10 Aprel 2026 08:50
140
Mədəniyyət
A- A+
Görkəmli kriminalist alim

Görkəmli kriminalist alim


Cinayətkarlıqla mübarizə işi tarixboyu təkcə hüquqi mexanizmlərlə deyil, həm də dərin elmi yanaşmalarla həyata keçirilib. Bu baxımdan kriminalistika sahəsi strateji bir istiqamət kimi hüquq elminin inkişafının bütün dövrlərində xüsusi yer tutub.  

Azərbaycanda bu sahənin inkişafı bir çox görkəmli alimin adı ilə bağlıdır. Ölkəmizdə kriminalistika elminin biliciləri sırasında hüquq elmləri doktoru, professor Kamil Nazim oğlu Səlimovun yeri müstəsnadır. O həm fundamental elmi araşdırmaları, həm dövlət səviyyəsində tətbiq olunan ideyaları, həm də kriminalist-hüquqşünas  kadrların hazırlanmasında uzunmüddətli zəhməti ilə kriminalistika və terrorçuluğa qarşı mübarizə sahəsində mühüm iz qoymuş alim-pedaqoqlarımızdandır. Kamil müəllim çox təvazökar, sadə bir insandır. Böyük vətəndaş, işıqlı bir ziyalıdır.


Peşə taleyi


Belə peşəkarlar üçün sənət seçimdən daha çox tale işidir. Bu, ömrün uşaqlıq çağlarından başlanan və heç zaman insanı tərk etməyən sevgidir. Kamil müəllim də köhnə Bakıda, İçərişəhərin qədim qala divarları arasından başlanmış unudulmaz uşaqlıq çağlarından məhz hüquqşünas olmağa, cinayətlərin üstünü açmağa, insanları, cəmiyyəti ziyankarlardan qorumağa çalışırdı. 

O, 12 aprel 1956-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Babası Muxtar kişi İçərişəhərin nüfuzlu ağsaqqallarından idi, uzun illər Bakının neft mədənlərində usta işləmişdi. Atası Nazim Səlimov Azərbaycanın yüngül sənaye sisteminin qurucularından sayılırdı. 40 ildən çox bu sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmış, ölkənin iqtisadi inkişafındakı əhəmiyyətli nailiyyətlərinə görə dəfələrlə yüksək dövlət mükafatlarına layiq görülmüşdü. Anası Məryəm xanım evdar qadın idi, övladlarının təhsil və tərbiyəsində ailənin mənəvi dayaqlarından biri kimi onun böyük rolu vardı. 

Kamil müəllim 1973-cü ildə Bakıdakı 18 nömrəli orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət  Universitetinin) Hüquq fakültəsinə daxil olmuş, 1974-1979-cu illərdə burada təhsil almışdı. Əmək fəaliyyətinə hələ tələbəlik illərində - 1974-cü ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzində laborant kimi başlamışdır. BDU-nu bitirdikdən sonra isə elmi fəaliyyəti ilə yanaşı, 1979-cu ildə təyinatla 4 nömrəli Vəkil Məsləhətxanasında fəaliyyət göstərmişdi. 1984-cü ildə Azərbaycan SSR Vəkillər Kollegiyasının sədr müavini seçilmiş, bu vəzifəni 1987-ci ilə qədər icra etmişdir. 


Böyük elmə doğru


Elmi fəaliyyətə olan marağı onu SSRİ Prokurorluğunun Cinayətkarlığın Səbəblərinin Tədqiqi və Qarşısının Alınması Tədbirlərinin İnkişafı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunun aspiranturasına gətirmiş və orada 1987-ci ildə "Tikinti materiallarının əldə edilməsi qaydalarının pozulmasına görə cinayət məsuliyyəti" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, elə həmin il BDU-nun Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 

Daha sonra - 2000-ci ildə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda "Terrorizmin müasir problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini almışdır. 1995-ci ildə dosent, 2010-cu ildə isə professor elmi adına layiq görülmüşdür.

