Böyük ictimai-siyasi hadisələrlə zəngin olan XX yüzillik Azərbaycan tarixinə yeni siyasi baxışlar və tərəqqi əsri kimi daxil olmuşdur. Qabaqcıl ziyalılarımız bu dövrün təlatümlü, ağrılı və eyni zamanda sərt dönüşə səsləyən ilk onilliklərində xalqın azadlıq mücadiləsində, milli istiqlal hərəkatında müstəsna rol oynamışlar. Rusiyanın və Qərbin inqilabi təlatümlər yaşadığı bir vaxtda Azərbaycan həm müsəlman ölkəsi, həm də strateji baxımdan Şərqə açılan qapı olduğu üçün daha ciddi maneələrlə rastlaşmışdı. Belə vaxtda bütövlüyümüzü və milli mənafeyimizi qorumaq ən zəruri məsələlərdən biri idi. Məhz azad düşüncə sahibləri olan milli ruhlu ziyalılarımız ayıq təfəkkürləri və mütərəqqi fikirləri ilə yeni siyasi ideoloji mühit yaratmış, milli hərəkatı xalqımızın istiqlalına qədər yüksəldə bilmişlər.
120 nəfər Xalq Cümhuriyyəti parlamentinin üzvü kimi fəaliyyət göstərmiş, müxtəlif vəzifələrdə çalışmışdı. Bir an belə dayanmadan işləmiş, öz dəst-xətləri, xalqına sədaqətləri ilə fərqlənmiş, dövlətçilik tariximizdə şərəfli yer tutan şəxsiyyətlərdən olmuşlar. Düzdür, bu insanların bir çoxu hadisələrin hökmü, şəraitin tələbi ilə Azərbaycanı tərk etməyə məcbur qalmış və bir də geriyə dönə bilməmişdilər. Əksəriyyətinin son mənzili də qürbətdə olmuşdur. Həmin şəxsiyyətlərin arasında Ceyhun bəy Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Behbud xan Cavanşir, Mirzəbala Məmmədzadə, Almas İldırım, Qurban Səid, Xəlil bəy Xasməmmədli, Ziyadxanovlar və onlarca digər Azərbaycan ziyalısı və ictimai xadimi var idi. XIX əsrin sonu və XX əsrin əvvəllərinə nəzər salanda bu dövrdə öz əbədi izini qoymuş şəxsiyyətlər sırasında Əlimərdan bəy Topçubaşovu da görürük.
Milli istiqlal düşüncəsinin ideoloqu - Əlimərdan bəy Topçubaşov
Əlimərdan bəy Topçubaşov görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Rusiyanın müsəlman-türk xalqlarının milli-azadlıq hərəkatının liderlərindən idi. 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 28-dək Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuşdur.
O, cümhuriyyətin mövcud olduğu bütün dövr ərzində özünü bacarıqlı diplomat kimi göstərmişdir. Ə.Topçubaşovun diplomatiyasında azərbaycançılıq məfkurəsi müəyyənedici amil olmuşdur. Fəaliyyətində əsas məqsəd millətin oyanışında, milli azadlıq hərəkatının düzgün istiqamətləndirilməsində ziyalı kimi iştirak etmək idi.
Ə.Topçubaşov 1888-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirir. Təhsilini başa çatdırdıqdan sonra bir neçə il Rusiyada işləyir, 1894-cü ildə Bakıya gəlir və hüquqşünas kimi fəaliyyətə başlayır. Öz ixtisasının dərin bilicisi olan Topçubaşov doğma Azərbaycan dilindən başqa rus, fransız, ingilis, fars və gürcü dillərində də sərbəst danışır və yazırdı. Onun qabiliyyət və bacarığı tezliklə mesenat Hacı Zeynalabdin Tağıyevin diqqətini çəkir. 1897-ci ildə H.Z.Tağıyev "Kaspi"ni alaraq qəzetin redaktorluğunu Əlimərdan bəyə tapşırır. O, 1917-ci ilin axırlarına kimi qəzetə rəhbərlik edir.
