26 Fevral 2022 00:59
1173
CƏMİYYƏT
A- A+
Uzaq qohuma övladlığa verildi, 19 il əsl kimliyindən xəbərsiz yaşadı...

Uzaq qohuma övladlığa verildi, 19 il əsl kimliyindən xəbərsiz yaşadı...

 

Xocalıda hər iki valideynini itirən bir körpənin illərə sığmayan ağrı-acılı həyat dramı

 

“Düz 19 il kimliyimdən xəbərsiz olaraq böyümüşəm. Və tam təsadüf nəticəsində öyrənmişəm ki, illərlə üzüldüyüm, kadrlarda görəndə göz yaşımı saxlaya bilmədiyim Xocalı faciəsində yaşanan hadisələrin şəxsən iştirakçısı, o müsibətli gündə hər iki valideynini itirən 25 uşaqdan biri də elə mən olmuşam...”

 

Gerçək və acı qədərlə üz-üzə

 

O, ömrünün 19-cu baharında öyrəndiyi dəhşətli bir gerçəkliklə sarsılmış, indiyə qədər var olan dünyası başdan-başa darmadağın olmuşdu. Öyrənmişdi ki, demə, indi yaşadığı bu adi həyatın təməlində çox faciəvi, ağrılı-acılı günlər yatırmış. Demə, o da Xocalıdan imiş, onun da anası, atası, bacısı, nənəsi, babaları faşist xislətli ermənilər tərəfindən qətlə yetirilmiş, bir nəsildən düz 25 nəfər şəhid vermişdilər... Lap körpə yaşından onu 6 yaşlı bacısından, ailəsinin yeganə sağ qalan üzvündən ayıraraq övladlığa veriblərmiş,  doğma bildiyi yadlara ata-ana deyirmiş...

“İlahi, nə üçün kimliyini onun özündən sirr kimi saxlamışdılar? Bəs, görəsən, əsl adı nə imiş?..”

Gənc qız birdən-birə ta illərin o üzündən bu gününə uzanan gerçək qədəri ilə üz-üzə qalmış, beynini didib-parçalayan bitib-tükənməz suallar məngənəsində çırpınmışdı... Xocalı soyqırımının yaşandığı o gün möcüzə nəticəsində qurtulmağınamı sevinsin, yoxsa faciəli şəkildə öldürüldüyünü öyrəndiyi ata-anasının, bacısının müsibətinəmi ağlasın, bilməmişdi...

Bilməmişdi ki, ondan bu gerçəyi illərlə saxlayan bacısına, nənəsinə hirslənsin, yoxsa, körpə yaşında bəxtinə yazılan acı qismətdən onu hər vəchlə yayındırmağa çalışan doğmalarının halına yansın...

O, ağrıdan sıxılan başını əllərinin içərisinə alaraq bütün bu gerçəkliklərin üzə çıxmasına, onu həqiqi taleyi ilə birləşdirən 26 yaşlı şəhid anasının yantar üzüyünə baxa-baxa hönkürmüşdü... Çarəsizcə xatirələrini ələk-vələk etmişdi ki, bəlkə doğmalarının üzünü, hənirini xatırlayacaq bir nişanəyə rast gələr...

Lakin əfsus... İnsan övladının 23 günlük olduğu bir dönəmdə yaşadıqlarını xatırlaması mümkündürmü?!.

 

26 fevral - insan faciəsinin başlanğıcı

 

Bu nə hansısa filmdən götürülmüş bir kadr, nə teatr tamaşasından bir səhnə, nə də yazıçı təxəyyülünün məhsuludur... Bu, Xocalı soyqırımı zamanı yaşanan minlərlə acı taleyin sadəcə birindən başlanğıcını götürən və reallıqda yaşanan insan faciəsidir.

O gün Xocalıda olan hər bir insan fərqli bədbəxtliklərlə, müsibətlərlə sınağa çəkilən faciə qurbanlarına çevrildilər.

