"Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır... Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bu il anadan olmasının 140-cı ildönümü tamamlanan Üzeyir bəy Hacıbəyli mədəniyyət tariximizdə daha çox böyük bəstəkar, opera sənətimizin banisi kimi tanınmışdır. O, ömrünün təxminən 45 ilini musiqiyə vermiş, milli musiqimizi yeni keyfiyyətlərlə zənginləşdirmiş, onun nəzəri əsaslarını yaratmış, müasir ruhlu kadrlar yetişdirmiş, həm də bunu klassik vüsət və parlaqlıqla etmişdir. Əsərləri dünya musiqi incisinin nümunələrinə çevrilmiş, yaradıcılığı nəinki zamanın ruhunu, fikri mübarizəsini, eyni vaxtda estetik tələblərini, zövqünü, bədii düşüncəsini əks etdirmişdir.
Üzeyir bəy Hacıbəyli həm də görkəmli ədib, böyük yazar idi. Həm dramaturgiyada, həm də publisistikada öz dəst-xəti ilə şöhrət tapmış, milli mətbuat tarixində silinməz izlər qoymuşdur. O, ədəbi yaradıcılıqla iki istiqamətdə məşğul olmuşdur: bir tərəfdən dövrünün tanınmış qələm sahibi kimi çoxlu sayda dərinməzmunlu publisistik əsərlər, felyetonlar yazmış, digər tərəfdən isə opera və operettaların ədəbi mətnlərini yaratmışdır.
Zamanın fövqündə
Dahi bəstəkar musiqi sənətində o qədər böyük zirvələri fəth etmişdi ki, hətta uzun illər ərzində çoxları onun kamil bir publisist olmasından, şirin, dərin ictimai məzmunlu felyetonlarından, ədəbi səhnəciklərindən, satirik miniatürlərindən, publisistik yazılarından, "Molla Nəsrəddin" məktəbinin ən qüdrətli təmsilçilərindən biri kimi davamlı fəaliyyətindən xəbərsiz qalmışdır. Yalnız 1964-cü ildə akademik Mirzə İbrahimovun redaktorluğu ilə Azərbaycan Respublikası Elmlər Akademiyası tərəfindən toplanıb çap olunmuş dörd cilddən ibarət "Əsərləri" meydana çıxandan sonra müasir oxucu Üzeyir bəy Hacıbəylinin ədəbi fəaliyyəti barədə geniş təsəvvürlər qazana bilmişdir. Oxucular onun necə usta qələm sahibi olduğunu, dövrünün ən vacib məsələlərinə aid əsərlər yazdığını, bu əsərlərdə hər zaman üçün vacib olan əbədi həqiqətlərin öz əksini tapdığını görmüşlər.
Məlum həqiqətlərdən biri də odur ki, bütün dövrlərdə böyük sənətkarların yaradıcılığı, ölməz sənət əsərləri həmişə insanların diqqətini cəlb etmiş, canlı fikirlərin yaranmasına vəsilə olmuşdur. Əlbəttə, bu diqqət və marağın həmişə eyni səviyyədə və məzmunda olduğunu iddia edə bilmərik. Zamanın ictimai mənzərəsindən, ideallarından asılı olaraq bu maraq bəzən ən yüksək mənziləsinə yüksəlir, bəzən isə nisbətən səngiyir. Hər nəsil öz məqsədləri, ictimai meyilləri üçün keçmiş irsdə bir dəlil, dayanacaq axtarır. Bu irsin işığında öz ideallarını daha geniş əhatədə yaymağa, məqsədlərinə doğru sürətli addımlarla irəliləməyə çalışır. Üzeyir bəy Hacıbəyli isə zamanın fövqündə duran o xoşbəxt sənətkarlardandır ki, onun əsərləri hansısa vaxtın ictimai-siyasi mündəricəsinin tələblərinə tabe deyildir. İnsan ruhunun, insan psixologiyasının ən dərin qatlarına nüfuz etdiyi üçün bu əsərlər hər zaman aktualdır, öyrədicidir, yolgöstərəndir.