1992-ci ildən Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasına rəhbərlik edən Kamil Səlimov bu müddət ərzində kafedranın inkişafına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə tədris prosesinə yeni fənlər daxil edilmiş, xüsusilə "Əməliyyat-axtarış fəaliyyəti" kursunun tətbiqi ölkəmizdə hüquq təhsilinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. 

Kafedranın əməkdaşlıq əlaqələrini inkişaf etdirərək ixtisaslararası mütəxəssislərin hazırlanması istiqamətində əldə etdiyi nəticələr də professorun mühüm nailiyyətlərindəndir. Belə ki, ilk olaraq Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrası ilə Kriminalistika və məhkəmə ekspertizası kafedrası arasında əməkdaşlıq başlamış, "Rəqəmsal kriminalistika" üzrə magistr proqramı hazırlanmışdır. "Rəqəmsal kriminalistika" fənninin müasir dövrümüzdəki rolunu nəzərə alaraq bakalavr təhsil pilləsi üçün də müvafiq proqram hazırlanmışdır.

Fundamental elmlər sahəsində, xüsusən molekulyar genetikada əldə olunan müasir nailiyyətləri nəzərə alaraq, kafedra BDU-nun Genetika kafedrası ilə birgə "Molekulyar kriminalistika" adlı fənlərarası tədris proqramını da tərtib etmişdir. 


Beynəlxalq terrorizmə qarşı elmi müstəvidə mübarizə


Professor Kamil Səlimovun elmi fəaliyyəti yalnız nəzəri tədqiqatlarla məhdudlaşmır. O, terrorçuluğa qarşı mübarizə sahəsində Azərbaycanda elmi məktəbin formalaşmasının əsas təşəbbüskarlarındandır. K.Səlimov terrorçuluqla bağlı araşdırmalarının nəticələrini 1988-ci ildən başlayaraq 30-dan artıq dövlətdə, o cümlədən ABŞ-də, Almaniyada, İsveçrədə, Fransada, İtaliyada və digər dövlətlərdə keçirilmiş beynəlxalq konfranslarda, simpoziumlarda, seminarlarda, digər elmi tədbirlərdə təqdim etmiş, dövlətlərin terrorçuluğa qarşı mübarizə siyasətinin təkmilləşdirilməsi istiqamətində mühüm elmi işlər görmüşdür.  

O, erməni terrorizminin və uzun illər Ermənistanın terrorizmə əsaslanmış dövlət siyasətinin beynəlxalq cinayət kimi qiymətləndirilməsi və onun təşkilatçıları barədə sanksiyaların tətbiq edilməsinə dair konkret təkliflər də irəli sürmüşdür. 1999-cu ildə Moskvada çap olunmuş "Terrorizmin müasir problemləri" adlı monoqrafiyasında  Qarabağda separatçıların fəaliyyətini beynəlxalq terrorizmin bir növü kimi elmi şəkildə əsaslandırmışdır. Bu monoqrafiya MDB məkanında ilk elmi  tədqiqatlardan biri kimi 2000-ci ildə təkrar nəşr edilmişdir. Bu monoqrafiyada müəllif beynəlxalq hüququn təhlili əsasında ilk dəfə sübut etmişdir ki, Azərbaycanda, o cümlədən Gürcüstanda və Dnestryanı bölgədə separatçı terrorizm beynəlxalq terrorizmin bir formasıdır. Monoqrafiyada dövlət terror siyasətinin həyata keçirilməsinin xüsusiyyətləri də əks olunmuşdur. 

Kamil Səlimovun erməni terrorizmi ilə bağlı Rusiyada nəşr olunan kitabları şübhəsiz ki, Moskvadakı erməni diasporunun böyük müqaviməti ilə rastlaşmışdı. Amma professor bu nəşrlərin erməni xalqına qarşı deyil, milli ideyalar adı altında suveren dövlətin ərazisini ələ keçirməyi hədəfləyən, bu məqsədlə beynəlxalq cinayətlər törədən millətçi separatçı terrorçulara və erməni rəhbərliyinin aqressiv siyasətinə qarşı yönəldildiyini əsaslandırmışdır.