Xocalı soyqırımı təkcə fevralın 26-da baş verənlərlə bitmədi. Bu soyqırımında təməli qoyulan saysız insan faciələri onilliklərə daşındı. O bir günün içində yaşanan dəhşətlər insanları ömürlük fiziki, mənəvi məhrumiyyətlərə düçar, ölənə qədər dərd yükü çəkməyə məhkum etdi. Onları bir-birindən ayıran isə sadəcə müsibətlərinin miqyası oldu...

Elə 26 fevralın qurbanlarından biri də o faciəni hələ 23 günlükkən yaşayan körpə Xəyalə oldu. Və Xəyalə Xəlilova kimi o anlarda yaşadıqlarını xatırlamasa belə, 19 il sonra Gülnar Kərimova kimi o dəhşətlərlə yenidən qarşılaşaraq sarsıldı. İllər sonra olsa belə, Xocalı dərdlərinin yükü onun da çiyninə öz ağırlığını saldı...

O, qovuşduğu anda da ömürlük itirdiyi ailəsi, özü haqqında bütün gerçəklikləri isə ata nənəsi Həsrətdən və bir almanın yarısı kimi bənzədiyi bacısı Həmayildən öyrənə bildi...

 

Tale yolları ömürlük ayrıldı...

 

1992-ci ilin şaxtalı, sazaqlı fevralının ilk günlərində Xocalıda Xəlilovlar ailəsinin üzərinə gün doğmuşdu sanki, hər kəs sevinc içərisində idi. İllah da ki, Qaçay baba ilə Həsrət nənə xüsusi günlərini yaşayırdılar. Bəs necə ola bilərdi, axı Uca Tanrı onlara daha bir nəvə payı göndərmişdi. 6 yaşlı Həmayil və 4 yaşlı Lalədən sonra Zərifə və Tahirənin üçüncü bir qız övladı dünyaya gəlmişdi. 29 yaşlı gənc ata o gün övladına sevdiyi Xəyalə adını vermişdi... 

Düz 23 gündən sonra isə bu bütöv və xoşbəxt ailə tablosu çilik-çilik olmuş, gənc ömürlərə qan çilənmiş, ailə üzvlərinin tale yolları ömürlük ayrılmışdı...

Hər şey fevralın 25-dən 26-na keçən gecə olmuşdu. O gecə göydən Xocalıya qar əvəzinə qan yağmışdı. Ərşə dirənən insan fəryadı küçələrdə ac qurd kimi ulayan çovğunun səsini batırmışdı. O müsibətli 26 fevral günündə gözləri önündə balasının başı kəsilən analar havalanmışdı, ata-anasının vəhşicəsinə öldürüldüyünə şahidlik edən balaların bağrı çatlamışdı. Canlarını götürüb bu zülmdən qaçmaq istəyən xocalılılar şaxtanın qılınc kimi doğradığı qarlı havada ayaqyalın, başıaçıq üz tutmuşdular çöllərə, düzlərə, meşələrə. Bu günahsız insanlara təbiət rəhm etsə belə, faşist xislətli erməni cəlladları aman verməmişdi... Dörd bir tərəfdən Xocalını mühasirəyə alıb, bütün bənd-bərəni kəsmişdilər ki, bir nəfər belə olsa canını qurtara bilməsin. Ya vəhşicəsinə öldürülsün, ya da əsir götürülərək olmazın işgəncələrini versinlər...

Xəlilovlar ailəsi də bütün xocalılılar kimi qurtuluş üçün özlərini meşəyə atmışdılar. Lakin arxadan atılan güllələr, top atəşi onları bir-birindən ayrı salmışdı. Həsrət nənə də həyat yoldaşından, oğlundan, gəlinindən ayrı düşmüşdü. 23 günlük körpə nəvəsini belinə alaraq zülmət qaranlıqda birtəhər qarı yara-yara irəliləməyə çalışırdı. O dəhşətli gecədə 4 yaşlı Lalə anası Zərifənin, 6 yaşlı Həmayil isə atası Tahirin əlindən tutaraq qaçır, ölümdən qurtulmağa çalışırdılar.