Ə.Topçubaşovun redaktorluğu dövründə "Kaspi" rusdilli, milli düşüncəli mətbuat orqanına, milli ideyaların başlıca müzakirə mərkəzlərindən birinə çevrilir. Sonrakı onillikdə onun mövzu dairəsi xeyli genişlənir. Ətrafına daimi yazan publisistlər toplaşır, həyat hadisələrinə real münasibət bəsləyən bir sıra jurnalistlər qəzet səhifələrinə həqiqətləri çıxarırlar. Mütərəqqi, demokratik ruhlu Azərbaycan ziyalılarının görkəmli nümayəndələri - H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, Ə.Ağayev, M.Şahtaxtinski, C.Məmmədquluzadə və başqaları dövrün ağrı-acılarını, millətin taleyüklü məsələlərini əks etdirən məqalələrlə çıxış edirlər.
Ə.Topçubaşovun təşəbbüsü ilə 1905-ci il avqustun 15-də Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda birinci qurultayı keçirilir. O, qurultaya sədrlik edir və çıxışı böyük maraqla qarşılanır. Rusiya müsəlmanlarının sonrakı qurultaylarının keçirilməsində də Topçubaşovun müstəsna əməyi olur. 1906-cı ildə Bakı quberniyasından I Dövlət Dumasına deputat seçilən Ə.Topçubaşovun təşəbbüsü ilə burada müsəlman fraksiyası yaradılır. Həmin ərəfədə o, millət vəkili kimi Qafqaz və Rusiya müsəlmanlarının lideri səviyyəsində onların hüquqlarını müdafiə edirdi. Cəsarətli addımları, fədakarlığı onun Xalq Cümhuriyyəti qurulanadək siyasi xadim kimi yetişməsində müstəsna rol oynayırdı.
Ə.Topçubaşov 1905-1906-cı illərdə erməni-müsəlman qırğınlarının yatırılması sahəsində gərgin iş aparır. O, Əhməd bəy Ağayevlə birgə 1906-cı ilin fevralında Tiflisdə keçirilən sülh konfransında iştirak edir, erməni terrorizminin, "Daşnaksütyun" və "Hnçak" partiyalarının iç üzünü açan yüzlərlə məqalə yazır. 1914-cü ildə Bakıda 45 nəfərdən ibarət "məşvərət məclisi" təşkil edərək müsəlmanların "tələblər paketi"ni hazırlayır, çar hakimiyyəti orqanlarına göndərir. 1916-cı ildə Tiflisdə toplanan Qafqaz millətləri yığıncağında Azərbaycanı təmsil edir. 1917-ci ilin mayında Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının Birinci qurultayına sədrlik edir. Noyabrda Gəncə dairəsindən Rusiya Müəssislər Məclisinə nümayəndə seçilir. Ə.Topçubaşov o zaman həm də Cənubi Qafqaz Seyminin üzvü idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı elan olunduqdan sonra Topçubaşov müstəqil milli dövlətin dünyada tanınması üçün səylə işə başlayır. Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi İkinci hökumət kabinetinin tərkibində əvvəlcə portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri olur, avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilir. 1918-ci il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cümhuriyyəti parlamenti elə ilk iclasında İstanbulda olan Topçubaşovu parlamentin sədri seçir. Dekabrın 28-də Azərbaycan hökumətinin və parlamentin ağsaqqallar şurasının birgə yığıncağında Ə.Topçubaşov Paris Sülh Konfransına (1919-1920) göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olunur. O, İstanbuldan birbaşa Parisə yola düşür.
Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin, xüsusilə onun başçısı Topçubaşovun gərgin fəaliyyəti uğurla nəticələnir. Lakin tarixin və taleyin hökmü çox ağır olur. Nümayəndə heyəti öz missiyasını qismən yerinə yetirə bilir. 1920-ci ilin yanvarında Ə.Topçubaşovun səkkiz aylıq gərgin mübarizəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi Avropada de-fakto tanınır. Amma həmin ilin 28 aprelində bolşevik Rusiyasının müdaxiləsi ilə baş verən çevriliş min bir əziyyətlə qazanılmış bu nailiyyətin üstündən qalın bir xətt çəkir. Azərbaycanın müstəqillik arzusunu yenidən əlçatmaz edir.