Üzeyir bəy Hacıbəylinin xoşbəxtliyi həm də bundadır ki, zaman keçdikcə onun böyüklüyü, fəaliyyətinin humanist və mütərəqqi mənası daha parlaq şəkildə göz önündə ucalır, məzmununun genişliyi, dərin və aydın mənası ilə adamı heyran qoyur.
Ali həqiqətlər uğrunda
Bəllidir ki, bədii publisistika ədəbiyyatın hadisələri ən tez əks etdirən, həyatla sürətli şəkildə ayaqlaşmağa can atan janrıdır. Zamanın müasir çağırışlarına cavab vermək, qarşıya çıxan suallara aydınlıq gətirmək publisistikanın əsas vəzifəsidir. Üzeyir bəy Hacıbəylinin publisistik əsərləri də insanların gündəlik həyatından, bu həyatın canlı qaynaqlarından doğan böyük problemləri əks etdirir, çox vacib məsələlərin həllinə istiqamət verir. Ən mühümü isə bu cavabların hər biri mücərrəd, yaxud yanlış cavablar deyil, məhz aydın, sadə və doğru cavablardır. Bu əsərlərin müəllifi yaşadığı çox mürəkkəb, hər cəhətdən ziddiyyətli dövrün təlatümləri içində qətiyyən itib-batmır, tərəqqi və inkişafa kömək göstərən həqiqətləri üzə çıxararaq kamil qələmi ilə dahiyanə şəkildə cəmiyyətə çatdırır. Yazılarının heç birində mürtəce fikirlərə, ötəri duyğulara, yalançı hisslərə qapılmır.
Üzeyir bəy Hacıbəylinin musiqisi kimi, publisistik əsərləri, o cümlədən felyetonları da onunla insanlar arasında mükalimə, dialoqdur. Publisistik əsərlərində tutduğu mövqe, müdafiə etdiyi ali həqiqətlər qabarıq şəkildə nəzərə çarpır. Üzeyir bəy oxucunu müəyyən fikirlərə inandırmaq, yaxud müəyyən yanlış meyillərdən vaxtında döndərmək üçün çevik bir vasitə kimi sözün gücündən böyük məharətlə istifadə edir. Elə böyük yazarı publisistika sahəsinə gətirən, zəmanəsinin ən görkəmli qələm sahiblərindən biri kimi yetişdirən səbəb də onun aid olduğu cəmiyyətlə üz-üzə, göz-gözə danışmaq, mütərəqqi fikirlərini, düşüncələrini mümkün qədər çox insana çatdırmaq, onlara bu fikirləri aşılamaq arzusu idi.
Elə məhz buna görə də Üzeyir bəy Hacıbəylinin publisistik çıxışları xüsusən 1905-ci il inqilabından sonra, eləcə də Birinci Dünya müharibəsi dövründə, Azərbaycan Xalq Cümhuiyyətinin qurulduğu zamanlarda, milli dilimizdə mətbuat orqanlarının sayının artdığı, demokratik azadlıqların genişləndiyi, maarifpərvərlik meyillərinin son dərəcə gücləndiyi vaxtlarda xüsusilə müntəzəm və aktiv xarakter daşımışdır.
Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlamışdır. O dövrün "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində çıxış etmişdir. "Molla Nəsrəddin" jurnalı da onun yaradıcılığında mühüm yer tutmuşdur.
Gələcəyin dahi bəstəkarı, ilk növbədə, jurnalist və publisist kimi qələmini ən müxtəlif mövzularda sınamışdır. Çoxsaylı məqalələr, felyetonlar, satirik miniatürlər, oçerklər, parodiyalar və s. yazmışdır. Tədqiqatçıların qənaətinə görə, Üzeyir bəy 65-dən çox gizli imza ilə çıxış etmişdi. Belə ki, o, "Filankəs", "Bəhmənkəs", "Bikəs", "Bir şəxs", "Adı bəy, özü Filankəs" kimi imzalardan istifadə edib. Məqalə və felyetonlarının altından ən çox yazdığı imza isə "Filankəs" olub.