Sonradan bu ailənin yeganə sağ qalan 3 üzvündən biri, Həsrət nənə şahidi olduğu o məşum gecəni ürək ağrısı ilə xatırlamışdı: “Ağdama doğru qaçırdıq. Belimdəki uşaq acından qışqırırdı. O ağladıqca mənə elə gəlirdi ki, bu körpənin nə atası, nə anası gələcək; öz-özümə deyirdim: bunu sən böyüdəcəksən, Həsrət, sən!.. Ağdama çatana qədər mən bu fikirlərdən ayrıla bilmirdim. Ağdama çata bildim. Lakin ah-vaylı günlərim bundan sonra başladı. İtkinlərimizi, şəhidlərimizi nə deyib çağıraydım, heç özüm də bilmirdim...”

Bir neçə gün keçdikdən sonra Həsrət nənə gəlini Zərifədən xəbər tutur. Bilir ki, erməni cəlladları onu güllələyiblər. Hadisə şahidləri nənəyə daha bir qandondurucu əhvalat danışırlar. O zaman anasının qarın içərisində uzanıb qaldığını görən 4 yaşlı Lalə adyal götürüb anasının üstünə sərir. Kənardan uşağın hərəkətlərini izləyən erməni qaniçənləri uşağı da güllələyirlər. Həsrət nənənin faciəsi bununla da bitmir, o, digər əzizlərindən xoş bir xəbər almaq ümidi ilə nə qədər gözləsə də, qara xəbər ard-arda gəlir. O öyrənir ki, ermənilər yoldaşı Qaçayı da güllələyiblər. Martın 9-da isə oğlu Tahirdən xəbər gəlir ki, qızı Həmayilin əlindən tutub Ağdama qaçdığı yerdə ermənilər uzaqdan görüb, güllə ilə onu vurublar. Qaçmağa, qızını xilas etməyə taqəti olmayıb, ermənilər görməsin deyə gizlənib, gözləyib ki, bəlkə Ağdama qaçmağa imkan tapa bilənlərdən gələr, 6 yaşlı qızını ona qoşar. Belə də olur, həmşəhərlisi Kamal Xocalıdan qaçıb canını qurtara bilibmiş və Ağdama doğru qaçanda Tahirlə rastlaşır, Həmayili götürüb özü ilə gətirir və ölümdən qurtarır: “Sonra yaxınlarımın meyitlərini aldım. Dəhşətli vəziyyətə salınmışdılar, sözlə deyiləsi deyil. Bunları ancaq vəhşi edə bilərdi. Meyitlərin başının dərisi soyulmuş, gözləri çıxarılmış, bədənləri eybəcər hala salınmışdı”.

 

“Bu, atamla son vida görüşüm, son atalı anlarım idi...”

 

Həmin vaxt 6 yaşı olsa da, o dəhşətli gecənin hər anı Həmayilin yaddaşına silinməz və acı izlərlə həkk olunub. Erməni silahlıları tərəfindən atasının vurulması və ağır yaralı atası ilə vidalaşma səhnəsi isə ömür boyu gözlərinin qabağından getmir. Həmayil yaşadığı o anları sonradan verdiyi müsahibələrində belə dilə gətirib: “Atam gah mənim əlimdən tutur, gah da döyüşürdü. Biz səhər açılana qədər qaçdıq. Hündür bir təpənin üstündə ermənilər atamı güllə ilə vurdular. Atam yıxıldı. Halı get-gedə pisləşirdi, heç sürünə də bilmirdi. Erməni silahlıları çox yaxında idi. Mən atamın yanında oturdum, soruşdum ki, ağrıyan yerin varmı, dedi yox, heç bir yerim ağrımır. Atam uzanıqlı halda qalmışdı. Bizə yaxın olan Kamal dayı ona kömək etmək istədi. Ancaq o, ayağa dura bilmədi. Atam ondan xahiş etdi ki, mənim qızımı da Ağdama doğru özünlə apar, aman günüdü, qoyma burda qalsın, ələ keçər, öldürərlər... Mən bir az aralanmışdım ki, atam “bəs sən atanı öpmədin?” deyə məni geri çağırdı. Aman Allah... Qayıdıb atamın boynunu qucaqladım, üzündən öpdüm. O da mənim üzümdən öpdü, dedi, get, qızım, mən də gələcəm. O, mənim üzümdən sonuncu dəfə öpdü. Bu mənim atamla son vida görüşüm, son atalı anlarım idi. O səhnə heç vaxt gözlərimin önündən getmir...”

