Tarixən həmişə belə olub: cəmiyyətin inkişafında, gənclərin dünyagörüşlərinin formalaşmasında, həyatda öz yollarını düzgün seçmələrində, elmə, biliyə yiyələnmələrində müəllimlər böyük rol oynayıb. Bütün zamanlarda müəllimlərə cəmiyyətin aparıcı qüvvəsi kimi baxıblar, onlara güvənərək arxalarınca gediblər, dediklərinə əməl ediblər. Cəmiyyət işıqlı sabahını onlara etibar edib.
Pedaqogika elminin görkəmli nümayəndələrindən biri olan Nurəddin Kazımov da ömrünün 65 ilini müəllimliyə, elmə, xalqının maariflənməsinə, cəmiyyətin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Yazdığı bir-birindən dəyərli əsərləri ilə yalnız ölkəmizdə deyil, xaricdə də tanınmışdır. Adı həmişə böyük hörmətlə çəkilən Nurəddin müəllim uzun illər Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının rəhbəri olmuşdur. Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov şərəfli bir ömür yaşamışdır.
Şərəfli ömür yolu keçmiş professor Nurəddin Kazımov 1926-cı il aprelin 28-də Gəncədə dünyaya göz açmışdı. 1933-1943-cü illərdə şəhərdəki III İnternasional adına orta ümumtəhsil məktəbində oxumuşdu. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olmuş, 2 ildən sonra təhsilini davam etdirmək üçün 1947-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinə göndərilmişdir. Gələcəyin tanınmış elm xadimi olacaq Nurəddin Kazımov 1950-ci ildə Leninqradda ali təhsilini uğurla başa vuraraq işləmək, yazıb-yaratmaq arzusu ilə geri qayıtmışdır.
Ali təhsilli mütəxəssis kimi doğma vətənə qayıtdıqdan sonra Nurəddin Kazımov Nuxa (indiki Şəki) Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasında baş müəllim kimi işləməyə başlamışdır. İki il bu vəzifədə çalışdıqdan sonra Bakıya qayıtmışdır. Bir müddət Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru, daha sonra isə Azərbaycan SSR Maarif Nazirliyində Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində işləmişdir.
Professor Nurəddin Kazımovun hələ gənclik illərindən elmi-pedaqoji sahəyə böyük maraq və həvəsi var idi. Buna görə də daim oxuyur, araşdırmalar aparır, təhsilini artırırdı. Çox keçmir ki, bu maraq, bu həvəs onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Təhsil İnstitutu) aspiranturasına gətirdi. O, 1953-1956-cı illərdə aspiranturada təhsil aldı, peşəkarlığını daha da artırdı.
Təcrübə və peşəkarlığı artdıqca onun fəaliyyət dairəsi də genişlənirdi. Sanki uğur qapıları qarşısında ardıcıllıqla açılırdı. Ali məktəbin rəhbərlik və idarəetmə qaydalarına dərindən bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) baş müəllim kimi işləməyə başladı. Qısa müddət ərzində tələbələrin və pedaqoji kollektivin hörmət və rəğbətini qazandı. Bir müddətdən sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor vəzifələrində işlədi.
Ötən əsrin 60-cı illəri Nurəddin Kazımovun həyatında və elmi-pedaqoji fəaliyyətində xeyli yaddaqalan oldu. Nurəddin müəllim 1958-ci ildə "Müqayisə haqqında K.D.Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə etdi, pedaqoji elmlər namizədi elmi dərəcəsi aldı. 1969-cu ildə isə "Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi" mövzusunda doktorluq işi müdafiə etdi, professor elmi adını qazandı.
Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük hissəsi ali məktəb həyatı ilə bağlı olmuşdur. O, 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdi. Nurəddin müəllim 1984-cü ildən başlayaraq 30 ilə yaxın Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının rəhbəri olmuş, neçə-neçə gəncin elmi işlərinə rəhbərlik etmiş, onlara diqqət və qayğı göstərmişdi. O, geniş elmi fəaliyyəti və dərin araşdırmaları nəticəsində pedaqoji problemlər üzrə bir-birindən dəyərli yeni fikir və nəzəriyyələr formalaşdırmışdı.
Görkəmli alimin yaradıcılıq fəaliyyətinin nəticəsi olan "Nurlu yol", "Tərbiyənin elmi-pedaqoji əsasları", "Pedaqogika" (müştərək), "Ali məktəb pedaqogikası", "Milli pedaqogika yollarında", "Məktəb pedaqogikası", "Məktəb pedaqogikası sxemlərdə", "Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət" (müştərək), "Müqayisənin nəzəri və əməli problemləri", "Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)" (müştərək), "Mərhələli tərbiyə nəzəriyyəsi", "Pedaqoji ustalığın problemləri", "Tətbiqi pedaqogika", on altı cilddən ibarət "Seçilmiş əsərlər" və bir çox digər kitab Nurəddin Kazımovun böyük elm adamı olduğunu aydın şəkildə göstərir. Professorun yazdığı dərslik və dərs vəsaitləri bu gün də ali təhsil müəssisələrində tədris olunur.
Orta ümumtəhsil məktəblərinin III, IV sinifləri üçün "Ana dili" və "Oxu" dərsliklərinin ərsəyə gəlməsində xeyli əmək sərf etmiş görkəmli alim elmi-pedaqoji fəaliyyətini qabaqcıl təhsil təşkilatçısı kimi də şərəflə doğrultmuşdur. O, uzun illər Respublika Pedaqoji Cəmiyyətinin rəhbəri olmuşdur.
Alimin əməyi dövlətimiz tərəfindən zaman-zaman layiqincə qiymətləndirilmişdir. Professor Nurəddin Kazımov səmərəli fəaliyyətinə və elm aləmində qazandığı uğurlara görə "Qabaqcıl maarif xadimi", "SSRİ maarif əlaçısı" döş nişanları, "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov 2012-ci ildə Rusiya Təhsil Akademiyasının üzvü seçilmişdir.
Görkəmli elm xadimi Nurəddin Kazımov 6 dekabr 2018-ci ildə 93 yaşında Bakıda vəfat etmişdir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"