1920-1934-cü illərdə Parisdə qalıb mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini dayandırmır, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, AXC hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak edir, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və onların törətdikləri cinayətlər haqqında geniş məlumatlar yaymağa başlayır.
Ə.Topçubaşov siyasi fəaliyyətini digər Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirməyə çalışırdı. Bu məqsədlə onlar 1921-ci il mayın 8-də Parisdə bir araya gələrək Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə edir, iyunun 10-da isə üç Qafqaz respublikasının səlahiyyətli nümayəndələri Topçubaşovun sədrliyi ilə keçirilən iclasda siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa gəlirlər.
Ə.Topçubaşov 1934-cü ildə, ölümündən bir qədər əvvəl Azərbaycan Milli Mərkəzinin divan üzvü kimi M.Ə.Rəsulzadə ilə birlikdə Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin iştirakı ilə Brüsseldə "Qafqaz Konfederasiyası Bəyannaməsi"ni imzalayır.
Dövrünün sayılıb-seçilən, güclü və nüfuzlu simalarından olan Əlimərdan bəy mübarizəsini ömrünün sonunadək davam etdirir. Vətəndə də, vətəndən kənarda da yalnız vətən naminə çalışır.
2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş "Əbədi ezamiyyət" sənədli filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyevadır. Bundan başqa, "Qərib məzarlar" kitab-albomu da nəfis tərtibatda çapdan çıxmışdır. Həm film, həm də kitab-albom Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.
Mübarizələrlə dolu ömür - Fətəli xan Xoyski
Görkəmli ictimai-siyasi xadim, tarixi şəxsiyyət, Azərbaycanda milli istiqlal hərəkatının və Xalq Cümhuriyyətinin təməl daşını qoyan Fətəli xan Xoyski böyük mübarizələrdən keçmişdir. O, 1875-ci ilin dekabrında Şəki şəhərində anadan olmuşdur. Atası İsgəndər xan Xoyski rus ordusunun general-leytenantı idi. Əsilli-nəcabətli ailəyə mənsub olan Fətəli xanın babası İsmayıl xan Xoyski və ulu babası Cəfərqulu xan XIX əsrin əvvəllərində qədim və zəngin mədəniyyət ənənələri ilə məşhur olan Şəki xanlığının hakimi olmuşlar.
F.Xoyski 1901-ci ildə Moskva Universitetinin Hüquq fakültəsini bitirmişdir. Tələbəlik illərində universitetin gənclər hərəkatına qoşulmuş, Rusiyada xalqlar arasında yürüdülən ayrı-seçkilik siyasətinin şahidi olmuş və buna qarşı etirazlarını bildirmişdir. Geniş dünyagörüşlü siyasətçi kimi formalaşan Fətəli xan əvvəlcə Gəncədə, sonra isə Gürcüsanın Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. 1907-ci ildə Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilmişdir. Bu, Xoyskinin ictimai fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından İkinci Dövlət Dumasına nümayəndə seçilmiş və Dumanın müsəlman fraksiyasına daxil olmuşdur. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini kəskin tənqid etmişdir. Bu zaman Azərbaycandan F.Xoyski ilə yanaşı, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Zeynal Zeynalov, Mustafa Mahmudov və başqaları millət vəkili missiyasını daşıyırdılar.
F.Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən "Türk ədəmi-mərkəziyyət partiyası" - "Müsavat"ın Birinci qurultayının iştirakçısı olmuş, müxtəlif məsələlərlə bağlı çıxışlar etmiş və həmin qurultayda irəli sürülən "Azərbaycana muxtariyyət" şüarını qətiyyətlə müdafiə etmişdir.
1918-ci il mayın 27-də F.Xoyskinin də daxil olduğu seymin azərbaycanlı deputatları Azərbaycan Milli Şurasını yaratmışlar. Mayın 28-də isə Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni elan etmişdir və təkcə türkdilli xalqlar arasında deyil, bütün müsəlman dünyasında birinci dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan xalqımızın ilk müstəqil hökümətini təşkil etmək bitərəf F.Xoyskiyə tapşırılmışdı. O, hökumətdə həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tutmuşdu.