 

Gülnar - xoş günlərin müjdəçisi

 

Yaşanan müsibətdən sonra iki nəvəsi ilə təkbaşına qalan Həsrət nənə maddi və mənəvi çətinliklərlə mübarizə apararaq yaşamağa çalışır. Amma tezliklə anlayır ki, bu çətinliklərin hamısının öhdəsindən tək gələ bilməyəcək. Və o ürəyi parçalansa da, körpə Xəyaləni Şuşadan olan ziyalı bir ailəyə övladlığa verməyə məcbur olur, Həmayili isə birtəhər özü saxlayır...

Yaşadığı bu qeyri-adi taledən söz açan Gülnar (Xəyalə) deyir ki, o, övladlığa veriləndən sonra ad, ata adı, soyadı, doğum tarixi dəyişdirilir.

- Adımı Gülnar qoyublar, nar çiçəyi. Hansısa xoş xəbərin müjdəçisi anlamındadır. Məni böyüdən ana hər zaman deyirdi ki, mən ailə üçün xoş günlərin xəbərçisi olmuşam. Övladlığa verildiyim ailənin illərlə övladı olmamışdı, amma 4 ildən sonra Allah onlara bir qız övladı bəxş etmişdi...

 Adi bir həyat yaşayırdım. Hər zaman 26 fevral gələndə öz doğma bacıma (o vaxt elə bilirdim ki, o sadəcə uzaqdan qohumumuzdur) mesaj yazır, zəng edib başsağlığı verirdim, amma bilmirdim ki, öz doğma ailəmə başsağlığı verirəm. Şəhid olanların mənim də şəhidlərim olduğundan xəbərsiz idim.

Bacım Həmayillə uzaq qohum kimi hər zaman münasibətimiz var idi, hətta yaxın rəfiqə olmuşduq. Hər yerə birlikdə gedirdik, o mənim son zəngimdən tutmuş, elçiliyimə, toyuma qədər hər zaman yanımda olmuşdu. O zaman heç düşünmürdüm ki, Həmayillə ünsiyyətdə olmaq, əylənmək, nələrisə paylaşmaq nə üçün mənim üçün tamam başqadır...

Əslində isə, mən bilməsəm də, o, həqiqəti, doğma bacı olduğumuzu bilirmiş. Həm də uzun illər öncədən. Övladlığa verildiyim ailənin Günəşlidə yaşadığı bina ilə doğma nənəmgilin məcburi köçkün kimi yerləşdikləri binanın qonşu olması da bir təsadüf idi. O zamanlar anam məni yay aylarında həyətdə gəzdirəndə Həmayil məni görüb tanımışdı. Baxmayaraq ki, uşaq gündən-günə dəyişir, bununla belə yaddaşına necə həkk olunmuşdusa, o məni tanımışdı və gedib nənəmə demişdi ki, bacımı tapdım. Amma o zaman onu aldatmışdılar ki, “yox, sənin bacın öldü”.

 

“O an mənə elə gəldi ki, sanki illərdir başqasının həyatını yaşamışam...”

 

- Lakin tale bizi doğmalığımızı bilmədən doğmalaşdırmışdı. Kiçik yaşımızdan eyni həyətdə böyümüş, eyni məktəbə getmişdik. Yəni bizi ayırsalar da, həsrətimiz uzun sürməmişdi. Həmayil isə məndən çox-çox illər əvvəldən bacı olduğumuzu öyrənmişdi. Amma nə qədər ağrılı, çətin olsa da, bu sirri ürəyində saxlamışdı.