Qeyd edək ki, satirik gülüş, yumor Üzeyir bəyin həm təbiətinin, həm də yaradıcılığının, o cümlədən publisistikasının mayasını təşkil edirdi. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton onun ədəbi irsində əhəmiyyətli yer tuturdu.
Üzeyir bəyin zəngin yumoristikası vaxtilə mətbuat səhifələrində "Ordan-burdan", "O yan-bu yan" rubrikası altında dərc etdirdiyi yazılarda özünü aydın göstərirdi. Onun "Bazar söhbəti", "Məzhəkə", "Təhsil" kimi satirik hekayələrini, "Rəfiqimdən məktub", "Üçüncü dəllək", "Məclisimizin duzu", "O, heç", "Tərəqqi və gerilik", "Ha fikir edirəm, başa düşmürəm!" felyetonları dövrünün ən mühüm problemli məsələlərinə həsr edilmişdir. Həmin yazılar publisistik məziyyətləri, ictimai-siyasi məzmunu və bədii dəyərləri ilə seçilirdi. Bu silsilədən olan məqalələrdə Üzeyir bəy Bakı Şəhər Dumasının "fərsiz deputatlarını" rüsvay edir, tutduqları mənsəbə layiq olmadıqlarını, siyasi mövqelərinin sürüşkənliyini, saxtalığını açıb göstərirdi. Fəaliyyətsiz "qlasnıları" barsız ağaclara bənzədirdi.
Üzeyir bəy Hacıbəylinin çoxşaxəli yaradıcılığı ilə hərtərəfli tanış olduqdan sonra onun ayrı-ayrı qollarının bir mənbədən qaynaqlandığını, hamısının da bir-birinə sıx bağlı olduğunu yəqin edirsən. Müəllifin "Dövlət Duması", "Ata və oğul", "Kələkbazlar", "Üçüncü dəllək", "Məzhəkə", "Müalicə", "Moizə" və digər qaravəlli və satirik miniatürlərini oxuduqca aydın olur ki, bunlar ədibin sonrakı möhtəşəm əsərlərinin bir növ müqəddiməsidir. Bu yazılar həm də Üzeyir bəyin qorxmaz, cəsarətli bir insan olduğunu təsdiqləyir. Onun böyük istedadının bir göstəricisi də odur ki, əsərləri hansı zamanda oxunsa, sanki həmin dövrün qüsurlarını, problemlərini açıqlayır.
Üzeyir bəyin felyetonları da elə güclü təsir qüvvəsinə malik idi ki, onların ucbatından bəzən hökumət qəzetləri belə bağlayırdı. Məsələn, Əhməd bəy Ağayev 1905-ci ildə çar Rusiyasında xalqların hüquqları ilə əlaqədar elan olunan 17 oktyabr manifestindən sonra yeni qəzet açmışdı. Nəşrini dörd il davam etdirən həmin "İrşad" qəzetinin bir sıra nömrələri məhz Üzeyir bəyin redaktorluğu ilə dərc olunmuşdu. Lakin bundan da çox maraq doğuran fakt odur ki, qəzet iki dəfə Üzeyir bəyin felyetonlarının toxunduğu məsələlərin yuxarı dairələrə xoş gəlmədiyindən nəşrini dayandırmışdı.
İlk dəfə "Stolıpin xəyalı" felyetonu səbəbindən bağlanan "İrşad"ın yenidən çıxması mümkün olur. İkinci dəfə isə "Nağıl" felyetonu onun birdəfəlik bağlanması ilə nəticələnir.
Xüsusi vurğulanmalıdır ki, Üzeyir bəyin publisistik yaradıcılığının ən qızğın dövrü 1905-1915-ci illərə təsadüf edir. Əslində, bu, həmin dövrün tələbi idi. Çünki həyatdan doğan problemlərə, gündəlik vacib suallara operativ cavab verəcək ən münasib janr məhz publisistika idi.
