30 Iyun 2024 08:35
163
Mədəniyyət
A- A+

"Rəsm çəkmək ruhumun qidasıdır"

 

"Azərbaycanda böyüməsəm də, bura mənim üçün doğmadır. Burada insanların öz ruhu, gözəlliyi var. Buranın həm möhtəşəm şəhərləri, həm də ucqar kəndləri rəsm sənəti üçün bir ilham mənbəyidir. 
"Bir amerikalı üçün Azərbaycan haradır" - əsərlərimdə bunu əks etdirməyə çalışıram. Anam azərbaycanlı olduğu üçün ilk  sərgimi də "Gözlər köklərdə" adlandırmışam. Amerikada doğulsam da, Azərbaycanı çox sevirəm. Bu şəhəri mənə sevdirən buranın insanlarıdır. İnsanların baxışlarında doğmalıq, gözlərində sevgi, mərhəmət hissinin olduğunu hiss edirəm. Bu da azərbaycanlıları mənə daha çox sevdirir, məni ruhlandırır, yeni əsərlərimin dünyaya gəlməsinə səbəb olur".
2003-cü ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olan gənc rəssam Meltem Buyuran Kaliforniya Universitetində (UCSD) psixologiya üzrə təhsil alır. Uşaqlıqdan incəsənətə marağı olan Meltem Amerikanın ən çətin qəbul olunan məktəblərindən biri  Orange County School of the Arts liseyinə qəbul olaraq 4 il orada film və televiziya sahəsi üzrə oxuyub. Təhsil illərində bir neçə qısametrajlı bədii və sənədli film ərsəyə gətirən gənc istedad filmlərində əsasən insan hisslərinə, həyata və sosial mövzulara toxunub. Meltem Buyuranın müəllifi olduğu "Ghost Bike" sənədli filmi Amerikada iki önəmli film mükafatına layiq  görülüb.
Yeri gəlmişkən, qeyd edək ki, rəssamın anası Fəridə Buyuran ABŞ-də Azərbaycan mətbəxi haqqında ingilis dilində çap edilən "Nar və Zəfəran: Azərbaycana kulinariya səyahəti" kitabının müəllifidir. Kitab 5 böyük mükafata layiq görülüb. Fəridə xanım deyir ki, Meltem hər dəfə Azərbaycana gələndə ana yurdu  şəhərbəşəhər, kəndbəkənd dolaşaraq maraqlı insanlarla tanış olmağı, onlarla təmas yaradıb hisslərini bölüşməyi xoşlayır. Rəssam sadə insanların rəsmini çəkərək onların daxili dünyasını rənglərlə ifadə etməkdən zövq alır.
İyunun 24-ü Bakıda gənc rəssam Meltem Buyuranın Azərbaycana həsr olunan 22 əsərdən ibarət "Gözlər köklərdə" adlı debüt rəsm sərgisi keçirilib. Sərgidə nümayiş olunan əsərlərdə rəssam sadə insanların gündəlik həyatını, ən əsası daxili dünyalarındakı hisslərini üzlərindəki cizgilərdə  ifadə etməyə çalışıb. Tərəddüd etmədən demək olar ki, rəssam istədiyinə uğurla nail ola bilib. 
Məltəm deyir ki, məqsədi  sənət vasitəsilə özünü ifadə etməkdir: "Rəssamlıqla bağlı formal təhsil almasam da, həyatımı rənglərdən kənar təsəvvür edə bilmirəm. Kiçik yaşlarımdan rəsm çəkməyə başlamışam. Əsərlərimi əsasən sulu və yağlı boya ilə işləyirəm. Sulu boya çox səbir tələb edən texnikadır. Elə iş var ki, onun üzərində 5  saat işləyirəm, eləsi də var ki, onu ərsəyə gətirmək üçün 15 saatdan çox vaxt sərf etməli oluram".
Meltem Buyuran hazırda San-Dieqo şəhərindəki Kaliforniya Universitetində (UCSD) psixologiya üzrə təhsil alır. Rəssam psixologiya ilə təsviri sənətin bir-birinə bağlı olduğunu deyir: "Uşaqlıqdan insanları seyr edərək onların emosiyalarını oxumaq mənim üçün çox maraqlı olub. Təhsilimi psixologiya sahəsində seçməyimin səbəbi də elə budur. ABŞ-də autizmli uşaqlarla davranış terapevti kimi işlədiyim müddətdə onlarla rəsm çəkərkən bu sənətin insan psixologiyasına olan təsiri və faydasını çox aydın şəkildə başa düşdüm. Elə buna görə də psixologiya və təsviri sənəti birləşdirərək insanlara faydalı olmaq istəyirəm. Hələ yolun başındayam desəm, yalan olmaz. Ömrüm boyu öyrənməyə hazıram".
Məltəm bizimlə söhbətdə çox sevdiyi sənətkar, kumiri Vinsent Van Qoqdan maraqla söhbət açdı: "Onun çox dərin ruhu olduğunu hiss edirəm. Mən onun öz qardaşına yazdığı məktublardan ibarət kitabı oxuduqdan sonra Vinsent Van Qoqun gücünə heyran qaldığım qədər həssaslığına da valeh oldum. Van Qoq tez-tez fəlsəfi və mənəvi suallar üzərində düşünür, həyatın mənasını axtarmağa çalışırdı. O, öz əsərlərində insanlıq və təbiətə qarşı olan dərin empatiya hissini əks etdirir. Həyatı boyu tək bir əsər satan Van Qoq bütün çətinliklərə baxmayaraq, yaratmağı heç vaxt dayandırmayıb. Mən bu sevginin səbəbini hiss edirəm. Sənət olmazsa, yaradıcı insanın ruhu solur. Mənim üçün rəsm çəkmək ruhumun qidasıdır".

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video