Mən isə bu gerçəkliyi 2011-ci il aprelin 30-da təsadüf nəticəsində öyrənmişdim. Bilmişdim ki, əslində mən kiməm. Şoka düşmüşdüm. O an mənə elə gəldi ki, sanki illərdir başqasının həyatını yaşamışam, gerçəklikdən xəbərsiz...

Məni gerçək həyatımla birləşdirən isə yantar qaşlı bir üzük oldu. 2008-ci ildə toyu zamanı Həmayil mənə yantar qaşlı qədim bir üzük hədiyyə verdi. Düzü, o zaman müasir olmadığı üçün üzük xoşuma gəlməmişdi, amma hədiyyədir deyə heç nə deməmiş, götürmüşdüm. Həmin hadisənin üzərindən illər keçdikdən sonra cənub bölgəsindən olan bir şəxslə ailə qurdum, orada da adətdir ki, gəlini görməyə gələndə kiçik də olsa, qır-qızıl hədiyyə edirlər. Mən də daha müasir bir qızılla əvəz etmək məqsədilə o qızılların hamısını topladım, həmin yantar üzüklə bərabər aparıb başqa bir qızıla dəyişdim. O zaman xəyalıma da gəlməzdi ki, bu üzüyün dəyəri mənim üçün dünyalardan artıq olar.

 Həmayillə telefonla danışan zaman mənim üçün adi olan bu əhvalatı ona danışdım. Amma Həmayil ağladı və dedi ki, o üzük mənə anamdan qalmışdı. Çox pis oldum və həm də Həmayilə əsəbiləşdim ki, axı bu cür dəyərli hədiyyəni mənə niyə vermisən?!. Gedib üzüyü geri aldım.

Haradasa üzərindən bir-iki ay keçdikdən sonra bacımın iş yoldaşı ilə başqa bir məsələ ilə əlaqədar telefonla danışanda söhbət əsnasında bildi ki, biz Həmayillə üzük üstündə küsmüşük, danışmırıq. Bu zaman o mənə dedi ki, “bəs sən bilmirdin ki, o üzüyü sənə niyə verib? Əslində, siz bacısınız...”

 

“Bu sirri sənə son nəfəsimdə açmaq istəyirdim”

 

- Qulaqlarıma inana bilmirdim. Deyim ki, heç üzüyü Həmayil mənə verəndə də bunu mənə nə üçün verdiyini soruşmamışdım. Bəlkə də buna bənzər hansısa mənə qəribə görünəcək hadisələr yaşanmışdı, amma ağlımın ucundan da keçmirdi ki, belə bir şey ola bilər. Hətta bacımla əkiz kimi bənzərliyimiz belə məndə heç zaman şübhə yaratmamışdı. Axı deyirlər, insan cüt yaranıb. İndi düşünürəm ki, bütün bunlar ona görə idi ki, övladlığa götürüldüyüm ailədə anam, atam mənə o qədər gözəl valideynlik ediblər, münasibətləri o qədər təbii, ürəkdən, sevgi dolu olub ki, əsla başqa bir şey ağlımın ucundan belə keçməyib. 

Buna görə də gerçəyi biləndə əvvəlcə inanmadım. Gedib eşitdiklərimi anama dedim.

Anam çox üzüldü, ağlamağa başladı. Yenə də deyirəm, mən hələ də təsəvvür edə bilmirdim ki, insan necə  yad, öz qanından, canından olmayan birinə bu qədər gözəl analıq edə bilər? Demək ki, əsas təkcə övladı dünyaya gətirmək deyil, onu böyütmək, bir insan kimi fərd olaraq formalaşdırmaqdır. Bax valideyn budur. Anam dedi ki, “bəli, eşitdiklərin doğrudur. Amma bu ailə sirridir və gərək açılmayaydı. Düşünürdüm ki, öldüyüm zaman, son nəfəsimdə deyərəm ki, Gülnar sənin bir bacın Nərgizdirsə, digəri Həmayildir”.