"Azərbaycan" qəzetinin redaktoru
Üzeyir bəyin publisistika fəaliyyətinin mühüm bir hissəsi "Azərbaycan" qəzetilə bağlı olmuşdur. 1919-cu ildə "Azərbaycan" qəzetinə redaktorluq etməyə başlayanda Üzeyir bəy Hacıbəyli artıq peşəkar jurnalist idi. O, redaktorluğu dövründə də qəzetin səhifələrində müxtəlif imzalarla çıxış edirdi. Cümhuriyyətin həyatı qəzetdə hərtərəfli işıqlandırılırdı. Üzeyir bəy tutarlı yazıları ilə gənc, müstəqil respublikanın düşmənlərinə cavab verir, ermənilərin törətdikləri qırğınlardan bəhs edir, xalqa öz dostunu da, bədxahını da tanıdırdı. O, "Azərbaycan" qəzetinə qara yaxanlara, böhtan atanlara da özlərinə layiq cavab verirdi.
Qəzetdəki fəaliyyətində Ü.Hacıbəyli özünü istedadlı, dərin düşüncəli və ideyalı bir publisist kimi göstərmişdir. Təsadüfi deyil ki, onun mətbuatda 900-ə yaxın məqalə və felyetonları çap olunmuşdur ki, bunlardan 100-dən çoxu "Azərbaycan" qəzetinin payına düşür. Görkəmli yazar həm gündəlik hadisələrdən bəhs edir, həm perspektivə diqqət yönəldir, qaranlıq mətləblərə işıq salırdı. Onun hər gün baş verən cari hadisələrə də baxışı fərqli idi, onları səlis publisistik üslubda qələmə alırdı. Misal kimi, müəllifin cümhuriyyət dövründə "Təəssürat" başlığı ilə yazdığı məqalələri göstərmək olar.
Ölkəmizin bugünkü inkişafı bütün dünyanın diqqətini cəlb etdiyi, bu yüksəlişi çoxlarının gözünün götürmədiyi bir dövrdə istər-istəməz Üzeyir bəyin "Bayrağımız sarsılmaz" yazısı yada düşür. Yazı həcmcə kiçik olsa da, mənaca dərin, publisistik nöqteyi-nəzərdən çox dəyərlidir. Buradakı hər sətri, hər fikri Ü.Hacıbəylinin publisistikasına epiqraf kimi də götürə bilərik. "Müqəddəs bayrağımızın münəvvər rəngləri, günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimizin xain gözləri bu nurlardan qamaşır".
Mətbuat sahəsində daha böyük təcrübəyə malik olan Üzeyir bəy "Azərbaycan"ın ideya-siyasi səviyyəsinin yüksəldilməsinə böyük əmək sərf etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin (Məclisi-Məbusanın) açılışı günündən (7 dekabr 1918) reportaj da məhz onun püxtə qələminə məxsusdur.
Xalq ruhunu daşıyan sənətkar
O dövrlər son dərəcə gərgin, ziddiyyətli, keşməkeşli idi: hər yerdə olduğu kimi, Azərbaycanda da ictimai həyat, müxtəlif ideallar uğrunda mübarizələr xeyli canlanmışdı. Xalqın maarifçi övladları bütün imkanları səfərbərliyə alaraq cəmiyyəti inkişafdan saxlayan halların aradan qaldırılması üçün çalışır, o cümlədən köhnə həyat tərzinə, xürafata, təfəkkür geriliyinə, insanlar arasında ayrı-seçkiliklərə, təfriqələrə qarşı çıxırdılar. Onların gördüyü əsas xilas yolu maarifin, mədəniyyətin yayılması, ictmai şüurun oyanışı idi. Bu prosesin ön cərgəsində irəliləyən böyük maarifçilərimizdən biri kimi Üzeyir bəy Hacıbəyli də çoxsaylı publisistik yazılarında xalqımızın həyat və mübarizəsinin, təfəkkürünün ən müxtəlif sahələrini işıqlandırır, dəyişən dünyanın çağırışlarını diqqətə çatdırırdı.