Məlum olduğu kimi, hələ Sovet İttifaqının mövcud olduğu dövrdə - 1986-cı ildə  ermənilər azərbaycanlılara qarşı terror aktları törətmiş, bu aktlar Ermənistan ərazisində daha da genişləndirilməklə yerli azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olunmuşdur. Təkcə 1987-1990-cı illərdə Ermənistanda 1500-dən çox azərbaycanlı mülki şəxs öldürülmüşdür. Keçmiş SSRİ Prokurorluğunun məlumatlarına görə, 1988-1989-cu illərdə Ermənistan SSR-də millətçi motivlərlə törədilmiş cinayətlər üzrə 675 iş açılmış, onlardan 283-ü istintaq üçün Azərbaycana göndərilmişdir.

1990-2000-ci illər ərzində isə Azərbaycan ərazisində baş vermiş 387 terror aktı nəticəsində 2 mindən çox mülki şəxs həyatını itirmişdir. Həmin dövrdə SSRİ və müttəfiq respublikalarının qanunvericiliyində terrorçuluq üçün xüsusi cinayət məsuliyyəti nəzərdə tutulmamışdı. Buna görə Azərbaycan dövləti erməni terrorçularının hərəkətlərini beynəlxalq cinayətlər kimi təqdim etməkdə ciddi çətinliklərlə üzləşirdi. Bu istiqamətdə professor Kamil Səlimovun gördüyü işlər tarixi əhəmiyyət daşıyır. Onun qlobal əhəmiyyətli elmi tədbirlərdəki ardıcıl çıxışları, təqdim etdiyi tutarlı müddəalar sayəsində bir çox beynəlxalq ekspert azərbaycanlı alimin arqumentlərini qəbul etməli olmuşdur. Bu, Azərbaycanın həyata keçirdiyi informasiya savaşında çox mühüm bir məqam idi.


Kamil Səlimov məktəbi


Elmi-pedaqoji fəaliyyət sahəsində də Kamil Səlimov böyük uğurlara imza atmış, məşğul olduğu sahədə öz məktəbini yaratmağa nail olmuşdur. Onun rəhbərliyi ilə 2 elmlər doktoru, 17 fəlsəfə doktoru hazırlanmış, 100-ə yaxın magistr dissertasiyası müdafiə edilmişdir. Görkəmli alim hazırda da Milli Aviasiya Akademiyası nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. 

Professor K.Səlimov 8 monoqrafiyanın, 6 dərsliyin, 19 dərs vəsaitinin, 1 tədris praktiki vəsaitin, 1 metodik göstərişin, 1 metodiki vəsaitin, 137 məqalənin, 28 tezisin, 20-dən çox proqramın müəllifidir. Azərbaycanda və dünyada məruzəçi kimi çıxış etdiyi elmi konfransların sayı 56-dan çoxdur. Onun "Kriminalistika", "Məhkəmə ekspertizası", "Əməliyyat-axtarış fəaliyyətinin əsasları" kimi dərslikləri bu gün də hüquq təhsilində əsas mənbələrdən hesab olunur. Görkəmli alimin "Terrorçuluq cinayətlərinin istintaq metodikası", "Sifarişli qətllərin araşdırılması" və digər əsərləri həm nəzəri, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyır. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında 2007-ci ildə yaradılmış Cəzaçəkmə Müəssisələrinə İctimai Nəzarət Komitəsinin sədridir.

Professor Kamil Səlimovun fəaliyyəti dövlət və cəmiyyət tərəfindən daim yüksək qiymətləndirilmişdir. O, 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunmuş, eləcə də təhsil və hüquq elminin inkişafına verdiyi töhfələrə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycanda hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və dövlət proqramının hazırlanaraq həyata keçirilməsi sahəsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla, təhsil sahəsində əldə etdiyi uğurlara görə 2018-ci ildə Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 2019-cu ildə BDU-nun 100 illiyi yubiley medalı ilə təltif olunmuşdur.

