd edərkən keçilən yola nəzər salaraq onun tarixi təcrübəsindən bəhrələnir.
Milli müstəqillik və milli dövlətçiliyimizin yeni mərhələsində bu ənənələri yaşadan "Azərbaycan" qəzetinə və əməkdaşlarına uğurlar arzulayırıq. 

Aygün ƏZİMOVA,
Bakı Dövlət Universitetinin 
dosenti, filologiya üzrə fəlsəfə doktoru

Şəkilatı soz:
1919-cu il, "Azərbaycan" qəzetinin redaksiyası, əməkdaşlar və yazarlar 

Soldan sağa. Öndə oturanlar: Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov 
Orta cərgədə: Hənəfi Zeynallı, Rübabə Tağızadə, Şəfiqə xanım Əfəndizadə, Məhəmməd Əmin Rəsulzadə, Səhra xanım Paşazadə, 
Üzeyir bəy Hacıbəyli, Mustafa ağa Vəkilov
Ayaq üstə duranlar: Əbdül Əbdülzadə, Mirzə Hadi Atlasov, Hacıibrahim Qasımov, Məhəmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, 
Seyid Hüseyn Sadiq, Xəlil İbrahim, Qədir Heydərov, Əli Yusifzadə. Məhəmməd Hadi Əbdülsəlimzadə.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbulda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir  

20:43
18 Oktyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib  

20:40
18 Oktyabr

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb  

20:36
18 Oktyabr

Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək

20:31
18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib

20:23
18 Oktyabr

Baydenin biabırçı mirası uzun illər ABŞ-ın üzərində damğa olacaq

20:16
18 Oktyabr

 50 vikinqin qalıqları tapıldı 

20:09
18 Oktyabr

Payız mövsümündə Balakəndə 3 min ağac əkiləcək

19:58
18 Oktyabr

İtaliyada işçilər tətilə başladı

19:41
18 Oktyabr

İnnovativ çoxrejimli robot təqdim edilib

19:32
18 Oktyabr

 Bayden Almaniyadadır: Prezidentlər arasında görüş olub

19:28
18 Oktyabr

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!