 

Bu, mənim xoşbəxtliyimdirmi?!

 

- 19 ildən sonra tam təsadüf nəticəsində bilmişəm ki, o vaxt körpə olsam da, əslində, illərlə üzüldüyüm, kadrlarda görəndə göz yaşımı saxlaya bilmədiyim hadisələrdə şəxsən iştirak etmişəm. Xocalı müsibətində Çingiz Mustafayevin çəkdiyi bir kadr var, mərhum jurnalist ağlaya-ağlaya vəhşicəsinə qətlə yetirilən, əynində göy gödəkçə, qırmızı şalvar olan bir uşağın “üzünü göstər”, deyir. Mən o kadra baxanda heç vaxt göz yaşlarımı saxlaya bilmirdim, amma fərqində deyildim ki, o mənim bacım 4 yaşlı Lalədir, əslində, bacımı ağlayıram. Hər il Xocalı soyqırımı günü Həmayilə zəng vururdum, deyirdim ki, “başını dik tut, sən şəhid qızısan”, amma xəbərsiz idim ki, elə mən də şəhid qızıyam.

Bilmirəm, bəlkə də bu mənim xoşbəxtliyimdir ki, həmin günü xatırlamıram. Çünki bacım atasının gözünün qarşısında öldürüldüyünü, meşədə necə ayaqyalın qaçmaqlarını, güllə səslərini, ermənilərin onları necə çağırmaqlarını, anası ilə digər bacısı Lalənin ölməyini, hər bir şeyi xatırlayır. Bütün bunları yaşamaq 6 yaşlı bir uşağa böyük travmadır. Hazırda 36 yaşı olsa da, hər hansı hadisə, danışıq, adi bir səs, qoxu, bütövlükdə  hər bir şey ona Xocalını, orada şəhid olanları, doğmalarını xatırladır. Onun danışdıqlarına qulaq asdıqca, öz emosiyalarına hakim ola bilmədiyini gördükcə, çox qeyri-adi hisslər yaşayıram. Əslində, bu elə hisslərdir ki, sözlə ifadə etmək mümkün deyil. Eyni zamanda özümün bu qandondurucu faciədən necə sağ çıxa bildiyim barədə eşitdiklərim məni dəhşətə gətirir.

Bilirsiniz ki, Xocalıda əhali toplu olaraq qaçan zaman öz valideynləri tərəfindən boğulan körpələr də olub ki, ağlayaraq səs salıb onları ələ verməsin, digər insanların da ölümünə, əsir düşməsinə səbəb olmasın. O körpələrin arasında mən də olmuşam. Bu bir möcüzədir ki, insanlıq dramının yaşandığı o qətliamdan sağ qurtula bilmişəm. Görünür, öldürməyən Allah öldürmür və mənim də qismətimə o gün Xocalıda şəhid olmaq yazılmayıbmış...

- Məni o şaxtada, qarda ölümün ağzından alaraq öz belində Ağdama qədər sağ-salamat gətirib çıxaran, mənə yaşam verən  nənəm Həsrət bir ilə yaxındır ki, bu dünyada yoxdur. O, uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Yeganə təsəllimiz odur ki, başı bu qədər müsibət çəkmiş nənəm torpaqlarımızın azadlığını eşitdikdən, qisasının alındığını biləndən sonra dünyadan köçdü.