Üzeyir bəy aldığı tərbiyə, idealları, zövqü etibarilə tamamilə xalqla bağlı sənətkar idi. Xalqımızın həyatını, ruhi aləmini, mənəviyyatını, tarixini və mədəniyyətini dərindən bilirdi, dərdlərini və ehtiyaclarını bütün qəlbi ilə duyurdu. Ona görə musiqi əsərlərində olduğu kimi, yazılarında da Üzeyir bəy xalqın ruhunu daşıyır. Söz yox ki, onda bu keyfiyyətlərin formalaşmasında publisistik fəaliyyət mühüm rol oynamışdı.
Bir məqamı da xüsusi qeyd edək: Üzeyir bəyin publisistikası onun "Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" əsərlərindəki satirik surətlərin, son dərəcə canlı və parlaq obrazların yaranmasına böyük bir hazırlıq məktəbi olmuşdur. Sənətkarın yaradıcılığındakı xəlqiliyin kökləri ictimai-siyasi həyatın dərinliklərinə işləmiş, həmişə xalqdan, xalqın mənəvi dünyasından qidalanmışdır.
O, bütün publisistik yazılarında, o cümlədən felyetonlarında mütərəqqi ictimai-siyasi fikirləri müdafiə edir, həmişə bir sənətkar, yazıçı kimi həqiqətin tərəfində dururdu. Obrazlı təfəkkür onun publisistikasının da əsas xüsusiyyətidir. Dahi sənətkar toxunduğu məsələlərin psixoloji cəhətlərini heç zaman unutmur, dəqiq cizgilərlə dövrün mənzərəsini canlandırırdı.
"Biz hamımız qafqazlı balalarıyıq"
Ötən əsrin əvvəllərində milli məsələ çar Rusiyasında və keçmiş imperiyada yaşayan xalqların həyatında ən ağır, çətin və müşkül məsələlərdən idi. Çar Rusiyasının dövlət quruluşu bu məsələni nəinki həll edə bilmiş, əksinə, "parçala və hökm sür" prinsipi ilə fitnə-fəsad, xalqlar arasında təfriqə salıb, onları bir-birinə qırdırmaq, yerlərdə müxtəlif üsullarla kütləvi qırğınlar yaratmaq yolu tutmuşdu. Əbəs yerə deyildi ki, o dövrdə tanınmış rus ictimai-siyasi xadimlərinin özləri Rusiyanı "xalqlar həbsxanası" adlandırırdılar. Azərbaycanın digər mütərəqqi maarifçiləri, demokratik görüşlü ziyalıları kimi, təbii ki, Üzeyir bəy də bu vəziyyətə biganə qala bilməzdi. O, əsərlərində çarizmin milli ayrı-seçkilik siyasətini nifrətlə damğalayırdı: "Rusiya məmləkətində hamı bərabər deyildi, hamıya bir gözlə baxmırdılar. Birinə hörmət edirdilər, o birisinə məhəl qoymurdular. Biri olurdu qul, o biri onun başının sahibi" ("İrşad" qəzeti, 11 may 1906-cı il, № 110).
O, müxtəlif millətlərin ixtiyarının necə əllərindən alındığını, ictimai-siyasi hüquqlarının tapdandığını müfəssəl qeyd edərək, deyirdi: "Biz müsəlmanların halı hamıdan yaman idi".