Azərbaycan dövlətçiliyinin tarixində ən böyük hadisələrdən biri də 1918-ci il dekabrın 7-də Məclisi-məbusanın (parlamentin) açılışı olmuşdur. M.Ə.Rəsulzadədən sonra parlamentdə çıxış edən F.Xoyski sevinc içərisində millət vəkillərinə müraciətlə demişdir: "Möhtərəm Azərbaycan parlaman əzası! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz, azərbaycanlılar yuxuda da görməzdik. Bu gün o günümüzdür ki, milli müqəddəratımızı öz əlimizə almışıq". Görülən işlər barədə danışan F.Xoyski ayrı-ayrı firqələr arasındakı ziddiyyətləri xatırladaraq demişdir ki, iki qardaş arasında da mübahisə olur. Fəqət, mübahisəli məsələlərimiz dostanə surətdə həll edilməlidir.
F.Xoyskinin dövründə Azərbaycanda dövlətçiliyin əsası qoyulmuşdur. Yelizavetpol şəhəri və quberniyası yenidən Gəncə və Gəncə quberniyası adlandırılmış, Qaryagin qəzası Cəbrayıl qəzası adı ilə əvəz edilmiş, çoxpartiyalı parlament sisitemi yaradılmış, Azərbaycan Respublikasının pul və poçt markaları buraxılmış, ana dilində məktəb və seminariyalar açılmış və digər mütərəqqi islahatlar həyata keçirilmişdir.
Aprelin 27-də F.Xoyski Azərbaycan parlamentində olarkən XI ordunun Bakıya yaxınlaşdığı xəbərini almışdı. Bu hadisədən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə getmişdir. 1920-ci il iyunun 19-da F.Xoyski məsləkdaşı Xəlil bəy Xasməmmədovla Tiflisin İrəvan meydanından keçərkən muzdlu erməni qatilləri tərəfindən güllə atəşinə tutulmuşdur. X.Xasməmmədov yaralanmış, Fətəli xan isə həlak olmuşdur.
Son nəfəsinədək əqidəsindən dönməyən Şəfi bəy Rüstəmbəyli
Şəfi bəy Rüstəmbəyli Cümhuriyyət dövrünün rusca yazan jurnalisti, "Azərbaycan" qəzetini yaradan böyük insanların sırasında dayanan mühərrir, qəzetin rus variantının ilk redaktoru olub. O, "Azərbaycan" qəzetinin tarixində həm də parlamentə üzv seçilən ilk redaktor kimi də qalıb.
Ş.Rüstəmbəyli 1893-cü ildə Ərəş qəzasının Məmmədli kəndində dünyaya gəlmiş, orta təhsilini Gəncə klassik gimnaziyasında almışdır. 1911-ci ildə Kiyev Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur. Həmin ilin sonunda universitetdə yaradılmış "Azərbaycan Həmyerlilər Cəmiyyəti"nin ("Zemlyaçestvo") rəhbərlərindən biri seçilmişdir.
Gənc azadlıq mücahidinin ali təhsil aldığı ilk dövr böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli tərəfindən gizli şəkildə Müsəlman Demokratik Müsavat Partiyasının Kiyev şöbəsinin yaradıldığı vaxta təsadüf edir. Ziyalı tələbənin buradakı fəaliyyəti də onun siyasi baxışlarına güclü təsir göstərir, Şəfi bəyin gələcəkdə həm siyasi, həm də ictimai xadim kimi yetişməsində dərin iz buraxır.
1916-cı ildə ali hüquqşünas diplomu ilə vətənə qayıdan Ş.Rüstəmbəyli bir müddət Gəncə dairə məhkəməsində vəkil kimi fəaliyyət göstərir. 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edən şəxslərdən biri olur. Elə həmin ilin mayında o, Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında iştirak edir, 1917-ci ilin iyun ayında azadlıq mübarizlərinin bir araya gəlməsi nəticəsində yaradılan Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsinin 8 üzvündən biri də Şəfi bəy olur.