Biz torpaqlarımızın azad olması xəbərini demək olar ki, nənəmə alışdıra-alışdıra deyirdik. Hətta cənab Prezident Şuşanın azad olması xəbərini elan etdikdən bir neçə gün sonra ona yavaş-yavaş deyirdik ki, “deyəsən ordumuz Şuşanı azad edib”. Çünki o, böyrək, şəkər xəstəliyindən, yüksək təzyiqdən əziyyət çəkirdi. Məncə, nənəmin bu qədər dərdlə yaşamağının özü belə möcüzə idi. O, bir günün içində həyat yoldaşını, oğlunu, gəlinini, nəvəsini, yeznəsini, neçə-neçə qohumunu itirmişdi. Üstəlik, bir nəvəsi uzaq bir ailəyə övladlığa verilmiş, o biri nəvəsini də çətinliklə böyütmüşdü. Qızı gənc yaşında iki uşaqla tənha qalmışdı. Yəni nənəm çox çətin bir həyat yaşamışdı. Üzünü hayana çevirirdisə, dərddən başqa bir şey görmürdü. Ona görə də biz ona sevindirici xəbəri belə qorxa-qorxa verirdik...

Xocalılı olduğumu, valideynlərimin, bacımın, xeyli sayda doğmalarımın, soydaşlarımın o soyqırımında şəhid olduğunu bildiyim həmin gündən fəal şəkildə bu müsibəti dünyaya çatdırmaq üçün əlimdən gələni etməyə çalışıram.

Bununla bağlı Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyasının xətti ilə dəfələrlə xarici ölkələrdə olmuşam, başımıza gətirilən bu müsibəti, yaşadığımız faciələri dünyaya anlatmışam.

 

“Mən acılardan güc alıb daha da güclənən insanlardanam”

 

Xocalıda şəhid olan əzizlərimizin məzarı Ağdamda idi. Lakin Ağdamı da ermənilər əlimizdən aldığı üçün o məzarları ziyarət edə bilmirdik. 44 günlük Vətən müharibəsi sayəsində torpaqlarımız azad edildikdən sonra da videoçəkilişlərdə baxırıq ki, o ərazilərdə olan məzarlarımız tamamailə darmadağın edilib. Yəni erməni barbarlarının təcavüzü təkcə torpağa, insanlara qarşı deyil, ölmüş insanlara da qarşıdır. Qəbirlərimiz yerləyeksan olunub. Kimin əzizinin hansı torpaqda yatdığı məlum deyil, sadəcə səmti bilirik. Bu barədə cənab Prezident müsahibələrinin birində demişdi ki, DNT analizinə qədər gediləcək və kimin yaxınının harada basdırıldığı aşkarlanaraq onlara təhvil veriləcək. Biz səbirsizliklə bunu gözləyirik. Çünki tək təsəlli yerimiz, ovuna biləcəyimiz ünvanlar doğmalarımızın məzarları ola bilər...

Deyilənə görə, bacım Həmayil də, mən də deyib-gülməkdə anamız Zərifəyə bənzəmişik. Bilmirəm, bəlkə də bizi elə bu deyib-gülməyimizdir ayaqda saxlayan. Mən acılarından güc alıb daha da güclənən insanlardanam və Həmayil da elədir...

Bilirsiniz, Allah insana bir qədər yazanda, əgər bu qədər onu üzən bir qədərdirsə, bunu sonuna qədər etmir, əvvəl-axır onu bir mükafatla qiymətləndirir. Bu baxımdan, düşünürəm ki, bacım mənə, mən də bacıma bu dünyada Allah hədiyyəsi, mükafatıyıq...

Bəli, nə yazıq ki, Xocalı soyqırımı təkcə fevralın 26-sında baş verənlərlə bitmədi. Bu soyqırımında təməli qoyulan saysız insan faciələri onilliklərə daşındı. O bir günün içində yaşanan dəhşətlər insanları ölənə qədər dərd yükü çəkməyə məhkum etdi. Bu dərdlər xocalılı uşaqlarla qoşa böyüdü, tale yazısına qarşı gəlinib, bu faciədən uzaq tutulmağa çalışılan körpələrin də yaxasından düşmədi... İllər keçsə belə, fürsət tapıb öz qəm, kədər, ağrı, acı mizrağını onların da ürəyinə sapladı...

Elə Xocalı soyqırımı zamanı körpə olan və  yaşadığı müsibətdən 19 il sonra Gülnar kimi xəbər tutan Xəyalənin olduğu kimi...  

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!