27 Iyun 2024 18:19
201
PARLAMENT
A- A+

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

 

İyunun 27-də Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Lyudmila Mosinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini və bu çərçivədə bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. O, vətəndaşların sağlamlığının qorunması istiqamətində ölkəmizdə lazımi tədbirlərin görüldüyünü, tibbin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyib. Komitə sədri səhiyyə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı addımların atıldığını da qeyd edib.

ÜST-nin Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Lyudmila Mosina deyib ki, görüşün məqsədi qlobal miqyasda ciddi problemlərdən olan uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə sahəsində tədbirlərin görülməsi ilə bağlı müzakirələrin aparılmasıdır. O, qadınlar arasında yayılan və bəzi hallarda ölümlə nəticələnən bu xəstəliklə əlaqədar statistik göstəriciləri diqqətə çatdırıb. ÜST nümayəndəsi bunun yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyətindən, xəstəliklə mübarizədə insan papillomavirusuna (İPV) qarşı peyvəndin tətbiqinin vacibliyindən danışıb.

Lyudmila Mosina İPV-yə qarşı peyvəndin tətbiqi ilə bağlı bir sıra dünya ölkələrinin təcrübəsindən nümunələr göstərib, müsbət nəticələrin əldə edildiyini bildirib. O, Azərbaycanda da bu xəstəliyin yayıldığını, ölkəmizdə İPV-yə qarşı peyvəndləmənin aparılmasının və ölkə vətəndaşlarının bundan faydalanmasının önəmli olduğunu deyib.

Söhbət zamanı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, üzvləri Kamilə Əliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Kamaləddin Qafarov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı məsələnin aktuallığını qeyd ediblər, xəstəliyin diaqnostikası, müalicəsi, habelə İPV-yə qarşı peyvəndin ölkəmizdə tətbiqi, bunun faydaları ilə bağlı insanların məlumatlandırılmasının, maarifləndirmə işinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Görüşdə Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov, ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin Vaksinlə idarə olunan və infeksion xəstəliklər bölməsinin rəhbəri Sevinc Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video