Nəhayət, müstəmləkə zülmünə qarşı mübarizənin sonu 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bitir. Cümhuriyyətin yaranmasında fəal iştirak edən Şəfi bəy İstiqlal Bəyannaməsini - Azərbaycanın müstəqilliyi barədə sənədi imzalayan Milli Şuranın 27 nəfər üzvündən biri olur. 1918-ci il sentyabrın 15-də Azərbaycan və rus dillərində Xalq Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti öz nəşrinə başlayır. Şəfi bəy Rüstəmbəyli "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru təyin edilir.
Cümhuriyyət dövrünün "Azərbaycan"ının rus variantı ilə maraqlanarkən buradakı yazıların əksəriyyətinin Şəfi bəyin özü tərəfindən qələmə alındığı məlum olur. İrili-xırdalı bu yazılar müxtəlif mövzulara həsr edilir. Hər birində də müəllifin analitik düşüncələri, sərrast ifadə tərzi, üslubu özünü göstərir. Bu məqalələrdə görkəmli yazarın vətənə, millətə sədaqəti, azadlıq, istiqlal ehtirası parlaq şəkildə təzahür edir.
Ş.Rüstəmbəyli 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin üzvü seçilir. Sonra parlamentin Mandat komissiyasının sədri, Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın tərkibinə daxil olur. Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci (1917, 26-31 oktyabr) və ikinci (1919, dekabr) qurultaylarında Mərkəzi Komissiyanın üzvü, ikinci qurultayda həm də partiya sədrinin müavini seçilir. Şəfi bəy 1919-cu ildə milli mətbuat haqqında ilk qanunu işləyərək onun parlament tərəfindən qəbul edilməsinə nail olur.
Ş.Rüstəmbəylinin Cümhuriyyət dövründə "Azərbaycan" qəzetinin baş redaktoru olması və bir müddət daxili işlər nazirinin müavini vəzifəsində çalışması onun bacarıqlı təşkilatçı və məsləkinə sadiq, vətənini sevən əsl mücahid olduğunu təsdiqləyir. Təəssüf ki, Şəfi bəyin istiqlal arzuları yarımçıq qalır. Cümhuriyyətin çökməsini 27 yaşlı Şəfi bəy böyük üzüntü ilə qarşılayır. Xatırladaq ki, o, Cümhuriyyətin ən gənc liderlərindən biri idi.
1920-ci ilin aprelində Azərbaycanın bolşevik işğalından sonra o, Tiflisə köçməyə qərar verir. Lakin digər Cümhuriyyət liderləri kimi onun da Azərbaycanda qalan doğmaları təqib olunur. Şəfi bəyin atası Mustafa bəy və qardaşı Hacı bəy amansızcasına qətlə yetirilirlər. Ölüm məqamında Mustafa bəy özünün oğlundan əvvəl güllələnməsini xahiş edir. Qırmızı qatillər buna da məhəl qoymur, Hacı bəyi atasının gözləri qarşısında vəhşicəsinə güllələyirlər.
Bütün bu keşməkeşlər Şəfi bəy Rüstəmbəylini ruhdan salsa da, o, məsləkindən, əqidəsindən dönə bilmir. Tiflisdə sakitcə həyat sürmək istəmir. Burada Şəfi bəyin rəhbərliyi ilə "Azərbaycanı xilasetmə komitəsi" yaranır. 1921-ci ilin fevralında sovet hakimiyyəti Gürcüstanı da işğal edir. Şəfi bəyin fəaliyyəti burada da yarımçıq qalır. Mübarizənin mümkün olmadığını görən ədib İstanbula köçür və orada mühacir həyatı yaşayır. O, 1960-cı ildə Türkiyədə dünyasını dəyişir və son mənzilinə də orada qovuşur. 67 illik ömrünün 40 ilini qürbətdə keçirən istiqlal mücahidi hər an qəlbində Azərbaycanı gəzdirib, son nəfəsində də "Vətən" deyib.
Bu insanlar ömürlərinin sonuna qədər öz doğma yurdlarına sədaqətlə xidmət etmişlər. Dövlətçilik tariximizdə şərəfli yeri və peşəkar siyasətçi dəsti-xətləri ilə seçilən görkəmli istiqlal mücahidlərinin xidmətləri tariximizin yaddaşına əbədi olaraq həkk edilmişdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"