30 Iyun 2024 08:40
176
CƏMİYYƏT
A- A+

26 yaşlı zabitin 26 günlük döyüş yolu

 

Xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğulların adlarını həmişə əziz tutur, xatirələrini hörmətlə yad edir. Baş leytenant Həsən Rzazadə də yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Əməliyyatlarda böyük hünər və qəhrəmanlıq göstərib. 
Bu cəsur zabitin qısa, amma şərəfli döyüş yolu ilə yaxından tanış olduqca qürur hissləri keçiririk. Düşünürük ki, acılı-şirinli olan həyat yollarımız hamar deyil, keşməkeşlidir. Amma nə qədər keşməkeşli olsa da, sabah başımıza gələcək hadisələrdən xəbərsiz yaşamağımıza davam edirik. Çünki bu, bizim ömür yolumuzdur. 
Bu yolda boynumuza düşən borclardan biri də dünyaya göz açdığımız Vətəni qorumaqdır. Bəşər yaranandan oğullar həmişə yurda sipər olub, torpağını göz bəbəyi kimi qoruyublar. Döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərərək yağıları diz çökdürüblər. Sonrakı nəsillər bu oğulların qəhrəmanlığı ilə öyünüblər, fəxr ediblər, onlardan nümunə götürüblər. Yurda düşmən təcavüzü olanda Vətən təəssübü çəkən oğullar çiyin-çiyinə verərək torpaqlarımızı işğalçılardan qoruyublar. 
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində də elə oldu. Vətən təəssübü çəkən oğullar çiyin-çiyinə verərək erməni qəsbkarlarına qarşı döyüşdülər. Döyüşlər isə itkisiz olmur. Təəssüflər ki, Vətən müharibəsinin davam etdiyi günlərdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə zabit və əsgərlərimiz düşmən gülləsinə tuş gəldilər.  
Vətən müharibəsində şəhid olan zabitlərimizdən biri də baş leytenant Həsən Vüqar oğlu Rzazadədir. Gənc zabit Cəbrayıldan Laçın rayonunun Səfiyan kəndinə qədər şərəfli döyüş yolu keçib. 26 yaşlı Həsən Rzazadə erməni qəsbkarlarına qarşı 26 gün döyüşüb və oktyabrın 29-da Laçında şəhid olub. Ömrünün səhifələrinə böyük hərflərlə yazılmış bu 26 gün ərzində Həsən Vətən uğrunda, yurdunu erməni işğalçılarından azad etmək uğrunda, düşməndən şəhidlərimizin intiqamını almaq naminə vuruşdu. Məqsədinə, amalına çatdı. 
Həsən Rzazadə 1994-cü ildə Sumqayıt şəhərində hərbçi ailəsində anadan olmuşdu. 2011-ci ildə orta təhsilini başa vuran yeniyetmə uşaqlıq arzularını reallaşdırmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Hərbi İnstitut) imtahan verərək sınaqlardan uğurla keçmişdi. 2015-ci ildə hərbi təhsilini başa vurduqdan sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunda təcrübəsini artırmışdı. 2016-cı ildə "N" hərbi hissəsində xidmətə başlayan zabit 2017-ci ildən xidmətini sülhməramlı qüvvələrdə taqım komandiri kimi davam etdirmişdi. 2018-ci il iyun ayının 26-da - Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə Həsən Rzazadəyə baş leytenant hərbi rütbəsi verilmişdi. Təcrübə və səriştəsini nəzərə alan komandanlıq 2019-cu il yanvar ayında gənc zabiti illərdən bəri döyüşlərin səngimədiyi Əfqanıstana göndərmişdi. Baş leytenant Həsən Rzazadə burada da xidmətini yüksək bacarıqla yerinə yetirərək Vətənə alnıaçıq qayıtmışdı.
2020-ci il sentyabr ayının 27-də erməni təxribatı nəticəsində başlanan Vətən müharibəsi gənc zabitin xidmətinin və həyatının gedişatını dəyişdi. Baş leytenant Həsən Rzazadə könüllü olaraq Qarabağa döyüşə yollandı. Onun döyüş yolu Cəbrayıldan başladı, Qubadlıdan və Laçından keçdi. Əgər qəsbkarların atdığı mərmi qəlpəsinə tuş gəlməsəydi, cəsur zabit Şuşa uğrunda da vuruşacaqdı. İkinci Qarabağ müharibəsində Həsən Rzazadənin yalnız döyüş yolu deyil, ömür yolu da yarımçıq qaldı.
Baş leytenant Həsən Rzazadə döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Qarabağ" ordeni, "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medallarına layiq görülmüşdür. 
Anası Ruhəngiz xanım övladını kədər hissi ilə xatırlayır:
- Həsən övladlarımın böyüyü idi. Ondan sonra da üç oğlum dünyaya gəlmişdi - Bəhmən, Nicat və Nuran. İlk övlad həmişə istəkli olur. Həsən hələ kiçik yaşlarından şirindil, qılıqlı uşaq idi... Müharibəyə getdiyini bizdən gizlətmişdi. Zəng vuranda deyirdi ki, bizi ehtiyatda saxlayırlar. Sonra öyrəndik ki, Həsən döyüşlərdədir. Evə zəng vurub deyirdi ki, narahat olmayın, erməniləri torpaqlarımızdan qovuruq. Yaxın vaxtlar bütün ərazilərimizi düşmənlərdən təmizləyəcəyik. Həmişə deyirdi ki, torpaqlarımızı ermənilərdən azad etsək, camaatın arasında alnıaçıq, başıuca gəzərik, rahat nəfəs alarıq. Oğul itirmək ağır dərddir. Təskinliyimi yalnız onda tapıram ki, Həsən müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olub. İgidliyi və cəsarəti ilə başımızı uca edib.

Vahid MƏHƏRRƏMOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video