Professor Kamil Səlimov məhsuldar elmi-pedaqoji, ictimai fəaliyyəti ilə yanaşı, insani keyfiyyətləri, şəxsiyyət meyarları ilə də çoxlarına örnəkdir. O, çalışqanlığı, prinsipiallığı, tələbələrinə, həmkarlarına diqqət və qayğısı ilə nümunə yaradır, bütün bu keyfiyyətləri ona böyük rəğbət doğurur. 

Görkəmli kriminalist alim, hüquq elmləri doktoru, professor Kamil Nazim oğlu Səlimov ömrünün 70-ci baharını yaşayır. Bu yaş yalnız onun ömrünün bir mərhələsini simvolizə etmir, eyni zamanda Azərbaycan  hüquq elminə, xüsusən də kriminalistika sahəsinə verdiyi misilsiz töhfələrin təntənəli bir xülasəsidir. Kamil müəllimin bilik və təcrübəsi, terrorçuluğa qarşı mübarizədə göstərdiyi prinsipial mövqe və dövlətçiliyə bağlılığı onu həm ölkəmizdə, həm də beynəlxalq aləmdə nüfuzlu alim və hörmətli şəxsiyyət kimi tanıtdırır. Onun yaratdığı elmi məktəb, apardığı araşdırmalar və həyata keçirdiyi təşəbbüslər gələcək nəsillərə örnək olacaq, kriminalistika elminin inkişafında qızıl hərflərlə yazılmış bir irs olaraq qalacaqdır. 


Alış QASIMOV, 

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin  Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

09:59
10 Aprel

Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

09:51
10 Aprel

Əfsanəvi futbolçumuzun yubiley poçt markaları dövriyyəyə buraxılıb

09:45
10 Aprel

“Hizbullah” PUA-larla İsrailin şimalındakı hərbi obyektə hücum edib

09:43
10 Aprel

Uzunömürlülüyün sirri 

09:40
10 Aprel

CNN: ABŞ Hörmüz boğazı ilə bağlı NATO-nun konkret öhdəliklərində israr edir  

09:39
10 Aprel

Kuba Prezidenti: ABŞ ilə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır

09:38
10 Aprel

Zelenski: Pasxa bayramında atəşkəsə uyğun hərəkət edəcəyik

09:37
10 Aprel

“Gernika” rəsm əsəri İspaniyada siyasi mübahisənin mərkəzinə çevrilib

09:36
10 Aprel

Yaşıllıq sağlamlıqdır

09:35
10 Aprel

Avropa Liqası: İngiltərə klubları səfərdən uğurlu nəticə ilə qayıdır

09:33
10 Aprel

"Vətəndaşlar növbəlilik əsasında su ilə təmin olunurlar"

09:33
10 Aprel

Hücumlardan sonra Səudiyyə Ərəbistanının ixrac gücü gündə 700 min barel azalıb  

09:32
10 Aprel

Xamenei: Tehran “Müqavimət oxu”nun hissələrini vahid bir qurum kimi görür  

09:30
10 Aprel

Torpaq sürüşməsi üzündən kəndimiz boşalır

09:30
10 Aprel

Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib

09:27
10 Aprel

Misir və Kipr arasında qaz tədarükü üzrə 15 illik saziş imzalanıb

09:26
10 Aprel

Bakı funikulyoru - bir neçə dəqiqəlik yol, 65 illik tarix 

09:25
10 Aprel

Ağsaqqallıq təkcə yaşla ölçülmür

09:20
10 Aprel

Müraciətlərimizə diqqətlə yanaşılır

09:17
10 Aprel

Vətən sevgisi ilə ürəklərə köçənlərə dərin hörmət

09:15
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!