23 Yanvar 2022 00:42
611
Mədəniyyət

VAQİF TÜRBƏSİ Qədim Şuşada tariximizin rəmzidir

 

Görkəmli Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqifin türbəsi Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın cənub-qərbində, məşhur Cıdır düzündə, şairin həlak olduğu qayalı təpədə ucaldılıb.

Sağlığında da yeri ucalarda olub. Molla Pənah Vaqif şair kimi könüllərdə taxt qurub. Lirik, aşiqanə şeirləri dillərə düşüb. O həm də görkəmli siyasi xadim kimi yalnız vəziri olduğu Qarabağ xanlığında deyil, bütün Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda tanınıb. Dövrünün mürəkkəb, ziddiyyətli ictimai-siyasi hadisələrinin burulğanına düşən ömrü faciələrlə bitib. Molla Pənah Vaqif oğlu Əliağa ilə birlikdə qətlə yetirilib. Tarix onun nə şairlik məharətini, nə də siyasətdə bacarığını unutmayıb. Amma zaman Molla Pənah Vaqifə qarşı da amansız olub...

1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəyib. Yeri məlum olmayan məzar onun göstərişi ilə tapılıb. Ulu Öndər bərbad halda olan, dağılmış məzarı ziyarət edib. Çıxışlarının birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını söyləyib. Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə abidə və türbə tikintisi aparılıb.

Tikintiyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar E.İ.Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb.

Türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınıb. Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə olunmasına qərar verilib. Müəlliflər xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş şəkildə müraciət ediblər.

Yüksək peşəkarlıqla hazırlanmış, qədim Şuşanın memarlıq üslubuna yenilik gətirmiş Vaqif türbəsinin tikintisi 1982-ci ildə başa çatdırılıb.

1982-ci il yanvarın 14-də Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqif türbəsinin və Şuşada Poeziya Evinin təntənəli açılışı olub. O qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya tanınmış, istedadlı sənət adamları toplaşıb. Həmin gün milli mədəniyyət və sənət bayramına çevrilib. Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev hər il Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş verib. Beləliklə, həmin tarixdən etibarən hər il Vaqif Poeziya Günləri təşkil olunub. Tədbirin proqramına şeir gecələri ilə yanaşı, konsertlər də daxil edilib. Ənənəyə çevrilən bu poeziya günləri hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşıb.

Böyük təntənəyə çevrilən bu günlər erməni işğalınadək davam edib. Erməni vandalları 1992-ci il mayın 8-də ələ keçirdikləri Şuşada vəhşilik törədib, milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv edib, tarixi tikililəri uçurublar. Molla Pənah Vaqifin türbəsini də dağıdıblar. Kompleksin binasını və burada sərgilənən bütün eksponatları məhv ediblər.

Otuz ilə yaxın erməni işğalında qalan ərazilərimiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən azad olundu. Bu böyük zəfər azərbaycanlıların torpaq, yurd həsrətinin sonunu gətirdi. Artıq işğaldan azad olunmuş həmin ərazilərimizdə tikinti-quruculuq işləri həyata keçirilir. Erməni qəsbkarlarının işğalınadək keçirilmiş ənənəvi tədbirlər də bərpa olunub.

Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı Vaqif türbəsini ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə başlanılıb. Təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Eyni zamanda abidənin dam örtüyü yenidən qurulub. Abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Həmin layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa olunub.

Ötən il avqustun 29-da Şuşada görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.

Bir gün sonra - 2021-ci il avqustun 30-da Şuşada Vaqif Poeziya Günlərinin açılışı olub. Mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Vaqifin məqbərəsi işğal edilmiş torpaqlardakı bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalıb, bu gün isə məqbərə tam bərpa edilib və ikinci açılışı olub.

Dövlət başçısı sovet dönəmində Vaqif türbəsinin tikintisinin əhəmiyyətini diqqətə çatdırıb. Prezident İlham Əliyev deyib: “Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.

Prezident İlham Əliyev qeyd edib ki, Şuşa Azərbaycan şəhəridir: “Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

Vətən müharibəsindən sonra ilk dəfə Şuşaya 2021-ci il yanvarın 14-də - Vaqifin məqbərəsinin açılışının keçirildiyi gündən düz 39 il sonra gəldiyini deyən Prezident İlham Əliyev bildirib ki, bunun da böyük rəmzi mənası var idi və ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin. Dövlət başçısı bildirib: “Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi...”

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video