Üzeyir bəy Hacıbəyli milli məsələdən danışarkən heç bir düşüncə məhdudluğuna, insaniyyətə zidd fikirlərə yer vermir, məsələlərə əsl humanizm mövqeyindən yanaşır, xalqlar arasında bərabərlik, əmin-amanlıq, mehribanlıq ideyasını təbliğ edirdi. Onun "İrşad" qəzetinin 9 mart, 1906-cı il tarixli, 64-cü nömrəsində dərc edilmiş "Biz hamımız qafqazlı balalarıyıq" sərlövhəli məqaləsində qoyulan məsələlər, bu gün ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra Cənubi Qafqazda əbədi sülh, təhlükəsizlik, daimi mehriban münasibətlər üçün bütün region xalqlarına çağırışlar edən, təşəbbüsü üzərinə götürən, məkrli məqsədlərlə regionumuzu qarışdırmağa çalışan kənar qüvvələrin bəd əməlləri ilə birgə buralardan kənarlaşdırılmasına çalışan Azərbaycanın arzuları, gələcəyə baxışları ilə necə də üst-üstə düşür. Bu arzuların mənbəyi, istinad nöqtəsi Üzeyir bəy Hacıbəyli kimi dahi fikir adamlarımızın sağlam təfəkkürüdür. Azərbaycanın gələcək taleyi ilə bağlı öz əsərlərində müəyyən etdiyi yoldur.
İdeallarla əxlaqın vəhdəti
Üzeyir bəy Hacıbəyli insanın idealları ilə əxlaqını üzvi vəhdətdə görürdü. O, göstərirdi ki, yalnız özünü düşünən, hər işdə, hər başlanğıcda öz mənfəətini güdən adam yüksək ideallardan uzaq olub insanlara zərər verəcək, daha dərindən baxdıqda isə görəcəksən ki, özü də axırda müflis olub peşmanlıqla ömrünü başa vurur. Biz bədbəxtliklərə bir də ona görə düçar oluruq ki, bu sadə həqiqəti anlamırıq. Üzeyir bəy yazırdı: "Biz bunu anlamırıq ki, hər bir fərdin rifah və səadətlə ömür sürüb yaşaması üzv olduğu camaatın rifah və səadətinə bağlıdır. Odur ki, heç vaxt ümumcamaatın mənafeyini nəzərə almayıb, ancaq öz xüsusi mənfəətimizi gözləyirik.
Biz elə güman edirik ki, birimizin səadət və nikbəxtliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır... halbuki bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. O irtibat qırıldıqda heç birimizin səadəti baqi qala bilməz ("İrşad" qəzeti, 23 fevral, 1907, № 32).
Üzeyir bəy publisist yazılarında humanizmin, azadlığın böyük müdafiəçisi kimi çıxış edir. O göstərir ki, insan şəxsiyyəti yalnız azad və sərbəst olduqda təbiətindəki gözəl istedad və keyfiyyəti meydana çıxara bilər. Təzyiq və sıxıntı küt, qorxaq, namərd və aciz adamlar yetirir. Azadlıq isə insanı ucaldır, gözüaçıq, cəsur və nəcib edir. Ədib böyük istedad, qabiliyyət tələb edən işlərin bəzən bacarıqsız adamların əlinə keçməsinin yaratdığı mənzərəni də "Hər işi öz əhlinə tapşırmalı" adlı məqaləsində parlaq boyalarla əks etdirir.
Üzeyir bəyin 1908-ci ildə "Biz nə tövr iş görürük" sərlövhəli felyetonu da bu cəhətdən son dərəcə xarakterikdir. Burada müəllif cəmiyyəti riyakarlıqdan, mənasız görüntü və boşboğazlıqdan çəkinməyə, dünyada baş verən dəyişiklikləri çevik qiymətləndirməyə, kiçik, amma davamlı dəyişikliklərlə böyük nəticələr yaratmağa, felyetonda ifadə edildiyi kimi desək, "siçan boyda işlərdən başlayıb fil boyda işlərə doğru irəliləməyə" çağırır.
Üzeyir bəy Hacıbəyli kimi şəxsiyyətlər xalqların taleyindəki ən uca zirvələrdir. Zamanın hansı mərhələsində olursa olaq, bu zirvələrdən düşən işıq yolumuzu aydınladır, cəmiyyəti ali məqsədlərə doğru yönləndirir.
İradə ƏLİYEVA,
"Azərbaycan"